Xalq şəxsiyyətlər doğur, ancaq şəxsiyyətlərini çağında tanıya bilmir. Böyüməyən xalq heç sonradan da şəxsiyyətlərini tanıya bilmir. Tərəqqi üzü aşağı gedəndə şəxsiyyət və xalq təzadı həmişə qalır, aradan qalxmır. Beləliklə, xalq öz şəxsiyyətlərinin çağırışlarını eşitmir, onlardan ayrılır. Şəxsiyyəti öz dövrünün qəlibinə salmaqla əslində xalq özünə və şəxsiyyətinə xəyanət edir. Xalq özü ilə şəxsiyyəti arasında (yalançı) birlik görüntüsü yaratmaqla özünün qədirbilən olmasına inanmaq istəyir. Əslində bu halət tarixin xalq üzərində ironiyası deməkdir. Çünki özünü aldatmaqdan böyük yalan yoxdur.
Biz burada xalq deyəndə özündən ayrılmış toplumu nəzərdə tuturuq. Özünə – Özümlüyünə bərabər yaşayan xalq böyük qüdrətdir. Ancaq nə yazıqlar ki, bu gün xalqın yaşamı ilə əsilliyi arasında çox kəskin təzad mövcuddur.
Mövzunu çox genişləndirmədən fikrimizi ədəbi mühitin özünə, şəxsiyyətinə, xalqına münasibətinin bəzi çalarları üzərində vurğu eləmək istəyərdik. Bu günlərdə tanınmış şair Akif Səmədin yubiley tədbirinə dəvət aldıq. Doğrusu biz həmişə yubiley tədbirlərinin əleyhinə olmuşuq. Çünki yubileylərdə şəxsiyyət tanınmır, əsil söz deyilmir, bir sözlə üzəvarilik, boğazdanyuxarı öygülər baş alıb gedir. Ancaq Akif Səməd şəxsiyyətinə sayğımıza görə, onun adına təşkil olunan tədbirə qatılmağı özümüzə borc bildik. Üzləşdiyimiz hallar isə yenə də ənənəvi köhnəlik, məzmunsuz öygülərdən ibarət oldu. Yola vermək xatirinə tərtib olunmuş bir plan əsasında keçirilən tədbirin, hesab edirik ki, Akif Səmədə heç bir dəxli yox idi. Akif Səməd sağ olsaydı, o tədbirə qatılmazdı. Mən Akif Səmədlə cəmi iki dəfə görüşmüşəm. Ancaq bu iki ünsiyyət tanıdan ünsiyyət olub, Akif Səmədi tanımışam. Onun müsahibələrini, məqalələrini, şeirlərini basın yayımından (mətbuatdan) da izləyirdim. Akif Səməd narahat adam idi. Vətəninin taleyi, millətə, onun şəxsiyyətlərinə doğru olmayan münasibət daim onun halına ağrı verirdi. Bu ağrısını o, yazılarında, şeirlərində ifadə edirdi. Akif Səməd heç vaxt rəsmiyyətlə qaynayıb-qarışmadı, əksinə, rəsmi strukturların haqsızlığını, harınlığını özünəməxsus bir cəsarətlə ifşa edərdi… Bəs bu gün niyə onun xatirə tədbiri rəsmiləşdirilir, qorxu, xof altında adi öygülərdə məhdudlaşdırılır?! Cəsarətsizlik ucbatından Akif qəlibə sürüklənir və onun ağrısının, dərdinin, haqsızlıqlara qarşı etirazının, mübarizəsinin üstünə qara örtük çəkilir.
Akif Səməd bir şəxsiyyətdir. Onun parçalanmış, paralanmış, talanmış Vətəni; əzilmiş, döyülmüş, təhqir olunmuş milləti; unudulmuş, unutdurulmuş dəyərləri, şəxsiyyətləri var. Dərindən sevilməyən, ikinci dərəcəli hadisəyə çevrilən, öz yurdunda kölgələnən, təhrif olunan ana dili var. O, bunları bilirdi və mübarizə aparırdı. Yurdunun, millətinin sarsılmasından sarsılır, ürəyi ağrı tapırdı. Ona görə də Döyüşən Sözlə yaşayırdı. Bəs bu gün onun ağrısı, mübarizəsi niyə dilə gətirilmir?! Yoxsa hər şey düzəlib, Akif Səmədin mübarizə aparan ruhu azad xalqın qəlbinə hakim olub?!
Səhv edirsiniz sayğılı soydaşlarım! İnciməyin, mən sizə ərk edib səhv edirsiniz deyirəm. Akif Səmədə ən böyük sayğı, onun, uğrunda mübarizə apardığı idealların arxasında durmaq, sözünə söykək olmaqdır. Bu cür tədbirlərdə milli, ideoloji söhbətlər getməlidir. Akiflərin xatirəsini yubiley öygüləri ilə bağlayıb baş qatmaq gərək deyil, onun ruhunu cəsarətli örnəklərlə birləşdirmək, doğmalaşdırmaq gərəkdir. Onda xalqımızı dəyərli, ruhlu millətə çevirəcəyik. Şəxsiyyətlər də millətin azadlığında, cəsarətində və mübarizəsində yaşayıb var olur. Şəxsiyyətlərimizi var edən sözün arxasında da yalnız cəsarətli, ruhlu insanlar dayana bilər, dayanmalıdır!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
23 Od Ayı, 36-cı il. (iyul, 2014.)