Xaliq Bahadır. İlham Əliyevin “şəffaflıq” nağıllları

Hər nəyin monopoliyaya alındığı ölkədə nağılçılıq da monopoliyaya alınarmış. Qabaqlar ölkədə bir Anar Nağılbaz var idi. Elə Nağılbaz kimi də ad çıxarmışdı. Hər yerdə ondan danışılır, tele-radiolar onu işıqlandırırdı. İllər keçdi, nağıllarının parlaqlığını itirməyi üzündən Anar Nağılbaz arxa plana keçərək unuduldu. İndi bu ölkədə onu nağılbaz deyə tanıyan,  yada salan çox az kimsə tapmaq olar. Ortaya daha parlaq NAĞILBAZ çıxdığından Anar ortadan çıxası oldu. Ölkədə bütün monopoliyaların başında duran indi NAĞIL monopoliyasının da başında durur.

Hər il olduğu kimi, yenə ölkədə “Beynəlxalq Xəzər Neft və Qaz sərgisi” (21-ci) keçirildi. Bunları dırnaqda yazmağımın başlıca nədəni İ.Əliyevin bir çox başqa “sərəncamları” kimi dilimizin arınması ilə bağlı verdiyi bütün “sərəncamların” gerçəkləşdirilməmiş qalmasını vurğulamaqdır. Sonuncu belə “sərəncam” 9 aprel 2013-də verilmişdi. Hələ də baxılmamış-gerçəkləşməmiş qalır. Kim baxacaq, kim gerçəkləşdirəcək: prezident özü, ailəsi ingiliscəni sevə-sevə, bu dildə iyrənə-iyrənə danışırsa, hakimiyyətə bağlı başqaları bu dili necə sevə, ona necə qayğı göstərə bilərlər?!

Sözügedən sərgiyə bizim illərlə böyük güvənc qaynağı olaraq baxdığımız DEMOKRATİK dünyadan çoxlu qutlama məktubu gəlib – 9 oktyabr saxta seçki sonrası gələn məktublar sayağı! O məktubların birindən – İngiltərənin baş baxanı Kemerondan gələn məktubdan – ürəkləri titrəyişə gətirən unudulmaz bir fraza: “Böyük Britaniya ilə Azərbaycan arasında ikiyanlı (ikiüzlü desəydi, daha düzgün olardı! – X.B.) ilişkilərlə öyünürəm”. Kemeron Azərbaycan yerinə, gerçəyə uyğun olaraq, əliyevçi rejim desəydi, daha düzgün olardı, ancaq onu demək, dilə gətirmək olmaz! Niyə? “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın / Yatmışları razı deyiləm kimsə oyatsın”. Bax, belə. Dünyada, başlıcası da, əliyevçi Azərbaycan yörəsində belə bir oyun gedir. Bizim o oyunun nələri olduğumuzu gedin DAHİ siyasətçi Yaqub Məmmədovdan soruşun…

Sərgidə İ.Əliyev çıxış edib, dövlət siyasətində prioritetə çevirdiyi “şəffaflıq” adlı gözəgörünməzdən danışıb: “Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik. Neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib”. “Şəffaflıq” ərəbcədir, bizim dildə AÇIQLIQ deməkdir. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi antidemokratik görsənişlərin DÖVLƏT-PREZİDENT siyasətinə çevrildiyi, prioritet statusu qazandığı rejimdə AÇIQLIQ ola bilərmi?! Başqaları bir yana, təhsil, sağlamlıq sistemlərinin bütünlüklə rüşvətə-korrupsiyaya büründüyü ölkədə AÇIQLIQ ola bilərmi?! Neft fondunun “infrastruktur layihələr” adı altında necə dağıdıldığı bütün dünyaya bəllidir. O dağıntı-mənimsəmələrin sonucu olaraq prezident ailəsinin milyonlar-milyardlarla dəyərində mal-mülkləri Dubaydan, Çexiyadan, Moskvadan, Londondan, Mayamidən Panamaya, Vircin adalarınadək uzanıb gedir. Neft fondu dağıdılıb, dağıdılır, indiki əliyevçi ailə hakimiyyəti qaldıqca dağıdılacaq!

Ölkədə bir-birindən ötə gedən saxta seçkilər keçirilir – oğru hakimiyyəti qoruyub saxlamaq üçün. “Xalqın rifah halının yaxşılaşması” üçün deyil, yaxşılaşmaması üçün ANTİXALQ siyasətləri axarında xalq hər yerdə soyulur – doğum evlərindən ölkənin çıxışına – gömrüyədək. Buna görə bütün televiziyalar, rejimə bağlı informasiya qurumları müxalifət başda olmaqla xalqın, doğru söz adamlarının üzünə bağlıdır. Buna görə NİDAçı gənclik, bütövlükdə, oğru rejimə dözməyənlər birbaşa prezident tapşırığıyla repressiya olunur. Ölkədə gerçəkdən qanunçuluq-açıqlıq olsaydı, bir belə repressiyalara gərək yaranardımı?! Repressiya reqressiya rejiminin doğurduğu ən parlaq görsənişlərdəndir. Rejimin başında kim durur?

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv