Soylu Atalı (Ocaq Yükümlüsü). Ulus və Onun Azadlığı

Bugünkü dünyada aparıcı dövlətlər var və onlar tərəfindən tərtib olunmuş taleni yaşayan dövlətlər var. Aparıcılıq uğrunda mübarizə zəif dövlətlərin fəlakətləri üzərində həyata keçirilir. Zəif dövlətlər özlərinin yönünü təyin edə bilmir. Xalq isə öz dövlətindən rahat və firavan yaşamasını təmin etmək umur. Dövlət bu təminatı ödəyə bilməyəndə xalqla onun arasında ziddiyyətlər meydana çıxır. Aparıcı dövlətlər zəif dövlətləri öz tabeliyində saxlamaq üçün həmin ziddiyyətlərin həllinə hər vasitə ilə mane olurlar. Xalqla öz dövləti arasında düşmənçilik münasibəti yaranır və güclü dövlətlər bu münasibəti “nizamlamaq” üçün vasitəçiyə, bir çox hallarda isə “xilaskar”a çevrilir.Beləliklə, öz dövlətinin yiyəsi olmayan xalq – dövlətiylə bir yerdə yadellilərin əsarətinə düşür. Ölkə daxilində korrupsiya, rüşvət, tayfaçılıq, prinsipial məsələlərdə ideya müxtəlifliyi, fikir ayrılığı – bu əsarəti uzunömürlü eləyən problemlərə çevrilir. Əsarət görünmür, daxili problemlər baş qatır. Bizim yurdumuz indi bu durumdadır. Bu durumdan xilas olmanın yeganə yolu xalq tərəfindən bir sıra gərəkli, zəruri təcrid, imtina ənənəsini başlamaqdan keçir. Fəqət bu əməl yolunu, yönünü itirmiş kütlə tərəfindən həyata keçirilə bilməz. Bu ənənəni yetirmək və xalqı ona yönəltmək üçün Uluyurdçuluq qarşısıalınmaz, danılmaz bir ictimai-siyasi yoldur. Uluyurdçuluq yolu ilə xalq öz dəyərlərinə yiyə dura bilər. Türk ulusu bütün dövrlərdə böyük dəyərlər yaradıb, fəqət dəyərləri ilə bir olmayıb, onu həyat tərzinə çevirməyib. Ona görə də yad mədəniyyətlər bu ulusun içərisinə yeriyə bilib, onun həyatına hakim ola bilib. Bu isə zaman-zaman böyük azadlığın itirilməsi ilə sonuclanıb.

Özü dəyər yaratmayan, yaxud yaratdığı dəyərlərin xiridarı olmayan xalq, ümumiyyətlə, yadlığa qarşı dirəniş gücünü itirir, yetimləşir. Yadlar yetimin yanında özünü böyük kimi aparır. İmperiya quranları, əsarət gətirənləri xilaskar kimi təqdim edirlər. Yetimlik aqibəti – əsarəti azadlıq kimi qəbul eləməkdən ibarət olur. Əsarət tələbində Azadlığa yol gedilmir. Əsarət – Azadlığa yol məhv olanda başlayır. “Uluyurd”un döyüş prinsipləri Azadlıq yoludur. Xalqın azadlığı dövlətin müstəqilliyi deməkdir, dövlətin müstəqilliyi isə xalqın azadlığının qarantıdır.
Xalqın azadlığı dindən imtina, İnama yetmə səviyyəsində mümkündür. Din ibtidai təsəvvürlərə əsaslanır, yalanlarla, fantaziyalarla, başqatmalarla mütilik əsarəti yaradır. Dində fərd fantastik uydurmalara xidmət göstərməklə özündən ayrılır. Burada yurd amili, insan amili kölgələnir. Başqa sözlə, insan kölə kimi dərk olunur. Bu səbəbdən də xalq kiçilir. Xalq ayrı-ayrı fərdlərdən ibarətdir. Müti fərdlər müti xalq əmələ gətirir. Dində fatalizm yalanı var, – insanın aqibətini proqramlaşdırmaq, onun ixtiyarını bütünlüklə əlindən almaq eybəcərliyi var. Dinin “iki dünya” oyunu var. İnsanı “o dünya” üçün hazırlamaq, bu dünyanı gözdən salmaq, onu faniləşdirmək əməli var. Cənnət, cəhənnəm nağılı ilə insanın ağlını balaca sax¬la¬maq, idrakını söndürmək qəsdi var. Uluyurdçuluq bu qəsdə qarşı davamlı döyüş əməlidir.
İnam insan yaradır, onun hünərini, yurdsevərliyini, ulussevərliyini aşkarlayır və bu cür fərdlərdən müqəddəs xalq yaradır. İnam insanın aqibətini özünə tapşırır.
İnam dünyanı vahid, bütöv dərk edir və onu əbədi sayır. İnam dünyanın mütləq mənasını kəşf edir və onu meyara çevirir. İnama görə dünyanı dərk eləmək müqəddəsliyə başlamaq əməlidir. İnam tələb edir ki, dünyanı fani saymaq yox, onun halını insani səviyyədə qurmaq gərəkdir. İnamın canı Allahçılıq deyil, İnsançılıqdır. İnama görə yalnız Mütləq olan həqiqidir, yalnız insani olan müqəddəsdir.
Xalqın azadlığı demokratiya yalanından imtina, millətçilik humanizminə yetmə səviyyəsində bərqərar ola bilər. “Xalq hakimiyyəti” sözündə yalan var. Xalqın hakimliyi mücərrəddir, xalqın üzərində hakimlik var. Demokratiyanın bir ideologiya kimi çox az müsbət keyfiyyəti var. Və bu az keyfiyyətlə ulus ucalmaz, yurd qurulmaz. Demokratiyadan azadlıq ummaq Azadlığı həşirə salmaqdır. Demokratiyanı azadlıq hadisəsi kimi dərk etdirməyə çalışırlar, Pulçuluğun nəzəri ideologiyası olduğunu unutdururlar. Pulçuluq humanizm tanımır. Pulçuluq azadlığın ölümü üzərində qurulur.
Demokratiya azadlıq yox, özbaşınalıq yaradır. Özbaşınalıqda məsuliyyət hissi unudulur. Məsuliyyət olmayan yerdə Ulusal quruculuq baş tutmaz.
Xalqın azadlığı kürəsəlləşmə meylinə qarşı durmaqdan başlaya bilər. Kürəsəlləşmə – xalqsızlaşdıran gedişatdır. Ağalı¬ğın məqsədlərini həyata keçirmək üçün düşünülmüş fəndgirlikdir. Kürəsəlləşmə xalqın nəyi var, hamısını gerilik, köhnəlik kimi dəyərləndirir, Qərbə bənzəməyi yeganə nemət sayır.
Uluyurdçuluq müqəddəs dəyərlər əsasında özümləşməni Qərbləşmə əməlinə qarşı qoyur və bunun uğrunda ardıcıl döyüş əməli yetirir.
Xalqın Azadlığı dövlətin müstəqilliyi ilə təndir!

xxx

Dövlətin müstəqil olması və yaşaya bilməsi üçün üç prinsip həllini tapmalıdır:
1) İqtisadi müstəqilliyin bərqərar olması gərəkdir. Bu isə sadə bir proses deyil və asanlıqla həyata keçən məsələ deyil. Çünki müasir dünya siyasəti bütünlüklə iqtisadiyyat üzərində qurub. Dünyanı ağalar və nökərlərə bölənlər də siyasəti – iqtisadiyyatın imkanlarını harda gəldi ələ keçirmək yönündə qururlar. “İqtisadi siyasət” termini də məhz ağalıq-nökərlik münasibətlərinin təzahürüdür.
Dünyada demokratiya oyunu atıblar ortaya. Və guya demokratiyanın mərkəzi sayılanlar insan haqlarını qoruyurlar, guya demokratiya da azadlıq deməkdir. Ən böyük humanizm o olardı ki, iqtisadiyyatı, təbiətin maddi nemətlərini bir mərkəzə təslim etməyəsən, qamarlayıb istifadəsiz iqtisadi xəzinələr yaratmayasan. İmkan verəsən bəşəriyyət təbiətdən gərəkli səviyyədə bəhrələnə bilsin. Hər bir xalq öz yurdunda maddi firavanlıq yarada bilsin. Bütün dünyanın maddi sərvətlərini qamarlayıb yığırlar, – guya hər hansı bir ölkədə diktator olarsa, onu devirib, o ölkənin xalqını əsarətdən qurtarmaq üçün xərcləyəcəklər. Bundan da böyük yalan dünyada olmayıb. Pulçuluğun xilaskarlığı ideyası cəfəngiyyatdır. Qərbdə “mammonizm” ideyası pulun Allahlaşdırılması sərsəmliyidir. Puldan Allah düzəldən ideologiya həyatda insanlığın ləğvi üzərində formalaşır. O, insanı necə xilas edə bilər?!
