Soylu Atalı. BEYNƏLXALQÇILIQ ANTİBƏŞƏRİLİYİ

«Beynəlxalqçılıq» anlayışı siyasətin (Avropa siyasətinin) icad elədiyi elə bir niqabdır ki, hər cür oyunbazlıq bu niqabı üzünə çəkib gizlənə bilir. Ümumiyyətlə, «beynəlxalq qüvvə» nə deməkdir, onun rolu nədir? Bu suala həqiqi meyarla cavab vermirlər. Yalnız siyasət cavab verir. Və bütün hallarda aldadır. Təbiidir ki, siyasət öz paxırını açıb özünü ifşa eləməz. Bu sualın həqiqi cavabı milliliyi və bunun nəticəsi kimi bəşəriliyi təsdiq edər. Təəssüf ki, bu da baş vermir.
Avropa Şurası, BMT, AB, ATƏT, İKT və s. və i. a. hamısı beynəlxalq qüvvələr adlandırılır. Və guya bunların məqsədi ölkələrin, xalqların haqlarını tanımaq, bunların bir-birinə münasibətini nizamlamaq, bəşəri humanizmi təmsil eləməkdir. İşdə isə heç biri humanitar, mənəvi fəaliyyətə əsaslanmır. Hər biri siyasi fəaliyyət göstərir, bəşəriyyəti zəiflərə və güclülərə bölməklə təbəqələşmə yaradır. Hamısı dünyaya fateh gözüylə baxanlar, dünyaya ağalıq iddiasıyla yaşayanlar tərəfindən maliyyələşdirilir. Hamısı maliyyələşdirənlərin proqramı əsasında hərəkət edir. Dünyada mövcud olan bütün müharibələri, etnik münaqişələri, terror təşkilatlarını məhz bu beynəlxalq qüvvələr yaradır və superlərin, ağalıq istəyində olanların müdaxilələri üçün münbit şərait yaradırlar. Dünya zor ilə, silah gücü ilə, iqtisadi hegemonluq sayəsində idarə olunur. Bu idarənin başında təbəqələşmənin güclü tərəfini dəstəkləyən dövlətlər durur, idarə mexanizmi rolunu isə həmin beynəlxalq qurumlar icra edirlər. Diqqət yetirək. Elə bir beynəlxalq qurum varmı ki, desin, hər bir xalqı öz ixtiyarına vermək lazımdır? Bunu söyləmək o deməkdir ki, beynəlxalq qurumlar ləğv olunmalıdır. Bu isə siyasət özbaşınalığının məğlubiyyəti, xalqçılığın, millətçiliyin qələbəsi demək olardı. Beynəlxalq qüvvələr xəlqi qüvvələri əvəz edir, bunların hər ikisinin paralel fəaliyyəti mümkün deyil.
Bu qüvvələrin Azərbaycanımıza münasibəti çox açıq həyasızlıq nümayiş etdirir. Azərbaycanın qarşısına şərtlər qoyurlar: «daxilində elə iş gör ki, tamamilə mənim dediyim olsun; mənə bənzəməlisən; mənim arzumla yaşamalısan; sənin özünəməxsusluğun gerilikdir, mənə məxsusluğun isə tərəqqidir; sən öz itaətsizliyinlə bəşəri sivilizasiyaya ziyan verirsən və s.».
Azərbaycanı elə məsələlərdə sıxıb başını qatırlar ki, özünün sabahını müəyyənləşdirə bilməsin, özü-özünün müstəqilliyini yarada bilməsin, Qarabağ hadisəsini ciddi şəkildə səsləndirməyə imkan tapmasın. Ölkəyə aid olan, yəni ölkədaxili məsələlər beynəlxalq qurumları daha çox məşğul edir, nəinki iki dövlətin bir-birinə münasibəti – özəllikcə zorakı münasibəti. Deməli, iki dövlət bir-biriylə necə gəldi, davransın, amma millət öz ölkəsinin içində nə edirsə, gərək beynəlxalqizmlə hesablaşsın. Deməli, bir dövlət o biri dövlətə zor tətbiq edəndə ona xəbərdarlıq eləmək – onun işinə qarışmaqdır, amma millət özü bildiyi kimi yaşayanda, onun işinə qarışmaq humanizmdir. Siyasətin bundan çılpaq hərcayiliyi ola bilməz!
