Türkiyə prezident seçkisi qarşısındadır. Ərdoğan kimi bir güc qarşısında bələdiyyə seçkisinə birləşmiş güclə getməməklə uduzan Türkiyə müxalifətinin prezident seçkisini birləşmiş güclə uduzacağını proqnozlaşdırmaq olar. Bələdiyyə seçkisindəki uğursuzluğu mən müxalifətin birləşməməyində görmüşdüm. Müxalifət birləşsəydi, seçkini uda bilərdi, demişdim. Türkiyə müxalifətinin indiki birliyinin uğursuzluqla sonuclanacağını inamla demək olar.
Türkiyədəki bələdiyyə seçkisindən sonrakı bir çıxışımda demişdim: CHP ilə MHP qıraqdan ortaq bir aday irəli sürməklə bələdiyyə seçkisinə getməliydi – o aday, sözsüz, Ərdoğana alternativ birisi olmalı idi. İndi prezident seçkisiylə bağlı CHP ilə MHP qıraqdan ortaq aday – çatı adayı (bizdə buna ərəb-fars dilinə bağlılıqla “vahid namizəd” deyirlər) irəli sürülüb. Di gəl, müxalifətin indiki birliyi – ortaq aday faktı elə sanki bilərəkdən uğursuzluğa yönəlib. Ortaq aday olaraq göstərilən, Kamal Qılıncdaroğlu ilə Dövlət Baxçalının seçib bəyəndiyi aday prinsipcə onların özlərinə qarşı çevrilir. Ortaq aday deyə tanıdılan Ekmələddin İhsanoğlu İslam Konfransı Təşkilatının başında duran kimsədir. İhsanoğlu o qurumun başında beş il dursun, beş yz il dursun – nə olub, nə olasıdır? ATƏT-dən də qat-qat etkisiz olan, ortaya çıxarılası bircə dənə yönlü-yararlı işi olmayan elə-belə bir qurum! Eləcə də Ekmələddin İhsanoğlu. Belədə soruşmaq gərəkir: Qılıncdaroğlu ilə Baxçalının İhsanoğlunu seçib bəyənməsi nəylə bağlıdır? Sözsüz, onların prezident seçkisi öncəsi Ərdoğana alternativ axtarışları ilə.
Bəs onlar onun alternativliyini nədə görürlər? İslama bağlılığında. Bu, faktdır. Fakt olaraq da bu, Qılıncdaroğlu ilə Baxçalının siyasi-ideoloji baxımdan Ərdoğana uduzması deməkdir. Bu eləcə də demokratik Türkiyənin – Atatürk Türkiyəsinin uduzması deməkdir. İŞİD-in Türkiyəni tutmasına gərək yox – Türkiyə Ərdoğan başçılığında çoxdan İŞİD yolundadır. İndi göründüyü kimi, Qılıncdaroğlu ilə Baxçalı da Ərdoğanın ən yaxın yol yoldaşları, yandaşları arasında önəmli yer tutur. İndi biz Ərdoğandan çox onları qınaya bilərik: görün onlar Türkiyənin bütünlüklə başqa yönümlü iki ən güclü partiyası olaraq ölkəni, ən başlıcası, partiyalarını gətirib nə yerə çıxarıblar – Ərdoğanla, Abdulla Güllə bir ideologiyanın daşıyıcısı olan adamı özlərinin ortaq adayı yerində görürlər. Olduqca acınacaqlı durumdur! Görün Türkiyə, başlıcası, çağdaşlıq, demokratiya yolu tutmuş Atatürk Türkiyəsi hara sürüklənib!!
Ərdoğanı çox önəmli uğuru ilə ilgili indidən qutlamaq olar – o, Türkiyə düşmənləri ilə birgə uzun çalışmalar sonucu olaraq Türkiyəni öz yolundan döndərə bildi. Qılıncdaroğlu da, Baxçalı da – hər iksi – başında durduğu partiyanın siyasi-ideoloji ilkələrinə, yönümünə balta çaldı. Onlar İhsanoğlu ilə Ərdoğan seşicilərindən səs qoparacaqlarını düşünürlər, ancaq… BUMERANQ effekti alınacaq: hər ikisi partiyasının siyasi-ideoloji yönümdən uğursuzluğu görsənişini sərgiləməklə – indiki seçim baxımından – daha çox Ərdoğana, Ərdoğan partiyasına səs qazandıracaq. İndiki “alternativlə” onlar ideya-siyasi baxımdan daha çox Ərdoğanın alternativsizliyini göstərmiş olurlar. Onların “alternativ” deyə göstərdikləri kimsə faktiki olaraq, gerçək bir alternativ deyil, Ərdoğanın kölgəsi yerində birisidir.
… Türklüyə, eləcə də İslama düşmən Daşnaksütun partiyasının Cenevrə qurultayında (1913-cü il) 17 qərar çıxarılmışdı. O qərarlar, başlıcası da, 1-ci, 16-cı qərarlar, bu gün də aktuallığını saxlamaqdadır: 1) “İttihad” partiyası (Türkiyədəki islam partiyası. – X.B.) ilə birlikdə olmaq; 2) islamı Qafqazda yaymaqla müsəlman üsyanları yaratmaq, beləliklə, müsəlmanların qırılmasına yol açmaq. Gözünüzü açıb yaxın-uzaq çevrənizə baxın: Çeçenistan, Dağıstan, Suriya, İraq…