Xaliq Bahadır. Bizim türmə – konslager (II)

              II
Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət” deyilən, bildirildiyinə görə, araşdırma aparıb: ”Məlum oldu ki”… Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən demə, 12-ci kalonda bu adda kimsə yoxdur. “Xidmət” bu yolla xalqa kələk gəlməyə çalışır: imzalar yalandırsa, demək, yazılanlar da yalandır, onların dililə desək, “əsassızdır”. “Xidmətin” başqa bir yöndən apardığı “araşdırma” da çox uğurlu alınıb: sən demə, dustaqların “müraciətini” yayan “Siyasi Məhbuslarsız Azərbaycan” qurumu “qeydiyyatdan keçməyən ictimai birlikdir”. Demək, bu qurum da o dustaq imzaları kimi yalançı qurumdur. Bax, belə: penitensiar “Xidmətin” operativ araşdırma göstəricisi!

Birinci fakt: türmələr Ədliyyə nazirliyinə bağlıdır. İkinci fakt: “Siyasi Məhbuslarsız Azərbaycan” kimi qurumları Ədliyyə nazirliyi qeydə alır. İndilikdə bu qurum qeydə alınmaq üçün iki yoldan birini seçməlidir: 1) adını, xarakterini dəyişib, hökumətyönlü quruma çevrilməli; 2) hökumətlə (burada Ədliyyə nazirliyi) bazarlığa gedərək adına-xarakterinə uyğun olmayan çalışmalarda bulunmaqla bir sıra bəlli “hökumətdən ayrı qurumlar” kimi rejimin yardımçı qurumuna çevrilməlidir. Ortadakı faktlardan göründüyü kimi, qurum hələlik adına uyğun çalışmalarda bulunmaqda, eləcə də adına uyğun xarakter sərgiləməkdədir.

Penitensiar Xidmətin “araşdırma” sonucu olaraq ortaya çıxardığı nədir? Özünün xarakter görsənişi. Penitensiar Xidmətin baş qurumu olan Ədliyyə nazirliyi, bəlli olduğu kimi, məhkəmələrin də baş qurumudur. Məhkəmələrdə nə vaş verir? DƏHŞƏTLİ qanunsuzluq, öldürücü özbaşınalıq! Təkcə elə sonuncu siyasi proseslərdən biri olaraq NİDAçı gəncliyin məhkəməsini yada salmaq yetər. Gəncləri bütünlüklə suçsuz yerə qanunsuzluq, özbaşınalıq yoluyla 6-8 illik məhkəmə qərarları ilə damladılar. Hələ mən Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Anar Məmmədli, Bəşir Süleymanlı ilə bağlı son ilin oxşar məhkəmə qərarlarını demirəm. Ortada polis-prokurorluq-ədliyyə nazirliyi-məhkəmə-türmə adlı bütünlüklə kriminal bir sistem var. Bu sistemi görən, tanıyan, bu sistemdən keçməklə gedib türməyə çıxan dustaqlar gördükləri qanunsuzluq, özbaşınalıq faktları ilə bağlı dövlət başçısına üz tutarkən, indiki qoşullar içində ad-soyadlarını olduğu kimi yaza bilərlərmi? Onlar indiki rejimin, indiki siyasi sistemin başında duranın kimliyini gözəl bilirlər. Bilə-bilə də ona üz tutur, acınacaqlı durumları ilə tanış etmək üçün onu türməyə çağırırlar.  – axı bu qanunsuzluq içində dağılan-dağıdılan dövlətin başqa başçısı yoxdur. Boğulanın saman çöpünə əl atmağı sonuncu güman yeri deyilmi?!

Ortada gerçək dövlət, dövlətçilik olsaydı, Azərbaycan türmələrində bir belə basırıq, bunca basırıq içində dözülməz qanunsuzluq-özbaşınalıq da olmazdı. Çağdaş dünyada dustaqlıq insan olaraq bitib-tükənmək, yoxluğa yuvarlanmaq deyil, bəlkə bundan qat-qat artıq – suçunu yumaqla daha insanca insanlıq arasına dönüş dönəmi deməkdir. Çağdaş dünyada – indiki Azərbaycanda yox. İndiki Azərbaycanda İŞĞALÇI rejim axarında insanlıq yaşamın DİBİNƏDƏK qovulub sıxışdırılıb. Türmələr də o DİBlərdən biridir. Bu rejimdə faktiki olaraq yaşamın DİBİNDƏ də insanlığa dinclik yoxdur – yaşadığına, daha doğrusu, var olduğuna görə İŞĞALÇI rejim başçılarına, İŞĞALÇI rejim qulluqçularına varolma VERGİSİ ödəməlisən – dustaq olsan da, olmasan da! Baxın, təkcə “uğurlu neft-qaz strategiyasından” rejim başında duranlar milyardlar qazanırlar, di gəl, bu, istərsə də başqa yollarla əldə edilən milyardlar azmış kimi, üstəlik, xalqı da vəhşicəsinə soyub-yağmalayırlar! Qısası, bəlli bir Ailə üçün “Bizim market” mağazalar şəbəkəsi nə deməkdirsə,  türmələr də o deməkdir – yüngül gəlir qaynağı, asan qazanc obyekti!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv