Asif Ata. Nikbinlik

Nikbinlik
(Füzuli üstə)
1.

Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək!
Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında:

Mübarək mülkdür ol mülk, viran olmasın, yarəb! – deyir.
Həm kədər dəhşətini “heç bir müsəlmana” qıymır, həm də dəhşətlinin peşiman olmasını istəmir:

Görüb əndişeyi-qətlimdə ol mahi budur virdim
Ki, bu əndişədən ol maho peşiman olmasın, yarəb!

Füzuli kədərli olduğu dərəcədə nikbindir. Kədər üstə nikbindir, nikbincəsinə kədərlidir, bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

2.

Əzabdan qovrulmağa nə var, əzabdan yoğrulmaq gərək!

Füzuli əzabın bütün çalarlarını, çeşidlərini, pillələrini görür, bilir, – görsədir, bildirir, ancaq əzabdan ürkmür, qorxmur, qaçmır – əzablaşır, əzabla mövcudlaşır.

Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm! – deyir.

Canı odlara yanır Füzulinin, ahı göylərə qalxır Füzulinin, fəqət yanmağından, odlanmağından dönmür Füzuli, yandıqca yanır, odlan­dıq­ca yaşayır.

Həm: Yenə ol mah mənim aldı qərarım bu gücə,
Çıxacaqdır fələyə naleyi-zarım bu gecə! 
– deyə fəryad qoparır, həm də:
Şəmi-şami-firqətəm, sübhi-visalı neylərəm! – deyir.
Həm Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım – deyə nalə çəkir, həm də qanlı, qadalı, əzablı, işgəncəli sevdadan usanmır ki, usanmır!

Həm

Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver
Oda yanmış quru cismimdə həvadan qeyri
 – deyir,

Həm də

Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim,
Nə təməttə bulunur neydə sədadan qeyri,
 – söyləyir.

İztirabda qovrulduqca iztirabı doğruldur. “Ney üçün səda nədirsə, ömür üçün iztirab odur” deyir.
Əzablı olduğu dərəcədə nikbindir Füzuli, əzab üstə nikbindir Füzuli, nikbincəsinə əzablıdır Füzuli, bu – yüksək, müdrik nikbin­likdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

 3.

Bəlaya dözməyə nə var, bəlada böyümək gərək!
Bəla tapılır, tanınır, sarsıdır, həm də bəsləyir, böyüdür, yüksəldir.
Bəla həm sarsıdır, həm çağırır. Bu səbəbdən də “Eşqdən canımda pünhan bir mərəz var, ey həkim!” – deyir,

həm də

“Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl,
Kim olam bu dərdə artıqraq giriftar, ey həkim!”
 – deyir.

Bəlaya düşən daha çox (artıqraq) düşmək istəyir, çünki bəlanın səbəbini, qədr-qiymətini yaxşı bilir.
Bəla sevdası, bəla səadəti vəsf olunur, bəlada səadət tapılır, bəlaya səhhət tapılmır.

Var bir dərdim ki, çox dərmandan artıqdır mana,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Bəlaya düşən bəladan kənarda səhhət aramır:

Rənc çəkmə, sihhət ümidin Füzulidən götür
Kim, qəbuli sihhət etməz böylə bimar, ey həkim! –
 deyir.

Bəlalı olduğu üçün nikbindir Füzuli, bəlalı olduğu dərəcədə  nikbindir Füzuli, bəla üstə nikbindir Füzuli, nikbincəsinə bəlalıdır Füzuli. Bu – yüksək, müdrik nikbinlikdir, bəsitlərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

 

4.

Dərddən dağlanmağa nə var, dərddən idraklanmaq gərək!
Füzuli misilsiz, heyrətamiz dərəcədə dərdlidir:

Olsaydı məndəki qəm Fərhadi mübtəladə,
Bir ah ilə verərdi min Bisutuni badə.

Füzulinin dərdhallığı mütləqdir, ömüraparandır, can alandır, adamı yerdən-göydən ayırandır:

Eylə bədhaləm ki, idrak etməzəm ki, dünya nədir
Mən kiməm, saqi olan kimdir, meyi-səbha nədir.

Ancaq Füzuli həm də misilsiz, heyrətamiz “dərdpərəstdir” (çünki dərddən idrak alandır), kamilliyə çatandır.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili əhli-kəmal eylər məni! 
– deyəndir.

Dərddən lal olandır, “surətə” çevriləndir, bağrı deşiləndir, ancaq həm də dərddən güc alandır, dərdsizin nəsihətini rədd edəndir.

Ey Füzuli, eşq mə’nin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir dünyadı var!
 – söyləyəndir.

Dərd məskənində yaşayır Füzuli və bu məskəndən qeyri-məskən tanımır.

Edəməm tərki-Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
 – deyir.

Dərdli olduğu dərəcədə nikbindir Füzuli, dərd üstə nikbindir Füzu­li, dərdli nikbindir Füzuli. Bu – yüksək, müdrik nikbinlikdir, bəsit­lərin əli çatmayan, ünü yetməyən, ağılasığmaz, idraki nikbinlikdir. Ona yetmək üçün yol getməlisən!

 5.

Kədərdə bilinir nikbinlik!

Əzabda bilinir nikbinlik!

Bəlada bilinir nikbinlik!

Dərddə bilinir nikbinlik!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv