Türkiyə sarsıntılı çarpışma, çaxnaşma, çalxantı içindədir. Böyük, qocaman bir dövlətin dış işlər baxanlığı çılpaq durumda! Olduqca acınacaqlı bir durum: dövlətin strateji gizlinləri dinlənilir, sonra da bu gizlinlər bütün dünyaya yayılır. Ardından uzun illərin AKP- dövlət yönəticiləri meydanlara, televiziya ekranlarına çıxaraq bir-birindən isterik çıxışlarda bulunurlar.
Səs yazısı ilə bağlı ilk çıxışı Ərdoğan etdi. Ərdoğanın Diyarbəkirdə qısıq səslə etdiyi o çıxış yer, səs baxımından simvolik xarakteri ilə seçilirdi. Yürütdüyü çoxillik bəlli politika onu yenilmiş, səsi batmış durumda gətirib Diyarbəkirə çıxarmışdı. Burası Ərdoğan üçün sonuncu dayanacaq yerindəydi. Burası PKK yanlılarının, buradan o yanası PKK-nın özünün at oynatdığı İraq sınırları. Ərdoğan yayılan səs yazısı ilə bağlı cır səslə qışqırırdi: “Bu, əxlaqsızlıqdır, bu, namussuzluqdur, bu, alçaqlıqdır!” Doğru deyirdi, ancaq…
Çoxillik AKP yönəticiləri – B.Arınc, C.Çiçək, A.Gül – yayılan səs yazısı ilə bağlı televiziya ekranlarından səslənirdilər: 1) “bundan kim yararlanacaqsa, yapan da odur”; 2) “bu, ölkəmizi xaosa sürükləyəcək bir işdir”; 3) “bu, casusluq fəaliyyətidir, xainlikdir”. Türkiyə Dış işlər baxanlığının yaydığı bildirgədə deyilir: “Bunu edən cinayətkar şəbəkələr bizim dövlətin və xalqın düşmənləridir”. Bunlar hamısı doğrudur, ancaq…
Ancaq, soruşmaq gərəkir: nədən Türkiyə dövləti kimi böyük, güclü bir dövlət belə sarsıdıcı-dağıdıcı görsənişlə üzləşdi, bu günə düşdü? Mən bu soruların yansıtmasını çox-çox illər öncədən, başlıcası, 2003-cü ildən bu yana Ərdoğan hökumətinin yanlış-dağıdıcı politikaları ilə bağlı yazdığım analitik yazılarla ortaya qoymuşam. O yazılara görə illərlə bir sıra yersiz təpkilərlə üzləşmişəm. Bu gün Türkiyədə ortaya çıxanların anons-proqnozlarını da o yazılarda vermişəm. O yazılara görə məni Bakıdakı Türkiyə böyük elçiliyində “Türkiyənin düşməni” adlandırıblar. Ərdoğan hökumətinin Türkiyə ekonomikasını yüksəltdiyi çağlarda mən Türkiyənin yolsuzluğa yuvarlandığını yazmışam. Bu yöndə bir çox siyasilərlə dartışmalarımız da olub. Onlar ekonomik yüksəlmə faktına söykənərək Ərdoğanın Türkiyə dövlətini gücləndirdiyini deyiblər. Mənsə ekonomik yüksəltmə ilə yanaşı, Ərdoğanın Türkiyəni sosial-siyasi, ideoloji baxımdan yolsuzluğa sürüklədiyini demişəm (eləcə də yazmışam).
Bəlli olduğu kimi, hakimiyyət başına gəldiyi ilkin çağlardan böyük Atatürkün başlıca işlərindən biri o çağlar klerikalizm bataqlığına batmaqla ölümcül duruma gəlmiş Türkiyəni bu bataqlıqdan çıxararaq dünyanın sivil dövlətləri sırasına qatmaq olmuşdu. 2002-ci ildə hakimiyətə yiyələndikdən sonra Ərdoğan türlü bəlgələrlə Atatürk düşüncə sisteminə qarşı çıxaraq Türkiyəni klerikalizm bataqlığına batırmaq yolu tutdu. Ərdoğan Türkiyəsi sivil dünyadan daha çox klerikal ərəb dünyasına, klerikal İrana üz tutan dövlətə çevrildi. Klerikalizm ölkənin politik, kültürəl yaşamında din qurumlarının hakimiyyətini gücləndirməyə çalşan siyasi axımlar deməkdir. AKP – Ərdoğan öncüllüyündə klerikalizmin dövlət hakimiyətinə daşınması Türkiyədə indiki qaçılmaz, geniş bölücü-təfriqəçi sürəclərə yol açdı. Bu üzdən indi Türkiyədə gerçəkdən gerçəyə “ara qarışıb, məzhəb itib”. Bu gün Türkiyədə hərə öz inancına, hərə öz tapınağına, hərə öz din düşüncəsinə uyğun dövlət qurmaq istəyində bulunur. Belə dövlətin gələcəyi olmaz! Ərdoğan Türkiyədə Atatürk düşüncə sisteminə bağlı sosial-politik, ideoloji dəngələri dağıtmaqla, özü də kəsinliklə dağıtmaqla, dövləti böyük sorunlarla üzləşdirdi. Bu gün bu sorunlar onun özünü çətin aşılan aşamalarla qarşı qarşıya gətirməkdədir. Bunlar çığır-bağırla, çılğın dəyərləndirmələr – davranışlarla çözüləcək sorunlar deyil. Türkiyəyə ağırbaşlı, dərin düşüncəli dönəm gərəkir…
XALİQ BAHADIR. TÜRKİYƏ KLERİKALİZM BATAQLIĞINDA
Aprel 4th, 2014 admin