Əgər hər bir dövlət müstəqildirsə, onun xalqı özünün ölkəsindəki problemlərini özü həll etməlidir. Əgər millət beynəlxalqizmi öz içinə buraxmasa, onun problemləri çox asan həll olunar.
Millətin içinə soxulurlar və onun insanlarını bir-birinə qarşı qaldırmaqla qarışıqlıq yaradırlar!
Azərbaycana hər cür yabançı psixologiya yeridirlər. Və bütün etirazlar, mübarizələr bu psixologiya əsasında formalaşır. Heç bir nəticəyə də nail olunmur. Demokratiya kapitalizmi qorumaq gedişidir: «Hər kəsin haqqı var ki, etiraz eləsin, narazılığını bildirsin». Lakin bu etiraz heç nəyi dəyişmir, olsa-olsa nisbi güzəştlər əldə olunur.
Həqiqi ədalətin bərqərar olması üçün isə mübarizələr kapitalizm tələbindən yox, kapitalizmə qarşı baş verməlidir.
Və beləliklə, ömrü boyu insanlar həyat uğrunda yırtıcı mübarizələr aparmalı olurlar. İnsanlığın heç bir problemi həllini tapmır. Ancaq ideologiya yaradıb onun əsasında sübut eləməyə çalışırlar ki, «həyat elə bu deməkdir, həyat yırtıcı mübarizədir. İnsan doğulandan ölənə qədər bir-birinin əlindən özünə lazım olan zəruri həyat nemətlərini dartıb almaqla məşğul olmalıdır». Avropa tərəqqisinin ən böyük nailiyyəti hələ ki, bu azğınlıqdan ibarətdir.
Bizim ölkəmizin iqtidarı, müxalifəti də bu psixologiya əsasında mübarizə aparırlar. İqtidar müxalifəti zərərsizləşdirmək üçün xalqdan təcrid edir, hər cür birliyi qırıb atır. Müxalifət də iqtidarı hakimiyyətdən salmaq üçün xaricilərə – beynəlxalq qurumlara yalvarır. Xalqa üz tutmurlar. Xalqla iş görmək üçün isə oyunlar quraşdırmaq yox, ləyaqətli birlik yaratmaq lazımdır. Öz keçmişindən dərs götürmək lazımdır.
Hakimiyyəti bölə bilmədilər – parçalandılar. İndiki iqtidarı gətirib çıxardılar başa. İndi də düşürə bilmirlər, yalvarırlar beynəlxalqizmə. Beynəlxalqizmin ölkəmizlə bağlı verdiyi bəyanatlar iqtidarla müxalifəti bir-birinə qarşı oynatmaqla məşğuldur.
Hamı bir-birindən faydalanmağa çalışır, ona görə də birlik baş tutmur. Hamının guya böyük Azərbaycan məqsədi var. Amma məlum olur ki, hamının bir subyektiv mövqeyi – məqsədi var. Və hamı hamını öz subyektiv mövqeyinə – məqsədinə xidmətə çağırır. Çağırışına kimsə gəlməyəndə onu xəyanətkar adlandırır.
Xəyanətlər, xəyanətkarlar bolluğuna düşmüşük. Heç kim xəyanətlə döyüşmür, günahını yumur, hamı bir-birinə, özəllikcə də Yurdumuza xəyanət bağışlayır.
Yeni şüur gərəkdir, yeni təfəkkür, yeni sevgi gərəkdir – Azərbaycanımızı qorumağa!
Fəlakətdən güc alaq ki, məhv olmayaq!

Atamız Var Olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv