ABŞ-ın Azərbaycandakı baş diplomatı R.Morninqstara qarşı indiyədək çox yazı yazmışam. O yazıların biri də çap üzü görməyib – Morniqstarı ABŞ adlı superdövlətin Bakıdakı baş diplomatı olaraq kəskin qınağa tutduğum üçün. Əliyevçi rejimlə bağlı baxışlarını demokratik dəyərlər baxımından dəyərli saymadığımdan onu kəskin qınamışam. Rusiyanın Krımı tutmasından başlayaraq siyasi konyunktura dəyişdiyindən Morninqstar da bu günlər əliyevçi rejimlə bağlı indiyədək etdiklərindən seçilən çıxışda bulunub. Onun çıxışında ölkəmizin indiki gərəkləri ilə ilgili rejimə yönəlik olduqca yumşaq qınaq var.Elə bu olduqca yumşaq qınaq da rejimin gözündə Morninqstara bizlər kimi radikal müxalifət obrazı qazandırıb. Buna görə Morninqstar bizim kimi rejimin gözündə əzilib yenilməli, yox edilməli düşmənə çevrilib. Ən azı, bir ara sıralarımızı genişləndirdiyi, üstəlik, bizim uzun illər necə bir rejimlə çarpışma apardığımızı öz personasıyla dünyaya tanıtdığı üçün mən indi Morninqstara dost əlimi uzadıram.
Rejim bütün yüngül-ağır artilleriyası ilə Morninqstarı yıxmağa yüklənib. Demokratik dəyərləri, demokratiya subyektlərini azğın diktatura rejimindən, diktatura yönəticilərindən qorumaq bizim borcumuzdur. Əliyevçi rejimin ünlü diktatura ideoloq-yönəticilərindən biri, Rusiyanın adamı olaraq tanınan administrator-filosof-akademik Ramiz Mehdiyev SUVEREN AZƏRBAYCAN adından Morninqstarı “yıxıb-sürüməyə” girişib. Onun Morninqstara yönəlik bir sıra tezisləri üzərində daynmaq gərəyi yaranır. R.M.: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, kiminsə müstəmləkəsi yox. Biz Azərbaycana qarşı hörmətsizliyə dözə bilmərik”.
2007-ci ildə R.M. başında durduğu bir yığıncaqda demişdi: “Azərbaycan 93-dən bu yana demokratiyaya keçid yolu keçirdi, bundan sonra biz demokratiya quracağıq”. Ötən yüzilin 70-ci illərində onun H.Əliyevlə birgə xalqa boyun olduğu kommunizm yalanları kimi, bu yalanı da boşa çıxdı; onlar Azərbaycanda demokratiya yerinə… rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında ailə-klan diktaturası qurdular. Beləliklə, bizim böyük çarpışma bahasına MÜSTƏQİL DÖVLƏT statusu qazandırdığımız Azərbaycana onlar əliyevçi-mehdiyevçi MÜSTƏMLƏKƏ DÖVLƏT statusunu qazandırdılar. Bu gün Əliyev-Mehdiyev komandasının Morninqstara yönəlik aşırı acığının arxasında onların yaratdıqları klan-müstəmləkə rejiminə yaranan ABŞ qorxusu dayanır. Morninqstar bəlli çıxışında lap üzdən gedərək o qorxunun ipuclarını ortaya qoyub. Başlıcası da hakimiyətin monolit olmadığını deməklə.
Azərbaycana düşmən Rusiyanın yaxından yardımları ilə ölkədə çoxsaylı seçki cinayətləri törədən administrator müstəqillikdən-suverenlikdən çox danışırkən ən azı bir faktı unutmamalıdır: onlar, demək olar, bütün seçkiləri Rusiyanın KQB generalları Ruşaylo ilə Lebedevin yardımı ilə keçirdikləri kimi, iki Azərbaycan nazirini – Ə.İnsanovla F.Əliyevi də o iki generalın əliylə tutub damladılar. Belə də eybəcər müstəqillik-suverenlik olurmu? O kriminal seçkilərin, eləcə də Azərbaycanda at oynadan o KQB generallarının arxasında dayanan Putin kimdir? Görünür, Azərbaycanın gizli qubernatoru. Ola bilsin, iz azdırmaq, ya da Putin qubernatorluğuna dönməz bağlılığını göstərmək üçün R.M. Morninqstarın virtual “qubernatorluq istəyinə” qarşı çıxır. Burası virtual xarakterli olsa belə, anlaşıqlıdır: bunlar öz qubernatorlarını çoxdan seçiblər. Buna görə ölkəni aparıb qubernatorun ovcuna qoymaq üçün əlverişli moment gözləyirlər.
R.M.ABŞ-ı qonşularla aramızı vurmaqda suçlayır. Hansı qonşularla? Torpaqlarımızın tutulmasında ermənilərə yardımçı olan, bizi yaxmac-sendviç kimi əzmək istəyən (öz sözləridir!) İranla, Rusiya ilə! Putinin Krım faktı bunlara ABŞ-la üzülüşmək qırımı verib! Daha ABŞ-a “dözə bilmirlər”.