Araz Gündüz. TÜRK DİLİNDƏ KİMLİK BİLDİRƏN ADLAR

 

(Qısa yozumları ilə)

İÇİNDƏKİLƏR

1. Türk dilində kimlik bildirən adlar(Qısa yozumları ilə).
2. Qoşma: Kimlik bildirən adlarımızla bağlı iki hekayə.

Kitabın qapağında veriləcək yazı:

Türk bəyləri Türk adlarını buraxıb, özlərinə çinli adları qoydular. Çin xaqanının qulluğuna girdilər. Düşkünləşdilər.
Türk budunu öz yaratdığı Xaqanlığını əldən vermiş, Xaqanını itirmişdi…
Budunumun adı-sanı yox olmasın deyə, Törə pozulmasın deyə, ölüm-dirim savaşına girdim. Türk budunu üçün gecə uyumadım, gündüz oturmadım, çalışdım…
Yağılarımız çox idi. Başlıya başını əydirdim, dizlini diz çökdürdüm…

          EY TÜRK!
          YUXARIDA GÖY ÇÖKMƏDİKCƏ,
          AŞAĞIDA YAĞIZ YER DƏLİNMƏDİKCƏ,
          SƏNİN ELİNİ, TÖRƏNİ
          KİM POZA BİLƏR?..

                                BİLGƏ XAQAN (Göytürklərin ulu Xaqanı)

ÖN SÖZ

Ötən çağlardan bizə gəlib çatmış qaynaqlar da, çağdaş günümüzdə təkəm-seyrək üzləşdiyimiz, geriçilik içində qalmış bir sıra oymaqların(qəbilələrin) adlarla bağlı gələnəklərinin öyrənilməsi də, kimlik bildirən adların yaranmasının, onların ötədən-bəriyə uğradıqları dəyişmələrin, insanlıq toplumunda baş verən gəlişmələr ilə sıx bağlı olduğunu göstərməkdədir. Şüurlu varlığa çevrilməsi ilə təbiətdən ayrılmağa, onu qavramağa başlayan insan, görünür, danışmağa başladığı andan, yan-yörəsində üzləşdiyi bütün nəsnələri biri-birindən seçib ayırmağa, tanımağa, onları adlandırmağa başlayanda, öz soydaşlarını da bu şüurlu dəyərləndirmədən qıraqda qoymamışdır. Bu baxımdan, İnsanlığın uzaq keçmişlərdə yaratmış olduğu ilkin adlar, ən çox ayamalar(ləqəblər) kimi işlədilmişdir. Örnək üçün, slavyanlar əski çağlarda: Xromoy(Axsaq), Voropay(Soyğunçu), Jdan(Gözlənilən), Pervuşa(Birinci), Medved(Ayı), Baran (Qoyun), habelə bunun kimi adlar qoyurdular. Buna oxşar durumun, Amerikanın tapılmasından sonra, geriçilik çağında yaşayan yerli hindilərin arasında olduğu da üzə çıxmışdır, habelə bugünümüzdə yaşayan, sivilizasiyaya çatmamaış oymaqlarda da belə bir durumun olduğu bəllidir.
Sonrakı dönəmdə, insanlar arasında yayılaraq yerini bərkidən inanclar adların yeni anlamlar daşımasına gətirib çıxarmışdır. Bu isə, istər təbiətlə, istərsə də olağanüstü (fövqəltəbii) güclərlə bağlı inanclardan doğan yeni adların yaranmasında özünü göstərmişdir. Əski Misir, semit adlarını araşdıranda bunun doğrudan da belə olduğu açıq-aydın görünməkdədir, bu çağlarda qoyulan adlar, anlamca tanrıların özləri ilə birbaşa da, dolayısı ilə də bağlı olmuşlar, eləcə də bu adların tanrılara qulluq göstərməklə, onların öyülməsi ilə bağlı anlamlar daşıması da gündəmdə olmuşdur. İnanclarla bağlanan adlara isə insanlar böyük önəm verir, ad yiyəsinin ömür yolunun, uğurlarının onun daşıdığı adla qırılmaz bağlılığı olduğuna inanırdılar.
Toplumların siyasiləşməsi, oxuyub-yazmanın, biliklərin ortaya çıxaraq, çox geniş yayılmağa başlaması, adların gəlişməsində yeni bir çağın başlanmasına yol açmışdır. Bununla da, adların insanların iş-güclərinə, toplumda tutduqları görəvlərə, yaşamda yer alan ərdəmlik dəyərlərinə bağlanması dönəmi başlamışdır. Adlar, yalnız kimlik bidirən sözlər olmaqla qalmayıb, toplumsal dəyərlərin də yükünü çəkməyə başlamışdır. Gəlin, bu dediklərimizi aydınlaşdıran örnəklərə baxaq. Adını tarixə salmaq üçün Artemida Ocağını(məbədini) yandırmış Herostratı öldürdükdən sonra, əski yunanlar onun adını çəkməyi hamıya yasaq etmişdilər. Roma senatı, Mark Antoninin Kleopatra ilə bağladığı barış anlaşmasını yurda dönüklük sayaraq, onun doğulduğu adlı-sanlı Antoni soyuna, yeni doğulan cocuqlarına Mark adını qoymağı yasaq eləmişdi. Bunu isə, Türk tarixinin böyük araşdırıcısı L. Qumilyov yazır: “Əski çağlarda Çin-Türk ilişkilərinin hansı durumda olduğunu öyrənmək üçün, çinli tarixçilərin Türk xaqanlarının adlarını necə yazdıqlarına baxmaqla çox nəsnələri aydınlaşdırmaq olar. Çin ireoqlifləri ilə yazılan sözün içində hansısa düşüncələri üstüörtülü vermək olduğundan, Çin-Türk ilişkilərinin gərginləşdiyi durumlarda, çinli tarixçilər bu sayaq söz oyunlarından yararlanmaqla Türk xaqanlarının adlarını aşağılayıcı çalarlarla yazırdılar, bu isə ilk baxışda sezilməyən, ancaq ireoqlifləri dərindən bilən kimsələrin aça biləcəyi bir fırıldaqçılıq idi. Götürək elə əski çağlarda yüzillər boyunca sürmüş, Firdövsinin “Şahnaməsində” çoxlu yanlışlıqlarla yazıya alınmış, İran-Turan savaşlarını. Doğrudanmı, çox böyük yaraqları(imkanları) olan fars dilində Turan xaqanı Alpərtunqanın adını olduğu kimi yazmaq olmazdı? Bir sıra araşdırıcıların bildirdiyinə görə, öz soyunun bu savaşlarda yenilməsini sinirə bilməyən Firdovsi “qaplan təki çevik, qorxmaz, igidlər öndəri” anlamını verən Alpərtunqa adını, bilərəkdən Əfrasiyab kimi yazmaqla, onun adını “qara sulu çayın üstü” anlamına salıb, aşağılamaq istəmişdir. Bununla bağlı olan ayrı bir örnəyi, yenə də L.Qumilyov göstərir. Onun deməsinə görə, VIII yüzildə, Göytürk Xaqanının buyuruğundan çıxan bir bölük döyüşçü, Soqdianaya gəlir, oranı çapıb-talamağa başlayır. Göytürk xaqanı oğlu Elarslan təkini qoşunla onların üstünə göndərir, o da bu quldurları yenib, onların yaramazlıqlarına son qoyur. Bunun ardınca L. Qumilyov yazır, baxın, görün, bu bəlli tarixi bəlgə, farsdilli qaynaqlarda necə yazılmışdır: “İgid Şiri-Kişvər qoşun çəkdi, Soqdianaya soxularaq orada quldurluq eləyən Göytürkləri qırıb tökdü, onlardan sağ qalanları isə qaçıb dağıldılar.” Burada Elarslan adının, Şiri-Kişvər kimi yazılması, onun haradan gəldiyinin və kimlərdən olduğunun “gizlədilməsi” ilə hansı amac güdüldüyünü açıqlamağa gərək varmı?!
Türklərin ötədən bəriyə yaratdıqları toplumlarda kimlik bildirən adlara çox böyük önəm vermələri yetərincə gözə çarpmaqdadır. İndi eyni adı daşıyan adamlara deyilən “adaş” sözü, əski Türk Sözlüklərində arxadaş, dost anlamında yozulur. Deməli, əski çağlarda babalarımız ürəkcə, könülcə yaxın olmağın elə bir ad daşımaq demək olduğunu sanmışlar, yəni ad insanın öpözünün(ruhunun) göstəricisi sayılmışdır. Nağıllarımızda, nədənsə araşdırıcılarımızın gözündən yayınan bir görüntünu alaq. Niyə görə nağıllarımızda, ən zirək olaraq kiçik qardaş tanıdılır? Sonra, nağıllarımızın bir çoxunda belə bir parça gözə çarpır: “Padşahın üç oğlu var idi, kiçik oğlunun adı Məlikməmməd idi”. O biri qardaşların adı niyə anılmır? Bunun niyəsi, Türklərin minilliklər boyu sürülüb gələn törələri ilə bağlıdır. Bu törəyə görə, Ata Ocağının ardıcı(varisi) kiçik oğul sayılırdı, uzun illər boyunca Türklərin arasında ocağın(ailənin) ən kiçik oğluna Otman(od qoruyan) adı verilməsi gələnəyi də olmuşdur. Bundan başqa da, bu törəyə görə, igidlik göstərməyincə kişilərə ad verilmirdi, verilən adlar isə, ad yiyəsinin bacarığına, göstərdiyi igidliyə, ərliyə uyğun olaraq seçilirdi. Bu konuda “Dədəm Qorqudun Kitabında” da yetərincə söz açılmışdır. Gəlin yenə də Qumilyova üz tutaq: “Türklər, avropalılar təki yalnız bir ad alıb, onu doğulandan ölənə kimi daşımazdılar. Türklərin adı, onların toplumda tutduğu yerə uyğun olardı. O, uşaqlığında ayama(ləqəb) daşıyar, gəncliyində bacarığına görə aldığı adla tanınar, yetkinlik yaşına çatdıqda isə toplumda daşıdığı görəvə uyğun ad alardı.” Yeri düşümüşkən, sizlər üçün ilginc olacağını düşündüyüm bir örnəyin üstündə dayanmaq istəyirəm. Səlcuq sultanlarından biri olan Əbu Müzəffər Rüknəddin bin Məlikşah türk gələnəyinə uyğun olaraq “Börküyarıq” titulu daşıyırdı, yəni islamla bağlı türk adlarında baş verən dəyişiklik türklərin tutduqları görəvə və insani özəlliklərinə görə verilən adlarını sonacan sıxışdırıb ortalıqdan çıxara bilməmişdi. Elə bilirəm, sizlərin bir çoxuna bu, “Börküyarıq” titulu gülünc görünəcəkdir, ancaq tələsməyin! Biraz uzaqdan başlayaq. Bəlli olduğu kimi xristian dini inanclarında, çox inanclı ruhanilərin başlarının üstündə oreol adlanan işıqlı bir çevrənin dayandığı və bunun möminlərin gözünə göründüyü sanılır. “Yarıq–yaruk” sözü əski türkcədə “işıq” anlamı verən bir sözdür(bu söz rus dilinə keçib bu gün də “yarkiy” şəklində işlənməkdədir). Oysa, “Börküyarıq” titulunun “papağı işıqlı”, “başında aydın düşüncələr daşıyan” anlamında olduğu bəlli olur, habelə, türklərdə də özlərinin böyük kişilərinin Tanrı işığından pay alması ilə bağlı inancların olduğunu göstərir.
Erkən orta çağlarda Türk uluslarının böyük çoxluğunun islama tapınması, şəriət qanunlarının dədə-baba törəsinin yerini tutması, Türk milli varlığında bir çox inancla, ərdəmliklə bağlı dəyərlərin itib-batması ilə sonuclandı. Elə o çağlarda da, Türk əlifbası, ona bağlı olan türkcə oxuyub-yazma aradan çıxdı, türkcə olan çoxlu yazılı qaynaqlar it-bata düşdü, eləcə də, ərəb adları türk adlarını sıxışdırıb ortadan çıxardı. Bu isə, bugünkü kimlik bildirən adlarımızın, az qala hamısının, yad dillərdən alınma sözlərdən düzəldilməsinə gətirib çıxarmışdır.
Tutuşdurmanın, bənzətmənin, qavramanı yüngülləşdirən bir yol olduğunu bilərək, indi çox az işlənməyə başlamış adlarımızdan bir neçəsinin əski türkcədəki yorumlarını vermək istəyirəm:
Abı—könül, öpöz(ruh)
Abış—dizin üstü.
Ağış—xəzinə.
Alış—Su ağzı, suvarma üçün qurulmuş gölməçədən açılan arx.
Əsi—yel.
Kəriş—döyüşkən.
Kələş—yaraşıqlı.
Təriş—Soyunu bir yerə toplayan, ağsaqqal.
Gördüyünüz kimi, cocuqlarına Abdulla adı verib–Abı, ya da Abış; Ağahüseyn adı verib–Ağış; Allahqulu adı verıb–Alış; Əsli adı verib–Əsi; Kərim, Kəramət adı verib–Kəriş; Kələntər adı verib–Kələş; Tərlan adı verib–Təriş çağırmaq da, eləcə də bu adların bir yerlərdə birbaşa səsləndikləri kimi qoyulması da, dilimizin, adlarımızdakı özgələşməyə qarşı dirənişindən doğmuşdur.
Dilimizdə adların ərdəmlik dəyərləri kimi anılması ilə bağlı çoxlu deyimlər də vardır: ”Adını batırma”; “Adına yaraşan”; “Adı ilə böyüsün”; “Adı anılası”(allah rəhmət eləsin yerinə); “Adın üçün(adına görə)”; “Adına and olsun” habelə bunun kimi. Bu baxımdan yanaşanda, ad qoyulmasında yaranacaq dəyişikliklərin Toplumda yanqusuz(əks-sədasız) ötüşməyəcəyi də bəlli olur. Bu kitabçanın ortaya çıxması da belə bir istəkdən yaranmışdır. Bütün ömrü boyu daşıyacağı adın anlamının nə olduğunu bilmək, duymaq, insan kimliyində, onun davranışlarında iz buraxmaya bilməz. Bu baxımdan da, ocaqlarımızda doğulan cocuqlara, böyük, onurlu keçmişimizə bağlı, anlağımızın ən dərin qatlarına kimi hopmuş doğma türk dilimizdə olan kimlik bildirən adların qoyulması bu gün görməli olduğumuz önəmli işlərdən biri sayılmalıdır. Bu isə, milli özünütanımağımızın gəlişməsinə yardım edəcək bir iş sayıla bilər. Sözsüz, bu işin görülməsində bir yavaşgəlliyin, götürqoyluğun gərəkliyi də unudulmamalı və yurddaşlarımızın ürəkləri istədikləri adları seçməkdə özgürlüklərinə də sayğı ilə yanaşılmalıdır.
Qarşınızdakı kitabı ərsəyə gətirmək üçün başlıca olaraq Türkiyə türkcəsində olan internet saytlarında yer alan adlarla bağlı çoxsaylı kitablardan yararlanmış, bundan başqa da, internetin yardımı ilə, özbək, türkmən, qazax, tatar dillərində işlənən kimlik bildirən adları da gözdən keçirmişik.
Bu kitabçada verilmiş adların, duyub-bildiyimiz yerəcən, qısa yozumlarını da vermyə çalışmışıq, bir də oxucularımızın özgürlüyünə, gözüaçıqlığına, arayıb-seçmək bacarıqlarına güvənərək, adları qadın ilə kişi adları olaraq ayırd etməmişik. Habelə, Türkcə kimlik bildirən çoxsaylı adların içindən az bir sayısını seçib ayırmış, bu seçdiklərimizi isə, bugünümüzdə işlənə biləcək adlar olaraq baxışlarınıza çatdırmışıq.

ARAZ GÜNDÜZ
18 sentyabr, 2010-cu il.

– A –

ABADAN–Bu sözün fars dilindəki “abadan” sözü ilə bağlılığı yoxdur. Aba–əski türkcədə və indi də bir sıra çağdaş türk dillərində “ana”, “bacı” kimi anlaşılmış bir sözdür, bir sıra çağdaş türk dillərində isə, bu söz “baba” kimi işlənərək, dilimizdəki “ata” sözünə uyğun gəlir. Aba–sayğılı, ulu, başçı, Abadan isə ulu bir soydan gələn kimsə anlamındadır. Mənə elə gəlir, “aba” sözünün bir sıra türkcələrdə “ana”, başqalarında “ata” anlamı daşımasının niyəsi, anaxaqanlıqdan ataxaqanlığa keçidlə bağlı ailə başçılığının anadan ataya keçməsi olmuşdur.
ABAQAN–Burada sözün ikinci yarısında dayanan “qan” sözü soykökə bağlılığı bildirir və bu ad ulu bir soydan olub, soyunun ardıcılı olan, onun ad-sanına yaraşan işlər görən kimsə anlamına gəlir.
ABAY, APAY–Aydınlıq gətirən, gur işıq saçan Ay anlamındadır. Burada ad yiyəsinin anlağı, duyğu və düşüncələri, bir sözlə bütün davranışları, qaranlıqları aydınladan Aya bənzədilir.
ABIDAN– Buradakı abı sözü, iç, könül, öpöz(ruh) anlamındadır, Abıdan isə, ürəyiaçıq, içtən(səmimi) olan kimsə deməkdir.
AÇIQGÖZ–Zirək, bilgə, uzaqgörən kimsə. Bu sözün sözdaşı(sinonimi) olan “gözüaçıq” sözü isə ərəbcədən alınmış “bəsirət” sözünün yerini bütünlüklə tuta biləcək bir sözdür.
AÇUN–Dünya anlamında olan bu söz, ad yiyəsinin dünyanın bir parçası—onun bütünlüyündən qopmuş özcüyü olmasını bildirir.
AÇUNAY–Dünya gözəli, yer üzündə ay kimi tək olan, tayı-oxşarı olmayan kimsə anlamındadır.
ADALAN–Ünlü, sayılıb-seçilən, ad-san qazanan kimsə deməkdir.
ADAN–Adına yaraşan işlər görəcək, görəcəyi yaxşı işlərlə onu sayğılandıracaq, yaşadacaq kimsə anlamındadır.
ADAY–Uğuru açıq olan, uğura yönələn, istəyinə çatacaq kimsə.
ADIAY–Görəcəyi işlərlə adını, ömrünü ay kimi aydınladacaq, parladacaq kimsə anlamındadır.
ADIBƏLLİ, ADIVAR–Gördüyü böyük işlərlə adını tanıdacaq, sayılacaq kimsə.
ADIGÜN–Adı, ömrü, gün kimi işıqlı olacaq kimsə.
ADIGÖZƏL–Yaxşı işləri ilə gözəl ad qazanacaq kimsə.
ADLAN–Görəcəyin işlərlə ad-san qazan, anlamındadır.
ADLI–Ad-san qazanan, ünlü, ömrü adının anlamına uyğun olan kimsə.
ADMAN–Yüksək soydan olan, ad-san qazanan kimsə.
ADNAN–Türk mifolojisində Uçmağın(cənnətin) yerləşdiyi göy qatına Adnan deyilir, ona görə də, bu adın yiyəsinin Adnana düşməsi dilənir, yəni yaşamda uğurlu bir ömür sürəndən sonra, öpözünün(ruhunun) Tanrı qulluğunda sayğılanaraq, sonsuz yaşaması umulur. Bu sözün: adın ilə tanınan anlamı da vardır.
ADSAY–Adına sayğı duyulan kimsə.
AFAQ, APAĞ–Ağappaq, arı, ismətli. Ad yiyəsinin ismətli olmaqla yanaşı, arınmış duyğuları, işıqlı düşüncələri olan bir kimsə olması umulur.
AFŞAR–Oğuz boylarından birinin adı olub, döyüşkən, savaşcıl anlamları vardır.
AFŞİN–Dəmirdən hörülmüş savaş geyimi. Ad yiyəsinin yaman güclərin vurğusundan qorunması umulur.
AĞALIN–Gördüyü işlərdə, geçdiyi ömür yolunda, adını arı saxlayan kimsə anlamındadır. Bu sözün “alın yazısı” inancı ilə bağlılığı da vardır və bu ad yiyəsinin uğuru açıq, ağgünlü kimsə olması umulur.
AĞASI–Ağayana, sözübütöv, mənlikli kimsə deməkdir.
AĞÇİÇƏK–Üzdən anlamı ağ çiçəkdir, dərin anlamı isə ağgünlüdür.
AĞDAN–Gündüz deməkdir. Bu söz “ağdan törəyən”, “işıqdan doğulan” anlamlarını bildirir və ad yiyəsinin ağgünlü olması umulur.
AĞDƏNİZ–Ömrü dəniz kimi geniş, dərin, su kimi duru olacaq kimsə deməkdir.
AĞGÜN–Ömrü sevinc içində keçəcək, uğurlu olacaq kimsə anlamındadır.
AĞSOY–Arı, yüksək soydan olan, soyunun adına yaraşan bir ömür sürəcək kimsə deməkdir.
AĞYOL–Ömrü uğurla keçəcək, yolu açıq olacaq kimsə. “Yolun ağarması”, bu yolun gəl-getli olması kimi anlaşıldığından, burada ad yiyəsinin, öz soyunun yüzillərcə geçdiyi yola bağlılığı da da umulur.
AKAN–Ucalan, yüksələn. Ad yiyəsinin öz yaşamında ad-sanı ilə yüksəlməsi, ucalması umulur.(Əski türkcədə “ak” sözü yuxarı, ucalıq anlamı verən bir söz olmuşdur.)
AKANAY–Adı ay kimi yüksələcək, ömrü sevinc işığına bürünəcək kimsə deməkdir.
AKAY–Ağ+Ay. Ondördgecəlik ay, yəni Ayın ən gözəl göründüyü anı, bu ad əski türklərdə xanım yerinə də işlənmişdir. Ak sözünün ucalıq bildirdiyini ansaq, onda bu adı “uca ay” kimi də yozmaq olar.
AKÇURA–Ağ+Çura. Çura əski türkcədə mələk, bir yerlərdə cin kimi də anılmışdır. Dilimizdəki “çor” sözü burdan qaynaqlanır. “Çura” sözünə qoşulmuş “ak-ağ” sözü ona yaxşılıq daşıyıcısı anlamı caladığından, ad yiyəsinin könlündə ancaq gözəl duyğuların yer tutması, əlindən ancaq yaxşı işlərin gəlməsi umulur.
AKIN–Ozan, aşıq, şair.
AKINAY–Əski türkcədə xanım ozan anlamında işlənmişdir.
AKMARAL–Ağ+Maral. Bu bir mifik obraz olmaqla: Maral kimi yaraşıqlı olan, habelə ağgünlü olacaq kimsəni bildirir.
ALÇIN–Əski türkcədə şahin anlamında olan bu söz, bugünkü dilimizdə “alıcı quş” kimi işlənməkdədir. Məncə, “alıcı quş” anlamında işlənən “laçın” adı da bu sözün sonradan yanlışa uğramış biçimidir.
ALÇİÇƏK–Al+Çiçək. Al-qırmızı boyanın bayram, sevinc və sağlamlıq bildirməsinə görə, ad yiyəsinin də ömrünün sevinclər, yaxşılıqlar və sağlıqlar içində keçməsi(çiçək kimi açması) umulur.
ALDƏMİR–Odda qızarıb bərkimiş dəmir deməkdir, ad yiyəsinin yaşam sınaqlarında bərkiməsi, onlardan uğurla çıxması umulur.
ALGÜN–Ömrü-günü sevinclə keçəcək kimsə deməkdir.
ALMAS–Sevimli, ürəyəyatan, nazlı anlamındadır.
ALMAZ–Yaman güclərdən qorunmuş, pisliklərə yoluxmayan.
ALOV–Ocağın odu. Qızlara verilən bu adla ocaq yandıracaq, gəldiyi evə işıq-istilik gətirəcək, bir də “od-alov” kimi zirəklik göstərəcək kimsə anlaşılır.
ALP–İgidlik, bilgəlik, ərdəmlik. Çox yerlərdə igidlərin artıq daşımaqda olduğu adlarının önünə qoşulan bu ad, görünür, igidliyi ilə çox seçilən kimsələrə verilən bir titul olmuşdur.
ALPARSLAN, ALPASLAN–Alp+Arslan. Arslan(aslan) kimi qorxmaz, ürəkli, döyüşkən igid anlamındadır.
ALPAY–Ay kimi işıqlı, aydın, bilikli igid.
ALPBİLGƏ–İgidliklə yanaşı bilgəliyi(müdrikliyi) də olan kimsə.
ALPƏR–İgid döyüşçü, igidlər igidi olan kimsə.
ALPƏRƏN–Alp+Ərən. İgidliyi ilə yanaşı, inanclı, yüksək mənlikli olan kimsə anlamındadır.
ALPƏRTUNQA–“Şahnamədə” Əfrasiyab kimi anılan əski türk xaqanının adıdır. Adının yozumu: tunqa(pələng) kimi çevik, qorxmaz olan, öndər igid döyüşçü anlamına gəlir.
ALPOĞUZ–Oquz igidi. Ad yiyəsinin igidliyinin qaynağının bir də onun doğulduğu Oğuz soyuna bağlı olduğu anılır.
ALPTƏKİN–İgid xaqan oğlu, yüksək soylu igid.
ALPTOĞRUL–Alp+Toğrul. 1.Qartal baxışlı, ad-sanı göylərə ucalan igid. 2.Adını igidliyi ilə doğruldacaq kimsə.
ALPTURAN–Turanlı, Türk soyundan olan igid. Turan, çox əski çağlarda türklərin yaşadığı torpaqlarda qurulmuş dövlətlərə verilən ümumi, biraz da mifik addır. Alp+turan adını, alplığı duracaq, anılacaq igid kimi də yozmaq olar.
ALPTÜRK–İgid, qoçaq türk anlamındadır. Burada ad yiyəsinin igidliyinin onun Türk soyuna bağlılığından qaynaqlandığı da gözə çarpdırılır.
ALPUCA–İgidliyi ilə ucalan, ad-san qazanan kimsə.
ALPUĞUR–Uğur qazanacaq, diləklərinə çatacaq igid.
ALQIŞ–Alqış sözü əski türklərdə hansısa görülən yaxşı işi öymək, eləcə də sağlamlıq, yaxşılıq, uğur diləmək üçün işlənmişdir. Görünür, bu ad yiyəsinin də öz soyunun başını ucaldacağı, ona alqışlar qazandıracağı umulur.
ALSU–Burada “su” sözü əski türkcədə görkəm anlamını verən “suy”, “suyum” sözündəndir. Bu ad, “alyanaqlı”, yəni gözəl, sağlam kimsə anlamındadır.
ALTAN, ALDAN–Günəşin doğan anına deyilir. Bu ad yiyəsinin doğulması, yaşama dirilik gətirən, insanların gözünə işıq verən, habelə insanın bütün işlərinə yarayan Günəşin doğmasına bənzədilir.
ALTAY–Türklərin əski ana yurdu olmuş dağlıq yer. Meşəli dağlar, altın dağlar, qutsal dağlar anlamlarına yozulur.

Açııqlama: Aşağıda altın, yəni qızılla bağlı olan adlara baxanda, qızılın çox uzunömürlü, çürüməyən, solmayan olması, ona insanlar arasında çox yüksək dəyər verilməsi kimi özəllikləri göz önündə tutulur.

ALTIN, ALTUN–Bəlli olduğu kimi bütün türk dillərində, o sıradan bizim türkcədə də, qızıla altın(altun) deyilmişdir. Məncə, sonradan dilimizdə altına qızıl deyilməsi əski türkcəmizdə bahalı anlamı verən “qızlı” sözü ilə bağlıdır. Beləliklə də, Altın adı verilən kimsənin öz adı ilə biraz öncə qızılın özəllikləri ilə bağlı sadaladığımız dəyərlərin daşıyıcısı olacağı umulur.
ALTINARI–Qatışıqsız, arınmış qızıl anlamındadır.
ALTINAY–Qızılı ay. Qızıl kimi dəyərli, ay kimi işıqlı olan özəllikləri ilə tanınacaq kimsə anlaşılır.
ALTINÇİÇƏK–Qızılı(işıqlı sarı) boyalı çiçək. Bizcə bu ad Türk mifolojisində üzləşilən “solmayan çicəkdən” qaynaqlanmışdır. Ad yiyəsinin solmayan, unudulmayan bir ad-sanının olması umulur.
ALTINDAĞ–Altın(Qızıl)+Dağ. Altın kimi dəyərli, dağ kimi uca olan kimsə anlaşılır.
ALTINEL–El sözü əski türkcədə bizim indi işlətdiyimizdən ayrı bir anlam daşımış, dövlət bildirən bir söz olmuşdur. Beləliklə də, Altınel uca bir dövlətin yurddaşı anlamındadır.
ALTINƏR–Qızıl kimi dəyərli, ad-sanı solmayacaq bir igid anlamındadır.
ALTUNC–Al-qırmızı anlamındadır, dərin anlamı isə, ad-sanlı, sağlam, güclü kimsə deməkdir.
ANAR–Soyunu ad-sanını yaşadacaq, unutmayacaq kimsə deməkdir.
ANDA–Andını bərk tutan, andından dönməyən kimsə deməkdir. Əski türklərdə Anda—andlaşıb qardaş olan kimsələrə deyilmişdir.
ANDAÇ, ANDAC–Unudulmaz ərməğan, yadigar, xatirə üçün verilmiş nəsnə deməkdir. Ad yiyəsinin doğulmasının öz soyuna, ocağına verilmiş ərməğan olması sanılır, onun ömründə öz soyu-ocağı üçün böyük, dəyərli, unudulmayacaq işlər görməsi umulur.
ANIL–Unudulmayasan, gördüyün işlərə görə adın anılsın anlamındadır.
ANILAR–Yaşamda görəcəyi böyük işlərlə ad-san qazanacaq, sağlığında da, dünyadan köçəndən sonra da, ad-sanı unudulmayacaq, anılacaq kimsə anlamındadır.
APAYDIN—Çox ayıq, bilikli olmaqla yanaşı, ürəyiaçıq, içtən(səmimi) olan kimsə deməkdir.
AQŞİN–Üzdən anlamı ağdərili deməkdir, dərin anlamı isə yüksək soydan olan, düzlüyə qulluq edən, uğura çatan deməkdir.
ARAS, ARAZ–Uğuru açıq olacaq, ağgünlü ömür sürəcək kimsə deməkdir.
ARDA–Soyunu yaşadacaq, soyunun ardıcılı olacaq kimsə anlamındadır.
ARDIÇ, ARDIC–Davamçı, varis, xələf. Ad yiyəsinin, soyunun, ocağının yüksək dəyərlərinə bağlı olacaq, onları öz ömür yolu ilə doğruldacaq kimsə olması umulur.
ARIÇ, ARIC–Barış yaradan anlamındadır. Dilimizdə, savaşanlara “araçılıq-harayçılıq” edən kimsə kimi anılan bu sözü ad kimi daşıyacaq kimsənin, insanlar arasında dincliyə, bapışa yarayan işlər görməsi umulur.
ARIN–Arınıb-durulmuş, saf, tər-təmiz. Ad yiyəsinin öz ömründə yamanlıqlara uymaması, yaxşılqlara qoşulması umulur.
ARIQAN—Yüksək, arı(təmiz) soydan olan kimsə deməkdir.
ARKIN–Toxdaq, gördüyü işlərdə götür-qoylu olan kimsə anlamındadır.
ARSLAN–İndi aslan kimi işlətdiyimiz söz əskilərdə belə səslənmişdir; ad yiyəsinin döyüşkən, qorxmaz, ürəkli olması umulur.
ASLAN–Bundan öncə verilmiş yozuma baxa bilərsiniz.
AŞQIN–Aşıb-daşan anlamındadır, bu adı daşıyacaq kimsənin, bütün ömrü boyu ən böyük, ən yaxşı işlərdə hamıdan irəlidə olması umulur.
ATATÜRK–Çağdaş Türk Cümhuriyyətinin qurucusu. Türkün başçısı, ağsaqqalı, yolgöstərəni anlamındadır.
ATALAY(ATİLLA)–Ad almış, ad-san qazanmış anlamındadır. Avropada bugünə kimi də “Tanrının qırmancı”, “göylərin acığı” ayamaları ilə anılan adlı-sanlı Hun xaqanı Atillanın adının da Atalay olduğu, sonradan yanlışa uğrayaraq Atilla kimi işləndiyi deyilir.
AVUNC, OVUNC–Ovunduran, təsəlli verən, arxa duran, ürəyiyumşaq kimsə deməkdir.

AÇIQLAMA: Ay sözü Türk dilində olan adların yaranmasında çox işləndiyindən, burada ulu babalarımızın ayla bağlı düşüncələrini anmağa dəyər. Ayın aydınlığı—qaranlığı işıqlandırması; Ayın qızılı-sarı boyası—qızıl rəngində olması; Ayın öz bütünlüyünə çatanda gümüş boyalı olub, sevinc, uğur bildirən ağ boyanı andırması; Ayın göydə ucalması—ucalarda dayanması; Ayın təqvimin yaranmasında yeri: günün, ayın, ilin aya bağlanan çevrilmələrindən, dönmələrindən insanların vaxtı ölçmək üçün yararlanması kimi özəllikləri əski türklərin inanclarında Ayın çox önəmli bir yer tutmasına, ona insan ömrü ilə bağlı anlamlar qoşulmasına gətirib çıxarmışdır. Ona görə də, biraz sonra göstərəcəyimiz adlarda üzləşəcəyiniz Ay sözünün, yerinə görə hansı anlamı daşıdığını indicə dediyimiz sözləri anmaqla araşdıra bilərsiniz.

AYALP–Ay kimi işıq saçan yaxşı işlər görməklə ad-san qazanmış, ucalmış igid anlamındadır.
AYAZ–Ay işığı; soyuq, aydınlıq gecə anlamlarında işlənir. Bu ad yiyəsinin, ay işığının qaranlıqları yardığı kimi, yaşamda olan pislikləri qovan, onlarla döyüşən, toplumu aydınlığa qovuşduran bir kimsə olması umulur.
AYBAXIŞ–Yaşama(həyata) olan baxışları aydın, işıqlı, dərinliklərə işləyən kimsə deməkdir.
AYBƏNİZ–Ay üzlü. Ay kimi gözəl, sevincdən üzü gülən kimsə deməkdir.
AYBƏYİM–Ay kimi gözəl, yaraşıqlı xanım anlamındadır.
AYBİKƏ–Ay kimi gözəl, yaraşıqlı qız deməkdir.
AYBİLGƏ–Ay kimi aydın, işıqlı anlaq yiyəsi olan bilgə(müdrik) kimsə deməkdir.
AYBUDAQ–Ay kimi aydın, işıqlı, uca bir soyun ardıcılı olan kimsə anlamındadır.
AYBULAQ–Ay+Bulaq. Əski türkcədə bulaq sözü, pay, sovqat, ərməğan anlamlarında işlənmişdir. Bu adı daşıyacaq kimsə burada ayın verdiyi “paya” oxşadılır, yəni onun, düşüncələrinin işıqlı olması, görəcəyi işlərin insanları uğura-aydınlığa çıxarması umulur.
AYÇAĞLA–Ay şəlaləsi anlamını verən bu sözlə, ad yiyəsinin ömründə işıqlı—sevincli günlərin çox olması, ayın gur işığı kimi aydın, parlaq düşüncələrinin, yaxşı işlərinin bol olması umulur.
AYÇAĞRI–Ay+Çağrı(çağırış, dəvət). Ayın “çağırdığı”—“istədiyi” kimi, düşüncələri, duyğuları aydın, görəcəyi işlər yaxşı olacaq kimsə deməkdir.
AYÇİÇƏK–Ay kimi—sarı-qızılı, parlaq, solmayan, yaşarı bir çiçək, yəni düşüncələri insanların baxışlarını aydınladacaq, görəcəyi işlər çiçək ətirli oacaq kimsədən söz açılır.(Bir sıra türk dillərində, görkəmcə aya oxşarlığına görə, Günəbaxanı da belə adlandırırlar.)
AYDA–Aya bənzər, ay kimi.
AYDAN–Ay parçası.
AYDANARI–Ay kimi arı, saf, təmiz.
AYDƏNİZ–Ay işığı ilə aydınlanmış dəniz anlamındadır.
AYDIN–İşıqlı düşüncələri olan, oxumuş, bilikli kimsə.
AYDINAY–Ömrün, görəcəyin işlər, ay kimi işıqlı olsun anlamındadır.
AYDOĞDU–Aydan doğulmuş, ayparçası.
AYDOLU–14 gecəlik ay, ayın ən bütün, ən gözəl olan çağı.
AYDURA–Gördüyü işlərlə ay kimi işıq saçacaq, uzun ömürlü olacaq kimsə.
AYGÜN–Ay+Gün. Ad yiyəsinin özünün ay kimi gözəl, yaraşıqlı olması, ömrünün gün kimi işıqlı–ağgünlü olması umulur.
AYXAN–Ay+Xan(xaqan) Türk mifolojisində Oğuz xanın oğullarından biridir. Ay kimi işıq saçan el başçısı deməkdir.
AYXAQAN–Ay kimi işıqlı, aydın, parlaq kimliyi olan xaqan, el başçısı.
AYXATUN–Ay kimi gözəl, yaraşıqlı olan xanım.
AYIRD–Özünün yaxşı işləri ilə seçilən, ayrılan kimsə.
AYYILDIZ–Ay+Yıldız(ulduz). Ad yiyəsinin ay kimi işıqlı, parlaq, ulduz kimi çox uca özəlliklərinin olması umulur.
AYKÖNÜL–Ay kimi işıqlı könlü, gözəl duyğuları olan kimsə.
AYLA–Ay haləsi, ayın yörəsində yaranan yaraşıqlı-işıqlı çevrə. Ad yiyəsinin görkəmcə, anlaqca, duyğuca ayla(ay haləsi) kimi gözəl, gördüyü işlərin isə, könüloxşayan, işıqlı olması umulur.
AYLAN–Ay kimi ol.
AYLI–Aydan gəlmiş.
AYMAN–Aya bənzər, ay kimi olan.
AYMARAL–Ay kimi işıqlı, maral kimi yaraşıqlı.
AYSAN–1. Sən ay kimisən. 2. Adı-sanı ay kimi ucalan, işıq saçan.
AYSEL, AYSELİ–Ay kimi gur, parlaq, işıq saçan.
AYSÖNMƏZ–Ay kimi parlaq, işığı sönməyən.
AYSU, AYSULU–Ay+Su{lu}. Burada “su” əski türkcədə görkəm anlamını verən sözdür. Ona görə də bu ad ay görkəmli anlamındadır.
AYTEL–Ayın saçağı(teli)—şüası.
AYTƏK–Ay kimi.
AYTƏKİN–Düzgün anlamı ay kimi parlaq xaqan oğlu deməkdir, ancaq sonradan “ay təki”, yəni “aya oxşayan” kimi anlaşılmağa başlamışdır.
AYTUNC–Ay+Tunc. Ad yiyəsinin ömrünün ay kimi işıqlı, tunc kimi bərk olması umulur.
AYTÜRK–Ay+Türk. Özü türk olaraq, gördüyü işlər yaxşı, aydın(işıqlı) olan kimsə.
AYUCA–Ay kimi işıqlı, ad-sanı ucalacaq kimsə.
AYUĞUR–Ay kimi ucalacaq, aydın işləri ilə ömür sürəcək, uğur qazanacaq kimsə.
AYUMAR–Diləkləri, istəkləri, duyğuları ay kimi işıqlı olan kimsə.
AYÜN–Əski türklər xaqanın anasını belə çağırıdılar. Ay kimi tanınmış, işıqlı anlamındadır.
AYÜZ–Üzü ay kimi işıqlı, yaraşıqlı.
AZRAQ–Çox az tapılan, nadir.

– B –

BAHADIR–Kökü monqolca olub, türklərin də işlətdiyi, igid anlamını verən bir sözdür.
BALQIZ–Özü-sözü bal kimi, dadlı qız.
BAMSI–Yüksək, ulu, şaman anlamlarındadır.
BAŞAR–Yaşamda bacarıqlı, zirək ol anlamındadır.
BAŞTÜRK–Türkün başçılarından, yolgöstərənlərindən olması umulan kimsə.
BAYANDIR, BAYINDIR–1.Yaxşılıq edən. 2.Böyük vəzifə tutan dövlət adamı.
BAYAT–1.Keçmiş. 2. Varlı. 3. Əski Türklərdə Tanrının adlarından biri.
BAYCAN–Varlı, zəngin kimsə.
BAYXAN–Varlı, güclü el başçısı.
BAYIN–Yaraşıqlı.
BAYLA–Varlı, yaxşı dolanışıqlı ol anlamındadır.
BAYLAN–Ürəyə yatımlı, göz oxşayan, nazlı.
BAYRAM–Sevincli, önəmli günlər.
BAYRI–Sonrasız, əski(qədim). Ad yiyəsinin şox ulu bir soydan olması anılır.
BAYSAN–Yaraşıqlı, yapışıqlı.
BEYLƏM–Çiçək toplusu, dəmət, buket.
BEYRƏK–Bəy oğlu, adlı-sanlı soydan olan kimsə.
BƏKDÜZ–Bu ad “bəy” ilə “düz” sözlərinin birləşməsindən yaranıb, düzlük yolçusu olan el başçısı anlamındadır. Dədəm Qorqudun Kitabındakı ərənlərdən birinin adı Bəkdüz Əməndir.
BƏYASLAN, BƏYARSLAN–Aslan kimi igid, ürəkli, qorxmaz bəy, el başçısı.
BƏYİM–Sayğılı xanım, bəy sözünün qadınlar üçün işlənən qarşılığı.
BƏYTÜRK–Türk bəyi, türkün seçiləni, sayılanı, başçılarından olan kimsə.
BİKƏ–1.Gənc qız. 2.Mifik obraz olan əjdəha anlamında da işlənmişdir.
BİLCƏK–Yaddaş, hafizə. Bu adı daşıyacaq kimsənin öz soyunu, ulularını unutmayacağı umulur.
BİLƏR–Ad yiyəsinin yaşamda düz yol tapa bilməsi, uğur qazanması umulur.
BİLGƏ–Müdrik, bilikli, uzaqgörən, filosof.
BİLGƏTÜRK–Bilikli, bacarıqlı, müdrik türk.
BİLGİN–Çox bilikli, ağıllı kimsə.
BİRAND–Andının üstündə duran, sözübütöv kimsə.
BİRAY–Ay kimi tək, bənzərsiz olan kimsə.
BİRCƏ–Tayı-oxşarı olmayan, işi-gücü, anlağı ilə seçilən, ayrılan kimsə.
BİRÇİÇƏK–Az tapılan çiçək, ya da çiçəklə bir olan anlamlarındadır.
BİROL–Bütün işlərində seçil, birincilik qazan, üstün ol.
BÖYÜK–Böyük işlər görəcək, yüksək görəvlər qazanacaq kimsə.
BUDAQ–Soyunun ardıcılı olacaq kimsə anlamındadır.
BULAQ–1.Su qaynağı. 2. Bu söz əski türkcədə pay, sovqat anlamlarında da işlənmişdir.
BULUD–Bulud kimi dolu ol, yağışınla arılıq(təmizlik) yarat, torpağa bolluq gətir anlamlarını bildirməklə, ad yiyəsinin soyuna, ulusuna gərəkli işlər görməsi, özü də bu işlərin “yağış kimi yağması”, yəni çox olması umulur.
BURLA–Üzüm salxımı. Qadınlara verilən bu adla onların üzüm salxımı kimi yaraşıqlı olması anılır, bununla yanaşı olaraq, üzüm tənəyi sayaq artıb-törəyən, oğullu-uşaqlı olması umulur.
BÜTÜN–1.Xalq, millət anlamındadır. 2.Sözündə, işində bütöv olan kimsə.

– C –

CEYHUN–Əski türkcədə güclü kişi anlamındadır.
COŞQUN–Coşub-daşan, dəliqanlı, gördüyü bütün işlərdə irəliyə cuman kimsə.

– Ç –

ÇAĞATAY–1.Öz çağının adlı-sanlısı, irəli gedəni. 2.Əski türk boylarından biri.
ÇAĞAN–İldırım anlamındadır, bu adın yiyəsinin görəcəyi işlərin toplumda, yaxşı anlamda, gurultu qoparacağı, onu işıqladacağı umulur. Bundan başqa da, ad yiyəsinin qoşulacağı savaşlarda kəskin, tüküpərdən bir igid olması da umulur.
ÇAĞLAYAN, ÇAĞLAR–Şəlalə deməkdir. Bu adı daşıyacaq kimsənin şəlalə kimi çağlayan bir sevinc içində ömür-gün sürməsi umulur.
ÇAĞRI–Dəvət, çağırış. Soydaşlarını öz ardınca yaxşılıqlara, böyük işlərə cağıran, aparan kimsə anlamındadır.
ÇELİK–Suya verilib bərkidilmiş dəmirə deyilmişdir, qatı, güclü, kəskin anlamlarındadır. Yaşam sınaqlarında bərkimiş, yetkinləşmiş kimsə anlamındadır.
ÇƏLƏBİ–Əski türkcədəki Tanrı adlarından biridir, “Ulu Ruh” anlamını verən “Çalap” sözündən törəmişdir. Ad yiyəsinin Tanrıya bağlı, Onun sevimlisi olması anlamındadır.
ÇİÇƏK–Gül, çiçək—gördüyü gözəl işlərdən “çiçək qoxusu” gələn, görkəmcə çiçək tək yaraşıqlı olan kimsə anlamındadır.
ÇİLƏN–Şeh, jalə,–gecənin sərinliyindən çiçəklərin, otların üzərinə qonub, göz oxşayan su damlası. Ad yiyəsinin təbiətlə bağlı olan yaraşığa oxşadılması ilə, onun görkəmcə də, könülcə də, gözəl duyğular qaynağı olması umulur.
ÇİLƏNAY–Çilən+Ay. Ay işığında parlayan, göz-könül oxşayan şeh damlası kimi anlaşılır.
ÇİNAR–Bəlli ağacın adı—gözəl, yaraşıqlı, boy-buxunlu kimsə anlamlarındadır.
ÇİNGİZ–Bərk, qayım, sınmaz, bir sözlə igid kişi anlamlarındadır. Bir sıra qaynaqlarda dəniz anlamında da işlənmişdir.

– D –

DAĞALP–Dağ kimi uca, ad-sanlı igid.
DAĞTƏKİN–Dağ kimi ağır, uca xaqan oğlu.
DALĞA–Dalğanın küləkdən coşan suyun qabarması olduğu anılaraq, ad yiyəsinin ömrünün su kimi saf, bir də coşqun olması umulur.
DAMLA–Soyundan gələn, soyunun özcüyü(zərrəsi) olan kimsə.
DANULDUZ–Səhərə yaxın doğan, əski çağlarda yolçuların yolu azmamaq üçün baxdıqları ən parlaq ulduz. Ad yiyəsinin öz ömründə başqalarına yol göstərən bilgə bir kimsə olması umulur.
DANYELİ–Dan üzü ağaranda əsən, könül oxşayan ılıq külək. Ad yiyəsinin öz iş-gücü ilə könül oxşaması, insanlara sevinc, dinclik gətirməsi umulur.
DAŞQIN–Dəliqanlı, qızğın, gördüyü işlərdə aşıb-daşan bir güclə çalışan kimsə.
DAYAQ–Dayaq, arxa olan kimsə.
DƏMİR–Dəmir kimi bərk, kəskin, yaşam sınaqlarında sınmayan kimsə. Dəmir bir metal olaraq, Türklərin yaşamında çox-çox əskilərdən yer tutmuşdur. Əski Çin qaynaqlarında türklərə “dəmirçi xalq” deyilməsinə arxalanaraq, Türklərin dəmiri ilk olaraq tapan, işlədən xalqlar içində birincilərdən olduğunu demək olar. Böyük tarixçi L. N. Qumilyov araşdırmalarında, türklərin keyfiyyətcə indi yüksək texnologiya ilə alınan dəmirə çox yaxın olan dəmir əritdiklərini yazır.
DƏMİRALP–Dəmir+Alp. Dəmir kimi bərk, sağlam, güclü, sınaqlarda sınmayan igid.
DƏMİRDAĞ, DƏMİRQAYA–Dəmir kimi bərk, dağ-qaya kimi uca anlamındadır.
DƏMİRDAŞ, DAŞDƏMİR–Daş kimi, dəmir kimi bərk, sınmaz olan kimsə.
DƏMİRDƏN–Dəmir parçası.
DƏMİRƏL–Çox güclü, savaşlarda yenilməyən igid.
DƏMİRGÜC–Dəmir kimi bərk, sınmaz, çox güclü olan kimsə.
DƏMİRQAN–Yüksək, sağlam, güclü soydan olan kimsə.
DƏMİRTAY–Dəmir kimi bərk, kəskin sınmaz olan kimsə.
DƏMİRTÜRK–Dəmir kimi bərk, sınmaz, kəskin türk oğlu. Ad yiyəsinin kimliyində yer tutan bu özəlliklərin kökündə onun türk olmasının dayandığı gözə çarpdırılır.
DƏNİZ–Dəniz kimi arı, sonsuz, bolluq qaynağı. Ad yiyəsinin ərdəmli bir kimsə olaraq, ömrünün uzun sürəcəyi, görəcəyi yaxşı işlərlə dop-dolu olacağı umulur.
DƏRİN–Ad yiyəsinin dərin anlaq yiyəsi, bilgə və duyğulu bir kimsə olması umulur.
DİLƏK–Könül istəkləri, uğurlu gələcəklə bağlı umacaqlar anılır. Ad yiyəsinin diləklərinə çatması, sevinclərlə, uğurlarla dolu bir ömür sürməsi umulur.
DİNLƏR–Ədəbli, tərbiyəli, ərdəmli kimsə.
DİRİM–Təbiət anlamındadır, ad yiyəsinin uzunömürlü olması, ömrünün gözəlliklərlə dolub daşması umulur.
DİRSƏ–Deyərsə, danışarsa, anlamında olub, ad yiyəsinin sözünün yerini bilən, yerində danışan kimsə olduğunu bildirir.
DOĞRU–Düzlüyü sevən, onu qoruyan, uğrunda savaşan kimsə.
DOĞRUL–Doğru ol, doğruluq üçün çalışmaqla ucal, ad qazan.
DOLĞUN–Kamil, ərdəmli, bütün bir kimsə.
DOLUNAY–Ondörd gecəlik ay, bütöv ay. Bu çağında ay sarı yox, ağ-gümüşü boyada görünür, dilimizdə qadın gözəlliyini ən çox ondörd gecəlik ayla tutuşdururlar.
DÖNMƏZ–Sınaqlardan, ağırlıqlardan, döyüşlərdən çəkilməyən, tutduğu yoldan dönməyən kimsə.
DURNA–Yaraşıqlı köçəri quş. Qızlara verilən bu adla onların gözəl olması umulur və başqa ocağa gəlin olaraq köçüb gedəcəyi də anılır.
DURUL–Düşüncəsi, könlü, amacı aydan arı, sudan duru olacaq, sevincli bir ömür sürəcək kimsə.
DURUQAN–Yüksək, ərdəmliyi ilə seçilən bir soydan törəyən, qazandığı uğurların sevincləri içində ömür sürəcək kimsə
DUYAR, DUYAN, DUYAL–Həssas, duyğulu, istiqanlı, mehriban, ürəyiyuxa, habelə başqa bu kimi üstünlükləri ilə seçilən kimsə.
DUYĞU–Hiss, duyğu. Ad yiyəsinin görkəmi, görəcəyi işləri ilə gözəl duyğular qaynağı olması umulur.
DÜZƏN, DÜZÜN–Toplumu yönəldən qanunlar, nizamlar. Ad yiyəsinin toplumun düzən içində yaşaması üçün, düzlüyün, doğruluğun qorunması üçün çalışan bir kimsə olması umulur
DÜZGÜN–Düz yol tutan, düzgün amaca(məqsədə) yönələn kimsə.
DÜZÜM–1.Sıra. 2.Səliqə. Ad yiyəsinin ömründə qazandığı uğurlarının sıralanması, bunlara yönəlməsində, çatmasında toxdaq, götürqoylu bir kimsə olması umulur.

– E –

ECEVİT–Çalışqan, diribaş, zirək kimsə.
ELARSLAN, ELASLAN–Elinin aslanı. El(dövlət) yolunda qorxub çəkinmədən çalışıb-vuruşan kimsə.
ELAYDIN–Görəcəyi işləri ilə yurdunu uğura çatdıracaq, aydınlığa çıxaracaq kimsə.
ELBƏY, ELBƏYİ–Əski tüklərdə “İlbəyi” deyilən vali, qubernator görəvinin adından yaranmış, elin başçısı anlamındadır.
ELBƏZƏK–Göz oxşayan işi-gücü ilə elini sevindirən kimsə.
ELBİKƏ–Elinin ünlü qızı, elinin törəsinə, düzəninə uyğun yaşayan xanım qız.
ELBİR–Eli üçün çalışan, elinin yanında olan kimsə.
ELÇİBƏY–Xalqının sözünü deyən, xalqının haqqı üçün çalışan kimsə.
ELÇİN–Eldən görəv almış, dövlət görəvlisi. Dərin anlamı, elin inandığı, öz gərəkli işlərini tapşırdığı kimsə.
ELDƏMİR–Dəmir kimi bərk, sınmaz bir elin oğlu.
ELDƏNİZ–Elinin dəniz kimi böyüklüyünə, su kimi arılığına güvənən kimsə.
ELDÜZ–Yurduna ürəkdən bağlı olan, elinə doğru-düzgün qulluq edən kimsə.
ELDÜZƏN–Elinin düzən(qayda-qanun) üzrə yaşamasına çalışan, bu düzənlərə sayğı göstərən kimsə.
ELGÜN–Elin içindən çıxan, elinin yanında olan kimsə.
ELXAN–Elin xanı, başçısı, hakimi.
ELKİN–Elinin yolunda olan, el üçün çalışan kimsə.
ELMAN–Əski türkcədə elin adamı anlamını verən bu adın yiyəsinin elinə ürəkdən bağlı olan, onun üçün çalışan bir kimsə olması umulur.
ELMAR–Əski türkcədə “mar” sözünün təpə, baş anlamını verdiyini bilərək, bu adı “elin başçısı” kimi yozmaq olar.
ELQAYA–Gördüyü işlərlə elin gözündə ucalan kimsə.
ELSEVƏR–Elini sevən, onun yolunda əməyini əsirgəməyən kimsə.
ELŞAD–Bu adı yanlış olaraq “elin şadlığı” kimi yozurlar. “Şad” əski türklərdə xaqandan sonra gələn çox yüksək bir görəv(vəzifə) olmuşdur. Bu ad elin yüksək görəvlisi, say-seçmə adamı kimi anlaşılmalıdır.
ELTƏBƏR–Buradakı “təbər” sözü əski türkcədə, bizim indi “tapar” kimi anladığımız sözdür. Ad yiyəsinin öz elinə tapınan, onun yolunda çalışıb-vuruşan bir kimsə olması umulur.
ELTƏKİN–Ulu, yüksək, ünlü bir elin oğlu anlamını verən bu adın dar anlamı “elin prinsi” deməkdir.
ELTƏR, ELDƏR–Buradakı “tər”, “dər” sözləri, əski türkcədə toplamaq, yığmaq(dərmək) kimi anlaşılmışdır. Ad yiyəsinin öz elinin başçısı olaraq, elinin birliyi, bütövlüyü üçün çalışması umulur.
ELUCA–Uca bir soydan olub, öz soyunun, elinin adını uca tutan, ucaldan kimsə.
EMEN, ƏMƏN–1.Könül, ruh, can. 2.Bir sıra türk boylarında Palıd ağacına da “emen” deyilir.
EMRƏ, ƏMRƏ, İMRƏ–1.Bəylərbəyi. 2.Aşıq, dərviş, şair, duyğulu, düşüncəli.
ENGİN–Üfüq, genişlik. Ad yiyəsinin uzun, önəmli, uğurlarla dolu bir ömür sürməsi umulur.
ERİM–Yunancadakı “evrika” sözünə oxşar olub, muştuluq, müjdə, kəşf anlamımdadır; ad yiyəsinin doğuluşunun eli-obası üçün müjdə olması anılır, sürəcəyi ömrün uğurlarla, sevinclərlə dolu olması umulur.
ERKİN–Asılı olmayan, boyun əyməyən, özgür kimsə.
EVREN–Kainat, kosmos. Ad yiyəsinin kainatın bütünlüyündə yer tutan özçük(zərrə) olması anılır.
EYBƏK–Eyi+Bəy. Yaxşı işləri ilə ad-san qazanmış el başçısı.
EYLƏM–Çalışqan olmaqla yanaşı, ürəyə yatımlı, etkiləyici işlər yiyəsi olan kimsə.
EYMƏN–Ürəyiyuxa, əldəntutan, yardımsevər kimsə.

– Ə –

ƏLÇİM–Çiçək tutumu(dəstəsi). Çiçək tutumu kimi gözəl görünüşü olan, görəcəyi yaxşı işlərdən “çiçək qoxusu” gələn kimsə.
ƏRALP-m –İgid, ərdəmli, hünərli olan kimsə. Bu adı igidlər igidi kimi də yozmaq olar.
ƏRARSLAN, ƏRASLAN–Aslan kimi qorxmaz, ürəkli döyüşçü, igid.
ƏRAYDIN–Aydın başlı, işıqlı düşüncəli igid. Bu adın böyük bilim adamı kimi də yozumu vardır.
ƏRDƏM–Namus, yaxşı özəllik, hünər, mənəvilik anlamları vardır.
ƏRDƏNİZ–İgidliyi, ad-sanı dəniz kimi ucsuz-bucaqsız, tükənməz; Amacı(məqsədi) su kimi arı olan kimsə.
ƏRDOĞAN–İgid doğulmuş. Yaşamda igidlik göstərib ad-san qazanacaq kimsə.
ƏRDOĞRU–Doğruluğu, düzgünlüyü ilə ad çıxarmış igid.
ƏRDÜZ–Bundan öncəki yoruma baxın.
ƏRƏN–Olqun(kamil), bağımsız, Tanrıya tapınmış(mömin) kimsə.
ƏRƏNTÜRK, ƏRTÜRK–İgid, tabqılı(vicdanlı) türk, bütün dəyərli özəllikləri, yaxşılıqları Türk soyundan olmasından, Türk törəsinə uyğun yaşamasından qaynaqlanan kimsə.
ƏRGÜN–Ürəyiyumşaq, istiqanlı, qılıqlı kimsə.
ƏRHUN–Adlı-sanlı hun igidi.
ERK, ƏRK–Güclü, bağımsız, içtən(səmimi) kimsə.
ƏRKİN, ERKİN–Bağımsız, asılılıq tanımayan, toplumdakı yaman güclərə baş əyməyən kimsə.
ƏROĞUZ–Oquzun igidi. Oğuz soyundan olmasına, soyunun gələnəklərinə bağlılığına görə ad- san qazanmış igid kimsə.
ƏROL–Ad yiyəsinin ömründə görəcəyi işlərlə igidlik ad-sanı qazanması umulur.
ƏRSAN–Ad yiyəsinin öz ömründə igid kimi ad çıxaracağına inam bəslənir.
ƏRSAYIN–Sayğılı igid. Bundan öncə verilmiş yozuma baxa bilərsiniz.
ƏRSOY–İgid soydan olan. Soyunun gələnəklərinə uyğun olaraq yaşayıb, adlı-sanlı igid olacaq kimsə.
ƏRTOĞRUL–Yaşamda ad-sanını yüksəldəcək, doğruldacaq igid.
ƏRTUNC–Tunc kimi parlaq, sınmaz igid.
ƏRTUNQA–Ər+Tunqa(qaplan, pələng). Pələng kimi çevik, qorxmaz bir igid.
ƏRTURAN–1.Turan ölkəsinin igidi. 2. İgidliyi ilə qazandığı ad-sanı yaşayacaq(duracaq) kimsə.
ƏRÜRƏK–Qorxmaz, ürəkli, sınaqlardan sarsılmayan igid.
ƏRÜZ, ARUZ–Görkəmi də, işdəkləri də, igidə yaraşan kimsə.
ƏRYILMAZ–Dönməz, dayanıqlı, geriyə çəkilməz, sarsılmaz igid.

– G –

GƏNCALP–Gənc+Alp. Gənc, Yurd sevgisi aşıb-daşan, elinin yolunda çalışıb-vuruşmağa ürəyi atlanan, adlı-sanlı igid.
GƏNCAY–Gənc+Ay. Yeni doğmuş Ay kimi, adı-sanı get-gedə artacaq, bütün eli bürüyəcək kimsə.
GƏNCƏK–Türk boylarından biri, Cəncə şəhərinin adının bu sözdən yarandığı deyilir. Yeni, gənc, gəlişən anlamlarındadır.
GƏNCTÜRK–Gənc+Türk. Türk elinin uğurları üçün gənclik çılğınlığı ilə çalışan, vuruşan türk igidi.
GÖRGÜ, GÖRGÜN–Tərbiyə, tərbiyəli. Dilimizdə işlənən “görüb-götürmüş kimsə” deyiminə uyğun olaraq, bu adların yiyəsinin də ulularda gördükləri: yaxşılığı, düzlüyü, ərdəmliyi öz yaşam amaclarına çevirməsi umulur.
GÖRK–Ululuq, gözəllik, görkəm anlamlarında olub, ad yiyəsinin öz ömründə bu dəyərlərə bağlı olması umulur.
GÖYALP–Tanrının, göylərin göndərdiyi, eli üçün yaxşı, böyük işlər görəcək igid, alp.
GÖYDƏNİZ–Kimliyi göy kimi uca, mənliyi dəniz kimi geniş, arı olan kimsə. Burada göyün göylüyünün, ucalığının dənizin sularında əks olunub onu göyə boyaması, göylə dənizin qovuşması kimi anılıb, insan varlığına köçürülür.
GÖYƏRÇİN–Sevgi, barış, yaxşı ismarış gətirən anlamlarındadır.
GÖYÇƏK–Gözəl, yaraşıqlı, ürəyəyatımlı kimsə .
GÖYÇİN–Göylərin rəngində olan, ürək oxşayan, duyğuları qanadlandıran görkəmi, işdəkləri olan kimsə.
GÖYLÜ–Uca, ulu göylərdən, yəni Tanrının yanından gəlmiş kimsə. Ad yiyəsinin yaşamda, ömründə Tanrısal, yüksək dəyərlərə uyğun yaşaması umulur.
GÖYSEL–Göylə bağlı olan, göydən gələn; könlü, duyğuları, düşüncələri arı olan bir kimsə.
GÖZAYDIN–İşi-gücü ilə insanları sevindirəcək, onların gözlərini açacaq kimsə.
GÖZƏL–Gözəgəlimli, könüloxşayan, yaraşıqlı kimsə.
GÜLƏN, GÜLƏR–Ömrü, günü sevinclər içində keçəcək, yaşam üzünə güləcək kimsə.
GÜLGÜN–Yaşamında sevinclə dolu ömür sürən kimsə.
GÜLSÜN–Ad yiyəsinin uğurlarla dolu, sevinc içində keçəcək bir ömür sürməsi umulur.
GÜLƏNAY–Aydınlıq gecənin ayı, üzü buludla örtülməmiş ay. Ad yiyəsinin qüssədən uzaq, sevinclərlə dolu bir ömür sürməsi umulur.
GÜLTƏKİN, KÜLTEKİN–Bu adın gül sözü ilə bağlılığı yoxdur, əski türkcədə gənc, qızğın, dəliqanlı, güvənilən bir xaqan oğlu anlamlarında işlənmişdir.
GÜNAL–Al qırmızı Günəş. Ad yiyəsinin ömrünün sevincli, işıqlı keçməsi, Ocağının odunun sönməz olması umulur.
GÜNALP–Günəş kimi işıqlı alp, gördüyü işlərlə yaxşılığa, doğruluğa qulluq edən, Günəş kimi öz işığı, istiliyi ilə yardım edən, hamının ürək qızdırdığı igid.
GÜNAY–Gün+Ay. Ad yiyəsinin gün kimi işıqlı, ay kimi parlaq, gözəl bir ömür sürməsi umulur.
GÜNCƏ–Günə tay olan: gördüyü işlərlə, sözü, anlağı ilə yan-yörəsinə işıq saçacaq, eləyəcəkləri ilə, gözlərə işıq, ürəklərə istilik paylayacaq kimsə.
GÜNDƏN–Gün parçası. Öncəki yozumda deyilənlərə baxa bilərsiniz.
GÜNDƏR–Gün+dər. Buradakı “dər” sözü dərmək, toplamaq anlamını verir, ad yiyəsinin öz ömründə, işıqlı, aydın, sevincli günlər yaşaması umulur.
GÜNDÜZ–Günün işıqlı çağı. Ad yiyəsinin ömrünün, görəcəyi işlərin yaxşılıqlarla dolu, ışıqlı olması umulur.
GÜNDÜZÜM–Ömrünə gün kimi işıqlı—sevincli günlər düzülmüş kimsə.
GÜNEL–Günəş kimi uca, işıqlı bir eli olan, özü də elinin adına yaraşan işlər görəcək kimsə.
GÜNƏR–Gördüyü işlərlə ad qazanan, yaxşılıqları gün kimi işıq saçan, soyuna gərək olan igid.
GÜNƏŞ–Günəş kimi işıqlı, yaşama dirilik verən. Yaşamdan yamanlıqları qovacaq, yaxşılıqların keşiyində duracaq kimsə.
GÜNGÖR–Ömrün yaxşılıqlar, sevinclər içində keçsin.
GÜNTAY–Günəş kimi. Öncədə verilmiş Günəşlə bağlı yozumlara baxa bilərsiniz.
GÜNTƏKİN–Gün+Təkin(xaqan oğlu, prins). Elin yaşayışı, diriliyi, uğrunda çalışan, yüksək soydan doğulan kimsə.
GÜNTURAN–Gün kimi işıq saçan işlər görəcək, uzun ömür sürəcək kimsə.
GÜNÜZ–Gün kimi işıqlı, yaraşıqlı olan, uzunə sevinc gülən kimsə.
GÜREL–Yaşarı, varlı, güclü, yenilməz, bir elin oğlu.
GÜRSEL–Sel kimi gur, coşqun bir ömür sürəcək kimsə.
GÜRŞAD, KÜRŞAD–Göytürk xaqanlarından birinin oğlu. Göytürkləri Çin tutsaqlığından qurtarmaq üçün öz azsaylı qırx igidləri ilə Cinlə savaşa qalxmış, bundan sonra Göytürklər itirdikləri özgürlüklərini qaytarmışlar.
GÜVƏN, GÜVƏNC–Etimad, qarant. Ad yiyəsinin el içində düzlüyü, doğruluğu ilə tanınan, inanılan bir kimsə olması umulur.

– X –

XANIM–Qadınların çağırıldığı sayğı bildirən söz.
XANIMQIZ–Yüksək soydan olan sayğılı qız.
XANBİKƏ–Xan qızı, yüksək soydan olan qız.
XAQAN–Xanlar xanı, Türk imperatoru.
XATUN–Əski türklərdə adlı-sanlı soydan olan qadınlara deyilmişdir.
XƏZƏR–Əski türk boylarından biri.

– H –

HUNALP–Adlı-sanlı Hun soyundan olan igid.
HUNƏR–Bundan öncəki yoruma baxın.

– İ –

İGİD–Yetkin, zirək, qoçaq, döyüşçü anlamlarındadır.
İLDIRIM–Buludların toqquşmasından doğan gurultu ilə izlənən işıq. Ad yiyəsinin haylı-küylü, işıqlı işləri ilə tanınan bir igid olması umulur.
İLKAY–Yeni doğmuş ay. Ad yiyəsinin ay kimi doğub, böyüməsi, soyuna yaraşacaq işləri ilə getdikcə daha da gözəçarpacaq bir kimsə olması umulur.
İLKƏR–Birincilik qazanan ər, öndə olan igid, ilk doğulan oğlan.
İLKİN–Birinci doğulan, Ocağın ilki.
İMRAN, ƏMRAN, AMRAN–“Dədə Qorqudun kitabında” Amran kimi anılan bu ad əski türkcə-monqolcada “arxadaş” anlamını verən:”əmrak”, “amarak” sözündən törəmişdir. Bu adın ərəbcədə abadlıq anlamını verən“ümran” sözündən yaranması düşüncəsi yanlışdır.
İNAL–1.Əski türklərin yüksək soylu qadından doğulan kimsələrə verdiyi ad. 2.Güvənilən adam.
İNANC–Etiqad. Soyunun yaradıb-yaşatdığı inanclara, yüksək dəyərlərə bağlı, soydaşlarının inamla yanaşdığı kimsə.
İNCƏ–Əyni(bədəni), başı, üzü, görkəmi yerli-yerində olan, artıq-əskiklikdən, kələ-kötürlükdən iraq olan kimsə.
İNCİ–Mirvari deməkdir. Mirvari kimi gözəl görünüşü, dəyərli varlığı olan kimsə
İSTƏK–Ata-anasının, soyunun, elinin istəklisi, sevimlisi olacaq kimsə.
İSTƏM–İradə deməkdir. Tutduğu yoldan dönməyən, sınaqlardan sarsılmayan, amacına doğru yolda dözümlü olan kimsə.
İŞIQ–Yaxşı işləri ilə yan-yörəsindəkilərin gözünə çarpacaq, işıq qaranlığı qovduğu sayaq, yaxşı işləri ilə tanınacaq kimsə.

– K –

KEÇGİN–Canından keçən, şəhid.
KƏKLİK–Bəzəkli, yaraşıqlı, gözəl səslə səkən çöl quşu. Ad yiyəsinin gözəl, yaraşıqlı olması, sevincli bir ömür sürməsi umulur.
KƏSKİN–Sözü, işi, igidliyi kəsərli olan kimsə.
KOMAN–Çox əski türk boylarından biri. Bu sözün “qoymaz” kimi işlətdiyimiz sözün əskiçağlardakı səslənməsi olduğu bəllidir. Ad yiyəsinin soydaşlarına qarşı yönələn yamanlıqlara qarşı savaşan; yağını Yurduna qoymayan, buraxmayan, döyüşdə ona aman verməyən bir kimsə olması umulur.
KÖNÜL–Ürək, ruh, nəfs. Gözəl duyğuların, yaxşı işlərin qaynağı olan, ürəkaçan görkəmi, göz oxşayan işdəkləri olan kimsə
KÜRÜNC–1.Özlü, soylu, inanılan, güvəncli. 2. Düzənlik yer.

– M–

MARAL–Ad yiyəsinin gözəl, ürəyəyatımlı, yaraşıqlı olması umulur.
METE, METEXAN–1.Hunların xaqanı olmuş, onların çinlilərlə savaşlarında uğur qazanmasına, özgürlük almasına başçılıq etmişdir. 2.Soylu kişi, igid kimsə deməkdir.
MƏNDƏMİR–Mən dəmir kimi bərkəm, kəsərliyəm anlamındadır. Çağdaş tatarlarda geniş yayılmış bir addır.

– O –

ODAQAN–Əski türkcədə: xanım ozan.
ODAY–Od kimi qızğın, ay kimi parlaq. Odun qızğınlığına oxşar əməksevərliyi, ayın işığına bənzər ad-sanı olan kimsə
ODƏR–Dilimizdə bacarığın, zirəkliyin odla tutuşdurulması örnəkləri çoxdur: od-alov kimi, odlu-alovlu habelə bunun kimi sözlər bəllidir. Ad yiyəsinin çox bacarıqlı, zirək, döyüşkən olması, burada odla tutuşdurularaq anılır.
ODMAN, OTMAN–Ata ocağının odunu qoruyan, Atasının ardıcı(varisi). Əski türklərdə atanın varı-yatırı, ev-eşiyi kiçik oğula verilirdi deyin, bu ad da evin kiçik oğluna qoyulurdu. Osmanlı-Türk imperatorluğunun özülünü qoymuş Toğrul bəyin ardıcı(varisi) olmuş kiçik oğlunun adı da Otman olmuşdur.
OĞUZ–Sağlam, güclü, yüksək soylu anlamlarındadır.
OĞUZALP–Oğuz+Alp. Oğuzun alpı, igidi. Ad yiyəsinin alplıq qaynağının yüksək, ulu Oğuz soyundan olması gözə çarpdırılır.
OĞUZƏR–Oğuz+Ər. Oğuzun igidi. Bundan öncəki yoruma baxa bilərsiniz.
OKAN–Anlayışlı, qavrayışlı, ayıq kimsə.
OKTAY–Ox kimi iti, yeyin, kəskin kimsə.
OLCAY–Əski türklərdə Tanrının adlarından biri. Bəxt, tale anlamındadır.
OLCAYTU–Uğuru açıq, ömrü-günü uğurlu keçəcək kimsə.
OLQUN–Kamil, fenomen. Ad yiyəsinin kimliyində yüksək insani dəyərləri toplayan, bununla da gözəçarpan, seçilən bir kimsə olması umulur.
ONUR–Sayğılı, ad-sanlı, şərəfli kimsə.
ONURALP–Ad-san, sayğı, ün qazanmış alp.
ORAN–Yüksək görəvli, iqtidar yiyəsi olan, soyunun güvəndiyi kimsə.
ORAZ–Şərəf, şöhrət anlamlarındadır, Araz adının da buradan törəndiyini düşünmək olar.
ORXAN, ORDUXAN–Əski çağlarda yüksək dövlət çini olmuşdur, Ordunun başçısı, şəhərin bəyi(meri) anlamlarındadır.
ORUNC–Sovqat, ərməğan. Ad yiyəsinin doğulmasının öz soyu, ocağı üçün dəyərli bir pay olması anılmaqla yanaşı, onun öz ömründə görəcəyi işlərlə soyunu sevindirəcəyi də umulur.
OVUNC–Təsəlli. Ad yiyəsinin görəcəyi işlərlə ata-anasını ovunduracaq, soyunu sevindirəcək bir kimsə olması umulur.
OZAN–Aşıq, şair, bilici. Türklərin Oğuz boyunda, Tanrı vergisi olduğu deyilən, gizlinlərdən, gələcəkdən bilgilər verən, bütün ağır anlarda elin gənəşdiyi, hamıya düz yol göstərən, ulu kişilərə verilən ad. Bizcə, Türklər çoxtanrıçılıqdan, panteizmdən təktanrılığa keçəndə şaman deyilən kişilərin yerini ozanlar tutmuşdur.

– Ö –

ÖMÜR–Ad yiyəsinin yaşamda uzun, ağgünlü ömür sürməsi umulur.
ÖNDƏR, ÖNƏR–Öndə gedən, başçı, lider.
ÖNÜR–Başlanğıc, ilk. Böyük kimlik qazanacağı yolun başlanğıcında olan kimsə anılır.
ÖPÖZ–Can, ruh, nəfs. Yüksək insanlıq dəyərlərinə yönəlik olan ruhunun çağırışı ilə yaşayan kimsə.
ÖTKÜN, ÖTƏR–Öz sözünü deməkdən çəkinməyən, zirəkliyi, bacarığı ilə başqalarından seçilən, öndə olan kimsə.
ÖYLÜ–İstedad, düha. Ad yiyəsinin çox böyük, ürəkaçan, başqalarının bacarmadığı, gözəçarpan işlər görə bilməsi umulur.
ÖYÜL, ÖYÜN–Sürəcəyi ömür yolu ilə, görəcəyi işlərlə soyunu, ocağını sevindirəcək, böyük ad-san qazanacaq kimsə.
ÖZAL–Ad yiyəsinin yüksək mənliyi, özümlüyü ilə seçilən kimsə olması umulur.
ÖZALP–Başdan-ayağa, bütün varlığı ilə igid, qoçaq olan kimsə.
ÖZBİR–Özü-sözü bir olan, doğruçu, düzgün, bütöv kimliyi olan kimsə.
ÖZÇİÇƏK–Bütünlüklə gözəl, çiçək kimi könül oxşayan, yaraşıqlı, eləyəcəklərindən “çiçək qoxusu” gələn kimsə.
ÖZDƏMİR–Əyni(bədəni) də, mənliyi də dəmir kimi bərk, sınmaz, güclü, sağlam olan kimsə.
ÖZDƏN–Soyunun, ocağının yüksək dəyərlərini öz kimliyində yaşadan, qoruyan kimsə.
ÖZƏN–1.İçtən, ürəyiaçıq, səmimi, diqqətli kimsəni anladır. 2. Kiçik axar su deməkdir(üzən, üzmək sözləri də buradandır).
ÖZƏRK–Özünə yiyəli, iradəli kimsə.
ÖZƏR–Usta, sənətkar, peşəkar, öz işinin bilicisi olan kimsə.
ÖZƏT–Can, ruh. Bir az yuxarıda “Öpöz” adı üçün verilmiş yozuma baxa bilərsiniz.
ÖZGÜN, ÖZLÜ–Bənzərsiz, orijinal. Özünün bigəliyi, igidliyi ilə yan-yörəsindən seçilən, başqalarına oxşamayan kimsə.
ÖZGÜR–Başqasından asılı olmayan, öz kimliyini başqasının basqısından, təpkisindən qoruyan kimsə.
ÖZİL, ÖZEL–Anayurd, Ulus, Ölkə. Ad yiyəsinin Ulusunun özcüyü olub, ona qırılmaz tellərlə bağlı olması umulur.
ÖZLƏK, ÖZLƏN–Gəlişinə gərək duyulan, gözlənilən, Soyunun işlərinə yarayacaq kimsə.
ÖZMƏN–Sözündən qaçmayan, etibarlı, namuslu kimsə.
ÖZQAN–Arı qanlı, yüksək soylu, eləcə də öz soyuna bağlı kimsə.
ÖZTÜRK—Soyu-kökü türk olan, bununla öyünən, buna yaraşan bir ömür sürəcək kimsə.

– P –

PAŞA–Başağa, ya da başşad(ordu başçısı) sözlərindən törəndiyi deyilir.

AÇIQLAMA: Türkcə kimlik bildirən adlarda boya(rəng) anlamı daşıyan sözlər çox işləndiyi üçün burada, keçmişlərdə türklərin boyalara hansı yorumlar verdiyini qısaca olaraq anmaq yerinə düşərdi.
1.Ağ—arılıq, gözəllik, soyluluq, sayğılıq.
2.Göy—Tanrıya bağlılıq, qutsallıq(müqəddəslik), özgürlük.
3.Al(qırmızı)—Əski türklərin, elə indi də bir çox türk boylarının qızıl dedikləri bu boya: dəyişiklik, gəlişmə, devrim(inqilab), sağlamlıq anlamları daşımışdır.
4.Yaşıl—Doğuş, törəyiş, yenilik.
5.Qara—1)Güc, əlçatmazlıq, böyüklük, igidlik, özgünlük. 2)Yas, üzüntü, ölüm, yamanlıq, uğursuzluq, soyuq.
Türklər yönləri bildirmək üçün də boyalardan yararlanmışlar: Ağ—Güney; Qızıl—Doğu; Sarı—Batı; Qara—Quzey olaraq qavranılmışdır.

– Q –

QANTURALI–Soyunun adını yaşadacaq, qoruyacaq, yüksəldəcək, durduracaq (gələcəyə aparacaq) kimsə.
QANTEMİR–Dəmir kimi bərk, güclü bir soydan olan kimsə.
QARA–Bir az yuxarıda qara boyanın yaxşılıq çalarları ilə bağlı yozumlarına baxa bilərsiniz.
QARACA–1.Qaraşın. 2.Gözü qara—qorxusuz, əskilərdə Türklər qorxu bilməz kimsələrə “gözüqara” demişlər. 3.Türkmənlərin Türk adlanan oymağı birinci ulu babalarının adının Qaraca olduğunu deyirlər. 4. Bir ceyran türü də belə adlanır.
QARADƏNİZ–Böyük, ucsuz-bucaqsız dəniz deməkdir; bu adı daşıyan kimsənin yaxşı, ulusunun işinə yarayan işlərinin tükənməz olması umulur.
QARAMAN–1.Qarayanız. 2.Ulu, böyük, güclü ərən.
QARATEL, QARABİRÇƏK–Ağ-qara boyaların qarşıdurmasına(kontrastına) görə bu adlar gənclik, qocalmazlıq, gözəllik daşıyıcısı olan kimsələri andırır.
QARTAL–Ad yiyəsinin baxışlarının aydın, iti, özünün igid olması, ad-sanının göylərə ucalması umulur.
QAŞQAR, QOŞQAR–Əski türkcədə, indi isə mişar tatarlarında Qurd—canavar anlamını verir. İgid, qorxmaz, ürəkli döyüşçü anlamındadır.
QAŞQAY–1. Türk boylarından biri. 2.Qorxmaz döyüşçü anlamındadır.
QAYA–Dağ parçası, dağın ən uca yeri, ad yiyəsinin ad-sanının ucalması umulur.
QAYITMAZ, QAYMAZ–Əski türkcədə ədalətli anlamında işlənmişdir. Ad yiyəsinin tutduğu düz yoldan qayıtmaz—dönməz bir kimsə olması umulur. Nağıllarımızda söz açılan üç yoldan:”gedər-gələr”, gedər-qalar”, “gedər-gəlməz(yəni qayıtmaz)” yollardan üçüncü yola üstünlük verilməsi, dilimizdə “qayıtmaz” sözünün düzlük, ədalət anlamlarını bildirməsi ilə bağlıdır.
QAYNAR–1.Bulaq. 2.Qızğın. Ad yiyəsinin bu iki anlama uyğun olaraq: 1)Ürək sərinlədən, arılıq gətirən bulaq kimi, yaxşı, ürəkaçan işlərin qaynağı olması umulur. 2)Yaxşılıqlara, uğurlara yönəlməsində çalışqan olması umulur.
QAYNARQAN–Coşqun, qızğın soydan olan, iş-güc üçün ürəyi atlanan, çalışqan kimsə. Bu adın istiqanlılıq—mehribanlıq anlamı da vardır.
QAYTAQ–Türk boylarından biri. Bu adın qarşı duran(sipər), qaytaran anlamlarının olduğu deyilir. Ad yiyəsinin yamanlıqlara, yurda basqılara qarşı duruş gətirən, uğur qazanan bir kimsə olması umulur.
QIYAN–1. Dağ seli. 2. Yağıya, yaman güclərə qarşı amansız olan kimsə.
QIPÇAQ–Əski türk boylarından biri. Ucsuz-bucaqsız torpaq; geniş, əngin çöllərdə yaşayan; bir də uğurlu anlamları vardır.
QIVRAQ–Çevik, diribaş, qoçaq olan kimsə.
QIZIL–Al, qırmızı boya. Yuxarıda bu boyanın yorumu üçün verilmiş açıqlamaya baxa bilərsiniz.
QIZILARSLAN–Ünlü Türk xaqanlarından. Çox böyük işlər görən, dəyişikliklər yaradan və arslan kimi qorxmaz anlamındadır.
QORXMAZ–Ürəkli, dönməz, sınaqlardan sarsılmayan, ərdəmli igid.
QORQUD–1.İri dolu dənəsi. 2.Göydən gəlmiş. 3.Qorxusuz. 4.Qorxunc.
QOŞAR–Çalışqan, əməksevər, dayanıb durmadan yaxşılıqlar eləməyə çalışan kimsə.
QUMRAL–Buğdayı, qızılı-qara boyaqların qatışığından yaranan boya çaları. Buğdayı çaları ilə çörəyi andırmaqla, insanların yaşamına çox yarayan bir nəsnə anlamına gəlir.
QUTLUQ–Mübarək, müqəddəs, tanrısal anlamındadır.

– S –

SABUTAY–Ortaq türk-monqol sözü olub döyüşçü, savaşçı anlamındadır.
SALUR–Vuruşqan, düşmənə saldıran, ağırlıqlardan, sınaqlardan, döyüşlərdən çəkinməyən kimsə.
SANƏR–Ünlü, adlı-sanlı, tanınmış igid.
SANIR–Xəyal, fantaziya anlamındadır. Ad yiyəsinin duyğulu, coşqun düşüncəli, ilhamlı bir kimsə olması umulur.
SANLI–Tanınan, adlı-sanlı kimsə. Bu söz dilimizdə kök salmış yad bir söz olan “şöhrət” sözünün qarşılığıdır.
SAVAN–Əliaçıq, verimli, yardımsevər. Ad yiyəsinin soydaşlarının yaxşı yaşayışına yardımçı, yıxılana dayaq, ağırlığa düşənin əlindən tutan kimsə olması umulur.
SAVAR, SAVUR–“Sovmaq” sözündən olub, Yurduna gələn yağını, insanlara yönələn yamanlıqları sovuşduran kimsə anılır. Əskilərdə çox ünlü bir türk boyunun adı olmuş “Savir” sözünün də bununla bağlı olduğu, Sabir adının buradan törəndiyi də deyilir.
SAVUT–Qoruyucu, dəmirdən savaş geyimi—zireh. Ad yiyəsinin soyunu, ocağını yamanlıqlardan, yağı basqılarından qoruyacaq bir kimsə olması umulur.
SAYDAM–Sayılan, tanınan, güvənilən kimsə.
SAYMAN–Üzdən anlamı: sayıcı, hesabçıdır; dərin anlamı isə, öz işini dərindən bilən, götür-qoylu, bilgin kimsədir.
SAYQIN–Sayılan, seçilən, tanınan, güvənilən kimsə.
SEÇKİN–Öz bacarığı, aydınlığı, igidliyi ilə seçilən, gözə çarpan, tanınan kimsə.
SEVƏN–Öz xalqını, soyunu, insanlığı sevən, yaxşılıqlara yönəlik kimsə.
SEVGİ–Böyük amaclara vurğunluq, yaxşılq qaynaqlarına tapınmaq bacarığı. Ad yiyəsinin bu yüksək dəyərlərlə yaşaması umulur.
SEVİL–Yaşamda görəcəyi işlərə görə, soydaşları arasında bəyəniləcək, seviləcək kimsə.
SEVİN–Ömrün sevinc içində keçsin, uğurlu olsun.
SEVİNC–Soyuna sevinc gətirən, işləri ilə başqalarını da sevindirəcək kimsə.
SEZƏN, SEZƏR–Anlayan, duyğulu, həssas kimsə.
SƏLCUQ–1.Türk boylarından biri. 2.Gözəl danışan, sözünün yerini bilən, sözününü üstündə duran anlamlarında da işlənir.
SƏNCƏR–Əski türkcədə qısa qəməyə deyilmişdir. Düşmənin bağrına sancılan, öz işi-gücü ilə gözə çarpan kimsə anlamındadır.
SOLMAZ–Uzun, sağlam bir ömür sürəcək, adı-sanı daim yaşayacaq kimsə.
SONA–1.Tayı-oxşarı olmayan gözəl. 2.Yaşılbaş çölördəyi.
SOYDAN, SOYLU–Yüksək soydan olan, öz soyunun adına yaraşan bir ömür sürəcək, soyunun adına yaraşan işlər görəcək kimsə.
SÖNMƏZ–Görəcəyi yaxşı işi-gücü ilə yan-yörəsinə işıq saçacaq, adı-sanı yaşayacaq kimsə.
SULDUZ–Əski türk-monqol dillərində ulduz anlamını verir. Ulduz adı ilə bağlı verilmiş yorumlara baxa bilərsiniz.
SUNQAR, SUNQUR–Şahin, Laçın. Ad yiyəsinin döyüşkən, qoçaq, zirək olması, ad-sanın göylərə ucaltması umulur.
SÜZGÜN–Uca boylu, yaraşıqlı, boylu-buxunlu, baxışların ayaqdan-başa vurğunluqla süzdüyü kimsə.

– T –

TABQI, TAPQI–Əski türkcədə dinə inanmağa “tapınmaq”, vicdana isə “tapqı” deyilmişdir. Ad yiyəsinin özünü—bütün yaxşılıqların, düzlüklərin qaynağı olan bir Doğruda tapması, ona uyğun yaşaması umulur.
TANƏR, TANER–Dan+Ər. Dan yerindən doğulmuş—Günəş kimi ər anlamındadır. Ad yiyəsi Günəşə oxşadılır, onun istər duyğu, düşüncələrində, istərsə də başqa çalışmalarında, soyuna, insanlığa gərəkən işlər görəcəyi umulur.
TANIL–Ad yiyəsinin görəcəyi yaxşı işlərlə, öz bacarığı, zirəkliyi ilə tanınması, ad-san qazanması umulur.
TANRIDAĞ–Orta Asiyada, Türklərin əski yurdlarında sıra dağlar, Türklər arasında qutsal sayılmış, Ocaq yeri kimi sayğılanmışdır.
TANSU–1.Qızaran Dan yerinin işığı düşmüş su. 2. Sovqat, ərməğan; göylərin verdiyi; görkəzmə(möcüzə) anlamlarında işlənir.
TAPDIQ–“Soyumuzun ardı olacaq, Ocağımıza yarayan-yaraşan kimsəni tapdıq” anlamındadır.
TAPIN–İbadət, Tanrıdan dilək diləmək. Ad yiyəsinin ömründə yaxşılqlardan qaynaqlanan dəyərlərə tapınacağı, tapqılı(vicdanlı) bir kimsə olacağı umulur.
TARKAN–Əski türklərdə, xaqana yaxın olan say-seçmə(elita) adamlara verilən ad. Bu adı onlar gördükləri böyük işlərə görə qazanardılar.
TAYLAN–Yaraşıqlı, sayğılı, ünlü kimsə.
TAYMAZ–Düz yoldan sapmayan, ömrü boyunca ancaq düzlüyə qulluq edən kimsə.
TAYŞI–Başçı, yol göstərən, bilgəliyinə görə çoxlu ardıcılı olan kimsə–mürşid.
TERİM–1.Soyunu bir yerə toplayan, yığan(dərən) kimsə. 2.Əməksevər, işbacaran, peşəkar.
TEYMUR–Dəmir deməkdir. Yuxarıda Dəmir adı ilə bağlı verilmiş yozumlara baxa bilərsiniz.
TOĞRUL–1.Əski türklərdə mifik bir quş adı, bunun qartal olduğu da söylənir. 2. Bu adın qalx, yüksəl, doğrul anlamı daşıdığı da bəllidir.
TOXDAQ–Uzaqgörən, götürqoylu, ölçü-biçili kimsə.
TOXDAR, TOXTA, TOXTAMIŞ–Ağır oturan, götür-qoylu, uzun ömürlü anlamlarını verir.
TOKAY–Dolunay, ondörd gecəlik ay. Dolunay adı ilə bağlı olan yuxarıda verilmiş yozuma baxa bilərsiniz.
TOMRİS–Əski türk xalqlarından olan massagetlərin qadın xaqanı. Bu adın “dəmir səs”, “dəmir öz”, “dəmir üz” anlamları verdiyi bildirilir.
TONQA, TUNQA–Qaplan, pələng. Ad yiyəsinin qaplan kimi qorxmaz, çevik, döyüşkən bir kimsə olması umulur.
TONYUKOK–Sonuncu Göy Türk Xaqanlığının qurulmasında önəmli əməyi olmuş bilgə bir kimsə. Tonyu—sonsuzluq, kok—göy deməkdir. Bu ad sonsuzluq, genişlik, qutsallıq anlamlarına bağlıdır.
TÖRƏ–Əski türklərin Anayasası, onların yaşayışını düzənləyən yasalar toplusu.
TÖRƏMƏN–Törəyə uyğun yaşayan, xalqının gələnəklərinə bağlı olan kimsə.
TÖRƏN–Törəyə bağlı mərasim, ayin. Ad yiyəsinin öz ömrünü soyunun gələnəklərinə (ənənələrinə) uyğun yaşaması umulur.
TÖRÜN–Ərdəmliyi ilə seçilən, ufutlu, nəcib kimsə.
TUDUN–Sədaqət. Ad yiyəsinin yaxşılıqlara, soyunun törəsinə bağlı olması, onlara dönük çıxmaması, soydaşları arasında güvəncli bir kimsə olması umulur.
TUMURCUQ–Soyunun gələcəyini doğuracaq, onu yaşadacaq kimsə.
TUNCAY–Tunc+Ay. Tunc kimi bərk, ay kimi işıqlı kimsə.
TURAL–Uzun bir ömür sürüb, yaşamda qalacaq, duracaq kimsə.
TURAN–1. Əski Türk yurdu, böyük Türk Xaqanlığı. 2.Yaşamda duran, yaşayan, uzun ömür sürən.
TURQAN–Uzun ömür yaşayacaq, ad-sanı unudulmayacaq kimsə.
TURQAY, TÜRKAY–Türk+Ay. Soyca türk olaraq, aydın, işıqlı işlər görəcək kimsə. Ad yiyəsinin bağlı olduğu yüksək dəyərləri, Türk soyundan olmasına görə qazandığı anılır.
TURQUN–Çox yaşayacaq, ömründə qazandığı ad-sanı duracaq, unudulmayacaq kimsə.
TURQUT–Uzun, dəyərli, ünlü, bir ömür sürüb, ad-sanı unudulmayacaq kimsə. Bu söz əski çağlarda “genəşik üçün toplaşma yeri” anlamında da işlənmişdir.
TÜRK–Aşağıdakı yorumları olduğu deyilir:1.Törəyiş, doğuş, Soy. 2.Törə(Anayasa), özünün yasalarıyla yaşayan ulus. 3.Güclü. 4.Yürüyən, köç edən.
TÜRKAN–Xaqanların xanımlarına verilən ad, Sayğılı xanım anlamındadır.
TÜRKALP–Türk+Alp. İgidliyi, ərdəmliyi, alplığı türklüyündən ayrılmaz olan, ondan qaynaqlanan kimsə.
TÜRKEL–Türk elindən olan, onun gələnəkləri ilə yaşayan, onu sevən, onun üçün çalışan kimsə.
TÜRKEŞ–Türkün yoldaşı anlamını veriir, əskilərdə bu adı daşıyan türk ulusu olmuşdur.
TÜRKƏR–Türk+Ər(igid). Soyca türk olan igid, onun igidliyi yüksək Türk soyundan olmasından doğmuşdur.
TÜRKMƏN, TÜRKMAN–Mən türkəm, türk soylu olmağımla öyünürəm anlamındadır.
TÜRKOL–Özünün türk soyunu sevəcək, onun adına yaraşan işlər görəcək kimsə.
TÜRKQAN–Türk soylu olduğu üçün ən yüksək insanlıq dəyərlərə çatmağa çalışacaq, ad-sanlı, ünlü olacaq kimsə.
TÜRKSOY–Türk soyundan olan, türk soyunu sevən, onun yolunda çalışan kimsə.
TÜRKÜ–Türk el oxumaları(nəğmələri). Türkün öpözünə(ruhuna) uyğun, könlünə yatan işlər görən, ömrünü bu yolda qoyan kimsə.
TÜRKYILMAZ–Yenilməz, geri çəkilməz, döyüşdən, ağırlıqlardan qaçmaz bir türk igidi.

– U –

UCAL–Görəcəyin işlərlə ad-san qazan, elin gözündə ucal anlamındadır.
UCATÜRK–Türk elinin adını öz ömrü ilə, işi-gücü ilə ucaldacaq kimsə.
UFUT, UVUT–Ar-namus, abır-həya, ədəb, qanacaq anlamındadır.
UĞUR, UĞURLU–Gələcəyi uğurlu, işləri düz gətirəcək kimsə.
UĞURAL–Ad yiyəsinin yaşamda, ömründə uğur qazanması, istədiklərinə çatması umulur.
UĞURALP–Gördüyü işlərdə uğur qazanan, uğuru açıq olan igid.
ULDUZ–Ulduz kimi ucalan, işıqlı. Bu adın insan ruhunun ulduzlarda yer tutması ilə bağlı inancdan qaynaqlandığı da bəllidir.
ULDUZALP–Ulduz+Alp. Əskilərdə insan öpözünün(ruhunun) ulduzlarda yer tutduğuna bağlı bir inanc olmuşdur. Bəlli:”Ulduz axdı, kimsə öldü” sözünü eşitmisiniz. Bunları düşünərək, bu adın ulduzu göy üzündə parlayan, uğurlu ömür sürəcək igid anlamında olduğu bəlli olur.
ULUTÜRK–Ulu Türk soyunun gələnəklərinə güvənib, görəcəyi yaxşı işlərlə böyük, ünlü, ad-san qazanacaq türk oğlu.
ULUCA–Ululara sayğılı olan, onların yolu ilə gedib, sayğı qazanan kimsə.
UMAY, HUMAY–Əski türk tanrıçalarından biri,

Both comments and pings are currently closed.

Comments are closed.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv