Xaliq Bahadır. Dirəniş düyünü

Belə bir deyim var: Ən çürük ağac da itələmədən yıxılmır. Əliyevçi rejimin siyasi-ideoloji, eləcə də sosial-ekonomik baxımdan çürük rejim olduğunu Azərbaycanın ən ucqarlarında da bilməyən çox az adam tapılar. İndi hamı bu rejimin çürüklüyündən –yararsızlığından danışır. Demək olar, hamı. Rejimin planlı repressiv siyasətləri üzündən bunu yazanların sayı azalıb. Burası ilginc bir görsənişdir: rejim satınalma, repressiya yoluyla müxalifət qəzetlərinin sayını çoxdan BİRə endirib – ölkədə müxalifətin çevrəsini daraltmaq, bütün ölkə boyu meydan sulamaq üçün. Sulayır da. Ancaq… bu gerçək, dayanıqlı uğur deyil; yalançı-yarımçıq uğur görsənişidir – rejimin antixalq siyasətləri üzündən bu gün bütün ölkə rejimlə savaş durumundadır. Bu isə nə əkərsən, onu da biçərsən gerçəyi deməkdir.

Ortada ellik istəklərə bağlı bir soru var: nə etməli? 19-cu yüzildəki Çernışevski axtarışları indi bizim üçün aktuallıq qazanıb. Antixalq rejimindən necə can qurtarmalı? Çağımızın ünlü siyasi çarpışmaçılarından olan Leyla Yunus çıxış yolunu Repressiyalara Qarşı Müqavimət Mərkəzi yaratmaqda görür. Olsun. Başqası başqa yol göstərə bilər. Bizdə belədir: hamı illərlə əlini əlinin üstünə qoyub oturur, biri nəsə yaradınca yer-yerdən bir-birindən çox-çox AĞILLI səslər ucalır: elə yox, belə olsun. Demək olar, bütün çalışmalar da işi pozmağa yönəlir: “Rusiya projesi”, “Amerika diktəsi, “Avropa piltəsi”, nələr, nələr. Özü də bunlar daha çox kimlər olur: özləri rejim əlaltısı, rejim projesi olanlar…

Qayıdaq Leyla Yunusun yaratdığına. Yaradıb, basın toplantısıyla tanıtımını da keçirib. Çox gözəl. Bəyənirik, bacardığımızı, əlimizdən gələn köməyi can-başla edərik. Ancaq biz siyasi çarpışma yolunun çoxillik yolçuları olaraq, ortadakı çatışmazlıqları bəri başdan deməyə borcluyuq – Leyla xanımı, ya bir başqasını qınaq üşün yox, ortaq uğurlarımız üçün. İndiyədək mənim çox yerdə qınaqlarım qulaq ardına vurulub, bundan itirən mən yox, qınaq obyektləri olub. Söz yox, ortaq uğurlarımız baxımından mən də itirmişəm.

Leyla xanım basın toplantısında Avropa birliyinin rəsmilərilə yaxınlarda olan görüşlərindən danışıb. O görüşdə bir sıra bəlli “hüquq müdafiəçiləri” illərdən bəri olduğu kimi, yenə də satqınlıq yolu tutaraq hüquq savçılığı prinsiplərindən deyil, əski əlaltı funksiyalarını yerinə yetirərək açıqdan-açığa rejimi qorumağa yönəlik çıxışlarda bulunublar. Leyla xanım konkret faktlardan çıxış etməklə, çox düzgün olaraq bunu xalqa çatdırıb. Ancaq, soruşulsa da, onların adlarını çəkməyib. Niyə? Biz o dönükləri, o çoxdanın satılmışlarını tanıyırıq, hamı tanımır axı. “Müqavimət” ərəbcədir, bizim dildə bu, DİRƏNİŞ deməkdir. Dirəniş demək dirənib durmaq, başqa sözlə BARIŞMAZLIQ – prinsipiallıq deməkdir. Mən çoxdan tanıyan birisi olaraq Leyla xanımı prinsipsizlikdə qınaya bilmərəm. Di gəl, indilikdə fakt da faktlığında qalır. Biz müxalifət olaraq 22 ildir indiki rejimə dirəniş göstəririk, ancaq bu dirənişin hələlik elə bir effekti olmayıb. Nədən? Aramızdakı bir çoxlarının rejim əlaltısı olmalarından, başqalarının aşırı praqmatizm üzündən onlara göz yummalarından. Bizdə illərlə belə neqativlərə göz yummayan kimsələrə “siyasətdən uzaq adam”,  “idealist adam”, “qeyri-ciddi adam” damğası vurulub.  Aramızdakı kimlərinsə aşırı praqmatizmindən qazancımız nə olub? İndiki ellik uğursuzluqlarımız!

Biz gerçək DİRƏNİŞ işi görmək istəyiriksə, bizi illərlə pula satan rejim əlaltılarına dözmək, güzəştə getmək kimi antidirəniş görsənişlərinə yol verilməməlidir. Biz gerçək-uğurlu dirənişə öz aramızdan, çevrəmizdən başlamalıyıq. Bu dirəniş mənim, sənin, onun üçün olsaydı, bəlkə də, güzəştə, kompromisə yer olardı, ancaq ortadakı  AZƏRBAYCAN ÜÇÜN DİRƏNİŞ faktıdır – bütünlüklə İŞĞAL edilən, əlimizdən alınan Azərbaycan üçün!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv