Biri var imiş, biri yox imiş, Tanrının yeraltı-yerüstü var-yatırla dopdolu yaratdığı bir ölkə var imış. Bu ölkədə bir də olduqca oğru hakimiyyət var imiş. Bu oğru hakimiyyət bu yeraltı-yerüstü var-yatır baxımından dopdolu ölkənin var-yatırından gələn pulları oğurlayıb dış banklara doldurduğundan… dövlətin başqa dövlətlərə, başqa banklara 6 milyard 390 milyon dollar borcu yaranmış imiş. Üstü açılan bir çox gizlinlərdən bəlli olduğu kimi, hakimiyyətin başında duranlar ölkəni yağıcasına soyub-yağmalamaqla trilyon yiyəsinə çevrilirkən dövlət 6 milyard 390 milyon dolların borclusu imiş.
Ən ağlamalı-gülməlisi də nə imiş? Bu ölkənin oğru hakimiyyəti çoxunu mənimsədiyi neft pullarının bir azını da Neft Fondu adı ilə 1,8 faizlə dış banklara qoyurmuş. Dış banklardan dövlətə bir belə faiz gəlməli imiş. Başqa bir gülməli-ağlamalı görsəniş: bu hakimiyyət başında durduğu DÖZÜMLÜ xalqa krediti 24-28 faizlə verirmiş. Sonra da bu hakimiyyətin başında duran adam xalqı açıq-aydın aldadaraq “bizim üçün başlıcası insan kapitalıdır, biz sosial dövlət qururuq” deyirmiş. Bu ölkədə dövlət büdcəsindən hər il mayın 10-da keçirilən bir günlük “gül bayramına” 80 milyon manat (səksən milyon manat!) ayrılırkən gənclər üçün İPOTEKA krediti adına 50 milyon manat (əlli milyon manat!) ayrılırmış. Ölkədə toplumun dirçəlib oğru hakimiyyət üzərinə ayaqlanmaması üçün bilərəkdən, planlı olaraq işsizlik-dolanışıq sorunları yaradılırmış. Belə-belə faşist siyasətləri üzündən bu ölkədə gənclər nə evlənə bilir, nə də özlərinə ev-eşik qura bilirmişlər. Çətinliklə evlənənlərin çoxu da dolanışıq dözülməzliyindən tezliklə dağılmış ailə statusu qazanırmışlar. Bu yaranışından varlı ölkədə universitetlərdə oxutma pulu çox yüksək olduğundan bir ildə 8945 öyrənci BORCLU çıxarılmaqla universitetdən qovulurmuş. Bu ölkənin sağlamlıq sistemi başdan-ayağa rüşvətə bulaşdığından daha çox xəstəlik-ölüm sistemi olaraq tanınırmış.
Ölkənin aeroporta yönəlik baş prospektini qonaqlara sevdirmək üçün milyonlarla manat pul ayırmaqla onarma (ərəbcə, təmir) işləri aparılır, prospektin sağ-solundakı bütün evlər bahalı daş üzlüklərlə yenilənir, çox-çox uzaq çağların prospekti dəyişib-gözəlləşərək bütünlüklə yeni prospektə çevrilir. Ancaq… kimin ağlına nə gəlirsə, buldozerlər gəlir, prospektin sağ-solundakı milyonlarla manata yenilənmiş evləri yerlə bir edib gedir. Bundan sonra yenidən dövlət büdcəsindən böyük pullar ayırmaqla uçurulan evlərin yerində yeni evlər tikilir. Başqa bir yerdə prezident üçün yeddincimi, səkkizincimi “iqamətgah” tikintisinə başlanır. Aradakı yüzlərlə bir-iki qatlı evin sökülməsi bir yana, gözəgörünməzlik yaratmaq üçün 150-200 metrlik çevrədəki bütün beşqatlı, doqquzqatlı binalar, üstəlik, iki göydələn (biri başa çatmış, biri yarımçıq) sökülür. Bir traktor göydələnin başından aşır, traktorçu ölür. Bütün bu söküntü-tikinti işlərinə dövlət büdcəsindən milyonlarla manat pul ayrılır, sonra da “iqamətgahın” yerinin düzgün seçilmədiyi nədənilə işlər başlı-başına buraxılır.
Ölkədə doğruları yazan tək bir qəzet, bu qəzetin 100 ildən qalma ikiqatlı gözəl binası var imiş. Hakimiyyət başında duran adam doğruları sevmədiyindən bu qəzetin binasını əlindən alır. Dövlət büdcəsindən milyonlar ayırmaqla bina başdan-ayağa düzəldilib-yenilənir. Sonra da, bildiyiniz kimi, haralardansa faşist buldozerləri gəlib binanı dibinədək dağıdır. Bundan sonra dövlət büdcəsindən yeni ayırma yoluyla uçurulmuş binanın yerində yenisi tikilir. Prezident Adminstrasiyası deyilən yerin qonşuluğunda 6 saylı oxul var imiş. Günlərin bir günü bu oxulun onarma işlərinə dövlət büdcəsindən, deyilənə görə, 10 milyon manat pul ayrılır. İş başa çatandan sonra, bildiyiniz kimi, bina buldozerlə dağıdılır, yerində yenisi tikilir. Başqa biri. 20 saylı bir oxul var imiş. Günlərin bir günü bu oxulun onarma işlərinə dövlət büdcəsindən üç milyon manat ayrılır. Aylarla sürən böyük onarma işləri başa çatandan sonra… haralardansa yenə buldozerlər gəlir, yeni görkəmiylə göz oxşayan o boyda oxul binası uçurulub darmadağın edilir. Aradan bir neçə il keçib, 20 saylı oxulun yeri hələ də boşdur. Düzgünü də budur: oğru hakimiyyətlərin oxul nəyinə gərək? Gömrük, vergi yol yeyintiləri. Bütün bu yeyinti-mənimsəmələrə bir çox ölkələrin dövlət büdcəsi bütövlükdə bəs etməzkən bir ölkənin büdcəsi bəs edərmiş – başlanğıcda deyildiyi kimi, ölkə yeraltı-yerüstü var-yatırla dopdolu olduğu üçün. Ən başlıcası… bu ölkənin xalqı çox dözümlü imiş. Şeyxülislam demiş: TOLERANT xalq imiş – mindikcə, yüklədikcə, tapdadıqca, əzdikcə dözürmüş…
Nağıl dili yüyürək olar. 15-20 milyon manat smeta dəyəri olan, 30-35 milyon manata tikilən körpülərdən keçibən yazının sonuna çatdıq. Göydən alma töküldü, hamısını törətanımaz-qanunsaymaz acgöz polis qamarlayıb əlimizdən aldı. Polisi məhkəməyə verdik, Məhkəmə… cibimizi boş görüb, bizə iş kəsdi!