Ukraynada qanlı savaş gedir. Yeni Ukrayna hökuməti ölkəni kəsinliklə separatçılardan arıtmaqdadır. Separatçılardan! Bugünlər Rusiyada ən çox acıq doğuran bir söz varsa, o da Ukrayna ilə bağlı işlədilən “separatizm”, “separatçılar” sözləridir. Bəlli olduğu kimi, bu sözlər Ukraynada yaşayan, Ukraynanı bölməyə çalışan ruslarla bağlı işlədilir. İndi Rusiyada bu sözü sevmirlər. Ancaq qabaqlar çox sevərdilər. Qabaqlar – Çeçenstandakı olaylar dönəmində.
Rusiyanın işğalçılıq siyasətinin qurbanı olan çeçen xalqı Rusiyadan ayrılmaq üçün 200 ildir savaş aparır. Rusların baxışıyla çeçenlərə yalnız bir ad vermək olar: separatçılar. Çeçenlər “separatçı” olduqları üçün Putin Çeçenstanda bir sıra yaşayış yerlərini Yer üzündən sildi. Putin hakimiyyətinin başlanğıcından Çeçenstanda darmadağın savaşı apardi: bir sıra yaşayış yerlərini yox etdi, iki prezident başda olmaqla çeçen liderlərinə qanlı divan tutuldu – “separatizmə” son qoymaq, Rusiyanın “böyüklüyünü”, “bütövlüyünü” qorumaq üçün. Bütün bunlar Azərbaycanı, Gürcüstanı, Moldovanı, hələlik son olaraq Ukraynanı bölüb-parçalamaq planları-istəkləri ilə birgə, yan-yana siyasətlər-işləklər içində oldu.
Göyçə-Zəngəzur azmış kimi Rusiya Qarabağı da Azərbaycandan qoparıb ermənilərə pay verməyə çalışdı (çalışır). Bu yandan Gürcüstanı, o yandan Moldovanı parçalayıb sınırlarını genişləndirməklə daha böyük, daha “bütöv” olmaq istəyində bulunur. Rusiya özünün işğalçılıq siyasətlərinə uyğun olaraq, Azərbaycanda, Gürcüstanda, Moldovada tökdüyü qanları DÜZGÜN sayır, ancaq Ukraynada aparılan bütövlük savaşını “qanunsuz”, “cinayətkarcasına” savaş adlandırır. Putin, Lavrov, eləcə də Rusiya mediası Ukrayna hökumətini “öz xalqı ilə savaş aparmaqda” suçlayır. Politologiyada belə davranışlara ikili standart deyilir, ancaq bu, ikili standartdan qat-qat artığı, sınırsız utanmazlıq-həyasızlıqdır.
Hər bir dəyənəyin iki başı olduğu kimi siyasətin də iki başı olur. Ortadakı çıxışlardan göründüyü kimi, Rusiyada bu gerçəyi anlayan çox az adam var. Rusiyadakı böyük çoxluq Putinlə Lavrov sayağı işğalçı düşüncə adamıdır. Onlar çevrə dövlətlərini bölüb-parçalamaq yoluyla Rusiyanı daha çox gücləndirmək, daha çox böyüdüb-bütövləşdirmək istəyi ilə alışıb-yanırlar. Bu ERMƏNİ XƏSTƏLİYİ Krımın işğalından sonra Rusiyada özünü daha açıq, daha aqressivcəsinə göstərməkdədir. I Pyotr bunlara bir yol qoyub gedib: Rusiya yüzillər boyunca arasıkəsilməz savaş aparmasa, böyük-bütöv-güclü ola bilməz. Elə Rusiyanın faciəsi də bundadır: yüz illərdir bu ölkədə böyüklük-bütövlük-güclülük ölçüsü işğalçılıqdır. Buna görə Rusiya yüz illərdir qonşuları ilə DİNC YANAŞI YAŞAMAĞI bacarmır.
Özünü ağılsızcasına I Pyotrun yerində görən Putin Rusiyanın çoxillik faciələrini daha da dərinləşdirən birisidir. Bu adam Qarabağı Azərbaycandan alır, Krımı Rusiyaya qatır. Putin üçün, eləcə də putinçilər üçün Qarabağ “tarixi erməni torpağı”, Krım “tarixi rus torpağıdır”. Hər ikisi yalandır – işğalçı yalanı! 21-ci yüzildə belə yalanlarla uzağa getmək olsaydı, Putin çox böyük uğurla Ukraynanın doğusunu da ələ keçirərdi, ancaq onu bacarmadı. Çox istərdi, ancaq istəyi alınmadı. Əskilərdən qalma tör-töküntü siyasətlər Putinin özünə qarşı çevrildi.
Pis-yaxşı – hər nə – Ukrayna öz yolunu, öz yönünü bəlirləyib getməkdədir. İndi Rusiya mass-mediasının Ukrayna üçün göz yaşı axıtması, Ukraynanın gününə ağlaması bütünlüklə yersizdir. Rusiya düzgün yolda olsaydı, Ukrayna kimi ən “doğma” qonşuları belə, ondan qaçıb uzaqlaşmağa çalışmazdı. Ola bilsin, Ukraynanın indiki seçimi ideal variant deyil, ancaq işğalçı, avtoritar Rusiya qorxusundan başqa, daha üstün variant da yoxdur. Rusiya işğalçı-avtoritar görsənişlərlə qonşularına qorxu yaradırsa, onlar nə etməlidirlər? Siz bir Rusiyanın bizi üzləşdirdiyi seçim variantına baxın: ya Qarabağ, ya Azərbaycan – ya Qarabağdan keçməlisiz, ya Azərbaycandan!