I
Azərbaycanı düşkünlük bürüyüb. Ölkə düşkünlük virusuna yoluxub. Ölkəmiz, ulusumuz sosial-siyasi, mənəvi-psixoloji bataqlıq içində, rejim-oliqarxiya göydələnləri o bataqlıq-qəbiristanlığın başdaşısı yerindədir.
Bugünlərdə türkçülük adına keçirilən bir yığıncağa mən də qatılmışdım. Son illər belə yığıncaqlara çox çağırsalar da, çox istəsələr də, getmirəm. Belə yığıncaqları indi gerçək türkçülərdən çox antitürk rejiminə əlaltılıq edənlər, rejimin buyruq quluna çevrilənlər keçirdikləri üçün. Türkçülük-yurdsevərlik adına yığıncaq keçirir, yığıncağa da daha çox rejim əlaltılarını çağırır, üstəlik, onlara yığıncaqda geniş meydan verirlər.
İndi məni çağıran adama-alimə bir az inandığım üçün (daha inanmıram!) getdim. Getdim, başqa bu sayaq yığıncaqlarda gördüyümü gördüm: yenə də türkçülük adına rejim əlaltılarının çoxluqda olduğu, yığıncağın gedişində onlara geniş meydan verildiyi bir alim yalançılığı, alim ikiüzlülüyü. Hələ Türkiyədən də qonaqlar çağırılmışdı. Yenə boğazdan yuxarı sözlər, bilim adına… bilimsizlik. İndilikdə söz qonusu bu olmadığından yığıncağın siyasi yönünə baxaq.
Yığıncağın yiyəsi – alim adlanan kimsə “bizə verilən vaxt bitir” deyə, çıxışçıları tələsdirir, elələrinin sözünü kəsir, sonra da “çıxışlar bitir” deyərək daha bir rejim adamına söz verir. Adam çıxıb qonu üzrə danışmaq yerinə, bu yığıncaq yiyəsinin də nazirlərindən olduğu birillik AXC hakimiyyətini yerlə bir edir, uzun-uzadı indiki hakimiyyətin Azərbaycanın tarixində ən güclü dövlət yaratdığından dəm vurur. Alim onu… dinməzcə dinləyir. Salondakı başqaları da. Ən başlıcası, özünü çağımızın yenilməz türkçüsü yerində görənlər də eləcə susaraq yalan dolu çıxışı dinməzcə dinləyirlər (tanınmış müxalifət “lideri” də onlarla birgə). Belə yerdə iki variant olur: ya yalana qarşı çıxmaq, ya da yalanı, yalançını boykot üçün durub dışarı çıxmaq.
Yığıncağı aparanın, yığıncaq yiyəsinin borcu nə idi? Yalana yol, yalançıya “vol” verməmək. Onlar başda susdular. Yazının başlanğıcındakı, bütün ölkəni bürüyən kütləvi düşkünlüyün, başqa cür desək, kütləvi psixozun kökündə bu sayaq yalana dirək susqunluqlar dayanır. Müxalifətçiləri indilik bir qırağa qoyuram, özünü türkçü, başlıcası da türkçü-alim adlandıranların belə yerdə susqunluğu yırtılan maska görsənişidir – onu nə danmaq, nə də ona don geyindirmək olar. Nədən? Söhbət türklükdən, türkçülükdən getdiyindən. Bir var boya (rəng), bir də var xarakter. Boya eləcə görsənişdir: ağ, qara, qırmızı…
Xaraktersə prinsiplər toplusudur. Çeşidli ulusal xarakterlər var. Bir də var Türk xarakteri. Türk xarakterində min illər boyunca formalaşmış, doğru-düzgünlük, yalana dözməzlik var. Özünü türkçü, üstəlik, alim adlandırasan, sonra da yalana yandaş, yaltaqlığa yoldaş olasan – olduqca yaramaz görsənişdir. Belələri indi “Milli” Elmlər akademiyasından parlamentədək hər yerdə boy göstərir, bizə türkçülük diktəsində bulunurlar. Belələrinə bizim bir sözümüz var: əyilgən, yenilgən xarakteriniz sizi gerçəkdən-gerçəyə türkçü olmağa qoymur, qoya bilməz! Onu bacarmır, gərəkən yerdə Türk xarakteri göstərə bilmirsiniz, onda türkçü yamsılamadan əl çəkin, eləcə yurddaş olun, yurddaşlıq yolu tutun. Ancaq… sözsüz, bunu da bacarmazsınız. Nədən? Yurddaşlıq sərgiləməyin özü bir xarakter görsənişidir: ölkəni kütləvi psixoza gətirib çıxaran yalana, yaltaqlığa, hər cür yaramazlığa dözümsüzlük göstərməli, bu sayaq neqativ görsənişlərlə barışmaz çarpışma aparmalısan.
Türkçülük indi sözügedən çarpışmadan yayınanların bir çoxunun isti sığınacaq yerinə çevrilib. Onlar antitürk rejiminə açıq-açığına əlaltılıq etməklə “türkçülük” yolu tutmağı, bu yolda boğaz yırtmağı necə də çox sevirlər. Onların bu saxta türkçülüyü rejimin türklüyə vurduğu zərbələrdən daha pisdir.