Xaliq Bahadır. Milli dirilik faktoru

Bugünlərdə tanınmış sütunçu (köşə yazarı) dostlarla görüşümüz oldu. Yığışmışdıq. Geniş oxucu auditoriyası ilə seçilən dostlardan biri nədən, nələrdən etkilənmişdisə çox danışdı. Danışdıqlarının da SÜTUNU bu idi: bizi bu günə qoyan, bütün millətlərdən geri salan adət-ənənələrimiz (bizim dildə: gələnək-görənəklərimiz), millətçilik, bir də ideologiya oldu; qabağa getmək istəyən millət adət-ənənədən, millətçilikdən, ideologiyadan uzaq olmalıdır. Dostumuz leksiya oxuyurmuş kimi çevir tatı – vur tatı durmadan danışır, bizlərsə birinci kurs öyrənciləri sayaq onu dinməzcə dinləyirdik. Mən də sonadək susqunluqla dinlədim, başqa sütunçuların cavab vermələrini gözlədim, cavab gəlmədi. Görünür, onlar da elə düşünürdülər (düşünürlər!).

Ayda-ildə bir yol baş tutan dost yığıncağında dözdüyümə qəzetdə də dözmək-dinməmək, sözümü deməmək mənlik deyil. Bilirəm, indi bizdə çoxları elə düşünür. Bilirsiz də, yer bərk olanda öküz öküzdən görər. Bizdə indi siyasətçilər başda olmaqla çoxları oxşar düşüncədə bulunur, suçu özündə deyil özgəsində, son çağlar daha çox da xalqda-millətdə görür: “mentalitetimiz budur”. Bu yerdə soruşmaq gərəkir: Xalq çağırışa qoşaraq Hərəkat yaratdı, ordu önünə çıxdı, tank üzərinə yürüdü, qurbanlar verdi – siz o hərəkatı hara aparıb çıxardız, kimlərə verdiz. Bu yerdə Xalqın öz dili – öz deyimi gərək: Əkdim-biçdim sarımsaq, xeyrin gördü qurumsaq!..

Yazının burdan beləsini yayğınlığa yol vermədən – başqa faktlara toxunmadan – dünyanın ən qabaqcıl xalqı olan ingilislərlə bağlayacam. Dünyanın ən qabaqcıl xalqı olan ingilislər bütünlüklə özlərinin milli-ulusal gələnək-görənəklərinə bağlıdırlar: saya keçənəcəkdə də, iç-dış dövlət siyasətində də. İngilislər arasında gələnək-görənəklərə bağlılıq sistemli, dəyişməz düşüncə faktorudur. Bu düşüncə faktorundan uzaq ingilis doğmaları arasında belə, gərəkən sayğını görməz, urvatlı tutulmaz. Yeri gəlmişkən, çoban olsa belə, ingilis dilini gözəl bilən istənilən yurddaş ingilislər arasında çox böyük sayğı-urvat yiyəsi ola bilir. Bu da ingilislərin gələnək-görənəyə bağlılıq göstəricilərindəndir.

 

İngilislərdə gələnək-görənəyi pozma faktı da var, ancaq görün harda? Birinci Dünya Savaşınadək İngiltərədə yüz illərdən gəlmə gələnək-görənək olaraq ordu könüllülərdən oluşurdu. Almanlarla savaşı uğurla bitirmək üçün baş baxan Lyod Corc savaş öncəsi gələnək-görənəyə qarşı çıxaraq ingilis ordusunda könüllülük prinsipini aradan qaldırdı. Lyod Corc Konservatorlar partiyasından (gələnək-görənək partiyası!) idi. Sözügedən dəyişiklik çağında ingilislər arasında sərt reaksiya doğurmuşdu, ancaq bu dəyişiklik özünü İngiltərənin Birinci Dünya Savaşından uğurla çıxmasında doğrultdu. Milli gələnək-görənək milli maraqla beləcə kompensasiya edilmiş, uğurlu kompensasiyadan bütün ingilis xalqı qazanmışdı!

Millətçiliyə gəlincə, dünyada ingilislər kimi sonadək millətçi xalq tapmaq çətindir. Buna görə bu gün dünyada beş dövlət ingilis dilində danışır. Arxasında yaxşı-yaxşı düşünülmüş dərin rasionalizm dayandığından, yüz illərdən bəri dünyanın hər yerində etkisini göstərən ingilis millətçiliyi, demək olar, gözəgörünməzdir. İngilislər bizdəki kimi haralarasa bayraq taxacaqlarını demir, dillərinə gətirmirlər, eləcə gizli ideoloji-siyasi-ekonomik gəlişmələr sonucu olaraq bayraqlarını harasa sancırlar.

Bəs ideologiya? Bəlkə ingilislərin ideologiyası yoxdur. İdeologiyasızlıq axtarışına çıxırsızsa, onda yüz illər boyunca dünyanın ən qabaqcıl, ən güclü dövlətlərindən olan İngiltərəyə baxmayın – bir belə yeraltı-yerüstü  var-yatırla uğursuz-düşkün-darmadağın durumda olan Azərbaycana baxın! Çörçil 1946-cı il Fulton çıxışında – İkinci Dünya Savaşını uğurla başa vurduqdan sonra – demişdi: “Biz dünyada ingilisdillilərin hakimiyyətini qurmalıyıq”. Bəlli olduğu kimi, bu gün Azərbaycanda da ingilisdilli hakimiyyət qurulub…

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv