XALİQ BAHADIR. AVROPA BİRLİYİ: DEMOKRATİYANI DİRİLTMƏ “DƏRSANƏSİ”

2013-cü ilin 58 faiz saxtakarlıqla keçirilmiş prezident seçkisindən sonra Azərbaycanı Bakıldan Şəkiyədək antidemokratiya məhkəmələri bürüyüb. Demokratiya, insan hüquqları aktivləri, yolçuları, bu yola boylananlar tutulub məhkəməyə çəkilib, çəkilir. Əliyevlər, demək olar, 20 ildən bu yana ABŞ-ı, Avropa birliyini, AŞ PA-nı aldada-aldada gəlirlər: “Biz demokratik dövlət qururuq, Azərbaycanda tezliklə demokratiya qurulacaq, Azərbaycan dövləti demokratiya yolundadır”. Bunlar illərlə yalan danışdılar, onlar illərlə yalana inandılar. Azərbaycanla birlikdə SSRİ-dən çıxmış Baltik ölkələri bir neçə ilin içində demokratiya yoluna çıxdılar. Əliyevlər 20-ci yüzilin başlanğıcında Avropaya örnək demokratiya qurmuş bir xalqı qaralamaqla, “Azərbaycan xalqında demokratiya mədənyyəti yoxdur” deyə, demokratik dünyaya yalan sata-sata Azərbaycanı demokratiyadan diktaturaya gətirib çıxardılar.
Burasını da demək gərəkir: demokratik adlandırdığımız dünya (ABŞ, İngiltərə, AB, AŞ PA) gərəkən platformada (başlıca olaraq korrupsiya, transmilli korporasiyalar platformasında!) Əliyevlərlə ço asanlıqla dil tapıb üzlaşmaya gəlməklə özlərini onların yalanlarına inandırıdılar. Sonuc: deyildiyi kimi, Azərbaycan demokratiya platformasından diktatura platformasına keçirilib, Bakıdan Şəkiyədək ölkədə demokratiyaya, demokratik düşüncə daşıyıcılarına məhkəmə qurulub. Demokratik dünyanın işi bu məhkəmələri, özlərinin dedikləri kimi, “yaxından izləməkdir”!
İstər üçüncü dönəm prezidentlik baxımından, istərsə də çoxillik antixalq siyasətləri üzündən 2013-cü il prezident seçkisi Əliyevlər üçün olduqca çətin seçki idi. Buna görə onlar Rusiyadan tutmuş ABŞ-adək milyardlarla pul səpələdilər. Bu isə özünü Avropanın başlıca seçki qurumu olaraq tanınan ATƏT-dən bildirildiyinə görə, 58 faiz saxtakarlıqla keçirilən seçkidən sonra açıq göstərdi: AB-da, AŞ PA-da əliyevçi rejimə satılanlarla satılmayanların arasında çarpışma getdi. Sonucda faktik olaraq Avropadakı, ABŞ-dakı, İngiltərədəki (bunu ayrıca vurğulamaq gərəkir!) əliyevçi diktatura yandaşlarının üstünlüyü ilə 58 faiz seşki saxtakarlığı legitimlik qazandı!
Seçki ilində üçüncü yol prezidentliklə bağlı rejimə qabaqcadan gərəkən mesajlar ötürülmüşüdü – istər ABŞ-dan, istərsə də Avropa qurumlarından. Bunlardan ən çox yadda qalanı Avropa birliyinin ünlü liderlərindən olan Joze Manuel Borrozonun mesajı idi. 2013-cü ildə, seçki ilinin, demək olar, başlanğıcında, İ.Əliyevin AB-da keçirdiyi bir sıra ilginc görüşlərdən, başlıcası da Borrozo ilə görüşdən sonra sonuncu dünyaya səslənərək demişdi: “İlham Əliyev demokratik liderdir”. Gizli verilənlər, boyun olunanlar bir yana, İ.Əliyev o çağkı görüşlərində Avropaya 2 trilyon kubmetr qaz verəcəyini bildirmişdi. Beləcə, son 20 ildə dönə-dönə olduğu kimi, Batı Azərbaycanda demokratiyanı bir daha özünün korrupsiya-kommersiya istəklərinə qurban verdi.
Biz bugünlərdə DƏHŞƏTLİ dərəcədə sevindirici soraq aldıq: Avropa birliyi Demokratiyanı, İnsan Hüquqlarını, aqrar sektoru gəlişdirmək üçün Azərbaycana 5,2 milyon avroluq qrant ayırıb. Qəzetlərdən: “Dünən Avropa Birliyinin Bakı nümayəndəliyində 15 vətəndaş cəmiyyəti layihəsinin təqdimatı keçirilib. Layihələr “Qeyri-dövlət qurumları inkişafda” və “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində həyata keçirilir. İlk istiqamət üzrə kənd yerləri və regionların inkişafına dair 7 layihə dəstəklənir. Həmin layihələrdən 25 rayonda 20 mindən çox fermer faydalanacaq. Layihələrin ümumi məbləği 3 milyon manatdır…” Bunlar hamısı bir yerdə iyrənc siyasi oyunlar Azərbaycandan çıxarılan milyardların yerinə geri qaytarılan dilənçi payıdır! Bir yandan ölkədə Demokratiyanın kökünü qazıyan, İnsan Hüquqlarını ayaq altına alıb tapdayan, aqrar sektoru bilərəkdən batıran rejimə arxa durur, özlərinin korrupsiya-kommersiya istəklərinə uyğun olaraq (eləcə də geopolitik planlarına uyğun olaraq) onu qoruyub saxlamağa çalışırlar, o biri yandan Demokratiyanı, İnsan Hüquqlarını, aqrar sektoru gəlişdirmək görüntüsü yaradırlar.
Demokratiyanı, İnsan Hüquqlarını genişləndirmək, aqrar sektoru gəlişdirmək üçün bizə hansısa dövlətlərin, hansısa qurumların dilənçi payı yerində pul yardımı gərək deyil. Bizə bir sıra böyük dövlətlərin yardımı ilə qurulmuş, arxa durması ilə indiyədək duruş gətirmiş antidemokratik rejimdən qurtulmağa yardım gərəkdir. Sonrası – Demokratiyaya, İnsan Hüquqlarına qarantiya, aqrar sektorun gəlişdirilməsi – özümüzün bacaracağımız işlərdir. İndilikdə AB-ın ayırdığı 5,2 milyon avroluq qrantları kimlər kimə verəcək? Öz adamlarını oralara yerləşdirməklə rejim Bakıdakı bir çox Batı ofislərini də korrupsiyaya bulaşdırıbsa, o qrantların bəlli bir çevrədə pay-püşk edilməyəcəyinə kim qarantiya verə bilər?
AB-ın Azərbaycandakı nümayəndəliyinin başçısı Malena Mard sözü gedən 5.2 milyon avroluq qrantla bağlı deyir: ”Azərbaycanda QHT-lərə qrantların verilməsi vətəndaş cəmiyyətinə dəstəyin nümayiş etdirilməsidir”. Bilə-bilə yalan danışır, bizi ələ salırlar. Soruşan gərək: hanı sizin dediyiniz o “QHT”-lər, o “vətəndaş cəmiyyəti”? Ölkədə “QHT” – “vəıtəndaş cəmiyyəti” adına bir neçə gerçək qurum qalıb, qalan hamısı rejimin əlatı qurumlarına çevrilib. Başlıca qrantlar da indi yalnız onlara – rejimə bağlı “QHT”lərə, saxta seçkilər kimi saxta “vətəndaş cəmiyyətləri”nə verilir. Elə buna görə də o “vətəndaş cəmiyyətlərinin” davranışları kimi dilləri də geridəqalmış, ərəb-fars sözlərilə dolu pozuq bir dildir.
Bugünlərdə aqrar sektordakı acınacaqlı durumla bağlı “Azadlıq “ radiosinin geniş araşdırmaları ilə tanış olduq. Araşdırmalarda göstərildiyi kimi, Sahibkarlığa Kömək Milli Fondu aqrar sektora, özlərinin dediklərinə görə, fermerlərə milyonlarla manatlıq “güzəştli kreditlər” verir. Araşdırmalar nə göstərir: korrusiponer rejim görsənişi – kreditlər hamısı oliqarxlara, oliqarxiyaya bağlı adamlara verilir. Beləliklə, Bakıdakı oliqarxiya monopoliyası aqrar sektora keçir. Sözü gedən araşdırmada illərin üzümçüsü olaraq tanıdılan Özbək Əliyev aqrar sektorda çalışanların hamısının diləyini dilə gətirir: “Bizə təsərrüfatımızı inkişaf etdirmək üçün aşağı faizlə, uzun müddətə kredit lazımdır – 5 illik, 15 illik kreditlər. Məhsulu sata bilmək üçün bazar yaradılmalıdır”. Sahibkarlığa Kömək Milli Fondu hamıya kredit verir, ancaq 20-24 faiz “güzəştlə”! “Məhsulu satmaq üçün bazara” gəlincə, deyək, İ.Əliyevin, K.Heydərovun pambıq zavodları əkinçi-fermerlərdən pambığı bazar qiymətindən qat-qat aşağı qiymətə – 40 qəpiyə alırlar. Bəlkə, Avropa birliyi qrant verdiyi əkinçi-fermerlərə mallarını satmaq üçün bazar da yaradacaq? İndiki monomolist rejim qanunları buna yol verərmi? Sözsüz, yox!
PA sözçüsü Əli Həsənov keçən il – prezident seçkisi qabağı – demişdi: “Biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq”. Rejim bir yandan özünün siyasi, o biri yandan kommersiya istəklərinə uyğun olaraq Avropaya MİLYARDLARLA dollarlıq yatırım (Ə.Həsənovların dililə “sərmayə”) qoyur. Avropa bizdə – korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ çevrildiyi, məhkəmələr başda olmaqla bütün qanunların alınıb-satıldığı rejimdə – “Demokratiyaya, İnsan Hüquqlarına, aqrar sektora” milyon manatlıq maya qoyur. Əkinçi-fermerlər bu yerdə belə deyərlər: maya qazancı basır. Başqa cür desək, qazancı olmayan maya…
P.S. Qrant: “Avropa Denokratiya və İnsan Hüquqları Aləti”. Kim bilir, bəlkə, bütün oyunlar bu “Alət” anlayışı ilə bağlıdır.

14.03.2014

P.P.S. “Azadlıq”da çapına qadağa qoyulub – ÇQQ.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv