AŞ PA-da çıxış edən İ.Əliyev “Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə” olduğunu bildirib. “Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir”, – deyən İ.Əliyev gerçəyi ortaya qoyub. Doğrudan da, Əliyevlər Azərbaycanında korrupsiya ilə “mübarizənin” çox “unikal” praktikası var: korrupsiyanın başında dövlətin başında duranlar durur, ancaq… “korrupsiyaçı” adı ilə bütünlüklə başqaları tutulur. Görünür, əliyevçi rejimdə korrupsiya ilə “mübarizənin” yüksək tribunadan dilə gətirilən “unikallığı” bundadır. Əliyevlər uzun illərdən bəri korrupsiya ilə “mübarizə” aparsalar da, hələ indiyədək ölkədə bircə dənə də gerçək korrupsioner cəzalandırılmayıb.
Azərbaycanda korrupsiya 1993-dən dövlət siyasətidir. Elə buna görə də bizdə korrupsiya ilə “mübarizə” indiyədək necə effektsiz olubsa, bundan belə daha da effektsiz olacaq. Bunu bir yandan İ.Əliyevin bu yaxınlarda korrupsioner bürokratiyaya verdiyi ürək-dirəkdən bilmək olar: “biz heç kimdən qorxub-çəkinmirik”; o biri yandan PA sözçüsü olaraq tanınan Əli Həsənovun sonuncu korrupsioner çıxışından: “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm”. Bəlli olduğu kimi, Ə.Həsənov ailəsi ilə bağlı aparılan araşdırmalar bu ailənin Azərbaycandan Türkiyiəyədək çox böyük biznesi olduğunu göstərdi. Sözsüz, beş-altı il, ola bilsin, beş-altı ay qabaq, Ə.Həsənov ortaya çıxarılan faktları “yalan” adlandırardı, ancaq indi qorxub-çəkinmədən böyük ailə biznesilə “fəxr” etdiyini bildirir. Bu isə dövlət qanunlarına açıq-aşığına tüpürmək deməkdir. Dövlət qanunlarına indiyədək üstüörtülü tüpürürdülər, indi açıq-açığına tüpürürlər. “Uğurlu neft-qaz strategiyası”, “irəliləyişli Qarabağ danışıqları”, bütünlüklə korrupsiyalaşmış dövlət siyasəti axarında Ölkəni alver obyektinə çevirməklə çox gücləniblər, lap çox; indi dünyada İ.Əliyevdən varlı dövlət başçısı, onun məmurlarından varlı dövlət məmurları yoxdur.
Ata-bala Əliyevlərin oğurluqları yeni-yeni ortaya çıxanda Ə.Həsənov PA sözçüsü olaraq, tez-tələsik göstərilən oğurluq-korrupsiya faktlarını danmağa, bununla da prezident ailəsini sudan quru çıxarmağa çalışırdı. Araşdırmalar intensivləşəndən, Əliyevlər ailəsinə bağlı çoxlu oğurluq-korrupsiya faktı ortaya çıxarılandan, bütün bunlara baxmayaraq, üçüncü yol saxta seçki uduşundan sonra çoxsaylı oğurluq faktları ilə bağlı qorxuların aradan qalxdığı görünməkdədir. Çox ola bilsin, oğurluq-korrupsiya faktları ilə bağlı komanda yoldaşlarına İ.Əliyevin gizli tapşırığı da var: “arxanızda durmuşam, heç nədən qorxmayın”. Bunu yalnız ölkədə gündən-günə genişlənən, dərinləşən korrupsiya faktlarından deyil, eləcə də Ə.Həsənovun indiki arxayın danışığından görmək olar: “Ailəmin malik olduğu şirkətlərlə fəxr edirəm”. “Dövlət qulluğu haqqında” qanunla yanaşı qoyduqda bu, “ailəmin korrupsiya-oğurluq qurumları ilə fəxr edirəm” deməkdir.
Burada deyilənlərlə bağlı bircə fakta toxunmaq yetər. Bu gün Ə.Həsənovun, arvadının, oğlunun əlində professionallıq baxımından bütünlüklə yararsız çoxlu media qurumu var. Alıcısı olmaya-olmaya Həsənovlar ailəsinə çoxlu pul qazandıran bu qurumlar illərdir dövlət büdcəsini yağmalama yolundadır. Yenə bircə fakt: xalqın əl-əl axtardığı “Azadlıq” qəzetinə bircə manat da qıymayan KİV-ə yardım fondu Ə.Həsənovun oxunmayan qəzetlərinə böyük pullar ayırır – özünün KİV-ə yardım prinsiplərini tapdamaqla. Bu baxımdan burada verilən pullar da korrupsiya xarakterlidir, alınan pullar da. Ə.Həsənov tez-tez müxalifət jurnalistlərinin professionallıqdan uzaq olduqlarından danışır. Ən azı qəzetlərinin necə düşük dildə çıxdığını görə bilməyən bu adam, görünür, jurnalist professionallığını ANTİMİLLİ, ANTİDEMOKRATİK bir rejimə satılmaqda görür. Bu isə ayrıca korrupsiya faktıdır!