(Asif Ata ilə Qarabağ qonusunda müsahibə)
– Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib. Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İsraili» düzəltmək istəklərinə Ata fikri necədir?
– Dünyanın təzadları çoxdur. O təzadlardan biri Qərb–Türk təzadıdır, rus–türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var.Lakin bu təzad zahirən yumşalıbsa, daxilən demək olar ki, heç vaxt dəyişməyib.
Qərbin nəhəngliyiylə onun daxili mahiyyətcə zəifliyi bir-birini tamamlayır. Təəssüf ki, bunu görən yoxdur. Qərb möhtəşəm olduğu dərəcədə də qorxaqdır. Qərbin qorxduğu güclər çoxdur. Onun qorxduğu ən böyük güc isə Türk Dünyasıdır. Türk özü bu saat nə qədər zəif görünsə də, üzünü Qərbə tutsa da, türk potensialı, türk imkanı, türk daxili gücü, hətta indi belə – bu səpələnmiş, pərənlənmiş, parçalanmış vəziyyətdə belə, Qərbi ürküdür. Adi bir misal. Osmanlı türklərinin Orta Asiya xalqlarıyla təmasının, əslində zahiri təmasının lap azca artması Qərbi təşvişə saldı və Beyker yüyürdü Azərbaycana, Orta Asiyaya. Zaqafqaziyada türkü Azərbaycan təmsil edir. Azərbaycan nə qədər beynəlmiləlçiliyə rəsmi mənada qovuşsa da (çünki daxili mənada Azərbaycan heç zaman beynəlmiləlçi, antimilli birlik ola bilməz, buna Ata inanmır), öz türk mahiyyətini saxlayıb. Bu səbəbdən də Azərbaycan region çərçivəsini aşıb. O təkcə Zaqafqaziya deyil, mahiyyətcə Türk Dünyasıdır. Təbiidir ki, belə Dünyanı zəiflətmək Qərb siyasətinin vacib işidir. Qərb siyasəti gələcəyi neçə il əvvəl görmək iqtidarında olmasa da, bunun iddiasındadır. Qərb siyasəti ən çox proqnoz siyasətidir. Bu proqnoz da onun xeyrinə deyil. SSRİ dağıldı. Sovet İttifaqındakı türklər SSRİ-dən ayrıldılar. Tatarıstan Rusiyanı tərk edir, Krım tatarları məsələsi çıxıb ortalığa, Başqırdıstan məsələsi var. Maliya məsələsi var, Tuva var. Türk amili beynəlxalq siyasətdə ön plana keçir. Üstəlik də Azərbaycan Zaqafqaziya kimi strateji əhəmiyyəti olan bir regionda türkü təmsil edir. Bura yağı lazımdır, bura ilan lazımdır çalsın Azərbaycanı. Belə yağı da tarixən ermənidir. Erməninin «Böyük Ermənistan» sərsəri eşqi, məhəbbəti var. Həmin sərsərilik də ən çox Azərbaycana qarşı çevrilib. Bu səbəbdən də Azərbaycanda erməni yağılığı Qərbə hədsiz dərəcədə lazımdır. Diplomatik söhbətlər, elanlar, deklarasiyalar, prinsiplər – heç biri bunu ifadə edə bilməz. «Böyük Ermənistan» ideyasına Qərb yəqin ki, inanmır, onun azdan-çoxdan ağlı var. Qərbdə dahilik yoxdur, amma o, başa düşür ki, «Böyük Ermənistan» cəfəng bir xülyadır, arzudur, ideyafiksdir, şizofrenik bir ehtirasdır. Lakin bu şizofrenik ehtiras fanatikcəsinə ilanlaşırsa, canavarlaşırsa, quldurlaşırsa, bu, Qərbə lazımdır. Qərb özünün demokratik maskasını saxlamaq üçün sülhə çağıra bilər. Bu, siyasətin üst tərəfidir, aysberqin1 üst tərəfi kimi. Əsl siyasət həmişə gizli siyasətdir. Siyasətin içəri, daxili mənasısa erməniyə kömək etmək, erməni amilini böyütmək, erməni ilanını böyütmək, erməni canavarını böyütmək və ən pis halda, yəni Qərbə görə ən pis halda, Azərbaycanla formal bağlı olan, formal coğrafi ərazini pozmayan, əslində isə Azərbaycanın içində tamam müstəqil dövlət yaratmaq və daim o dövlət vasitəsilə Azərbaycanı zəiflətməkdir. Bir sözlə, hansı yolla olursa-olsun, Qarabağı Azərbaycandan almaqdır.
– Qarabağ məsələsinin xristian-müsəlman problemilə əlaqəsi haqqında fikriniz necədir?
– Xristian-müsəlman problemini ortaya atanların nə xoş niyyətinə, nə də ağlına inanıram. Bu təzadı qızışdırmaq ağılsızlıqdır. Çünki əslində «Xristian Dünyası» adlanan dünya yoxdur. Qərb Dünyası, o cümlədən Şərqi əhatə edən dünya var, yəni Şərqin özü də Qərb Dünyasına daxildir. O anlamda ki, Qərb Dünyasının allahı İisus Xristos deyil, Puldur, var-dövlətdir, sərvətdir, dövlətçilikdir, kapitalizmdir, dollardır, güzərandır, maddiyyatdır. Qərb dahi olmasa da, ağıllı olduğu üçün Xristian Ölkəsi adlandırmır özünü. Çünki Xristian Ölkəsi deyilən cəfəngiyyat ola bilməz indi, olsa da siyasi mənada dövlətin adı ola bilər. Din dövlətdən çoxdan ayrılıb.
İndi Qərb ölkələri var, adına demokratik, inkişaf etmiş sivilizasiya ölkəsi deyirlər. Ata isə onları pulçu dövlətlər hesab edir.
İslamçılar isə özlərini «İslam dövləti» adlandırırlar, bununla da geridə qaldıqlarını bir daha sübut edirlər. Əslində Müsəlman Dünyası yoxdur, çünki müsəlman dövləti yoxdur, islam dövləti adı var.
Gəlin görək islam dövlətlərində müsəlmançılıq haradadır? İslam dövlətlərinin hamısı quruluşca Qərb dövlətidir.
Birinci islam dövləti İndoneziya hesab olunur. İndoneziyada parlamentçilik, prezidentçilik, çoxpartiyalılıq, yəni qərbçilik hökm sürür. İslama da qalır məscidlər, ayinlər, dualar, mərasimlər. Dövlətin özündə islamçılıq yoxdur. Bu haradan oldu islam dövləti, islam ölkəsi?
İkinci islam dövləti Pakistandır. Dişinə qədər qərbləşmiş, parlamentləşmiş, prezidentləşmiş, partiyalaşmış, üstəlik də məscidləşmiş, ayinləşmiş, dualaşmış, Quranlaşmış Pakistan. Bu xaos o qədər də güclü deyil, əsas etibarilə bu, Qərb ölkəsidir. Üstəlik də olsa-olsa, bir az islam bəzəyi, islam ornamenti ilə.
Məsələ bundadır ki, indi islamdan siyasət xatirinə istifadə edirlər. Ayaz Mütəllibov da bundan istifadə edirdi. Camaatı avamlıq, din, islam səviyyəsinə endirirlər ki, onlardan özlərinə itaətkar rəiyyət yaratsınlar, çünki islam qədər rəiyyətçi yoxdur: Göydə Allah, Yerdə hökmdar, xan, bəy, Mərkəzi Komitənin katibi, prezident, nə bilim nə…
Üçüncü dövlət, tarixi xronologiya nöqteyi-nəzərindən İraqdır. İraq da çox az sosializm qarışıqlı, prezidentli Qərb ölkəsidir.
Və dördüncü islam ölkəsi İrandır ki, buradakı xaosdan baş çıxarmaq o qədər də asan deyil, amma hər halda, bu xaosun aşkar bir məzmunu var. Prezident Rəfsancanidir, Nazirlər Sovetinin başında din xadimi – fəqih durur. O da bəzi demokratik respublikalarda kralların oynadığı rolu oynayır, heç bir hökmü, səlahiyyəti yoxdur, nominal, yəni formal, yalançı hakimiyyətə malikdir. Bütün hakimiyyət Rəfsəncaninin əlindədir. Əgər Xomeyni dövründə Qərb «böyük şeytan», Rusiya isə «balaca şeytan» adlandırılırdısa, indi artıq «şeytanlıq» ləğv olunub. Bu saat İranın bir nömrəli siyasi vəzifəsi Qərblə dil tapmaqdır. Və ona görə də Qorbaçovla dil tapmışdı, çünki təzə Rusiya köhnə Qərbin əlaltısına çevrilmişdi. Elə indi də əlaltısıdır. Bütün bu demoqogiya, siyasi təbliğat hay-həşirini nəzərə almadan, obyektiv təhlil bunu göstərir ki, islam aləmi fiksiyadan siyasi oyunçu vasitəsi düzəldir, vəssalam.
– Sizcə, Qarabağda müharibənin sülh yoluna qoyulmasında vasitəçi dövlətlərin məqsədi nədir?
– Hər bir dövlətin öz mənafeyi var. Rəsmi Türkiyə Qarabağ vasitəsilə Azərbaycan üzərində hamiliyini gücləndirir. Atanın türkçülüyə münasibətini xalq bilir. Ata pantürkçüdür. 1982-də ona verilən ittihamın biri də elə bu idi. Millətçi sözündən sonra Ata türkçüdür və bununla fəxr edir. Lakin rəsmi Türkiyənin siyasəti ilə türkçülüyü qarışdırmaq avamlıqdır. Bu saat Turqut Özal Türkiyəsi Qərb yönlüdür. İndi onun siyasətində SSRİ-nin dağılmasından sonra bəzi ünsürlər əmələ gəlib. Bu ünsürlər nədən ibarətdir?
Qərbə Türkiyə deyir ki, mən sənin Şərqdə nümayəndənəm. Şərqə də deyir ki, mən sənin Qərbdə müdafiəçinəm. Gözəl bir oyun oynayır müasir Türkiyə. Eyni zamanda, özünün Qərb nümayəndəliyindən istifadə edib, yəni özünü gücləndirib, arxasını Qərbə söykəyib, türk respublikaları üzərində hamiliyini də genişləndirir. Həm də bu hamiliyi qərbliyi ilə bağlayıb deyir ki, bu, sənin xeyrinədir. Hayıf ki, bunu anlayan yoxdur, belə beyinlə Azərbaycanı xilas etmək istəyirlər, belə elementar şeyi anlamırlar.
Həmin sözləri İrana da aid etmək olar. İran üçün də Qarabağ məsələsi vasitədir. Burada İranın ikinci böyük məqsədi də var: Cənubi Azərbaycan söhbətini Azərbaycan daha eləməsin. Şükür eləsin Allahına ki, mən ona belə kömək eləyirəm, minnətdar olsun, nanəcib olmasın və Cənubi Azərbaycan da qatılsın İrana həmişəlik. Budur əsas.
Qarabağ məsələsində Rusiya yenə öz məqsədini güdür. Rusiyanın məqsədinə erməni cavab verir. Bu, xristian–müsəlman məsələsi deyil. Belə məsələyə Yeltsin heç yaxın da getmir. Zaqafqaziyada, ümumiyyətlə, Rusiya–Türkiyə məsələsi var. Rus türkdən qorxur. Rus azərbaycanlını sevə bilməz. Burada azərbaycanlıya qarşı qüvvə olmalıdır ki, Azərbaycan qüvvətlənməsin. Burada türklərin ziyanına müəyyən bir mütənasiblik olmalıdır. Eyni zamanda, başqa türk respublikalarının üzərində hamiliyini artırmaq üçün, elə Azərbaycanı əldən verməmək üçün özünü Azərbaycanın müdafiəçisi kimi göstərməyə Rusiyanın imkanı da var. Niyə siyasətdə bu imkan¬dan istifadə eləməsinlər, belə fürsət necə ələ düşəcək?
Qarabağ Rusiyanın, Türkiyənin, İranın, Qərbin siyasətinə hava-su kimi lazımdır.
O ki qaldı Qərbə, bu, Avropa Birliyinə də aiddir, BMT-yə də, Amerikaya, Fransaya, İngiltərəyə də. Onların məqsədi birdir: Azərbaycanı təzə, ipəkli, mədəni, şirin, gözəl demokratiya boyunduruğuna salsınlar. Elə boyunduruğa ki, onun hər tərəfi yaxşı olsun, qızıl olsun, dollarla dolu olsun, demokratiya ilə bol olsun, özü də buxov bir az genişlənsin, onu çox da sıxmasın. Çünki aydındır ki, ölkələr arasında liderlik yoxdur, ağalıq var. Ağanın nökəri olmasa, o nə ağadır? Mərkəzçilik var, mərkəzçiliyin əyaləti olmasa, onun nəyi mərkəzdir? Siyasət özü elə şeydir ki, orada mütləq ədalətsizlik olmalıdır. Siyasət ədalət üçün yaranmır, ədaləti bərpa etmək üçün yaranmır. Siyasət ağalıq üçün yaranır, ağalığı ədalət biçimində ifadə etmək üçün yaranır, ağalığı yaxşı bir tilov kimi atmaq üçün yaranır.
– Müqəddəs Ata, hazırkı vəziyyətdə bədbinlik və inamsızlıq hansı hallara gətirib çıxara bilər? Bunları öldürmək üçün nə etməli?
– Bədbin olmamaq üçün gərək gerçəkliyin özünə yox, onun mənasına inanasan. Xalq taleyinin üst qatına yox, daxili qatına inanasan, müdrik olasan. Ata bugünkü gerçəkliyə, onun hay-həşirinə, guya ki, erməni qələbəsinə inanmır, çünki o, gerçəkliyin mənasını bilir. Və bilir ki, qəsbkarlıq mahiyyətcə özünü öldürəcəkdir, qəsbkarlıq özü məğlubiyyətdir.
Bu səviyyədə düşünə bilməyən bədbin olmaya bilməz. Xalqı da bu səviyyədə düşünməyə çağırmaq lazımdır.
Ata Azərbaycanın mahiyyətinə inanır. O mahiyyət ölümsüzdür, əbədidir, sonsuzdur. Çünki ruhanidir.
Azərbaycan ruhaniyyat mərkəzidir.
Erməni nə Şərqdən Şərq, nə Qərbdən Qərbdir. Azərbaycan xalqının daxili aləmində aşkarlanmış cəhətlərindən, xüsusiyyətlərindən çox artıq olan imkan var. Mahiyyətə inanan, mənaya inanan, daxili imkana inanan bədbin ola bilməz.
Ata qəti əmindir ki, Azərbaycan Mütləqə İnam səviyyəsinə qalxacaq, İnsanlaşma səviyyəsinə qalxacaq, Ruhani Cəmiyyət səviyyəsinə qalxacaq, Müstəqil Vətən səviyyəsinə qalxacaq, Özümlü Şərq səviyyəsinə qalxacaq, Müqəddəs Ocaq olacaq Şərqə və bütün Dünyaya.
(arxivdən)