XALİQ BAHADIR. İNTİQAMLI YOLLARLA

O yol uzun yoldur. Çətin, qorxulu, ağrı-acılı yoldur. Buna baxmayaraq, dünyanın-insanlığın yaranışından indiyədək o yolu boş görən olmayıb. Başqa yolların milyonlarla, milyardlarla yolçusu var ikən o yolun da az-az, tək-tək, ancaq necə, necə, necə!- yolçuları olub, indi də var. Sözsüz, gələcəkdə də olacaq. Min illərdir dünya o yolu gedənlərin çiynində durur. Sən demə, dünya bir belə yüngül imiş – sözsüz, qıraqdan baxıb dəyərləndirən üçün. O yolu gedən üçün, o yolun ağırlığına çiyin verən üçün gedilməsi dedikcə çətin, çəkilməsi olduqca ağır bir yükdür o: dünya yolu, dünya yükü – yolu gedən, yükü çəkən bilər!
Dünyada gediləsi yol çoxdur, ancaq seçilmişlərin, tək-tək kimsələrin gedəcəyi yol birdir. Bütün yollar hamının getməsi üçün olsaydı, gözəl olardı, ancaq onda hamının getməyəcəyi, gedə bilməyəcəyi bir yol yaratmaq gərək olardı – hamını böyük bir yarışa yönəltməklə görklü seçənək görsənişi (görsənişləri) sərgiləməklə insanlığa insanlıq örnəkləri yaratmaq üçün! Məmməd Araz demiş: Min illərdi Araz belə, Həkəri belə… Min illərdi beləcə İldırımlı – İntiqamlı yollardan keçməklə Böyük İNSANLAR saya insanlığa örnəklər yaradır. Yaradır – çətinliklərdən, qorxulardan, ağrı-acılardan keçməklə. Dünyada dünyanın yaşından çox yollar var, ancaq onlardan yalnız biri Böyük Yoldur – Böyüklərin, anadangəlmə Böyük yarananların gedəcəyi Yol!. Fransız devrimçisi Babelin arvadına məktubundan: “Sizi ağgünlü etmək üçün hamını ağgünlü etməkdən başqa yol bulmadım”. Babelin bioqrafiyasını bilənlər bilir: Babel Böyük Yolun Böyük yolçusu olduğundan belə düşünür, belə düşünə bilərdi; onun başqa cür düşünmək “potensialı” yox idi.
Mənə elə gəlir, biz hamımız anadan kodlaşdırılmış durumda doğuluruq. Yaşam görənəkləri bizim yaranış kodumuza, uzaqbaşı, yüngülvari düzəliş-korrektələr edə bilir, qalan olduğu kimi qalır. Qalan dediyimiz nədir? Bizim yaşam boyunca oxuyub-öyrənməklə, çalışmalarla, mən deyərdim, daha çox, ola bilsin, bütünlüklə kod quruluşuna uyğun çalışmalarla qazandığımız-yiyələndiyimiz. Amerika filosofu Henri Toro, ola bilsin, daha çox özünün filosof baxışlarından çıxış edərək deyir: “Avtoritar hakimiyətə bağlanan kimsələr gec-tez gözdən düşəcəklər”. Kimliyindən, tanınmış olub-olmadığından asılı olmayaraq saya yol adamına bunu ha aşılasan da gərəksiz olacaq. Böyük yol adamı isə bunu Özü bilir, koduyla, koduna uyğun qazandıqları ilə bilir. Bilir, bildiyinə uyğun da yol gedir. Onun seçib-sevərək getdiyi yolda uzlaşma-konsensus yoxdur, ola bilməz. Olarsa, onda o, ən azı, seçib-sevdiyi yola, dönüklük edərək, öz yolunu o yolu getməyənlə, getmək istəməyənlə bölüşmüş olar. Bu isə onun gözündə yolsuzluq olardı. 20-ci yüzilin üstün siyasətçilərindən olan M.Tetçer deyir: “Məncə, konsensus öz inanclarından, prinsiplərindən, dəyərlərindən, strategiyalarından əl çəkmək sürəcidir”. Əl çəkmə sürəci başladısa, gedəcək. Bizim yaxşı tanıdığımız Məhəmməd Əmin Rəsulzadə, Mahatma Qandi, Nelson Mandela, Vatslav Havel o sürəci başlamayanlardan oldular. Buna görə onların yaratdığı tarix Tanrıdan yenilməzlik statusu qazanmış durumdadır. Yol uzlaşması – yol konsensusu inancların, prinsiplərin, dəyərlərin, strategiyaların qorunması baxımından yolverilməzdir!
Arxadaşlardan biri İntiqam bəylə bağlı yazısında onun intiqam duyğusundan uzaq olduğunu deyir. Mən bu yanaşmanı düzgün saymıram. “İntiqam” ərəbcədir, bizim dildə ÖC deməkdir. Açıqlama sözlüyünə görə, intiqam özünə pislik edənə pislik etmə istəyi, ondan öc almağa çalışmaqdır. İntiqam bəyi yaxşı tanıyan kimsə olaraq bildirirəm: onda öcalma duyğu-düşüncəsi dəmirləşmiş durumda idi. Ancaq burada özünə görə öcalma istəyindən, çalışmalarından danışmaq olmaz, olamaz! Böyük rus yazarı A.S.Puşkin deyir: “Hər bir yazarı onun özünün yaratdığı qanunlara uyğun yarğılamaq (mühakimə etmək) olar”. Bunu istənilən professiya adamı ilə bağlı demək olar. İntiqam bəy hüquqçu idi, hüquqçu olaraq da onun özünə görə qanunları vardı. Tatsit deyirdi: “Satqın hökumətin qanunları da satqın olur”. İntiqam bəyin qanunları ULUSAL İSTƏKLƏRƏ (milli maraqlara) bağlı alınıb-satılmaz qanunlardı. Onu yalnız bu qanunlardan çıxış etməklə yarğılamaq olar, hansısa satqın hakimiyətin satqın qanunları ilə yox. Hansısa satqın hakimiyətin qanunları ilə yarğılanan İntiqamın, İntiqamların yeri ən yüngül yanaşmada belə, yalnız türmə-dustaqlıq ola bilər. Bundan sonra biz gördüyü işlərdən, sevib-seçdiyi yola bağlılıqdan çıxış edərək arxayınlıqla deyə bilərik: İntiqam özü üçün deyil, Ölkəsi üçün bütöv bir İNTİQAM faktoru idi. Satqın hakimiyyət fakturası ilə özünün doğruluq-düzgünlük platformasında alınıb-satılmaz qanunlarına bağlı İNTİQAM faktoru üz-üzə gəlmişdi.
Rus filosofu İ.İlyin deyir: “Rusiyanın qurtuluşu yalnız partiya-sinif istəklərinə deyil, ULUSAL İSTƏKLƏRƏ qulluq edən ən yaxşı adamların seçilib önə çıxmasındadır”. ULUSAL İSTƏKLƏRƏ qulluq edən ən yaxşı adamlardan biri seçilib önə çıxmışdı, Azərbaycanın QURTULUŞUNU istəməyənlər ona dözmədilər, dözə bilmədilər… tutub DUSTAQ etdilər! Henri Toro bu faktı belə dəyərləndirir: “Namussuz dövlətdə Namuslu adamın yeri türmədir”. Belə bir deyim var: “Bir adamın ölümü faciə, yüz adamın ölümü statistikadır”. Bu gün yolsuzluq bataqlığında batıb gedən Azərbaycanda siyasi dustaq sorunu çoxdan faciəlikdən çıxaraq statistikaya çevrilib. Özünüqoruma axarında Siyasi Dustaq Statistikası yaradan heydərizm sıralarından İşçi qrup – Birgə qrup kimi desantlar çıxarmaqla “statistikanı” “faciəyə” çevirməkdən də çox uzaqdır. Bəlli KÖLƏLƏRLƏ bəlli AĞALARDAN yaradılan o İşçi-Birgə qrup yalnız yalan yolçuluğu yapasıdır…
Son çağlar demokratik dünya basını Əliyevlərin Azərbaycanda totalitar rejim yaratmalarından yazır. Totalitarizm teoriyasının yaradıcısı, alman politoloqu Hanna Arendt totalitarizmə belə açıqlama verir: “Totalitarizm insanlar üzərində despotik ağalıqdan çox, insanların bütünlüklə gərəksiz olduğu bir sistemin qurulmasına çalışır”. 1993-dən, daha doğrusu, 1969-dan bizim bəlli “ümummilli lider” başçılığında keçib gəliyimiz yol budur: stalinçi kodeksə bağlı İNSAN yoxdur, SORUN yoxdur yolu! Bu baxımdan, totalitarizm tutuqlamaq, öldürmək, əzmək yoluyla düyan, düşünən, anlayan İNSAN faktorundan duyğusuz, düşüncəsiz, anlaqsız KÜTLƏ yaratmaq mexanizmidir! İndilikdə biz belə bir mexanizmlə savaş durumundayıq. Dustaq yoldaşlarımızla birlikdə bizim düşərgəmiz totalitarizmlə çarpışma düşərgəsidir – Azərbaycanın qurtuluşu bu düşərgənin birlik-bütövlük, dönməzlik-yenilməzlik içində çarpışmasına bağlıdır!..
İntiqam bəy bu ölkənin çox az sayda, barmaqla sayılacaq, STRATEJİ fiqurlarındandır, onu STRATEJİ fiqur olaraq da tutub dustaq etdilər. Düşməncəsinə seçim olsa da, düzgün seçimdir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv