“20 Yanvar” milli faciə tariximizin davamı idi. Bugünkü nəsil bu faciəmizə şanlı tarix kimi baxır. Hesab edir ki, bu faciənin üzərində müstəqil – milli dövlət qurduq. Ancaq qurduqmu?! Qurduq desək, bu, özünə təsəllidən başqa bir şey olmaz. Qurmadıq desək, gərək hər gün utanc duyğusu ilə yaşayaq. Bəzən mətbuatda belə fikirlərə də rast gəlinir: “milli dövlətimiz işğal olundu.” Bu fikir 90-illərdə hakimiyyətin əldən verilməsinə bir işarədir. Biz də yazmışıq və hesab edirik ki, milli dövlətimiz işğal olunub. Ancaq biz məsələyə yalnız 90-illərdən baxmırıq. Əgər milli dövlətsizlik probleminin kökü 90-illərə bağlansa, heç vaxt həllini tapmayacaq. Təəssüf ki, bizim toplumumuz heç bir problemin tarixini, mənasını və məntiqini düzgün araşdırıb təqdim eləmir; düzgün öyrənilmir və dərk olunmur. Bütün məsələlərdə ancaq siyasi davranılır. Siyasi davranmaq isə doğrunu gizlətmək və gərəksiz çabalar göstərməkdən ibarət olur.
24 ildir yanvarın 20-si günü ölkəni gül-çiçəklə bəzəyirik. Orda-burda toplantılar təşkil olunur, boğazdan yuxarı danışıqlar dinlənilir, yubileyləşən “gün” beləcə arxivə gömülür. Odlu çıxışların etkisi bir tədbirin ömrü qədər olur. Adamlar bir-birinin üzünə baxıb “Şəhidlərin qanı yerdə qalmayacaq” deyə hayqırırlar. Ancaq heç kim bir-birindən, nə də özündən soruşmur ki, bu cümlə nə deməkdir görəsən?! İndi bu nöqtədən başlayaraq “ milli dövlətimiz işğal olunub” fikrinə izah gətirmək olar. Bizə görə Milli dövlətçiliyimizin bərpası çox böyük və uzun müddətli mübarizə prosesi tələb edir. Mübarizə aparırıq deyə meydanlarda olanlarımız nə özlərini, nə də gənclərimizi aldatmalı deyil ki, ən qısa zamanda milli sorunlarımız həllini tapacaqdır. Bizim üçün Milli Dövlətimiz üç cəhəti özündə birləşdirməlidir: Torpaq (ərazi) bütünlüyümüz, Milli Mədəniyyətin qurulması və hakim mövqeyə keçməsi, Siyasi Yönətim Qurallarının milli ideoloji əsasında qurulması və tətbiq olunması. Bu deyilənlərin başa gəlməsi hakimiyyət dəyişikliyi istəklərinin, yaxud 5 illik prezident seçkisi dönəminin hüdudlarını aşan məsələdir. Ona görə də mübarizə aparan, yaxud aparmaq istəyən insanlarımız Milli Dövlətçiliyin bərqərar olmasına xülya kimi baxırlar və inanmırlar. Taktiki gedişləri, davranışları təhlil edən, üzdəki münasibətləri dəyərləndirən yazılarla nə mübarizə aparılmaz, nə də mübarizə əhvalları oluşdurulmaz. Əlbəttə, biz hakimiyyət dəyişikliyinin olması istəklərinə kölgə salmaq istəmirik. Deyirik ki, hakimiyyət quru vədlər və özünəyarar arzular üzərində dəyişmir, bu cür dəyişməsinin heç önəmi də yoxdur. Çünki milli kadr yetişdirilmir, milli qüvvə formalaşmır. Bir-biriylə amansız mübarizə aparanların özlərini demokratik qüvvə saymaları isə heç nəyi doğrultmur, doğrultmaz. Əslində milli qüvvə anlayışı yuxarıda vurğuladığımız həmin üç prinsipə bağlıdır. Məsələn, torpaq bütünlüyü. Özünə demokratik qüvvə deyən kəsim də “torpaq bütünlüyü” deyəndə iqtidardakı antimilli hakimiyyət kimi Qarabağlı Azərbaycanı nəzərdə tutur. Halbuki, Azərbaycan parçalanmış dövlət, bölünmüş vətən, bölünmüş xalqdır. Heç kim bu məsələni qabartmaq istəmir, çünki məqsəd torpaq bütünlüyü və milli azadlıq deyil, hakimiyyətçilikdir. Toplumun həyatında sosial sorunlar (problemlər) başdan aşır. İndiki iqtidar talançıları toplumu zəlil günə qoyub, bu danılmaz faktdır, göz qabağındadır. Ancaq bu hakimiyyət, hər kəsin vurğu elədiyi kimi, 40 ildir Azərbaycanı talamaqla və dağıtmaqla məşğuldur. Təkcə iqtisadi cəhətdən yox, həm də milli-mənəvi cəhətdən. Azərbaycanı bölən, parçalayan, kiçildən qüvvələr də bu hakimiyyətin arxasında durur. Azırbaycanın bütövlüyünə xülya kimi baxanlardan soruşmaq istəyirəm. Güney Azərbaycanın aqibətinə, Azərbaycanın bütövləşməsinə yönəlik söz demirsiniz, “İranla bacarmaq olmaz, bu gün onun vaxtı deyil” deyirsiniz. Bəs hakimiyyəti qamarlayanların və onun arxasında duran beynəlxalq güclərin öhdəsindən necə gələcəksiniz? 30-35 milyonluq gücün (Güney Azərbaycanın) uğrunda mübarizə aparmaq istəməyənlər bəllidir ki, xarici qüvvələrin himayəsi altına keçməklə hakimiyyəti ələ keçirmək və o güclərin arzularına uyğun şəkildə ölkəni idarə etmək istəyirlər. Onda bu istək yiyələrinin indiki iqtidardan nə fərqi olur ki!?
Həqiqətdə “torpaq bütünlüyü” Qarabağ sınırlarına dayanmır, ən azı 410 min kv. km-lik tarixi, milli haqqımıza dayanır. Deyirlər ki, Birləşmiş Millətlər Təşkilatının “torpaq (ərazi) bütünlüyü” ilə bağlı qərarı var, siyasət də onu tələb edir ki, bu qərara qarşı gedib “İranın iç işlərinə qarışmaq” olmaz. Əcayib arqumentdir deyilmi?! Bu gün BMT- nin üzvü olan neçə dövlət Azərbaycanın torpaq bütünlüyünü tanıyır?! Sovetlər dağılandan sonra BMT-nin 138 dövləti Azərbaycanın torpaq bütünlüyünü tanımışdı. 192 dövlətdən 138-i Qarabağı Azərbaycanın torpağı (ərazisi) sayırdı. Son illərdə isə bu say 35-40 dövlətə qədər azalıb. Bəs yaxın illərdə necə olacaq?! – Qarabağı Ermənistan tomağı kimi tanıyacaqlar… Əvvəla heç bir beynəlxalq qurumun, o cümlədən BMT-nin qərarının bizim milli-bəşəri haqqımızı danmağa haqqı yoxdur. İkinci, bizim torpaq bütünlüyümüzü irticaçı qüvvələrin beynəlxalq qurumları deyil, özümüz qorumalıyıq. Bunun üçün torpaq sınırlarımızı xalqımızın ağlında, düşüncəsində bəlli etməliyik. Yüzillərdir torpağımız parçalana-parçalana gedir. Bundan sonra harda dayanacaq, bəlli deyil. Yaxud dayanacaqmı? Beynəlxalq qurumlara bel bağlasaq, onlar bizim milli dövlətçiliyimizə biryolluq son vermək istəyirlər…
İkinci cəhət, Milli Mədəniyyətin qurulması və hakim mövqeyə keçməsi. Torpağın işğalı milli şüurun geriləməsindən, başqa sözlə işğal olunmasından sonra həyata keçir. Tarix bunu dönə-dönə subut edibdir. Milli şüurun inkişafını saxlayan amil milli mədəniyyətin qorunmasıdır. Milli mədəniyyətin özülündə isə, inanc məsələsi dayanır. Bu məsələdə güvəncimiz çoxdan aradan gedib. Yurdumuz onlarla baxışların etkisi altında dağılmış, birliyi qırılmış durumdadır (bu mövzu geniş olduğu üçün davam eləmirik). Sonrakı məsələ dil faktına münasibətdir. Dilin qorunub inkişaf etdirilməsini yenə üç amilə bağlamaq olar: körpəlikdən tərbiyə olunan vətən övladının şüurundan başlayan ilk təsir ana laylasıdır. Bunun üçün ananın özündə daşıdığı şüur da əsasdır. Çağımızda ailə quran gənc qızlarımızın şüurunu xaricilik işğal elədiyi üçün övladını milli şüurla böyütməsi sual altına düşür. Çoxları isə körpə dünyaya gəldiyi gündən dayə tutur, bir yaşına çatan kimi uşaq bağçası və i.a. Nə dayədə , nə də uşaq bağçasında milli şüur hökm sürmür…
Dilin qorunmasının və inkişafının ikinci yönü poeziyaya, üçüncu yönü isə musiqiyə bağlanır. Bu haqda geniş danışmaq olar. Qısaca demək istəyirik ki, milli-insani idealları öyrənən, vəsf edən, tanıdan poeziya təəssüf ki, yaranmır. Musiqi isə ən pis küçə səviyyəsindən ibarətdir, bu sahədə millilikdən danışmağa dəyməz…
Nəhayət milli mədəniyyətin xarakterik göstəricilərindən biri etika, geyim və məişət biçimidir. Bu mövzuda da məqsəd vurğu olunan məsələlərin fəlsəfəsini şərh etmək, yaxud görünən məsələləri izah etmək deyil.
Dedik ki, siyasi yönətim qurallarının milli ideoloji əsasında biçimlənib tətbiq olunması başlıca şərtlərdən biridir. Baxın, milli dövlətdən bəhs edirik, ancaq dövlətimizdə milli müəyyənlikdən bir nişanə belə yoxdur. Burada dövlət dilinin mücərrədliyini (Azərbaycan dili deyilişini), təhsildə milli maarifçiliyin yoxluğunu, şəhərsalmada milli atributların nəzərə alınmamasını, eləcə də şirkət və müəssisələrin adlarındakı xariciləşməni misal göstərmək olar. Bir sözlə dövlət müstəqilliyi və suverenliyi tamamilə formal xarakter daşıyır. Bizim dövlətimizi xarici qüvvələrlə yerli (milli olmayan) qüvvələr ortaqlıq şəraitində idarə edirlər. Buna görədir ki, “20 Yanvar”la bağlı bu dövlətin siyasi mövqeyi bizə tam bəlli deyil. Faciənin məsuliyyətini bütünlüklə o vaxtkı hakimiyyətə və müxalifətə bağlamaqla gözdən pərdə asıldı. Məsələyə doğru, düzgün siyasi qiymət verilmədi. Qismən də sovetlərin başında duran ayrı-ayrı şəxslərin yalnış addımları kimi ifadə olundu. Bütövlükdə Rusiya dövlətinin, siyasətinin Azərbaycana qarşı strateji münasibətinin gerçəkləşməsi kimi qiymətləndirilmədi. Hələ bu günə qədər Azərbaycan iqtidarı, onun milli məclisi özündə ləyaqət və iradə tapıb Xocalı soyqırımına siyasi qiymət verməyib! Bu münasibət nədir: Qorxu siyasətidirmi, yoxsa məqsədyönlü şəkildə Azərbaycanı heçə çevirmək siyasətidirmi?! Fərq etməz, ikisi də bir əməli gerçəkləşdirir. ..
Yenə qarşıdan “20 yanvar”ın ildönümü gəlir. Yenə şəhərin küçə və metrolarını bəzəmək üçün qərənfillər becərilir. Beləcə “24-cü il” də tarixin arxivinə gömülür. Erməni Qarabağı talayır, hakimiyyətimizdəki taqım da dövlətimizi…
Gəlin düşünək, düşünə bilək. Düşünsək ürəyimiz ağrıyacaq. Ağrısa sağaltmaq haqqında düşünəcəyik!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
16 Qar ayı, 35-il.
(yanvar, 2014.)