İqtisadiyyatı insana tapşırmağın, bəşəriyyəti səfalətdən xilas etməyin yeganə yolu iqtisadiyatı siyasətdən ayırmaqdır. İqtisadiyyat xarici şirkətlərə tapşırılanda dövlət təhlükəli şəkildə asılılığa düçar olur. Şirkətlər həm də casuslardır. Onlar təkcə ölkənin sərvətini daşımaqla kifayətlənmirlər, həm də onu içəridən qatıb-qarışdırırlar, antimilli əməllər həyata keçirirlər. Bu səbəbdən də Uluyurdçuluq “Minimal Dövlət” ideyasını həyata keçirmək məqsədi daşıyır. Bu ideya Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabında öz əksini tapıb.
2) Mədəni müstəqilliyin bərqərar olması gərəkdir!
Əlbəttə, bütün sahələrdə olduğu kimi, mədəniyyət məsələsində də münasibətlər ağalıq-nökərlik səviyyəsində həyata keçirilir. Ölkədə adət-ənənənin, məişətin, geyimin, musiqinin, ədəbiyyatın, incəsənətin yabançı ideyalarla doldurulması xalqın ruhunda özgələşmə yaradır. Xalqın həyatı başqa ideyalarla qurulanda dövlətlə xalqın doğmalığı aradan qalxır. Xalqın rəğbəti kənara bağlanır, bu səbəbdən də xalq ədaləti də, mərhəməti də, azadlığı da kənarda axtarır. “Plüralizm”, “hər kəsin öz həqiqəti, öz zövqü var”, “hər kəs seçimində azaddır” və s. bu kimi zahirən humanist səslənən çağırışlar dövlətin müstəqilliyinə qarşı yönəlir. Yurdumuza çoxlu yabançı mədəniyyətlər daxil olub. Ona görə də meyarsızlıq və yolsuzluq hökm sürməkdədir. Uluyurdçuluq – milli, özümlü mədəniyyətin təsdiq olunmasını həyata keçirmək əməlidir. Yurdumuzda əxlaqa zidd olan, mənəviliyi nəzərə almayan hər cür baxış rədd olunur.
3) Siyasi müstəqilliyin bərqərar olması gərəkdir!
Ümumiyyətlə, bir janr kimi siyasət insani əməlləri axıra qədər həyata keçirə bilməməkdən əmələ gəlib. Siyasət – bəşəri mənada xeyir əməli deyil. Fəndgirlik, biclik, aldatma məharəti həyatda bioloji qaydalar yaradır. Bu səviyyə ilə bəşər özünə bərabər yaşaya bilmir. Bəşər insani qaydalarla əsilliyə yüksələ bilər. Bu gün xalqlararası münasibətlər humanizmə deyil, mərkəzçiliyə əsaslanır. Və bu niyyətlər fəndgirliklə, aldatmaqla həyata keçirilir. Ona görə də xalqlar özlərini bir-birindən qorumaqla məşğul olur. Ən çox asılılığa, əsarətə məruz qalmış yurdumuzu xilas eləmək və onu qorumaq məqsədiylə Uluyurd Hərəkatı siyasi mübarizə aparmağı, – əslində yurdumuza qarşı olan siyasətlə mübarizə aparmağı qarşısına məqsəd qoyub. “Uluyurd” həm də müasir Azərbaycan siyasətçiləri üçün tərtib olunmuş siyasətin həyata keçməsinə qarşı çıxış edir. Çünki hakimiyyət uğrunda mübarizə aparanların yürütdükləri siyasət Azərbaycanın müstəqilliyinə deyil, mərkəzin, ağaların mənafeyinə xidmət göstərir. Odur ki, “Uluyurd” Azərbaycan–Türkelin var olması üçün siyasətin məqsədini, ideyasını, üslubunu dəyişmək, millətçilik ideyasına söykənən, Azərbaycan dəyərləri ilə köklənib dünyanın indiki halını ötən bir siyasət xətti seçir. Dövlətin müstəqil olması üçün onun yürütdüyü siyasət kənardan götürülməməli, öz prinsiplərindən vüsət almalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv