Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri və təsiri də bəlli olur, yəni dövlətin yürütdüyü xarici siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir.
Bəs bu deyilənlərin fonunda biz öz dövlətimizi necə görürük? Sovetlər dağılandan sonra dövlətimiz struktur baxımından müəyyən yönlərdə inkişaf mərhələləri keçib. Ancaq biz inkişafın icazə verilən yönlərində irəliləmişik. Bu da təbiidir. Güclü dövlətlər güclü rəqiblər arzulamır. Dünyanı idarə edən güclər bizi özləri ilə rəqabət apara biləcək mərhələyə buraxmazlar. Ancaq inkişaf elə bir tendensiyadır ki, onu keçmək üçün heç kimdən icazə almağa gərək yoxdur. Dövlət öz prinsiplərini həyata keçirməli, işini görməlidir. Ancaq təəssüf ki, bizdə təbii və doğru inkişaf yolu keçilmir, dövlət “qəlibdə inkişafla” yetərlənir. Xarici texnologiyaları ölkəyə gətirib tətbiq eləmək heç də inkişaf demək deyil. Ən yeni texnologiyaların sürəkli tətbiqi belə, öz xalqını sürü halına gətirən dövlətə uğur qazandırmaz… Sovetlər dağılandan sonra ölkəmizdə talançılıq ən yüksək həddə çatıb. Yeni texnologiyalardan istifadə ən çox talançılara, talançılığa gərək olub. Bu texnologiyaların tətbiqi bəzi hallarda toplumun sosial durumuna hətta ziyan verib. Yeni texnologiyalar işçi qüvvəyə təlabatı azaldır. Əslində isə texnologiyanın inkişafından asılı olmayaraq, əmək cəbhəsində hər bir işçi qüvvənin yerini müəyyən eləmək mümkündür. Ancaq kapitalizm mühitində, yəni pulçuluğun hakim olduğu zamanda istehsal vasitələri ilə işçi qüvvəsi arasındakı bağlılığı qorumaq, başqa sözlə, qanunauyğunluq yaratmaq olduqca çətindir. Rüşvətxorluğun, korrupsiyanın həyat normasına çevrildiyi bizim kimi ölkələrdə isə ümumiyyətlə mümkün deyil. Dövlət müəssisələrində bugünkü kütləvi ixtisarların da kökündə əslində bu durur. Rəhbər vəzifələr tutan zümrələr mənimsədikləri gəlir “payları”nı azaltmırlar, işçi qüvvələrin sayını azaldırlar. Məsələnin pis cəhəti odur ki, toplumun bu gedişata münasibəti də aydın deyil. Bu səbəbdən toplumun hakimiyyət tərəfdarlarına və əleyhdarlarına bölünməsini milli mənafe baxımından qiymətləndirmək doğru deyil. Birmənalı olaraq sosial durumlarının səviyyəsinə görə bu belədir. Yəni sosial durumu orta və yuxarı olanlar başlarını yuxarı qaldırıb heç nəyi görmək istəmirlər. Onlar hakimiyyət dəyirmanına tökülən su rolunu oynayırlar. Sosial durumu aşağı həddə olanlar isə heç bir təsirə malik olmayan etirazlar edirlər. Çox az sayda adam tapmaq olar ki, məsələni milli problem səviyyəsində dərk etsin. Ancaq nə qədər ki, problem ümumi halda milli deyil, yalnız sosial olaraq qəbul ediləcək, həllini tapmayacaq.
Bir ay bundan öncə “20 Yanvar” adlanan faciəmizin ildönümü qeyd edildi. Nə baş verdi, nə aydınlaşdı, nə dərk olundu, nə həllini tapdı – bəlli deyil. İndi də “Xocalı soyqırımı”nın ildönümü qeyd olunur. Nə aydınlaşacaq, nə bilinəcək – bəlli deyil. Toplum müstəqil dövlətində sosial faciələr yaşayır. Haqsızlıqdan, ədalətsizlikdən, vicdansızlıqdan qaynaqlanan əməllər hər gün mənəvi soyqırım həyata keçirir. Özünü yandıranlar, asanlar, xəstəlikdən əzab çəkənlər, dərmanlardan müalicə əvəzinə xəstəlik tapanlar, məmur qapılarında sürünənlər “Xocalı soyqırımı” haqqında nə düşünsünlər?! Elə hər kəs öz həyatında daha betər faciəni yaşadığı halda, artıq tarixə çevrilən faciənin qeyrətini yaşaya bilərmi?!
İndi “Xocalı”nı yubileyləşdirmək toplumda qeyrəti diriltmir, öldürür. Öz ölkəsində mənəviyyatı öldürülən vətəndaş üçün erməninin qarnını cırdığı, güllələdiyi körpənin, qocanın taleyi çoxdan adiləşib. Hətta durum elə bir həddə çatıb ki, sadə vətəndaşlar ümummilli faciəni bölgənin faciəsi kimi başa düşürlər. Bəzən isə həmin bölgənin adamlarını fərsizlikdə suçlayırlar. Bəs dövlət bu problemi həll etmək üçün hansı addımı atır?! Demək olar ki, heç bir addımı. Səfirliklərimiz xarici ölkələrin vətəndaşlarına Xocalıda ermənilərin törətdikləri vəhşətlərin şəkillərini göstərməkdən məmnunluq halı yaradırlar. Şəxsən məndə heç bir məmnunluq halı baş qaldırmır. Xalqa sahib çıxıb faciəni onun özünə dərk etdirmək gərəkdir, xalqı yaşamaq mücadiləsinə soxub, “Xocalı”nı siyasi divident predmetinə çevirmək yox!..
Erməninin Xocalıda törətdiyi vəhşilik 1992-ci ildən başlamır, 1905, 1918, 1948-ci illərdən üzü bu yana gəlir. Bundan sonra harda dayanacaq – bəlli deyil. Erməni vəhşətinin qarşısını kəsmək üçün vətəni, dövləti xalqa sevdirmək gərəkdir. Yəni ona normal yaşamaq, düşünmək, mübarizə aparmaq haqqı vermək gərəkdir. Milli ideologiyası, milli strategiyası olmayan dövlətin xalqı faciədən çıxmaz.
Qarşıda “Xocalı soyqırımı”nın ildönümüdür. Bununla bağlı gəlişi yaxşı sözlər danışmağın, yazmağın özü də başqatma əməlidir. Öldürülənlərin, namusuna təcavüz olunanların, gözüyaşlı qalanların qarşısında hər birimiz məsuliyyət daşıyırıq. Bu məsuliyyəti dərk eləmək – milli-insani mübarizə aparmaq deməkdir.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!
22 Köçəri Ayı, 35-ci il. Atakənd.
(fevral, 2014. Bakı.)