Xaliq Bahadır. Dövlətsə də, qanunsa da artıq yetər olsun!

Tofiq Fikrətin sözüdür: Dövlətsə də, qanunsa da artıq yetər olsun; Artıq yetər olsun bu qədər zülmü-cəhalət… Burada əliyevçi təhsil sistemindən çıxan yurddaşlarımızın çətin anlaya biləcəyi (çox ola bilsin, anlamaqdan uzaq olacaqları) bir yer var: Artıq yetər olsun bu qədər zülmü-cəhalət. Tofiq Fikrətin burada demək istədiyi nədir: bir belə gerilik zülmünə son qoyulsun! Bütünlüklə bugünkü – əliyevçi Azərbaycan üstünə deyilən bir söz! Bu gün Azərbaycan bütünlüklə dövlət hakimiyyətinə bağlı DƏHŞƏTLİ qaranlıq, DƏHŞƏTLİ gerilik içindədir. İndiki istənilən dövlət qurumu bu DƏHŞƏTLİ gerilik görsənişlərinin parlaq göstəri yeridir.

Bu ilin başlanğıcında qapımızı döyməklə bizə, özlərinə görə, sevindirici soraq çatdırdılar: “Qabaqkı elektrik sayğaclarını dəyişib, yerinə SMS sayğaclar qoyuruq”. Qoydular, işlətməyin yolunu da öyrətdilər. Aradan az keçmiş bizim yeni SMS sayğacımız indiki hakimiyyətin özü kimi çox pis işləyə-işləyə acgözlüklə pulumuzu mənimsəməyə girişdi. Lap elə bil rejimin baş elektriki Etibar Pirverdiyev özü birbaşa bizdən pul oğurlamağa girişmişdi. Pul mənimsənilir, işığımız sönürdü. Beləliklə, mənim  Yeni Yasamaldakı işiq qurumundan (ona qurum demək olarsa) üzüyuxarıya zənglərim, get-gəllərim başladı. Bu ora göndərdi, o bura göndərdi, sonda gedib Bakıelektrik şəbəkənin ( nəyə görəsə, onlar özləri adlarını dırnaqda yazırlar: “Bakıelektrikşəbəkə” – görünür, bu, E.Pirverdiyevin “akademik” bilik iyiyəsi olmasındandır. Ora gedib çıxanadək mənə çoxlu telefon nömrəsi verilmişdi – buna zəng vur, ona zəng vur.  Yığıb saxladığım o nömrələri bura köçürsəm, mənum bu yazım NÖMRƏ yazısı olar, ona görə köçürmürəm, ancaq  məni, ola bilsin, eləcə də minlərlə yurddaşımızı boş-boşuna yorub-usandıran, hakimiyətdən-rejimdən iyrəndirən o gərəksiz nömrələri istəsə, E.Pirverdiyevə göndərə bilərəm…

Hə, gedib çıxdım Bakıelektrikşəbəkəyə. Telefonda dönə-dönə danışdıqlarımı bir daha danışası oldum. (Onda hələ bilmirdim, get-gəllə bir danışdığımı dövləti içindən yeyən ayrı-ayrı kabinet qurdlarına 5 ay (beş ay!!!) beləcə dönə-dönə danışacam). İşıqçı göndərib sayğacın sorununu öyrənəndən sonra sayğacı dəyişmək üçün mənə diləkçə yazdırdılar. “Bakıelektrikşəbəkə” ştampıyla mənə balaca bir kağız da verdilər: “Get, arxayın ol”! Mən o diləkçəni yazanda, verilən kağızda göstərildiyi kimi, 2014-cü il fevralın 3-ü idi. Bu gün iyunun 3-dür. Bu gün yenə bütün günü işığımız sönülü olub. Aradan 5 ay keçib. Bu beş ayda işığımız dönə-dönə sönüb, dönə-dönə verilən nömrələrə zəng vurmuşam, dönə-dönə getmişəm, gördüyüm nə olub – yeni tikilmiş gözəl binada bütöv bir binanı dolduran yalan, aldatma, iyrənclik! O boyda binada işləyən, az-çox işə yarayan Ümid adında bircə işçi görmüşəm. Elə telefonla da, üz-üzə danışanda da bircə onu etikalı görmüşəm. Qalanları, sayğac işçisindən şöbə müdirinədək, elə bil nə ailə tərbiyəsi görüblər, nə məktəb: sən onlara “siz” deyirsən, onlar sənə, ən azı, yaşına görə sayğı göstərib “siz” deməli ikən “sən” deyirlər. Yeri gəlmişkən, indi bütün dövlət qurumlarında belə sayğısızlıq-saymazyanalıq baş alıb gedir, bu isə BALIQ BAŞDAN İYLƏNİB deməkdir!

Hə, balıq başdan iylənib. Bircə fakt: bunu mənə işıqçı qardaşlardan biri “öz aramızda” dedi: “Ziya Məmmədov haralardansa  zir-zibil avtobuslar, taksi maşınları alıb gətirib qat-qat baha qiymətə dövlətə sırıdığı kimi, Etibar Pirverdiyev də Çinin ən ucuz, zir-zibil sayğaclarını alıb gətirib baha qiymətə işə verib; arada biz ilişmişik, yaxamız qalıb xalqın əlində”. İndi mən Etibar Pirverdiyevlə yaxın dost olsaydım, ondan bu işin nədənini soruşsaydım, deyərdi: bilirsən, yuxarılar məni necə soyur? Bir az bilirəm!

Bakıelektrikşəbəkənin müdiri Maksud Məmmədovu 5 aydır yerində tapa bilmirəm. Görəsən, onu necə görmək olar?..

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv