Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır

Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb. İkinci, valideynlərin özləri də çoxluq etibarilə milli ruha bağlı olmurlar. Başqa bir cəhət ondan ibarətdir ki, həyatı dərk eləmək və onu düzgün dəyərləndirmək hər kəsdə alınmayan bir keyfiyyətdir. Ona görə valideyn uşağı böyüdərkən mənəvi, psixoloji yükün ağırlığı altına girmir, asan yol seçir. Asan yol isə uşağı aldada-aldada, qorxuda-qorxuda böyütməkdir. Uşağı sərbəstləşməkdən çəkindirmək üçün cindən, şeytandan, xortdandan o qədər danışırlar ki, həyatda mövcud olmayan bu obrazların etkisi (təsiri) uşaq böyüyəndə belə, onun, necə deyərlər, alt şüurunda (yaddaşında) qalır.

***

Bu məsələ zaman-zaman siyasətdə öz əksini tapıb. Bəlkə də siyasətlə məşğul olanlar yaddaşlarında ilişib qalmış belə məsələlərin köməyi ilə idarə üsulları yaradıblar. Göründüyü kmi bu gün beynəlxalq siyasətin idarəçiliyi bizə qarşı ən çox bu üsulla yanaşır. Yəni bizə münasibət qorxu, xof üzərində qurulub. Özəllikcə də Qərb siyasəti həmin oyunun üzərində oturuşub. Hamının ağlına, şüuruna bir şey yazırlar ki, dünyanı idarə eləyən Massonçuluqdur (Bu psixologiyanı bütün dünyada yeritsələr də, Azərbaycanda daha çox qabarır). Guya Massonçuluq elə bir güclü şəbəkədir ki, Allah qədər yenilməzdir. Heç bir xalq, dövlət onunla bacara bilməz. Ona görə hamı onun nizamı ilə hesablaşmalıdır, könüllü şəkildə onun tələblərinə tabe olmalıdır. Onsuz da bütün dövlətlərin rəhbərləri Massonçulardan seçilib təyin olunur və s. Beləcə  milli şüura qarşı cəbhə yaradılır. Hətta Massonçuluğa qarşı təbliğatları da özləri təşkil edirlər. Çünki bu qorxulu fikirləri, daha doğrusu, uydurulmuş təlqinedici fikirlərin qorxusunu hər gün hamı deyəndə, yazanda şüuraltında oturuşur, oxucuya, dinləyiciyə təlqin olunur. O da bunu ətrafdakı­lara çatdırır. Beləliklə, yenilməz bir qüvvə obrazı bəşəriyyətin qanına şaxələnir. Bununla da Milli düşüncənin, Milli quruculuğun yolu qapanır. Dediyimiz kimi, Azərbaycanda bu şüur daha güclüdür. Ona görə insanlar Milli quruculuğun baş tutacağına inanmır və belə bir işə həsr olunmağı əhəmiyyətsiz sayır. Belə-belə xalqımız, ümumən hamı, – qədim xalqlar bəşəri dəyərlər yaratmağı yadırğayırlar. Ona görə də xaqlararası münasibətlərdə humanizmin heç bir etkisi özünü göstərmir. Azğın, dağıdıcı siyasət dövlətlərarası münasibətlərdə həlledici çəkiyə malik olur. Xalqlar böyük dəyərlərlə, mədəniyyətlərlə deyil, dövlət siyasəti ilə idarə olunur. Dövlət də öz xalqının başqa xalqlara qarşı münasibətini istədiyi vaxt dost, istədiyi vaxt düşmən kimi biçimləndirir.

***

Deməli, insanın tərbiyəsi, mədəniyyəti, ruhunun yönü təməldən düzgün qurulmur. Elm kainatın sirlərini açsa da, insanın qorxudan, xofdan çıxmasını təmin edə bilmədi. Onu din də qorxudur, siyasət də. Din də Allah qorxusunu lap körpəlikdən insanın yaddaşına yazır. “Allahdan qorxmayan kafirdir” deyir. Qorxmayanlar da kafir adlanmamaq xətrinə qorxduqlarını bəyan edirlər. Nə fərqi var ki, Allahdan qorxmur, ancaq Allah xofu ilə yaşayan Qaragüruhdan qorxur. Din insanı yaman günə saldı. Kimi dindirirsən, “dünya qorxu üzərində bərqərar olub” deyir. İnsan özünə sevimli Allah obrazı yarada bilmədi, qorxudan, xoflandıran din yaratdı; qorxudan, alçaldan siyasət yaratdı.

***

İnsan doğulanda ona sevgi öyrətmək, inam vermək lazımdır ki, yaddaşında, şüurunda bu otursun; böyüyəndə onunla böyüsün, geninə çevrilsin, nəsillərə ötürülsün. Onda insan dəyərə çevrilər, dəyər yaradar, xalq olar, bəşər olar.

İnsanı böyük olmağa qoymurlar, balaca saxlayırlar.

Kimdir günahkar? – İnsan!

İnsanı İnam xilas edəcək!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 

 (arxiv).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv