XALİQ BAHADIR. ABŞ AZƏRBAYCANDA REJİM DƏYİŞİKLİYİ İSTƏYİRMİ?

Gərəkən giriş

ABŞ-Azərbaycan diplomatik ilişkilərinin yaranmasından 22 il keçir. Bu ilişkilərin özülünü az-çox demokratik hakimiyət olaraq tanınan AXC qoymuşdu. Bir illik AXC hakimiyəti. AXC hakimiyəti qoyduğu özül üzərində dayana bilmədi. Dayana bilmədi – bir sıra bəlli imperialist dövlətlərin buyruğuna boyun əymədiyi üçün. Buyruq isə belə idi: Azərbaycanın doğal resurslarının böyük bölümü bu dövlətlər arasında pay-püşk edilməlidir! AXC prezidenti buna getmədi. Getmədiyi üçün də… getdirildi! Onun yerinə gizli danışıq-uzlaşma yoluyla (onun özünün də anlaşılmaz istəyi ilə) hakimiyətə açıq diktator baxışları ilə tanınan bəlli KQB generalı gətirildi. Bir daha vurğulamaq gərəkir: gizli danışıq-uzlaşma yoluyla! Az-çox demokratik AXC hakimiyətini yıxan da, onun yerində açıq diktator baxışları ilə tanınan KQB generalının indiki rejimini quran da, illərlə bu rejimin arxasında duran da iki bəlli ingilisdilli DEMOKRATİK dövlətdir. Bu dəyişiklik faktında Rusiyanın, İranın, sevgili qardaşımız Türkiyənin də rolu olub, ancaq bunlar yardımçı rollar olub. Bunu Azərbaycanın doğal resurslarından kimə hansı payın çatdığından da, Əliyevlər rejiminin sözügedən dövlətlərlə ilişkilərindən də görmək olar.
Qısaca desək, AXC hakimiyətinin özülünü qoyduğu ABŞ-Azərbaycan ilişkilərindən gələn qazanca əliyevçi rejimi quran güclər, başlıcası da, 1993-cü il çevriliş projesinin başında duran dövlətlər yiyələndilər. Elə buna görə də onların 22 illik ilişki qazancını Əliyevlərlə birgə bayram etmələri Batı REAL POLİTİKASINA bağlı qanunauyğun görsənişdir.

Elçibaşı kimdir?

ABŞ-ın Bakıdakı elçibaşısı Riçard Morninqstarın “Amerikanın səsi” radiosu ilə qonuşması yayılıb. Özlərinin dediklərinə görə, qonuşma 22 illik ABŞ-Azərbaycan ilişkiləri ilə bağlı ortaya çıxıb. Ancaq, məncə, indiki qonuşmanın başlıca nədəni son çağlar hakimiyət çevrələrində yayılan uydurma soraqla bağlıdır: “Amerika Azərbaycanda rejimi dəyişmək istəyir”. Gerçəkdən ABŞ-ın belə bir istəyi varmı? Başdan başlayaq.
Elçibaşı qonuşmasının başlanğıcında Azərbaycana ilkin olaraq 19 il qabaq gəldiyini bildirir. Yaxın tarixdən bəlli olduğu kimi, Riçard Morninqstar energetik olaraq 19 il qabaq Azərbaycana ABŞ-ın enerji işləri üzrə elçisi statusuyla gəlmişdi. Ayıq-sayıq oxucularımız unutmazlar: o çağlar Azərbaycanın baş energetiki Dövlət Neft Şirkətinin vitse-prezidenti, indiki ölkə prezidenti İlham Əliyev idi. Hə, elə o çağlardan da ABŞ-ın ünlü energetiki ilə Azərbaycanın ATA KURSUNA bağlı baş energetiki arasında qırılmaz arxadaşlıq telləri qurulub. Bu sarsılmaz arxadaşlıq axarındaca Morninqstar çox-çox illər öncədən ata Əliyevin ABŞ-a gərəkən kursunu gərəkdiyi kimi, yeri gələndə gərəkdiyindən də artıq, kimin sürdürə biləcəyini hökumətinin qulağına pıçıldayıb. ABŞ hökuməti, sözsüz, özünün olduqca önəmli, energetika güvənli bir elçisinin sözünü yerə sala bilməzdi. Morninqstarın oğul Əliyevlə bağlı seçimi özünü bütünlüklə, lap artıqlamasilə doldurduğundan, ABŞ hökuməti gərəyincə ödülləndirərək, üstəlik, oğul Əliyevlə aralarındakı arxadaşlığa daha geniş, daha dərin xarakter vermək üçün, Morninqstarı sonralar Azərbaycandakı elçibaşısı görəvinə yüksəltdi. ABŞ oğul Əliyevi Azərbaycanın DƏYİŞMƏZ prezidentinə çevirdiyi kimi, Morninqstarı da Azərbaycanda DƏYİŞMƏZ elçibaşısına çevirsə, bu bizə çöçün gəlməməlidir. Üstəlik, Morninqstar başqa bir qonuşmasında Azərbaycanın gözəl meyvə-tərəvəzinin dadından dünyanın başqa bir yerində dadmadığını, buna görə də Azərbaycanı çox sevdiyini bildirirsə, nə üçün ölkəsinin ölkəmizdə DƏYİŞMƏZ elçibaşısı olmasın?!

Ortaq “maraqlı” ölkələrimiz

Morninqstar qabaqkı qonuşmalarında olduğu kimi, indiki qonuşmasında da “ölkələrimiz arasında ortaq maraqlar olduğunu” bildirir. Onun dediyinə görə, “bunların arasında demokratik, ekonomik reformalar da var”. Bunun ardınca o, deyir: “bu alanlarda ölkələrimiz arasında əməkdaşlığı sürdürməliyik” . Bəlli olduğu kimi, Əliyevlər rejimi diktatura xarakterli olduğundan 21 illik (Əliyevlər dönəmindən bu yana) ABŞ- Azərbaycan əməkdaşlığı – “ölkələrimiz arasındakı əməkdaşlıq” – gerçəklikdə ABŞ-la əliyevçi rejim əməkdaşlığıdır. Bu sayaq əməkdaşlıqları ABŞ qabaqlar Güney Amerikada qurduğu diktatura rejimləri ilə sürdürərdi. İndilikdə bu əməkdaşlığın ən PARLAQ örnəklərindən biri olaraq ABŞ-Səudiyyə Ərəbistanı əməkdaşlığını göstərmək olar. ABŞ 1973-cü ildən çevriliş yoluyla Səudiyyə Ərəbistanında indiki Səudlar hakimiyətini qurub, indiyədək arxasında durub. ABŞ 1973-cü ildən bu yana Səudiyyə Ərəbistanında da “ortaq maraqları içində” başlıca yer tutan “demokratik, ekonomik reformalarla” bağlı SIX əməkdaşlıq etməkdədir. Bu çoxillik “demokratiya, ekonomik maraqlarla” bağlı əməkdaşlığın xarakterini bir ABŞ diplomatı necə də gözəl açır: “Səudiyyə Ərəbistanının nefti bizimdir”. Morninqstar da o ABŞ diplomatı kimi açıqdanışan olsaydı, ortadakı gerçəkliyə uyğun olaraq, belə deyərdi: “Azərbaycan bizimdir”.

ABŞ-ın, eləcə də Morninqstarın seçki “pərtliyi”

Elçibaşı ünlü 9 oktyabr (2013) seçkisinə də toxunur: “Bildiyiniz kimi, seçki sürəci, seçki sürəcinin gedişi bizi pərt etmişdi (etmişDİ!), bu özü-özlüyündə bir daha göstərir: bu kimi alanlarda əməkdaşlığımızı sürdürməliyik”. Birinci, bu əməkdaşlıq (seçki əməkdaşlığı) 20 ildən artıqdır sürməkdədir. Bir çox uluslararası demokratiya qurumlarının da bildirdiyi kimi, Azərbaycan seçkidən seçkiyə demokratiyadan uzaqlaşaraq diktaturaya gəlib çıxıb. İkinci, “pərtlik” nədəndir? Sonradan bəlli olduğu kimi, Morninqstarla rejim yetkililəri arasındakı seçkiqabağı görüşdə elçibaşı bir arxadaş olaraq onlardan müxalifətə 25 faiz səs yazmalarını istəyib. Onlarsa, bilindiyi kimi, müxalifəti depressiyaya uğratmaqdan ötrü, üzün sürəli arxadaşlıqda bulunsalar belə, Morninqstarın sözünü yerə salıblar. Sonra da rejimin əmisinin bir satılmış müxalifətçiyə dediyi təki: “Pulunu (mandatını) vermişik, otur yerində!”
Yeri gəlmişkən, seçki ilinin, 2013-cü ilin başlanğıcında, Morninqstarın “Amerkanın səsi” radiosu ilə qonuşması yayılmışdı. Jurnalistin: “İ.Əliyevin üçüncü dönəm prezident olmaq istəyinə necə baxırsız?” – sorusu ilə bağlı Morninqstar belə demişdi: “Bizim üçün başlıcası bu deyil, seçkinin demokratik keçirilməsidir”. O çağlar mən bu yöndə yazı yazaraq (yazının çapına qadağa qoyulmuşdu) Morninqstarın elçibaşı olaraq öz dövləti adından İ.Əliyevə üçüncü dönəm seçkisi üçün kart-blanş veridyini bildirmişdim. Sonralar göründüyü kimi, elə də oldu!

Ortaq maraqlar marafonu

Morninqstarın bu qonuşmasında “ortaq maraqlar”, “əməkdaşlıq” ritorikasına geniş yer verilir. O, elə bil qonuşmasının başlanğıcına qayıdaraq bir daha deyir: “ölkələrimiz arasında çoxlu ortaq maraqlar olan alanlar var, bu alanlar üzrə işimizi sürdürməliyik”. Sonra keçir bu “ortaq maraqları” açıqlamağa: “Geopolitik, güvənlik alanlarında əməkdaşlığımız var. Güvənlik alanı ilə bağlı işlər sırasında Dağlıq Qarabağ konfliktinin yoluna qoyulması, teorrizmlə çarpışma, eləcə də ölkələrimiz arasında yaxşı ilişkilərin olduğu Əfqanıstan sorununu göstərmək istəyirəm. Bütün bu ilişkilər ABŞ-ın da, Azərbaycanın da marağındadır”.
1. Geopolitik, güvənlik (təhlükəsizlik) alanlarında ortaq maraq əməkdaşlığı. Rüşvətin, korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ çevrildiyi, rüşvət-korrupsiya ortamında hər nəyin, dövlət maraqlarının belə, alınıb-satılması qanunauyğunluqdursa, burada hansı geopolitik, güvənlik əməkdaşlığından, ortaq maraqlardan danışmaq olar?!
2. Terrorizmlə çarpışma alanında ortaq maraq əməkdaşlığı. Bütünlüklə korrupsiyalaşmış, söz özgürlüyünə, insan hüquqlarına düşmən rejimlər özlərini terror rejimləri olaraq göstərirkən belə rejimlərlə “otaq maraq əməkdaşlığı” nə deməkdir?!
3. Əfqanıstanla bağlı əməkdaşlıq. Əfqanıstan Azərbaycanla düşmənçiliyi olmayan müsəlman – türk ölkəsidir. ABŞ-ın işğal etdiyi belə bir ölkə ilə bağlı ABŞ-Azərbaycan “ortaq maraq əməkdaşlığı” nə deməkdir?!
4. Dağlıq Qarabağ konfliktinin yoluna qoyulması ilə bağlı əməkdaşlq. Bilərəkdən bu sorunu sona saxladım. Aradan 20 ildən çox keçib, ABŞ Dağlıq Qarabağ konfliktinin yoluna qoyulması üçün hələ indiyədək bir dənə də gerçək addım atmayıb. İndiyədək ABŞ yalnız konfliktin daha da dərinləşməsi, dönməz xarakter alması yönündə addımlar atıb. ABŞ hələ indiyədək, uluslararası hüquq normalarına uyğun olaraq, aqressoru barmaqla göstərməyib. Bunun yerinə ABŞ Azərbaycana yardımlara qadağa qoyan 907-ci düzəlişə uyğun olaraq aqressor “Ermənistana”, separatçı Dağlıq Qarabağ rejiminə illərlə milyonlarla dollarlıq yardımlarda bulunub – Rusiya, İran İslam Respublikası ila birgə! ABŞ, ən azı, çoxdan əlaltı quruma çevirdiyi BMT-nin işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı 4 qərarının gerçəkləşdirilməsinə çalışa bilərdi. Bütün bunların yerinə ABŞ konfliktin çözümünü yararsız bir quruma – ATƏT-in Minsk qrupuna ötürməklə faktiki olaraq Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol açıb. ABŞ-ın əliyevçi ANTİMİLLİ, ANTİDEMOKRATİK rejimə bağlılığını da bura qatsaq, bütöv bir panoram alınar: Azərbaycana qarşı gerçək ABŞ – Rusiya – İran – “Ermənistan” əməkdaşlıq panoramı! Gerçəklik budur…
Morninqstar burada lap “gül” vurur: “Bildiyiniz kimi, ən güclü ilişkilərimiz demokratik ölkələrdir, bu baxımdan Azərbaycanla sıx əməkdaşlığımızı sürdürməliyik”. ABŞ Dövlət departamentinin illik hesabatlarında, Konqres dinləmələrində ortaya çıxan Əliyevlər hakimiyətinin atidemokratik hakimiyət olduğu ilə bağlı deyilənlər hara, elçibaşının burada dediyi hara? Belə çıxır, ABŞ-la Azərbaycan arasındakı sıx əməkdaşlıq ABŞ-ın buradakı rejimi demokratik sayması ilə bağlıdır. İmperialist maraqlar baxımından belə bir metamorfoza ola bilər. Görünür, ABŞ-ın Güney Amerika, Orta Doğu praktikasından bəlli metamorfozaya uyğun olaraq Morninqstar ürəkdən bildirir: “Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində, Azərbaycanda çevriliş edilməsində maraqlı deyil”. Niyə də olmalıdır? Azərbaycanda ABŞ-a gərəkən rejim dəyişikliyinə yönəlik çevriliş 1993-də edilib, bitib.
ABŞ-ın Azərbaycanda rejim dəyişikliyində maraqlı olmadığının ardınca Morninqstar bunu da deyir: “Azərbaycanın siyasi gələcəyi bütünlüklə Azərbaycan xalqının özündən asılıdır”. Bu tezisə inana da bilərsiz, inamaya da, ancaq burasına inanmaya bilməzsiz: son 20 ildə Azərbaycana yağı iç-dış güclərin əlilə Azərbaycan xalqına necə diz çökdürüldüyünü kim də bilməsə 19 ildən bəri Azərbaycanla bağlı ABŞ-ın enerjili siyasətinə yön verən adam gözəl bilir!
Elçibaşının bildirdiyinə görə, ABŞ Azərbaycandakı energetika gərəklərinə güvənli qarantiya yaratdığından üzümüzə gələn əliyevli illərdə başlıca olaraq Azərbaycanın aqrar sektoruna yönəlik siyasət yürüdüləcək. Axı, energetika sektorundan olduğu kim, ABŞ Azərbaycanın aqrar sektorundan da çox böyük qazanc əldə edə bilər – sözsüz, Əliyevlərlə birgə!
Jurnalistin sonuncu sorusundan çıxış edərək elçibaşının dedikləri ABŞ-ın Azərbaycanla bağlı 20 ildən bəri yürütdüyü siyasətin içini açıb tökür: “Siz siyasi, demokratik, insan hüquqları kimi sorunlara toxundunuz. Mən yatırım baxımından (yatırım baxımından. – X.B.) bu sorunları gözdən qaçıra bilmərəm”. Bəlli olduğu kimi, ABŞ-ın Azərbaycandakı seçkin yatırımçılarından biri bu ölkənin Azərbaycanda elçibaşısı olmuş, elə elçibaşı olduğu çağlardan Əliyevlərlə ortaq maraqlar axarında sıx əməkdaşlıqda bulunan Eskuderodur…

P.S. “Azadlıq”da çapına qadağa qoyulub – ÇQQ.

06.02.2014

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv