Dönə-dönə yazmışıq, bir daha yazaq: onlar Qarabağ, Neft-Qaz bazarlığı üzərində hakimiyyətə gəldilər, bu bazarlığa bağlanaraq 22 il hakimiyyətdə qaldılar, bütün seçkiləri bu bazarlıq bazasında qazandılar. Qazandılar, qazandırdılar. Ölkəni, Xalqı soyub-yağmalamaqla milyardlar qazandılar, eləcə də bu axarda yaxın-uzaq güclərə milyardlar qazandırdılar. Özlərinin tez-tez dedikləri kimi, “uğurlu neft-qaz strategiyası”, geniş işğalçılıq, dərin düşmənçilik siyasəti ilə!
Hər bir dövlətin gücü Xalqın gücünə bağlıdır: Xalq güclüdürsə, dövlət də güclüdür, Xalq gücsüzdürsə, dövlət də gücsüzdür. Onlar KQB generalının planlarına, Azərbaycana düşmən güclərin siyasətlərinə uyğun olaraq Azərbaycan xalqına diz çökdürdülər. Onlar – Əliyevlər. Bu gün Azərbaycan bütünlüklə İŞĞAL edilmiş ölkə durumundadır. Bu gün Azərbaycan xalqı bütünlüklə yenilmiş xalq durumundadır. İşğal edən də Əliyevlərdir, yenən də: ermənilər işğal etdikləri kimi, ermənilər yendikləri kimi. Bu isə orqanik oxşarlıqdır: ermənilərin də arxasında Rusiya dayanır, Əliyevlərin də. Ermənilər də Rusiyanın gücünə Azərbaycanı işğal ediblər, Əliyevlər də. Ermənilər də Rusiyanın gücünə Azərbaycan xalqını yeniblər, Əliyevlər də. Milli Şuranı “Rusiya projesi” adlandıran satqın qəzet, satqın partiya, bir sıra başqa satqın subyektlər bugünlər – əliyevçi rejimin açıq-aydın Suverenlik bazarlığına girişdiyi bir çağda – sürəkli susqunluq sərgiləməkdədirlər.
Üstü açılmayan çoxsaylı ölümlər, saxtalaşdırılan seçkilər, müxalifətin əzilib sıradan çıxarılması, Ölkənin soyulub-yağmalanması, Xalqa diz çökdürülməsi – bütün bunlar Suverenlik bazarlığı ilə sonuclanmalıydı. Bircə fakt yetərlidir: “Əsgər ölümünə son!” aksiyası keçirən gəncliyə qurulan qondarma məhkəmə, onlara kəsilən yüksək cəza eləcə oğru, kriminal rejim görsənişi deyil, bu bir də İŞĞALÇI rejim görsənişidir. Ancaq, yalnız bu da deyil, bu bir də satqın rejim görsənişidir. Sonu görünməyən repressiyalar içində korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ çevrilməyi, belə bir sürəc içində Xalqa diz çökdürülməyi gec-tez Suverenlik bazarlığına gətirib çıxarmalı idi.
Qaçılmaz proses olaraq dünyada demokratiyanın sınırları genişlənir, diktaturanın sınırları daralır. Rusiya sınırları daralan diktaturanın başlıca dayağıdır. Elə bunların da başlıca dayağı Rusiyadır. Rusiyanın Krımı tutması bunlarda ikili duyğu doğurub: birinci, qorxu duyğusu; ikinci, güvənlik. Birinci – demokratik dünya ilə yaxınlaşsaq, Rusiya bizi əzə-devirə bilər. İkinci, Rusiya çox güclənib, suverenlikdən keçməklə olsa belə, Rusiyanın çətiri altına keçmək – yalnız hakimiyyətin deyil, eləcə də 22 ildə oğurlanıb ölkədən çıxarılmış milyardların qorunub saxlanması üçün! Satqınlığın, Xalqa, Ölkəyə, Dövlətə dönüklüyün anatomiyası budur!
ABŞ-ın Bakıdakı baş diplomatı R.Morninqstar əliyevçi rejimlə bağlı Demokratik Düşüncə axarında bir neçə çox yumşaq söz dedi. Bununla bağlı R.Mehdiyev dönə-dönə Amerikaya dözməyəcəklərini bildirdi – suverenlikdən dəm vurmaqla! Rusiyanın Bakıdakı baş diplomatı Doroxin açıq-açığına Suverenliyimizə toxunan çıxışda bulunurkən susqunluq sərgilənir. Bunun ardınca Rusiyanın FTX başçısı Bortnikov Suverenlik prinsiplərini darmadağın edən çıxışda bulunurkən yenə susqunluq sərgilənir. Çox yumşaq, üstəlik, Xalqın, Ölkənin, Dövlətin gərəyinə yönəlik yumşaq bir qınağa görə Amerikaya dözməyənlərin, dözümsüzlük sərgiləyənlərin Rusiya qarşısındakı açıq yenilgənlikləri böyük dönüklük-xəyanət faktıdır. Son çağlar baş verənlər – Rusiya ilə bağlı ortadakı gəlişmələr açıq-aydın Suverenlik bazarlığıdır. Bunu bəlli bilmək gərək: Suverenlik əliyevçi hakimiyyətin sonuncu SATIŞ sığınacağıdır! Onların 22 ildə sonadək satmadıqları bircə nəsnə qalıb – Suverenlik!