ASİF ATA. XAQANİLİK

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq” adlı ilk əsəri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.
Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

Asif Ata

XAQANİLİK

I. MƏĞRURLUQ

Təbiət insana yerə-göyə sığmayan istedad bəxş edər. Ancaq bəzən korazehinlər, naqislər onu üstələyər, ülviliyi tapdalamaq istər. Bu zaman məğrurluq, vüqar “çürük beyinlərin” üzərində ildırım kimi çaxar.
İnsan bəzən öz qəlbində, şüurunda ilham və idrak dünyasını yaradar, ancaq real dünyada tənha görünər.
İnsan özünü dərk edər, mənəvi aləmində gəzdirdiyi qüdrəti, qeyri-adiliyi, əzəməti anlayar. Lakin bəzən mühit bunu anlamaz, dahiliklə bəsitlik, şeiriyyətlə qəbahət yanaşı qoyular, eyniləşər. Bu vaxt məğrurluq nərə çəkər, hayqırar, zəmanəyə meydan oxuyar.
İstiqbal – istedadın, yaradıcının, misilsizin; gerçəklik isə hökmdarın, Mənuçöhrün, Axsitanındır!
Sənin, şair Xaqani, fikir səlahiyyətin sonsuzdur! Mənuçöhrün, Axsitanınkı keçicidir! Ancaq Mənuçöhr, Axsitan bu gün hökmdardır, sən isə rəiyyət. Onun aqibəti – hökm sürmək, sənin aqibətin – tabe olmaqdır!
Düşünürsən, daşınırsan, qövr edirsən və məğrurluq haray salır!

Şaham, mənim əlimdədir bu söz mülkü, söz diyarı,
Bu dünyada tək mənimdir söz mülkünün ixtiyarı.

Bu sözlərdə həm böyük özünütəsdiq, həm də böyük qəm vardır. “Mənəm şah! Siz xaqanlar yox!”
Təbiidir ki, bu həqiqət Mənuçöhrlər tərəfindən qəbul olunmayıb. Olunsaydı, təntənəli etirafa ehtiyac qalmazdı!
Bu sətirlərdə səslənən vüqar dəhşətli etirazdan doğmuşdur. Əsil şah – fikir, duyğu hökmdarıdır. Bu həqiqət Xaqani şeirində dəfələrlə təkrar olunur. Lakin Xaqaninin mühitində bu həqiqətə inanan yoxdur. Mühitdə təsdiq olunan hökmdarların, xaqanların qılıncıdır. Ürəkləri fəth eləyən Xaqani şeirləri olsa da, insanlar Mənuçöhrün əmriylə yaşayırlar. Xaqanini eşidirlər. Mənuçöhrə tabe olurlar!
Söz mülkünün şahı olmaq böyük səlahiyyətdir. Ona görə də məğrurluq nərə çəkir:

“Haqqım var, fəxr edim, qoy bilsin əyyam,
Mən söz dünyasının padişahıyam” –

deyə öyünür.

“Nitqi-gənci sahibi, söz mülkünün xaqaniyəm,
Vardır hər bir kəlmədə yüz gənci-xaqanım mənim” –

deyə coşub-daşır:

“Şairlərin ucasıyam, qəlbim şer sultandır,
Nə vardırsa ürəyimdə fazillərin ehsanıdır” –

deyə hayqırır.

“Allah məni qaldırmışdır, könlüm göyü dolaşmışdır,
Mənim əzmim bu dünyanın o tayına yol açmışdır” –

deyə haray salır.

“Min il gərəkdir təki, hünər gülüstanında,
Biliyin budağında gül mənim tək verə bal” –

deyə hünərini bəyan edir.
Bəşəriyyət həmişə söz və fikir səlahiyyətini qılınc səlahiyyətindən üstün tutmuşdur. Lakin bu səlahiyyət heç vaxt dövlət yaratmayıb, şəhərlər salmayıb, ordular basmayıb.
Şah taxtında oturan şairlər çox az olublar. Olanlar da şairliyə görə yox.
Şair-filosof səlahiyyətini şahlıq səlahiyyətindən üstün hesab etmək uzaqgörənlikdir.
Qoy insanlar gözəl fikirlərin, düşüncələrin hökmüylə yaşasınlar!
Qoy qüdrətlilər ölkələri yox, ürəkləri zəbt etsinlər!
Qoy sənət sehri könüllərə hakim olsun!
Bu arzu şair xəyalında gerçəkləşir. O özünə bu günün gözüylə yox, sabahın gözüylə baxar.
Məhdudluğun yaratdığı sədlər yarılar və sənətkar özünü tam, ilkin və bütöv halda görər. Görər və anlar ki, Mənuçöhrlərin, Axsitanların hökmü tükənən yerdə, Xaqanilərin fikir ağacı göyərir. İllər, aylar, əsrlər Mənuçöhrləri taxtdan salar, Xaqaniləri isə taxta çıxardar.
Var-dövlət süni əzəmət, dəbdəbə parçalanar, paralanar, kiçilər, itər; istedad, idrak, ilham pərvazlanar!
İstedadı örtən qara pərdələr çəkilər, əzab çəkən, təhqir edilən, əzilən şəxsiyyət özünün əsil mahiyyətini dərk edər.
Dahilik əsrlərin arxasından boylanar və Xaqani şair xəzinəsinin şah töhfəsindən üstün olduğunu vüqarla təsdiq eləyər:

Səkkiz cənnət, doqquz göy verdim şaha xəzinə,
Beş yumurta yolladı o mənə əvəzinə.

Bilər, anlar ki, şah məclisinin yuxarı başında oturmaq mənəvi yüksəkliyə dəlalət etmir:

Çünki xırmanda döyüm vaxtı həmişə
Ağır dənlər altda qalar, boş saman üstə çıxar.
Qılınc şah olanda, məğrurluq qalxan olar!
Həqarət həddini aşanda, cəsarət kükrər!

II. MƏDH

Xaqani öz həyatında məddahlığın aqibətini yaxşı duydu.
Dünyanı təsvir etməyə qadir olan bir şəxs şahları vəsf etdi. Həm də onu yüksəltməli, özünü alçaltmalıydı!
Təbiətin bütün rəngləri, həmin şəxsin səmavi portretinə sərf edilməliydi!
Sevinclə, kədərlə, arzuyla, sevgiylə dolu olan bu gözəl və mürəkkəb dünyada yalnız şahı görmək – dünyadan ayrılmaqdır.
Ölçülü ehtizazdır! Dəbdəbəli təbdir! Pafoslu yalandır.
Məddahlıqda sonsuz bir özünüinkar var. Başqasını mədh eləyən özünü itirər!
Qələmin gücüylə şəxs zirvəyə qalxır və təbiidir ki, şair ona aşağıdan baxır.
Bir insanın qəlbində məğrurluqla məddahlıq necə barışar?

Məddahlıq danışanda məğrurluq susur!
Şahənşahın ayağın öp, aman tacı gərəksə,
Can tilsimi istəyirsən, Mənuçöhrü mədh elə.

Şahı mədh etmək üçün şair təravətli obrazlar tapır, şeiri əlvan bənzətmələr muncuğuyla bəzəyir, dahiyanə bədii ustalıq sönük məzmuna bəlağət libası geydirir, coşğun pafos soyuq tərənnümü isitməyə çalışır.

Təklik sevən bir sufidir şah qılıncı, bil, anla!
Alır hər vaxt dəstəmazı su ilə yox, o, qanla!

Yaxud:

Ordu sürü, dövran çoban, qoçdur şahın bəxti, inan!
Qayğı çəkən hər bir çoban, qoç saxlayar, can bəsləyər.

Məddahlıq şeiriyyətin məhvidir!
Çünki şeiriyyət ən böyük həssaslıqdır.
Şeiriyyət – mövcudluqdur, məddahlıq – oyundur!
Şeiriyyət – insanın həqiqətə qovuşmasıdır, məddahlıq – yalana!
Şeiriyyət – müdriklikdir, məddahlıq – mənəvi korluq!
Şeiriyyət – heyrətdir, məddahlıq – hiylə!
Şeiriyyət – təbiiliyin, məddahlıq- təmtərağın zirvəsidir!

Şəni – günəş tək saçdı nur, Dərbənd işıqlandı odur,
Üç zülmət içrə san sudur, hikmətdə yəzdan birləşir.

Yaxud:

Şah ümmandır, onun atı bir atəşin nəhəngdir,
Dəniz kimi bu nəhəngi bəzəmişdir cəvahir.

Bu sətirlərdə biz təmtəraq, dəbdəbə zirvəsiylə qarşılaşırıq.
Şahın böyüklüyü adətən, günəş, ümman, səma, meh kimi ülvi obrazlarla səciyyələndirilir. Ancaq burada həmin ülvilər öz əsil, ilkin mahiyyətlərini itirirlər. Çünki ülvilikdə bir əvəzedilməzlik var. Günəş ona görə ülvidir ki, onu heç nə ilə əvəz etmək olmaz.
Mədhdə günəşin qüdsiliyindən yox, şahın qüdrətindən bəhs edilir. Burada günəş adi bir vasitəyə çevrilir.
Tədricən ülvilik normativləşir, son nəticədə yoxa çıxır. Qəribə bir vəziyyət yaranır. Şahın qeyri-adiliyini vəsf etmək üçün “günəş yerə endirilir”. Bununla da ülviyyət öldürülür. Çünki əsil ülvinin müqayisəyə ehtiyacı yoxdur. O öz işığıyla işıqlanır. Göydən yerə enən ülviyyət yerdəkini səmaya qaldırmır.
Sənətkarlıq – sözü qüvvəyə mindirməkdir!
Məddahlıq – sözü qüvvədən salmaqdır!

Biz vurğunuq sənə, sən də dilbər ayinə,
Seyr eləyirik səni, səni seyr eylər ayinə.

Bu sətirlərdə əsil məhəbbət yoxdur. Burada şair öz ürək sözlərini izhar etmir. O, yerinə düşən, xoşa gələn, bəyənilən sözlər seçir. O, yaradıcıdan daha çox ifaçıdır, mədh yarışının iştirakçısıdır. Bu yarışın sənətkardan asılı olmayan qayda-qanunları var.
Şairin məqsədi – şahı hamıdan yaxşı vəsf etməkdir. Bunun üçün o, bütün ustalığını işə salmalı, təbii, təxəyyülü süni surətdə hərəkətə gətirməli, ehtirası süni surətdə coşdurmalıdır. Burada yalançı ehtizaz, yalançı vəcd, yalançı səmimiyyət hökm sürür:

Ayinə gördü surətini, sən öz hüsnünü,
Səndən betər vuruldu sənə ayinə
Ayininə vurulma sən, ey aynəpərəst,
Qəlbim sınar, sənə ola aşiq gör ayinə.

Şairin ayinəyə qısqanması – “səmimiyyətin” gözəl nümunəsi ola bilər.
Beləliklə də məddahlıq xüsusi, gərgin psixoloji hal və əhvali-ruhiyyə tələb edir.
Bu əcaib oyun, bu fəlakətli özündənayrılma nə üçündür?
Məğrur Xaqanini şahı mədh etməyə vadar edən nə idi?
Şair həmin suala bir sözlə cavab verir: “Çörək!” Əslində Xaqani şeirində çörək anlayışı çoxmənalıdır. Burada çörək şan-şöhrət, dəbdəbəli fərqlənmədir. Vüqarın, ləyaqətin yerlə-yeksan edilməsidir!

Mən bir pələng ikən it olum, bir də it kimi
Qaçsam çörək dalınca bu gündən sonra, çörək.

Bu sətirlərdə dəhşətli hiddət gizlənir. Ləyaqət tapdalananda heysiyyət üsyan edər! “İt kimi çörək dalınca qaçmaram!” sözündə çörək dalınca qaçmağın mənəvi əzabı, işgəncəsi yaşayır.

Həsrət qalım günəş üzünə, ay camalına,
Baxsam sənin dalınca, gözüm kor ola, çörək!

Buradakı daxili hərarət, patetika peşmançılığın dərinliyini çox gözəl ifadə edir!
Çörək yemək şairə son dərəcə ağır başa gəlib; o təhqir olunub, onun heysiyyətini tapdalayıblar. Bu iki misranın arxasında məşəqqətli bir ömür, cəhənnəm əzabına düçar olmuş bir insan həyatı durur.
Çörək uğrunda çəkilən mənəvi əziyyət o qədər üzüntülüdür ki, şair bir də həmin həyata qayıtmayacağını ürəyinin bütün hərarətiylə, coşğun pafosla bəyan edir. Daxili patetika daim artır, hiddətli pafos şerə sığmır:

Düşsün başım aşağı dəyirman suyu tək,
Açsam ağız, çörək desəm, ey bivəfa, çörək.

Çörək şairə o qədər ağır başa gəlib ki, şairin dərdini danışmaq üçün ən emosional obrazlara, ifadələrə müraciət etməli olur. Nəticədə möhtəşəm və əzəmətli obrazlar silsiləsi yaranır.

Ahu kimi düşüb çölə daim ot otlaram,
Qoy verməsin bu kənddə mənə kəndxuda, çörək.

Burada peşmançılıq harayı səslənir! Ürəyi yandıran, sinəyə dağ çəkən haray! Bir an susmayan, güclü, gur haray!

Şahdan çörək uman dilim olsun dilim-dilim,
Verdi çörək yerinə mənə yüz cəfa, çörək!

Əsil, böyük özünəqayıtma adətən, əsil, böyük ehtirasla bağlı olur.

III. İNKAR

Şübhənin də inam kimi müəyyən səddi var. Həmin sədd keçildikdə o, mütləq inkara çevrilir. Bu zaman həyatda, dövrdə, yerdə, göydə, insanda nə var inkar edilir. Mütləq inkar dünyanın yalnız bir tərəfini, bir keyfiyyətini yox, mahiyyətini rədd edir. O, yanğını andırır: tədricən bir əşyadan başqa əşyaya keçir və ətrafı bürüyür. Mütləq inkar həmişə, hər yerdə yaranmır. O, adətən gərgin, məşəqqətli daxili böhran zamanı meydana çıxır. Ürək dünyadan küsür. O görür ki, ülvilikdə bir naqislik, munislikdə eybəcərlik yaşar. Bu vaxt zəmanədə qəlbi, gözü sevindirən heç nə qalmaz. Dünya kiçilər, daralar. İnsan ilə dövr arasında uçurum əmələ gələr. Aləm yadlaşar və insan ondan üz döndərər. Bu hal əbədi də ola bilər, keçici də. Birincidə insan birdəfəlik dünyadan əlini üzər, ikincidə müdrikləşər və inkar həyatın ziddiyyətli, mürəkkəb mənasını dərk etmək yollarında bir mərhələyə çevrilər. Hər ikisində daxili sarsıntının gücü sonsuz, zəhmi ağır, hökmü mütləq olur.

Çox mizana çəkib mən, gördüm ki, puçdur cahan,
Qaçıram bu eybəcər, bu qaranlıq dünyadan.

Məsələ dünyanın qeyri-kamil olmasında, zəmanənin puçluğundadır.
Öz dərin fəlsəfi mahiyyətinə görə Xaqani inkarı Hamletin “dünya məhvərindən çıxmışdır” kəlamına bərabərdir.
Filosoflar üçün dünya – mahiyyətdir.
Bəsitlər qeyri-kamilliyə göz yumar, zəmanəyə uyğunlaşar; onların inkarı müəyyən səddə dayanar. Ancaq Xaqani, Hamlet kimi mütəfəkkirlər üçün bəsitlik dözülməzdir. Odur ki, inkar adlanan iti qılınc zəmanəni şaqqalayır, onun sümüyünə qədər işləyir.

İndi yox, bu dünyaya göz açdığım saatdan,
Gəlmişəm bu qərara ki, qaçam kainatdan.

“Qaçmaq” sözünü hərfi mənada anlamaq düzgün olmaz. Burada o, üsyankarcasına səslənir. Qaçıram – yəni inkar edirəm, lənətləyirəm, rədd edirəm, dərk edirəm, mahiyyətə varıram, mahiyyəti üzə çıxarıram.
Burada tərki-dünyalıqdan əsər yoxdur. Əksinə, sənətkar dünyaya bağlı olduğundan, dünyaya vurulduğundan, dünyanı inkar edir. Həmin inkar daim dərinləşir, gərginləşir, kəskinləşir:

Yerdəki yeddi kənddən baş alıb qaçıram mən,
Qaçıram, hətta göydə olan səkkiz şəhərdən.

Mütləq inkara səbəb təkcə ümumi tələblər deyil. Eyni zamanda şairin ürəyində yaşayan, böyüyən və mütləq gözəlliyə, vüsətə malik olan arzular, niyyətlər, ehtiraslardır.

Könlümdəki diləklər sığmaz heç bir diyara,
Qaçıram gözlərin də hüdudundan kənara.

Dünya həm insan arzularına uyğun gəlməlidir, həm də həmin arzuları bəsləməli, ucaltmalıdır.
Diləklər dünyanın geniş sinəsinə səpilməli, bitməli, boy atmalıdır!
Zəmanə arzuları qəfəsə salırsa, hissləri buxovlayırsa, qanadlı düşüncələrə, ülvi duyğulara darlıq edirsə – inkar olunmalıdır!
Coşğun sular məcrasına sığmayanda onu sellərə qərq edər.
Daşqın yeri-göyü bürüyər, hiddət dalğaları şahə qalxar, ehtiras vulkanı püskürər:

Özgələrin kölgəsi xofa salır qəlbimi,
Vaxt olur öz-özümdən qaçıram kölgə kimi.

Dünya yadlaşanda, uzaqlaşanda, insan hər şeydən, o cümlədən özündən də küsər.
Dünya məhdud, dar olanda ömür də insanı sıxar!
İnsan zəmanədə kölgə kimi sürünəndə özündən qaçar! Dünya insanın ən böyük müsahibidir! O kar olanda, dil danışarmı?
Duyğular, niyyətlər, düşüncələr geniş meydan arayar. Tapmayanda ürəyi yandırar. Onda özündən ayrılmağa, açmağa can atarsan! Zəmanə səni isitməz və sən öz xəyal aləminə çəkilər, isinərsən! Xəyalında istəyinə tam çatarsan. Özünü, zəmanəni, aləmi unudarsan, özün-özündən qaçarsan! Gözlərinin qabağından gəlib keçər ləyaqətsiz səlahiyyətlilər, miskin zənginlər, naşı qoluzorlular, təbəssümlü alçaqlar. Özündən qaçarsan.
Mütləq inkar sənin özünə qarşı da amansız bir tələbkarlıq yaradar. Dönüb özünə baxar, özündən qaçarsan.
Dərd, qəm belini əyər, həyat tikanları ürəyini qanadar, aləmdən heç nə gözləməzsən, dünyadan köçməyə hazırlaşarsan. Özündən qaçarsan.

Bəxti qara olmağım aydındır günəş kimi
Qaçıram ki, gecəyə qatım qara bəxtimi.

Bu inkarda ali bir qətiyyət var. Gecə kimi qara bəxt gecəyə qovuşsa yaxşıdır. Bu, kədərin sonsuzluğundan xəbər verir.
Xaqani inkarında yarımşübhəyə, tərəddüdə, cılız skepsisə yer yoxdur.
Şairin əsərlərində, adətən əhvali-ruhiyyənin ən gərgin dramatik məqamları təsvir olunur.
Duyğular zilə qalxır. Buradakı pafos ehtirasların qeyri-adi bir patetika ilə təsvirindən yaranır. Sənətkar duyğularının anlarını ifadə etdiyindən, ən qəti obrazlara müraciət edir.

Vəba evidir bu çərx, qaçmaq gərəkdir ondan,
Qaçmaq gərək dünyanın dövlətindən, malından.

Çərx vəba evidir, ondan qaçmaq gərəkdir. Deməli, dünya evində yaşamaq müşküldür! Burada təskinlik üçün yer yoxdur. Ona görə də Xaqani inkarında sızıltı, inilti, bədbinlik hiss olunmur.
Xaqani inkarı yalnız qüdrətlilərin ürəyində yaranan təsəllisiz inkardır. O, xülyanın, tərəddüdün, yarımçıqlığın, miskinliyin düşmənidir!
Həmin inkardakı qətiyyət – mənəvi güc, idarə, mərdlik əlamətidir.

Məqsəd – var olmaqdırsa, yox olaram mən onda,
Qaçaram öz-özümdən bu yoxluğun yolunda.

Aciz heç vaxt yalanı, naqisi, eybəcəri sona qədər inkar etməz, o, yarıminkar məqamında ilişib qalar.
Acı həqiqətin gözünə düz baxmaq qüdrəti acizə yaddır.
Həqiqətin zəhmi onu basır!
İnkar müəyyən dövrlərdə zəruriliyə çevrilir. Aciz bu zəruriliyi anlasa belə, inkara razı olmaz. Çünki onda inkarı müşayiət edən çətinliklərə tab gətirmək mətanəti yoxdur. O, pıçıltıyla “inkar edər”. Elə “inkar edər” ki, inkar olunanın heç ruhu da inciməz. Elə “inkar edər” ki, heç özünün də əhvali-ruhiyyəsi, həyat tərzi, güzəranı dəyişməz! Həmin “inkar” zahiri əlamətdə dayanar, mahiyyətə enməz!

Bax, gecəylə gündüz bir itdir, rəngi ala,
Bu ala rəngli itdən qəlb istər uzaq ola.

Acizin düşüncəsində heç vaxt belə kəskin inkar yaşamaz. Çünki qorxaq şəxsin düşüncəsi də qorxaq olur.

Ayağımı çox yaman, uduzdum bu qumarda,
Başımı ayaq edib, qaçıram bu diyardan.

Patetika səviyyəsinə qalxan duyğular acizə, yarıminkara yaddır. Heç bir çərçivəyə sığmayan möhtəşəm ehtiraslar yalnız böyük ürəklərdə bəslənir!
Böyük ürəklərin inkarı da təsdiqi kimi qətidir!

IV. HİDDƏT

Şeiriyyət yalnız inikas deyil, həm də tələbdir!
Dövr şeiriyyətin tələbinə cavab verməyəndə, şairlə mühit arasında uçurum yaranar.
Şeriyyət – ideal dünya və ideal insan həsrətinin yanğısıdır! İdealsızlıq hökm sürəndə sənətkar hiddəti coşar.
Şeriyyət kamil və parlaq duyğuların, düşüncələrin təntənəsidir. Zəmanə rəzillərin dünyasına çevriləndə şair onu qamçılayır.
Şeriyyət – xeyrin gözəlliklə qovuşmasıdır!
Dövr şəri taxta mindirib, xeyri taxtdan salanda, müdrikliyi naşılığın ayağına salanda sənətkar ürəyində etiraz təlatümü aşıb-daşar.

Mal və şöhrət sahibidir bu gün alçaq adamlar.
Nəfsə əsir olanların bazarıdır bu bazar.

Belə zəmanə şeirin və şairin düşmənidir.
“Nəfsə əsir olanların bazarı” – əsilliyin zindanıdır.
Nəfs üzərində qələbə – qəhrəmanlıq deyil, adi insanlıqdır.
Nəfsin əlində əsir olanlar mənəvi naşılardır. Var-dövlət də onlardadır.

Qanmazların əlindədir var-dövlətin hamısı,
Sanki İsa süfrəsinə qonmuş eşşək arısı.

İki güclü ehtiras yaşar ürəklərdə: həqiqət və naz-nemət ehtirası!
Müdriklik əsil gözəlliyi görər, ona can atar, onunla yaşayar, həqiqətdən gözəl var-dövlət tanımaz! Var-dövləti, cah-cəlalı həqiqətin ayaqları altına atar. Var-dövlət hərisləri əsil gözəlliyi görməz, zaman onların gözündə nəhəng bir süfrəyə çevrilər və onlar bu süfrəni zəbt etməyə çalışar.
Nəfs hərisləri ani, yüngül duyğuların havasıyla oynayar, bütün həyatı ilə qoşular hərcayi həvəs axınına və yox olar.
Daxili dünyaya enməz! Qəlbini dərin, mürəkkəb hisslərlə yükləməz, beynini narahat fikirlərdən azad edər. Vicdan, qeyrət hissini səpələyər küləyə. Bəsitləşər, pərçimləşər mətbəx küncünə. Vüqarı iştaha qurban verər! Mənliyini, insani ləyaqətini dəyişər yağlı tikəyə. Eşşək arısının İsa süfrəsinə qonması kimi!

Tərk et dünya məclisinin o yuxarı başını,
Alçaqlardır o məclisin yeyən dadlı aşını.

Yuxarı başda oturmaq üçün naqislər şahın kölgəsinə çevrilir, mənliyi köhnə paltar kimi soyunub atır, adi bir oyuncağa, topa dönürlər. Lakin şahların qarşısında əyilən başlar rəiyyətin qarşısnda dik qalxır. Sonsuz mütiliklə sonsuz qəddarlıq, mənəvi xəsisliklə quldurluq, yaltaqlıqla cəlladlıq bir-birinə qovuşur.
Şərdə qorxunc bir dəyişkənlik var. Onun libası çoxdur. O balıq qədər sürüşkəndir! İlk baxışda olduqca açıq, əslində olduqca qapalıdır! Namərdlikdə bir gözlənilməzlik var. Yuxarı dırmaşan zaman başqasını uçuruma tullamaq var! Heyrətamiz bir törəmə, çoxalma, aləmi tutma qüdrəti var.

Namərdlərlə xədimlərdir tutsan bu gün cahanı,
Bu dövrandır xacələrlə xəsislərin dövranı –

Deyən Xaqani, şərin qorxunc, heybətli simasını göstərməkdən də çəkinməmişdir.

Sanki onlar quldurluğun məktəbini bitirmişdir,
Küfrə qardaş olub, səfa dostlarını itirmişdir.

Doğruluqda yox işləri, ataları bilinmir,
Nə Adəmdən törəmişlər, nə İsadan, budur sirr.

Ataları bilinmir, ancaq törətdikləri şər və yalan işləri bilinir.
Xaqani zəmanəsinin nadir gövhəri idi… zaman şairi anlamadı. Şair zamanı yaşatdı.

V. FƏRYAD

İnsanın böyüklüyü bəzən çəkilən əzabın böyüklüyünə bərabər olur. Şəxsiyyətin miqyası əziyyətin miqyasıyla tən gəlir. Böyük əqidə, bəzi hallarda, böyük iztirab tələb edir. Əsil müdriklikdə həm də əzaba qatlaşmaq, əzabla təmizlənmək, əzabda bərkimək xisləti var.
Bəşəriyyət öz keçmişiylə yalnız gülərək ayrılmır. Həm də əzabla ayrılır. Həmin əzab ən çox qəhrəmanlara qismət olur. Qəhrəmanlığın nadirliyi elə bundadır.
Qeyri-adiliyə meyil göstərən çox olar, əzaba dözən, alışan, əzab üzərində qələbə çalan az!
Filə fil əzabı verilir, qarışqaya qarışqa!
Xaqaninin dahiyanə “Həbsiyyə”sində zindana düşənlərin əhvali-ruhiyyəsi qeyri-adi bir hərarətlə ifadə edilir. Bu əsərlərdə iztiraba düçar olmuş əzəmətli şəxsiyyətin həyəcanları misilsiz bir vüsətlə səslənir.
Şeirlərdə ifadə olunanlar məğrur və coşğun fəryaddır. Fəryad ah-nalə deyildir. Fəryadla insan ucalır, onun qəlbində yaşayan hisslərin ülviyyətinə, gücünə heyran qalırsan.
Fəryad yalnız qüdrətli ürəklərdən qopur: zindana salınanlar, adətən, iztirabı sızıltıyla yox, fəryadla bəyan ediblər.
Fəryad adi iztirabın yox, qeyri-adi əzabın ifadəsidir:

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,
Qərq olar qanda şəfəq tək çeşmi-giryanım mənim.

Bu şikayət od püskürən dağın sinəsindən qopub gəlib. Dağa dağ çəkirlər.

Şam kimi diş-diş olubdur qıçlarım zənciridə,
Çeynəmiş sanki qıçımı qanlı dəndanım mənim.
Oxşayır kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.

Şeirdəki ümumiləşmələr heyrət doğurur. Burada yalnız bir şəxsin hiss-həyəcanı yox, minlərin ürək çırpıntıları eşidilir. Burada haqsız zindana salınanların faciəsi haray qoparır. Son dərəcə möhtəşəm, patetik, geniş mənalı obrazlar bir ideyanı ifadə edir: “Zindan əzabının hüdudu yoxdur, onu yüz dəvə karvanı çəkə bilməz”. Ancaq insan çəkir.
Xaqani fəryadında biz rəmzi məna görürük.
Fəryadı yaradan zamandır, ancaq onu duyan, dərk edən, şeirə gətirən dahidir. Dahi olduğu üçün də sənətkar bir şəxsin fəryadını əsrlərin fəryadına çevirə bilmişdir. “Çöp olmuş ayağa sarınan ilan – zəncir; göz yaşından hazırlanmış palçıq” kimi obrazlara yüzlərlə faciə sığar.
Son dərəcə konkret, canlı və sonsuz dərəcədə geniş, ümumi obrazlar, həm Xaqaninin öz halı, həm də ümumən zindandakıların əhvalı!

Görmüsənmi ki, sarınsın bir çöpə əfi ilan,
Əfidir zəncir, ayağım çöp, gedir canım mənim.

“Ayağa sarınan ilan – zəncir”. Bu sözdə qüdrətli və qeyrətli məhbusların hamısının dərdi, qəmi, üsyanı, hiddəti var.

Bax, Məryəmin sapı kimi ikiqatdır bədənim,
İsadakı iynə kimi təkcədir qəlbim mənim.

Bədənin sapa, ürəyin iynəyə bənzədilməsi olduqca mənalı, təbii və gözəldir. Burada məhbusların əhvalı bariz şəkildə ifadə olunur. Sap incəlmək, ərimək fikrini əla ifadə edir; forma məzmunu genişləndirir, dərinləşdirir. Ümumiyyətlə, Şərq poeziyasında forma hədsiz dərəcədə fəaldır. O, yalnız məzmunu ifadə etmir, ona yeni keyfiyyət aşılayır. Şərq estetik dünyasına xas olan ideallaşdırmağa meyil xüsusi forma gözəlliyi yaradıb.
Bədii obrazlar, məcazlar, bənzətmələr hiss-həyəcanı zilə çəkir, zirvəyə qaldırır. Biz bu cəhəti muğamlarda da hiss edirik. Həmin xüsusiyyət klassik poeziyaya ümumbəşərilik bəxş edir. Xaqaninin “Həbsiyyə”si bütün dövrlərdə zindana düşən günahsızların, əsillərin fəryadına çevrilmişdir. Təbiidir ki, bu qəbildən olan ümumbəşərilik sənətkardan hisslər zənginliyi, fəlsəfi vüsət, qanadlı təxəyyül tələb edir.
Başına gələn hadisəni elə dərindən, elə həssaslıqla dərk etməlisən ki, o, rəmz səviyyəsinə yüksəlsin. Bunun üçün dahilik gərəkdir!
Xaqaniyə həm belə dahilik, həm də misilsiz şəxsiyyət möhtəşəmliyi verilmişdir. Ona görə də o, həbs haqqında adi şeirlər silsiləsi yox, zindana düşənlərin mənəvi dünyası haqqında dahiyanə poetik bir dastan yaratmışdır.

Rahiblərin paltarı tək, gündüzüm olmuş qara,
Hər gecə mən rahib kimi başlaram ahü-zara.

Rahiblərin paltarı çox qaradır, deməli, zindana salınmaq – qaranlığa salınmaqdır.
Rahiblik – həm də fəryad rəmzidir. Çox adi, konkret, canlı obraz daxili dramatizmi bütün gərginliyi ilə açıb göstərir.

Qalmışdı təkcə kölgəm, o da getdi aradan,
Artıq adım, nişanım silinmişdir dünyadan.

Kölgəni itirmək – büsbütün yoxluq nişanəsidir. Əzab o qədər böyükdür ki, qəhrəmanın kölgəsini də aradan götürmüşdür. İztirab elə dözülməzdir ki, qəhrəman adını, nişanını itirmişdir.

Ah çəkərkən, təndir tək alovlanaram, bədənim
Odlu ilantək çıxar alov ağzından mənim.

Bədənin təndir kimi alovlanması olduqca təbii və mənalı obrazdır, o, gərginliyin son həddə çatmasını çox gözəl ifadə edir.

Divarlar seyr elədi mənim solğun rəngimi,
Onların da üzləri oldu zəfəran kimi.

Başqasına əzab verməyi özünütəsdiq hesab eləyənlər də olub tarixdə.
Verdiyi əzabın miqyasıyla öz böyüklüyünü ölçənlər!
Özgənin iztirabıyla nəşələnənlər!
Qəhrəmanın əzab odunda qovrulması, yanması, sinəsinə dağ çəkməsi əzazilə, qəddara mənfur sevinc gətirərmiş.
Qoy zindanda çürüyən, ədalətsiz hökmdarı tanısın.
İztirabda bir qorxu təzyiqi var.
Qorxunun miqyasıyla öz böyüklüyünü ölçənlər də olub tarixdə: qorxuduram, deməli, məğlub edirəm, öz üstünlüyümü, möhtəşəmliyimi sübut edirəm, yüksəlirəm!
Əzab vermək həvəsində həm də bir cəllad nəşəsi var! İnsan gücünün məhdudluğuna dərin inam var! “İnsan dəmir deyil” – ona görə də onun iradəsini sındırmaq, vüqarını buxovlamaq olar! “İnsan dəmir deyil!” – deməli, daim şiddətlənən əzab-əziyyət gec-tez onu əyər.

Ayağıma sarılmış iki əfi ilandan
Tavadakı balıq tək qovrulub qəlb, yanır can.

Zindandan gələn hər bir fəryada saraydan gələn sevinc sədaları qarışır. Lakin fəryad daha güclü səslənir.

Tərsaların xətti kimi tərsinə işlər fələk,
Boynuma bir zəncir salıb, saxlar məni rahib tək.
Yaralanmış könlüm oxşar barlı arı şanına,
Verdiyim bal bulanmışdır ürəyimin qanına.

Ancaq ən dəhşətli, fəlakətli anda belə Xaqani qəhrəmanı vüqarlıdır, özünə inanandır. Xaqani “Həbsiyyə”sinin dahiyanə qüdrəti bir də bundadır. Zülmkarın boğuq sədaları məğrurluq kişnərtisini susdurmur. Vüqar nidaları fəğan sədalarına qovuşur və böyük bir əzəmətlə səslənir!

Boynuma Zöhhak ilanı saldı ahəngdar bu gün,
Çün Firudin xəznəsidir əqlü ürfanım mənim.

Burada vüqar iztirabın son həddində səslənir. Ona görə də o, ülvilik, qeyri-adilik keyfiyyəti qazanır.
Əsil, böyük vüqar buxovlanmaz.
Ayağı zəncirli olmaq – mənəviyyatı zəncirli olmaq deyil!
Əzab odunda bərkiyən vüqar sönməz!

Əqli məndə, feyz məndə, qəlbü can da məndədir
Aləmin təbi nədir ki, verə fərmanım mənim.

Möhtəşəm vüqara əzab-əziyyət də bir imtahandır. Qüdrətlilər bu imtahandan qələbəylə çıxırlar.

Ülviyəm, ruhaniyəm, qeybi doğuldum qüdsdən,
Qoy bunu inkar qılsın xəsm-nadanım mənim.

VI. MÜDRİKLİK

Dünyada əbədi olan nədir, keçici olan nə? Nə yaşayır həmişəlik? Ali idrakmı, süni şöhrətmi? Mənalı duyğumu, saxta əzəmətmi? Müstəbid cəlalımı, şair xəyalımı? Kimi yaşadacaq dünya? Qızıla, mirvariyə qərq olmuş taclarmı, fikirlə dolu başlarmı?
Yaşayanlar, vuruşanlar, qəmlənənlər, sevinənlər, düşünənlər, daşınanlar arasında əbədi qalan nədir, əbədi itən nə? Cəvahiratmı, mənəviyyatmı?
Nə deyir dünya insana? Kimi qaldırır, kimi endirir? Kimi yerlə-yeksan edir, kimi yerdən qaldırır? Arzusu nədir, niyyəti nə? Həqiqətmi dostu, yalanmı? Sevincəmi həmdəmdir, göz yaşınamı?
Xaqaninin “Mədain xərabələri” şairliyin filosofluqla vəhdətindən yaranıb. Dünyaya, tarixin gedişinə müdrik nəzərdən törəyib.

İbrətlə bax, ey könül, bu aləmə gəl bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san.
…Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan, yaş,
Göz yaşı deyil, atəş süzməkdə yanağından.

Dünya müdriklərin göz yaşıyla sulanıb. Çünki onda faciə yoxdur. Çünki dünya yaratdığı qədər də dağıdır. Çünki dünyanın özlüyündə bir faciəvilik yaşayır. Hər şey ölməzliyə can atdığı halda, çox şey ölümə məhkumdur. Min illər üçün yaranan bəzən bir anda məhv olur! Ona görə də fəryad sədasının həddi yox, hiddət nərəsinin sonu yox.

Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış,
Eyvani-Mədaini görcək yer ilə yeksan.

Tarixin gedişində bir amansızlıq yaşar – tarı-mar etmək ehtirası! Gülşəni xarabazarlığa çevirmək meyli!
Bunları Xaqani gözəl duymuş və dahiyanə bir vüsətlə təsvir etmişdir.
Heç nəyin əbədi olmadığını hamı bilir. Ancaq tarixdə rütbə əsiri olanlar öz hökmünün mütləqiliyinə yenə də inanır, keçici səlahiyyətini əbədiyyət sanır.
Dəbdəbənin qulağı kardır! O tarixin dərsini eşitmir!

Bir vaxt bu eyvanın astanasını üzlər,
Saldıqları nəqş ilə etmişdir nigarıstan.
Burda nökər olmuşdur Babil şahı illərcə,
Bu qəsrə qulam olmuş bir vaxt şahi-Türküstan.

Təzaddır dünya! Aşırır özü yaratdığı dağı! Bir əliylə qurduğunu o biri əliylə dağıdar.İtirər bitirdiyini.

Yox, filləri Neman tək torpağa salan şahlar,
Fil kimi gecə-gündüz onları əzər dövran?!

Təqdirə baxın, bir vaxt fil aciz edən şahlar
Şahmatda qalıbdı mat bir fil kimi sərgərdan!

Amansızdır dünya! Rəhmi yox, qəm-kədəri yox! Fil kimi tapdayır dünənki tapdayanları.

Nuşirəvanın qanın Hürmüzd qafa tasında
İçmiş, belə məst olmuş torpaq dediyin ətşan.

…Sordun: hara getmişdir indi o böyük şahlar,
Bir hamilədir torpaq, çox udmuş, o, şah, xaqan.

Fəlakətlidir dünya. Ancaq həm də ədalətli deyilmi? Şahları, sarayları, süni əzəməti yerlə-yeksan edir, ancaq bir dahiyanə fikri itirmir.
Sərtdir dünyanın rüzgarı. Ancaq həm də bəhərli deyilmi? Öldürür, ancaq həm də yaradır. Qocanı aparır, körpəni gətirir.
Əzazildir dünya. Ancaq həm də fazil deyilmi? Saxtanı, yanlışı, yarımçığı öldürür, əsili yaşadır.

VII. MƏHƏBBƏT

Ali bir müəllimdir məhəbbət! Əhli-kamal edər adiləri. Kamil duyğu, kamil fikir bəxş eləyər insanlara! Kim istəməz əsir olmaq bu hökmdara? Bu tabelikdə bir munislik, bu iztirabda bir nəşə yaşar.
Şərq poeziyasında möhtəşəm bir vüsətlə səslənən həmin hikmət, Xaqani şeirində dahiyanə bədii pafosla təsdiq olunur.

Hüsn atın, ey gözəl, meydanda gəl cövlana çıx,
Başları döndər kosa, o kosları cövlana sal!

Başları kosa döndərmək sehri yalnız qəhrəman biləklərinə yox, həm də sevgili qəmzəsinə verilmişdir.
Məhəbbət itaəti – səadətdir, məhəbbət qeyzi – aşiqə ehsandır, məhəbbət əsarəti – şəfadır.

Eşqi gah tac eyləyib, qoy başına aşiqlərin,
Zülfünü kahi-kəmənd et, boynuna mərdanə sal!

Sevgili biganəliyində sonsuz bir şeiriyyət gizlənib?
Gözəllik qarşısında əyilməyən başda müdriklik olmaz.

Məhəbbət ən qeyri-adi hiss-həyacanlar dünyası yaradır. Ona görə də məhəbbətin hökmü mütləqdir. O, “riyakar aşiqi zindana salmağa” öz qəmzəsiylə “bülbülü öldürməyə” qadirdir. Aşiqin qəlbindən daim sonsuz bir vəcd sədası qopur! Lakin bu vəcddə gözəlliyin çox adi real cizgiləri əks olunur. Xaqanidə bəzən gözəlliyə münasibət qeyri-adidir.
Aşiqin ürək sözləri atəşin bir patetikayla səslənir, sevgi ilahiləşdirilir, bütün yaranmışların zirvəsinə qaldırılır, ülviyyət timsalı kimi tərənnüm edilir.
Şair real gözəlliyi qeyri-adi bir patetika ilə vəsf edir. Sanki Füzuliylə Vaqifin vəhdəti yaranır:

And olsun qıpqırmızı pistə kimi ağzına,
Fındıq kimi səslənən üç busənə, ey sona!

Narınc kimi çöhrənə, diba kimi üzünə,
Alma kimi çənənə, ipək kimi özünə.

Gözəlliyi təyin edən cəhətlər son dərəcə adidir: qıpqırmızı, püstə kimi ağız, fındıq kimi səslənən busə, diba kimi üz və s. əhvali-ruhiyyə isə ülvidir, füzulivaridir.
Füzulidə, adətən, gözəlliyin ən ilahi cəhətləri nəzərə çarpır, “alma kimi çənə” ifadəsinə Füzuli poetikasında yer yoxdur.
Vaqifin gözəlləri elə “alma çənəli” gözəllərdir.
Xaqani bir an da olsa ülvilik, qeyri-adilik zirvəsindən enmir! Eyni zamanda o, real gözəlliyi həmin zirvəyə qaldırır, adi keyfiyyətlər haqqında əzəmətlə danışır.

Qoşa nərgiz, qoşa gül, o qoşa bülbülə,
Sərv kimi boyuna, zərif, nazik belinə.
Lalə kimi bədənə, gülünə and olsun, yar!
Yasəmən ətri verən telinə and olsun, yar!

“Yasəmən ətri verən tel” – sözün əsil mənasında realist detaldır. “And olsun, yar” – ahəngində isə bir patetika var.
Patetik pafos ilə realist detalın birləşməsi şeirə gözəl bir təravət gətirir. Ülvilik ilə adiliyin vəhdəti bütün əsər boyu səslənir.

And olsun dodağına, o lətif buxağına,
O dodaq, o buxaq ki, bənzər gül yarpağına.

“Dodağa, lətif buxağa and olsun!” ifadəsində Füzuli vəcdi ilə Vaqif vəsfinin birliyi yaşayır.
Sevgili həm də böyük hatəmdir! Sevgilinin aşiqə yetirdiyi nəzərin qiyməti yoxdur! Sevgilinin aşiqə bəxş etdiyi ən kiçik nəzər, ən böyük xəzinədir!

Ləbi yaqut, üzü gün kimi o dilbər, gecə şən,
Qapımın ağzına məst halda gəlib durdu həmən.

Məhəbbət nəvazişi aşiq əzabının misilsiz əvəzi kimi vəsf edilir. Aşiqlər bu mükafatı, adətən, sonsuz hicran, qəm-kədər bahasına qazanırlar!
Aşiq ömrü iki təzadlı hissəyə bölünür: yarla görüşə qədərki və yarla görüş məqamları. Əvvəlki həyatın mənası məhəbbət məqamlarının hazırlanmasıdır. Yarla görüş adi hadisə yox, sirli, sehrli, əvəzsiz, illərə bərabər olan bir an kimi vəsf olunur. Yarın gəlməsi ilahi bir qüdrətin göydən yerə enməsi kimi mənalandırılır. Lakin ali qüdrət göydən yerə endikdə doğmalaşır, məhrəmləşir.

Çox mülayim mənə səsləndi: ay oğlan, bir qalx!
Mən soruşdum, gecə kimdir bizi narahat edən!
Qapıdan girdi, sevincdən uca bir səslə dedim –
-Nə qəribə gecədir, ah nə gözəl ovdu gələn.

Çox qəribə və psixoloji bir hal yaranır. Görürsən ki, göydən yerə endirilən sevgili son dərəcə mehriban, istiqanlı, qəlbə yatan, şairanə bir xilqət imiş! Şerin ahənginə qəribə bir sadəlik və incəlik təravəti dolur. Hiss edirsən ki, şair özünə olduqca yaxın saydığı bir şəxs haqqında danışır.

Meyi tərif elədim, razılıq etdim gecəyə,
Dostumu mənzilimə bunlar idi çün gətirən.
Olmasaydı gecə hərgah, üzü olmazdı açıq,
Olmasaydı mey əgər yer utanardı məndən.

Şeirdəki yumor əsərə məlhəmlik, incəlik və sadəlik gətrisə də, vəziyyətin qeyri-adiliyini, ülviyyətini qətiyyən inkar etmir.
Xaqaninin təsvir etdiyi gecə adi gecə deyil, sehrli, möcüzəli gecədir. Gecə obrazı şeirdə ən azı üç mənanı ifadə edir:
Gecə – sirlər yuvası!
Gecə – sevgilinin üzünü gizlədən pərdə!
Gecə – şairin “zər sifətini” görünməz edən bir naxış!

Dedi: – Xaqani, zərə oxşamayır rüxsarın,
Dedim: – Əfv eylə, görünməz gecə zər, bilməlisən!

Şeirdə məhəbbət gec adlanan ülviyyətin işığıyla işıqlanır. Buradakı gecə – sevdirən gecədir!
Xaqanları vəsf edərkən – pərvazlandı! Çünki məhəbbət sonsuz tərənnümə layiqdir! Məhəbbətin vəsfində məddahlıq təhlükəsi yoxdur!
Çünki Xaqanlıq keçicidir! Məhəbbət – əbədi!

VIII. ÖLÜM

Məhəbbətin ən böyük düşməni – ölümdür! Çünki məhəbbət – insanın ən böyük təsdiqi, ölüm – ən böyük inkarıdır. Çünki məhəbbət fərqləndirir, ölüm eyniləşdirir. Məhəbbət – ürəyin danışması, ölüm – susmasıdır!
Ekzistensialistlər ölüm kandarını ömrün ən mənalı məqamı sayırlar. Əslində o, ömrün sükutudur!
Ölüm də məhəbbət kimi zəruridir. Ancaq bəşər bu zəruriliklə heç cür barışmır. Çünki insan arzuları və imkanlarının səddi yoxdur. Məhəbbətdə insan insanı tapır, ölümdə itirir. İllərin yaratdığını bir məqam dağıdır. Ağıl, iradə, ürək dözmür! Yaralı qəlbdən gələn fəryadın sədası kainatı sarsıdır.
Xaqani şeirində ölümün yaratdığı kədər heyrətamiz bir qüdrətlə səslənir!

Firqətində, bala, səndən də betər yansın atan,
Söndü şəmin, kor olub, qüssədən odlansın atan.

Bu, qəm dastanının ilk sədalarıdır. Ancaq onlar necə də coşğun, gərgin, hiddətlidir. Oğul itkisinin dəhşəti haqqında sonsuz bir ehtirasla danışılır. Lakin biz hələlik kədər dənizinin adi məqamını seyr edirik. Ehtiraslar dramatizmi daim artacaq, zilə qalxacaq və sona yetəcəkdir!
Duyğuların məntiqi baxımından biz burada bir muğamvarilik görürük. Hisslərin doğulma, yaranma, inkişaf etmə, son həddə çatma prosesi bütöv şəkildə gözümüzün qarşısından gəlib keçir. Biz kədər dünyasına pillə-pillə qalxırıq və hər pillə daxili gərginliyin yeni mərhələsini ifadə edir.

Dostların çıxmaya ta qarşısına yolda onun,
Tərk edib aləmi öz qəlbinə yollansın atan.

Bu misralarda əvvəlki dramatizm çoxalır və aşağıdakı beyt kədəri artıq zilə qalxdığına dəlalət edir:

Torpaq altında yatırsan bu gün, ey mehri-giya!
Torpaq üstündə bitən ot kimi tapdansın atan.

Buradakı kədər yeri-göyü titrədən, ürəyi qara qana qərq edən möhtəşəm ehtirasdır. Burada dərdin dəhşəti, sığmazlığı misilsiz bir qüvvətlə səslənir. Sonrakı misralar qəmin sanki zil pərdə üzərində gəzişməsi təsiri bağışlayır.

Kəkliyim! Qanlı dodaqlar ilə uçdun, gözü qan
Bir turactək sənin ardınca qanadlansın atan.

Turac obrazının şeirdə qeyri-adi bədii qüvvəsi haqqında çox danışmaq olar. Turac kimi qanadlanmaq, adətən, pərvazlanmaq, ilhamlanmaq, uçmaq mənasında işlədilir.
Atanın turaclığı indi oğlunun arxasınca məzara yollanmaqdan ibarətdir. Bundan başqa onun əlacı yoxdur.
Sonrakı beytdə gərginlik daha da artır, kədər çayı aşıb-daşır, yerə-göyə sığmır:

Dərdinin güclü əli, bax, belə məcbur etmiş
Ki, çilik barmağa dönsün, iki qatlansın atan.

Bu ehtiras tədricən daha da dramatikləşərək şeirin yeni zilini yaradır.

Torpaq altındasan, ağlar sənə üstündə fələk,
Fələyin dövrü kimi tərsinə fırlansın atan!

Dərd, qəm əhlini tərsinə fırladıb! Çünki fələyin dövrü tərsinə fırlanır. Fələyin dövrü qəm əhlini tərsinə fırladıb. Kədərin zili ölümün dəhşətli mahiyyətini, eybəcər gücünü çox gözəl ifadə edir.
Qəm əhlinə acıyır, ölümə nifrət edirsən!
Xaqanidə ölümün dağıdıcı mahiyyəti həm də geniş fəlsəfi şəkildə aşkara çıxır. Burada Xaqani Xəyyamı qabaqlayır.
Ölümdə bir qəssab xilqəti var, onun bıçağından damcı-damcı qan axır. Gözəl üzlər, qara qaşlar, əllər, beyinlər torpağa çevrilir, palçıq olur, ölüm öz qədəhini insan qanıyla doldurur.

Al şərab ah çəkib söylədi: mən xaqanın
Qanıyam, şahididir bu sözümə bağbanım.

Ölümün eybəcərliyi onun hərisliyində, xarabazarlıq həvəsində, bayquşluq niyyətindədir. Böyüklüyü alçaltmaq, ülviliyi zirvədən yerə salmaq, gözəlliyə qənim kəsilməyindədir.
Dəhşətli bir xəbislik var ölümdə! Gözdə qalan murad, sönən ocaqdır ölüm!
Ölüm qorxunc və eybəcərdir! Ancaq həyatdan zəifdir! Ölüm daim aparır, həyat daim gətirir!

IX. HƏQİQƏT

Kamil insan kimdir həyatda? Mənəvi gözəlliyin ölçüsü varmı?
Hədsiz dərəcədə mürəkkəb olan bir varlıqda kamillik axtarmaq lazımdırmı? Kamilliyə hansı yol aparır?
Xaqaninin bu suallara dair öz möhkəm qənaəti, etiqadı vardır. Bu, şairin bir şəxsiyyət kimi bütöv və qüdrətli olduğuna dəlalət edir.
Kamilliyin yolu həqiqətdir. Həqiqət yolunun yolçuları əsil mənəvi şahlar, xaqanlardır.

Həqiqət yoluyla gedənlər ki, var
Yoxsulluq taxtında padşahlardır.

Bu yol yoxuşlu, əzablı, məşəqqətli yoldur! Həmin yolun yolçusu özü üzərində qələbə çalmış şəxsdir. Bu nailiyyət insanın nəfs, tamah üzərində qələbəsindən başlayır.
İki cür şahlar olub dünyada: taclı və tacsız.
Birincilərə tabe olmamaq, öz ləyaqətini qorumaq üçün yoxsulluq taxtında əyləşməlisən!

Yoxsulluqda taparsan əbədilik nəqşini,
Ondan başqa nə varsa dünyada puçdur, inan!

Öz üzərində qələbənin digər mərhələsi mənəvi aləmi naqis hisslərdən təmizləyib paklaşdırmaq, işıqlandırmaq, günəşləndirməkdir!

Nəyə lazım balıq tək zahiri pullu, içi bomboş,
Sədəf ol ki, üzün sadə ola, qəlbin göhər kanı.

Qəlbi göhər kanı olanlarda “günəş misli hümmət var”. Hümmət sahibi “önündə it kimi çökdürə bilər aslanı”. Ağıl onun tacı, fikir və ilham isə xəzinəsidir.
Kamillik səadəti əbədi şagirdlik tələb edir.
Hümmət məktəbinin ən böyük müəllimi könüldür. Könül məktəbinə hamını qəbul etmirlər.
Burada təmiz və coşğun ehtiras, təlatümlü mənəvi aləm sahibləri dərs alırlar.

Deyil bu məktəbə layiq o kəs ki, dalğası yoxdur,
Onun dörd tufanıyla cuşa gəlməz cismü-ərkanı.

Ürəyin müəllimliyi – ali müəllimlikdir!
Könül müəllimliyi – müdriklik elmi öyrədir.

O insan ki, dözüb dərdə, baş əyməz mərdanə, namərdə.
Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.

Dünyanı dörd əlli tutandan könül məktəbinin tələbəsi çıxmaz. Çünki könül təmiz sudur, murdarlıq götürməz. Dünyadan dördəlli yapışan isə öz nəfsi üçün hər cür murdarlığa gedər.
Könül dərsi iradə taxtında əyləşər.

İradə şahının getdim öpəm bir gün ayağından
Məni taxta çıxartdı, söylədi: “Öz mənzilin tanı!”

İradə taxtında əyləşənlər mənəvi zirvəyə qalxırlar. Həqiqəti dərk etmək üçün kamil insan olmalısan. Həqiqət xalislərin, yalan naqislərin payına düşür.

QƏLƏBƏ

Şairliyin məddahlıq, müdrikliyin dəbdəbə, dahiliyin rəyasət, sonsuzluğun keçicilik, əsilliyin naqislik, həqiqətin yalan üzərində qələbəsidir Xaqanilik!
Yaşamağa qadir olan yaşayacaq – sinəsinə çarpaz dağlar çəkilsə də!
Ölümə məhkum olan öləcək – al qumaşa bürünsə də!
Böyük hikmət, ali dərsdir Xaqanilik!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv