IV. NASİRANƏ MƏNZƏRƏ
Manaf Süleymanovun “Zirvələrdə” romanını oxuyarkən insanın ağlına gələn ilk fikir “harada qaldı” fikri olur.
Harada qaldı qəhrəmanlarının mənəvi aləmi, harada qaldı konfliktlər, harada qaldı məhəbbət?
Əsərin əvvəlində nəsə yaranırdı. Ağazadə adlı despotla, etik problemlərlə, mürəkkəb taleli Dəmir Şahbaz oğlu ilə rastlaşdıq.
Lakin elə ki, romanın ilk səhifələrində “ədalət” bərpa olunur – bütün dramatizm, bədiilik, psixoloji təhlil və s. yox olur. İnsan, bədii xarakter, psixologizm roman səhifələrini tərk edir. Onları sırf “mədən problemi” əvəz edir. İnsanların daxili aləmi oxucunun üzünə bağlı qalır.
Aydın olur ki, əsər iki məsələyə həsr edilmişdir:
1) Bir zaman meşələri qırıb oduna döndərirdilər, bu yaxşı iş deyil. Fərruxun başçılığı ilə mədən kollektivi buna qarşı mübarizə aparır.
2) Yeni filiz mədəni yaratmaq üçün Dəlidağı partlatmaq lazımdır.
Bu işləri robotlar deyil, insanlar gördükləri üçün müəllif yeri gəldikdə onların arzularından, niyyətlərindən, şəxsi həyatlarından da danışır.
Lakin necə danışır?
Əgər biz “Zirvələr” əsərini istehsalat romanı adlandırsaq, o, bu janrın süqutu hesab edilməlidir.
…Bəzən ən qəmli şeir və nəsr əsərini oxuyarkən belə, insanın gözü qarşısında işıqlı və şairanə mənzərə canlanır. Lakin ən nikbin, ancaq zəif nəsr və şeir əsərini oxuyarkən gözünün qabağında çənli-çiskinli, yağışlı-yağmurlu, nasiranə bir mənzərə durur.
V. HƏQİQİ VƏ SAXTA KƏŞFLƏR
(Açıq söhbət)
Deyəndə ki, poeziyada kəşf – nitrohliserin, kosmos, Eynşteyn, raket, radius, infarkt kimi məfhumların sadalanmasından ibarətdir, bu bizdə təəccüb doğurur.
Lakin deyəndə ki, sərbəst vəzndə yazmaq günahdır, yeni assosiasiyalar, poetik ahəng axtarışları poeziyanı uçuruma aparır, bu bizdə etiraz doğurmaya bilmir.
Bizə deyəndə ki, əsr elə sürətlə inkişaf edir ki, bütün poetik qanunlar heçə çevrilir, bu iddia bizə çox sadəlövh görünür. Çünki poetik qanunların tarixi, keçici xüsusiyyətləri olduğu kimi, ümumbəşəri, əbədi cəhətləri də vardır.
Lakin deyəndə ki, hər bir məzmun yalnız bir forma qəlibinə salınmalıdır, bu bizdə ciddi etiraz doğurur.
Deyəndə ki, şeir nəsrə yaxınlaşmalıdır, biz bu normativ tələbi qəbul etmir və şerin olmağını istəyirik.
Lakin deyəndə ki, poeziya həmişə bir ritmin havasıyla oynamalıdır, biz bu müddəanı qəbul etmirik.
Bizə deyəndə ki, heca və əruz vəznində yazıb-yaradan sənətkarlar poeziyada heç bir kəşf etməmişlər, bu iddia bizə naşılıq əlaməti kimi görünür, burada bədii kəşf kimi mürəkkəb estetik bir hadisə vəzn yeniliyi məsələsiylə eyniləşdirilir.
Lakin deyəndə ki, sərbəst şeirdə heç bir yenilik yaratmaq olmaz – bu bizdə qəti etiraz doğurur.
Deyəndə ki, milli poetik ənənəmizə sadiq qalmaq gerilik nişanəsidir və poeziyada az qala inqilab etmək və köhnə şeiri kökündən sarsıtmaq lazımdır, bu bizə çağırılmış bayatıların əks-sədası təsiri bağışlayır (futuristlərin Puşkini zəmanə gəmisindən atmaları kimi).
Lakin deyəndə ki, milli ənənələrlə kifayətlənməli və ümumbəşəri ənənələrə arxa çevriməliyik, bu müddəa da qulağımızda çox arxaik səslənir.
Biz hər cür ifrat meyillərin əleyhinəyik. İfrat meyillər həmişə metafizik meyilləridir. Poeziyada və ümumən sənətdə kəşf deyərkən biz aşağıdakı xüsusiyytələri nəzərdə tuturuq:
I. Oxucunun dünya, insan və təbiət haqqında təsəvvürlərini zənginləşdirmək, dərinləşdirmək və genişləndirmək qabiliyyəti.
II. Yeni məzmunun yüksək estetik səviyyədə – insanların mənəvi aləminə, ağlına, hissinə güclü təsir etmək səviyyəsində bədii ifadəsi.
III. Həyata insanın estetik münasibəti dairəsinin genişlənməsi, yeni həyat hadisələrinin bu dairəyə daxil olması.
IV. Sənətin bədii vasitələrinin kamilləşməsi.
Bu cəhətlərin heç biri ayrı-ayrılıqda poetik kəşfi təyin edən meyar rolu oynaya bilməzlər. Poetik kəşf bu cəhətlərin vəhdətindən yaranır.
Poeziyada orijinallıq müxtəlif formalar, müxtəlif ahənglər assosiasiyalar axınında meydana çıxa bilər.
Əsr-əsr
yanır insanlar.
Tel-tel, sim-sim
ozanlar yanır.
Söz-söz yanır Füzuli.
Rəng-rəng yanır Rafael.
Tonqal-tonqal Yan Qus
da yanır.
Göz-göz yanır Prometey.
Arzular çıraq-çıraq,
Ürəklər ocaq-ocaq.
Yer
Yana-yana
Günəş olacaq.
Bu şerdə təbii və orijinal assosiasiyalar vasitəsilə məzmunlu bir ideya ifadə olunmuşdur.
Burada qafiyələr olmasa da, daxili bir ahəng duyulmaqdadır. Bu ahəng assosiasiyalar təkrarından yaranır (tel-tel, sim-sim, söz-söz, rəng-rəng, ocaq-ocaq yananlar).
Lakin bu o demək deyil ki, yalnız bu üslubda orijinal şerlər yazmaq olar. Klassik üslubda da yeni, dərin poeziya nümunələri yaratmaq üçün hər cürə imkanlar vardır. Məsələn, biz Məmməd Arazın aşağıdakı şeirini orijinal şeir hesab eləyirik:
Gündüz gəzər, gecə gəzər,
Nə dincələr, nə də bezər,
Görən harda gecələyər,
Görən harda yatar duman?
Qalxar göyə, enər yerə,
Gədiklərdən gədiklərə
Hücum çəkər bir ordutək.
Hər hökmündə bir sirr olar.
Dağa-daşa hökm eləyər,
Küləklərə əsir olar.
Bütün məsələ ondadır ki, şairi narahat edən fikir, hiss axını hansı yazı üslubunda özünü parlaq şəkildə büruzə verə bilir.
Mənə elə gəlir ki, istedadlı şair F.Qocanın yolu assosiativ şer yolu deyil. Klassik şer üslubunda o, nə qədər orijinal və təravətlidirsə, assosiativ şeirdə bir o qədər bəsitdir.
Şairin aşağıdakı üç şeirinə diqqət yetirək:
Mən ünvansız yaşayıram
Günəş kimi, səma kimi.
Mən ünvansız yaşayıram
səhərdən axşama kimi.
Yollarımı gözləyirlər
boynu bükük bənövşələr.
Ünvanımı yazıram mən
izlərimlə dağa-daşa.
(“Mən ünvansız yaşayıram”)
Ürək doğuldu,
Böyüdü, yaşa doldu.
İnfarkt oldu.
Yüz yana yozdular səbəbini.
Axtardılar çarəsini də.
əsil səbəbi
ani intizar idi:
“Hə” ilə “yox” arasında
(“İnfarkt”)
Otlar torpağı yeyir,
Qoyunlar otları,
Biz qoyunları,
Torpaq bizi.
Nəhəng fəza
balaca bir mirvari kimi
udub yer kürəmizi
Hamımız haqlıyıq, haqlı.
Fəzada bir kiçik səyyarəyik,
yanırıq.
Otlu, qoyunlu, insanlı, torpaqlı
dolanırıq:
(“Dolanırıq”).
Birinci şeir mənalı, duyğulu, təsirli poetik əsərdir. İkinci şeir natamam, quru, pis mənada rasional, oxucuda emosional təsir oyatmayan bir yazıdır. Üçüncü şeir poeziyada saxta, təşəxxüslü fəlsəfəçiliyin klassik nümunələrindən sayılmalıdır. Burada pis mənada anlanılan lakonizmdən başqa heç bir şey yoxdur. Lakonizm isə şeiriyyətin sinonimi deyildir.
Onda biz gərək “Teleqraf üslubu” nəzəriyyəsinin əməli ifadəsi olan aşağıdakı sətirləri də şeir hesab eləyək:
Ömrümün
Qarlı-şaxtalı yerinə çatdım
Nöqtə
Soyuqdur
Nöqtə
Mənə isti əlcək
Vergül
Anamın qoxusunu
Vergül
Bir də ümid göndərin
Nöqtə
Öpürəm – Vaqif…
(V.Vəkilov, “Yoldan teleqram”)
Bəzi şeirlərdə biz “kosmik bir genişlik”lə qarşılaşırıq. Amma bu genişlik assosiasiya dəqiqliyi tələb edən poetik genişlikdən çox uzaqdır.
Yoxsa biz aşağıdakı sətirləri fəlsəfi poeziyanın şedevri saymalı olardıq:
O vaxt nə Koroğlu vardı,
Nə Meri Pikford,
Nə Ləmbəranski, nə Henrix Ford.
Əgər şeirimizin xidməti Koroğlu ilə aktrisa Meri Pikford, Ləmbəranski ilə H.Ford arasında əlaqə yaratmaqdan ibarətdirsə, bizi gözəl günlər gözləyir.
Bir də gördük A.Matrosov Bismarkla, Həcər xanım madam Kennedilə eyniləşdirildi.
“İntellektual genişlik”, “kosmos dünyagörüşü”, “qeyri-adi təfəkkür tərzi” bizi deyəsən daha qəribə analogiyalarla tanış edəcək.
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda
ətin qiyməti düşəcək.
yoxsa
meşə cəngəlliyinin
qoyduğu qiymətlər qalacaq?
…Qatarlarda,
axşamüstü
çay paylayacaqlarmı içməyə?
Pasport, viza
Gərək olacaqmı sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
…Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyidləri?
Kim sulayacaq
Bulvardakı söyüdləri?
(V.Vəkilov, “Nə olacaq?”)
Məhəbbət, Andersenin nağılları, ətin qiymətinin aşağı salınması və vaqonda çay paylamaq kosmik vəhdətdə götürülürsə, təəccüblənməyin.
Bir də gördünüz ki, sofistlərin etdikləri kimi “qadın kişidir”, yaxud adi dildə desək, “qatıq qaradır” hikmətlərinə gəlib çıxdıq. Axı biz dinamik əsrdə yaşayırıq.
…Şeirimizin bəlası tək “kosmik assosiasiyalar” xəstəliyi deyildir. Onunla yanaşı digər bir xəstəliyə – üslub eklektivizminə, təqlidçiliyə də rast gəlirik.
Gözümüz poeziya ailəsində çox şeylər görür…
Sevdalı sabahlar, röyalı gecələr,
Buludlar başınız üstündə dincələr,
Ruhunuz bir daha zəriflər, incələr.
Ey mənim eşqimə
Aşiyan adalar,
Dənizin qoynunda
Yaşayan adalar.
Bu kimin şeiridir? Mikayıl Müşfiq ahənginin sədasımı qulağımıza gəlir?
Yox, bu şair R.Zəkanın səsidir. Daha doğrusu, səsin səsidir. Platonun təbiri ilə desək, kölgənin kölgəsidir.
Gözəldir ilham almaq,
Şirin xəyala dalmaq,
Xəyal mənim aşinam, xəyal mənim
həmdəmim
həm sevincim, həm qəmim.
Ümid xəyala bağlı, xəyal ümid deməkdir.
Xəyalsız ömür sürən,
Axı nəyə gərəkdir?
Ah, bu vüsallı gecə
Şair xəyallı gecə.
Məsələ aydındır. Yenə Müşfiq.
Bəs bu kimdir?
Çəkil, cəllad, usanmazmı vəhşətdən,
fəlakətdən,
İşin dünyada zövq almaqmı insani
əsarətdən.
Sənin ruhunda bir zərrə əsər yoxdur
mürüvvətdən,
Görür aləm uzaqsan, çox uzaqsan
adəmiyyətdən?!
Bu H.Caviddirmi?!
Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir
xabi-rahətdən,
Qiyamətdir qiyamət. Qalx, oyan, zövq
al bu fürsətdən.
Yox, R.Zəkadır:
Yaşamaqdır ürək, ürək – yaşamaq,
Nə qədər varsa var, sənin ömrün,
Sən dayansan dayanmaz o, ancaq
O durarsa, durar sənin ömrün.
Düz yolda gedəndə yıxılmamaqçın
Böyüyün dadına çatan gərəkdir.
Dar gündə ürəyi sıxılmamaqçın.
Bu Bəxtiyar Vahabzadədirmi? Xeyr, yenə R.Zəkadır.
Bakı, ey sevimli diyarım, mənim,
Sən ey ömrüm mənim, baharım mənim,
Bilirəm uğurlu bir səhərin var,
Nəfəsin mehriban, ürəyin azad,
Həvəsin, xəyalın, diləyin azad.
Alovlu qəlbisən bizim ölkənin,
Səadət gölündə üzür yelkənin.
Bu M.Rahimdirmi? Xeyr, R.Zəkadır. Onu da demək lazımdır ki, R.Zəka tək deyil, bəlkə də təqlidçilik dəstəsinin bir nümayəndəsidir.
Qoy R.Zəka Müşfiqi, Cavidi, M.Rahimi, aşıq Pənahı… sevsin. Lakin biz onun şeirlərində bu şairləri yox, R.Zəkanı görək. Yoxsa Müşfiqdən, Caviddən, Rahimdən, aşıq Pənahdan sonra R.Zəkanın bir şair kimi mövcudluğu kimə və nəyə lazımdır?!
Şeirimizin bəzi təmayülləri haqqında biz həyacanlı və bəlkə də sərt danışdıq. Başqa cür ola bilərdimi?!
Poeziya bizim misilsiz sərvətimizdir. Onun haqqında necə sakit, ehtirassız, həyəcansız danışasan?