Mənim əliyevçi rejimlə azacıq da bağlılığım olmadığından, tərsinə, bu rejimlə aramızda barışmaz ideya – strategiya düşmənçiliyi olduğundan, rejimə, rejim başçısına yol göstərmək istəyindən çox uzağam. Buna görə bəri başdan yazının başlığı ilə bağlı oxucuları hər hansı quşqudan qurtarmaq istəyirəm. “Özü yıxılan ağlamaz”, – deyirlər. Öz işləridi, özləri bilərlər. Mən ancaq “Azərbaycandakı repressiyalar dünyanı hərəkətə gətirdi”, Böyük Britaniyadan hakimiyətə etiraz” tipli yekə -qlobal qıcıqlara qarşılıq qıcıq göstərmək istəyirəm.
Bütünlüklə saxtalaşdırılan 9 oktyabr (2013) seçkisindən sonrakı yekə-qlobal reaksiyalar yadınızdadır: üstüörtülü, dolayı da olsa qutlamalar gəldi. Haralardan? Demokratiya, demokratik prinsipiallıq umduğumuz yerlərdən. Repressiyaların konveyer xarakteri alması bir çox demokratik dövlətləri, demokratik qurumları qıcıqlandırıb, o sıradan B.Britaniya dış işlər baxanlığını. Bu baxanlığın başçısı A.Heyq saxta seçkidən azacıq sonra gəlib 40 milyardlıq kontrakta QOL götürüb oynayan, o arada demokratik dəyərləri saymayan kimsədir. Eləcə də bir çox başqaları. İndi nə olub? Nə baş verir? Heydərizim rejimi qalır, qaldığına uyğun çarpışma aparır – repressiya çarpışması. Bu isə rejim dəyərləri, rejim prinsipləri baxımından olduqca düzgün çarpışmadır. Sən demokratik dəyərləri enerji istəklərinə qurban verəndə əliyevçi rejim də özünün ailə-klan dəyərlərinə, hakimiyəti qoruyub saxlama istəklərinə qurban verəcək. Bu isə indiki REAL POLİTİKA ortamında anormal deyil, bütünlüklə normal görsənişdir.
ABŞ-ın Bakıdakı baş diplomatı Morninqstarın bugünlərdə etdiyi bəlli çıxış rejim başçılarını çox düzgün olaraq cin atına mindirib. Onun indiyədək etdiyi çıxışlar bir yanadır, indiki çıxış bir yana. Indiyədək rejimə sayğı dolu çıxışlar görürdük, indi sayğı yerinə sayğısızlıq. Soruşmaq gərəkir: 22 illik əliyevçi rejim siyasətlərində hansı yenilik, hansı dəyişiklik baş verib? Əliyevçi repressiv rejim siyasətlərində yenilik- dəyişiklik yoxdur. Onda bu “demokratik” qıcıqlanma-reaksiyalar nədir? Rejim nədən yenilənməli, Adam milyardlar bahasına satın aldığı yolu niyə dəyişməlidir? Özü də satın alınmış seçkidən bir il keçməmiş. Bu nə davranış, bu nə oyundur?! Morninqstar rejim başçılarına toxunan, onların yuxusunu dağıdan çox sözlər deyib, ancaq ən başlıcası, o, hakimiyətin monolit olmadığını deyib. Bu isə hakimiyətə arxadan zərbə vurmaq deməkdir. Bunu Sudanın Azərbaycandakı diplomatı desəydi, dözmək olardı – elə-belə, boşuna deyilmiş söz kimi. Ancaq bunu ABŞ-ın Azərbaycandakı diplomatı deyir – buna necə dözmək olar?!! Bu, administrator-filosof demiş, gizlini ortaya qoymaqla “ölkənin daxili işlərinə qarışmaqdır”. “Ərəb yazından” da bilndiyi kimi, belə bilgilər çox keçmədən katalizator rolunu oynaya bilər…Kim də bilməsə administrator-filosof bunu gözəl bilir. Nədən? Etdiklərindən, daha doğrusu, yürütdükləri 22 illik antiXalq siyasətlərindən. Şair demiş: Siyasət bir bəla şeydir, giriftar olmayan bilməz; Xalqa qan udduran kimsə yenər xalqı, yenər – dönməz!
Bu gün az-çox demokrtatik dünyada Azərbaycandakı repressiyaları durdurmağa yönəlik çabalar sezilir. Bununla bağlı ailə-YAP prezidentinə çağırışlar edilir – gərəksiz yerə. Belə çağırışlara getmək – boyun qoymaq əliyevçi komanda, başlıcası da, komanda başçısı üçün çox böyük uğursuzluq olardı. İndiki komanda başçısının bütün çoxsaylı uğurları korrupsiya-repressiya praktikasına bağlıdırsa, o nə üçün öz yolundan dönməlidir. Korrupsiya repressiyanı, repressiya korrupsiyanı stimullaşdırırsa, bunların hər ikisi rejimin qorunub saxlanmasında başlıca rol oynayırsa, onlardan necə daşınmaq olar? Başqa yol yeni ideyalar, milli demokratik ideallarla yaraqlanmaqla dinc, çağdaş quruculuq yoludursa, ürəkdə bu yola baqlılıq yoxdursa, birinciyə – heydərizmə bağlanıb qalmaq daha önəmli deyilmi?!
XALİQ BAHADIR. İLHAM ƏLİYEV NƏ ETMƏLİDİR?
İyun 2nd, 2014 admin