Üstün Atalı. Heyrətimin Səfəri

İnsan yaradıcıdır. O həyatda özünü təkcə cismani olaraq ifadə etmir, həm də ruhani yaşamla öz ömrünü, yaşadığı mühiti mənalandırır. Mən bir fərd olaraq bu gün necə yaşayıramsa, necə özümü ifadə edirəmsə, mənim mühitim də o səviyyədə olacaq.

İnsan özündən çox ayrılıb. Ona görə də təkcə insani keyfiyyətlərini deyil, heyvaniliyi – yırtıcılığı, hərisliyi, laqeydliyi, sevgisizliyi ifadə edir. Çoxları da istəmədən bu şəraitin yaranmasında rol oynayır. Sosial şəbəkələrdə dini qruplaşmaların insana qarşı cəlladlığını nümayiş etdirməklə başqalarında da vəhşi ehtirasları oyatmaq dəhşətlidir. Axı o görüntüləri paylaşmaqla nə əldə edə bilərik? Bu paylaşmalar onları daha da ruhlandırmağa rəvac verir. Təəssüf ki, 21-ci yüzildə yaşasaq da, insanlarımızın bir-birinə münasibəti Quldarlıq dövrünə bənzəyir. İnsanda ali, gözəl cəhətlər tapıb heyrətlənmək əvəzinə, onu mütiləşdirib öldürmək və bundan ləzzət almaq ənənəsi yaranıb.

Sevgi heyrətdən başlayır. Heyrət ürəyi böyüdür. İnsanın Ali bir varlıq olduğunu dərk edirsən və onun özünü ifadəsinə heyrət edirsən. İnsanı kəşf edirsən və ona inanırsan. Mən Asif Atanı tanıyandan bu günə kimi, onun Amalına heyrət elədim. Atanın ömrünə, özündənkeçməsinə heyrət edə-edə qəlbim böyüdü, ulusuma, vətənimə sevgim artdı. Yetdiyim heyrətə, bəxtiyarlığa soydaşlarımızı da yetirmək istəyi baş qaldırdı içimdə. Bu məqsədlə bölgələrə səfər edib yeni insanlarla fərəhimi paylaşıram… Budur, yenidən Səfər istəyinə köklənmişəm. Bu dəfə Siyəzən şəhərinə üz tutdum. Siyəzən rayon kitabxanasında əməkdaşlarla milli dəyərlərimiz, bu günümüz, Asif Ata Amalı haqda söhbət etdim. Amalımıza uca münasibət bəsləyən soydaşlarımızın üzündə sevgi, sayğı gördüm. Onlara kitablarımızı, qəzet buraxılışlarımızı hədiyyə verdim… Atanı oxumaq, öyrənmək – İnsana yetmək gərəkdir!

Rayonun “Çıraq” qəzetinin əməkdaşı İlyas bəylə söhbətim bir az fərqli oldu. Bir daha əmin oldum ki, şərin ulusumuza qarşı atdığı böhtanlar və iftiralar çox təəssüf ki, insanların ağlına yazılıb. Bu onların ağlında milliliyə qarşı ikrah hissi yaradıb. “Siz doğru yolda deyilsiniz”, “Babək qəhrəman deyil, sovetlərin işinə yarayan bir obrazdır”, “neçə milyonun qarşısında sizin bu addımınız nəyi həll edəcək?”, “Novruz Həzrət Əlinin taxta çıxdığı gündür” kimi ifadələr içimdə hiddət yaratdı. Nə vaxtacan ərəbin, farsın, avropaçılığın dəyirmanına su tökəcəyik. Nə vaxta kimi özümüzə yox, başqalarına inanacağıq.  Niyə araşdırmadan, öyrənmədən nə gəldi deyə bilirsiniz? Mənim düz və ya əyri yolda olduğumu bilmək üçün hansı ideyalarımızı öyrənmisiniz? Əgər xalqın düşünər sayılan adamları belə nəticə çıxarırlarsa, onda sadə insanlarımızdan nə gözləyək?!

Mən sizə Asif Ata Amalını təqdim edirəm. Asif Ata özünü bütünlüklə insanyaratma, xalqyaratma əməlinə verdi. Ata xilası İnsanda gördü. Bu xilası dərk etdikcə Ataya heyrətim artdı. Ata deyirdi ki, İnsan dəyişməsə heç nə dəyişməyəcək. İnsan özümləşməsə onu özgələşdirəcəklər. Babəkinə sahib çıxmırsan, əsrlər boyu türk xalqının qeyd etdiyi Novruz bayramını farsın ixtiyarına verirsən… Belə münasibətmi olar?! Dəyərlərimizə edilən hücümlar sizi özgələşdirməməlidir. Bizi bir-birimizə bağlayan dəyərlərə sahib çıxmaq gərəkdir.

Milyonlar məsələsinə gəlincə, İnam bütöv olanda milyonlardan çəkinmirsən. Axı mən də bu milyonlardan biri olmuşam, xilası inqilablarda, dinlərdə görmüşəm. Bəs bu gün məni bu səfərlərə gətirən nədir – İnsana inamım, sevgim, heyrətim…

Məni mənə tanıdan, şərə qarşı mübarizəyə böyüdən Asif Ataya heyrətim içimi fərəhlə doldurmuşdu.  İlyas bəylə sağollaşıb, yoluma davam etdim. Özümü göylərdə hiss edirdim. Soylu Atalının Asif Ataya yazdığı “Ulu Atam –  İnsanilik Şərqisi”ni özüm üçün deməyə başladım:

Mən Yoluna, Amalına vurulmuşam,

Heyrət çalan Qanadına vurulmuşam,

Haqq yetirən imdadına vurulmuşam,

Uca eşqim, Ölməz andım, Ulu Atam!

……………………………………………………..

Fərəhimiz Fərəh üstə böyüyəcək,

Vicdanımız Amal üstə öyünəcək,

Ürəyimiz Ürəyinlə döyünəcək

Uca eşqim, Ölməz andım, Ulu Atam!

Bunu dedikcə qəlbim riqqətə gəlirdi, sanki uçurdum, insanlara İnam sorağını demək  üçün tələsirdim. Hər addımda Amalımızın doğruluğunu  görmək –  bundan uca hiss ola bilməz…

Siyəzən şəhərində “Gənclər Mərkəzi”nin direktoru Nəsimi bəylə görüşdüm. Çox təəssüf ki, Nəsimi bəy yuxarıdan tapşırıq olduğunu və heç bir ədəbiyyat götürməyəcəyini dedi. Deməli, mən yalnız icazə alıb dərdimi soydaşımla bölüşə bilərəm. Bu məni ağrıdır, amma ruhdan salmır, çünki Ata ruhundan ilhamlanıram, millətimə, Yurduma sevgi ilə yaşayıram. Yenə ürəklərin qapısını döyəcəm, çünki insana inanıram, İnsanlaşmadan başqa yol görmürəm…

Atamız Var olsun!

                                                                                                                               Od Ayı, 36-cı il.

(iyul, 2014).

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv