Son çağlar dünyada iki kompaniyanın biçimləndiyi açıq görünməkdədir. Bunlardan biri Avropanın da qatqısı ilə başında Obamanın durduğu Amerika kompaniyasıdır. İkinci, başında Putinin dayandığı, Bəşər kimilərin də qatıldığı Rusiya kompaniyasıdır. Son çağların gəlişmələrindən göründüyü kimi, əliyevçi rejim eləcə bu kompaniyaya qatılmaqla qalmayıb, Amerikaya aqressiya sərgiləmə baxımından kompaniyanın ən aktiv, ən aqressiv üyələrindən birinə çevrilib.
Qabaqlar “insan hüquqları, demokratiya bizim daxili işimizdir, heç kim bizim daxili işlərimizə qarışa bilməz” deyə, qorxacaq qorunmalarda bulunan rejim son çağlar, daha doğrusu, Putinin Krımı tutmasından, Ukraynaya qoşun yeritməsindən sonra, getdikcə sərtləşən, açıq-aydın aşırı xarakter alan antiAmerika kampaniyasına girişib. Bu faktı onların qatıldıqları kompaniyanın gücünə aşırı inamları deyə, dəyərləndirmək olar. Burada belə bir formula alınır: güclü kompaniya güclü kampaniya doğurur!
Onların indiki kompaniya seçimi olduqca düzgün, mən deyərdim, alternativsiz seçimdir. İyirminci yüzilin başlanğıcında ÖRNƏK BAŞÇILARLA dünyaya örnək demokratiya qurmuş bir xalqı çeşidli KQB metodları, usta komunist yalanlarıyla gətirib totalitarizmə çıxarmış kimsələr yalnız Rusiya çətiri altında, Putin kompaniyasında dinclik tapar, sevincə qovuşa bilərlər. Ancaq bu dinclik, bu sevinc də “zəhrimara qalmış” ÖZGÜRLÜK kimi elə-belə verilmir, qazanılır. Bunu, eləcə də baş diktatorun inamını qazanmaq üçün indi bunların etdiyi sayaq isterik-inandırıcı antiAmerika kampaniyasına girişmək gərəkir. Girişiblər, özü də necə! Rejimin ötən yüzilliyn Mərkəzi Komitəsindən qalma baş ideoloqunun adından 61 min işarəlik “İkili standartların dünya nizamı və müasir Azərbaycan” yazısı, bu biri yandan Amerikanı yıxıb-sürüyən YAPkratiya-qəzet yazıları, başqa bir yandan bir-birindən kəskin xarakterli bildirgə-bəyanatlar. Bu gedişlə bunlar Amerikanı dağıdacaqlar.
Azərbaycanı total KORRUPSİYA dövlətinə çevirmələri bir yana, demokratiyaya aşırı aqressiyaları bir yana, 21-ci yüzildə İKİLİ STANDARTLAR uyğulamaqla gerilikçi-naftalinli düşüncələrinə uyğun olaraq region-klan hakimiyəti quran bu adamlar utanmazcasına Amerikanı ikili standartlarda suçlayırlar. Amerikanın ikili standartları sənin kimilər üçündür. Ancaq sənin ikili standartların başında durduğun xalqı regionçuluq-klançılıq yoluyla bölüb-parçalayıb ƏZMƏK üçündür! İndi Amerikanın ərdəmi ilə öz ərdəminizi (varsa!) daş-tərəziyə vurun, görün hansı daha üstündür. Görün prinsipcə hansı qalası, hansı dağıdılıb yox ediləsidir. Görün, yox görməyin, daha doğrusu, görməyə çalışmayın; bu sizdə onsuz da alınan deyil: siz dünyanın milyon illik keçmişindən yalnız pislikləri-yamanlıqları, pisliyə-yamanlığa aparan yolları görüb-mənimsəmək dəyərindəsiz. Buna görə siz bütün varlığıyla Azərbaycanı sevən, sonadək BÖYÜK, BÜTÖV, ÖZGÜR, DEMOKRATİK Azərbaycan çarpışması aparan Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin Rəsulzadəni sevmir, saymır, dünyadan yüz illik gedişindən sonra belə, onunla siyasi-ideoloji savaş aparırsız. Onunla, eləcə də onun bugünkü ardıcılları olan bizlərlə! Sizi qınamırıq: gerilikçi ideya-düşüncə yiyəsi olaraq siz ancaq Putin Rusiyası ilə bir kompaniyada ola bilərdiz; klançı-regionçu, üstəlik, korrupsioner düşüncəylə sizə Amerika kompaniyasında yer ola bilməzdi.
Administrator-filosof-akademik adından yayılan, yuxarıda sözü gedən yazıda Amerikanın dünya hegemonluğuna çalışan imperialist dövlət oluduğunu doğrulamaq üçün yazar dəridən-qabıqdan çıxır. İndilikdə bu yazını gerçəkdə kimlərin yazdığı, sifarişin Kremldənmi, başqa yerdənmi gəldiyi bizi ilgiləndirmir. Bizim düşüncəmiz Azərbaycanı indiki rejim siyasətinə bağlı itkilərdən qorunmağa yönəlikdir. Prezidentin “mətbuat xidmətinin” Amerikaya yönəlik son bildirgəsindən bir parça: “Hər hansı bir beynəlxalq qurum ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heş bir səlahiyyət verməyib”. Yuxarıda sözügedən administrator-filosof- akademik-ideoloq adına bağlı yazıda da bu bildirgədəki ritorika başlıca yer tutur. Buna görə mən ABŞ-la bağlı bir sıra ilginc materiallarla oxucularımızı qısaca tanış etmək istəyirəm. Bəri başdan bildirirəm: bunlar gizli materiallar deyil, Açıq Amerika hökumətinin açıq yayımlarıdır.
Ortada 1987-ci ildə yayımlanmaqla dünya elliyinə sunulmuş “Yeni Amerika yüzilliyi proyekti”var. Onun üzərində Amerikanın ünlü politikləri işləyib. Kiçik Buşun, ardınca Obamanın dış politikasının özülündə o durur. Nəyinsə gizlədilmədiyi, hər nəyin açıq deyildiyi o proyektdən bir sıra yerlərə baxaq:
• “Bizim amacımız – Amerikanın prinsiplərinə, istəklərinə uyğun olaraq yeni yüzillik formalaşdırıb, ona arxa durmaqla Amerikanın qlobal yönətici rolunu doğrulamaq”.
• “Biz yol verə bilmərik dünyaya yönəticilik sorumluluğuna başqası yiyələnsin… Biz bu sorumluluğu üzərimizə götürməsək, yaşam istəklərimizi uğursuzluqla üzləşdirərik”.
• “Biz qlobal sorumluluğu üzərimizə götürmək istəyiriksə, ordu güclərimizi gələcəyə uyğunlaşdırmaqla ordunun çıxarlarını önəmli olaraq yüksəltməliyik”.
• “Biz demokratik ortaqlarımızla ilişkilərimizi gücləndirməli, eləcə də bizim dəyərlərimizə qarşı çıxan, bizim istəklərimizi itkiyə uğratmaq amacı güdən rejimləri boğmalıyıq”.
Proyekt genişdir, ancaq buradaca durmaq gərəyi yaranır. Burası – sonuncusu – bütünlüklə bizlikdir. Qoy oxucular bu sonuncunu dönə-dönə oxusunlar, bunların Amerikaya aşırı antipatiyalarının nələrdən qaynaqlandığını görsünlər. Bunlar Putin Rusiyasına arxalanaraq hələ uzun illər klançılıq, regionçuluq, korrupsiya axarında Azərbaycan xalqını əzmək, Azərbaycan xalqına diz çökdürməklə Azərbaycanı soyub-yağmalamaq istəyirlər. Putin bunlara belə bir kart-blanş, belə bir qarantiya verir. Üstəlik, gərəkirkən öz nazirlərini tutub dama basmaları üçün Putin bunlara FSB generallarıyla yardım da edir.
Dünyanın ABŞ qanunlarına uyğun yenidən qurulması planını Amerikanın başlıca teoretik-praktiklərindən olan Zbiqnev Bjezinski 1987-ci ildə belə konkrektləşdirmişdi:
– ABŞ qlobal politikasının başlıca amacı – NATO-nun, Avropa Birliyinin Doğuya, Baltikayla Ukraynaya yeridilməsi yoluyla Avropada önəmli qlobal plasdarmanı genişləndirmək;
– Avropa Birliyi içində inteqrasiyanın çox uzağa getməsinin qarşısını almaqla, özbaşına (özgür) Avropa Birliyi dövlətinin yaranmasına yol verməmək;
– Amerika politikasının Avropadakı dayağı olan Almaniyanı dünya dövləti olmağa qoymamaq; onun rolunu regional ölçüdə saxlamaq;
– Çin ABŞ-ın Avrasiya strategiyasının “Doğu lövbəri” kimi regional dövlət olaraq qalmalıdır;
– Rusiyanı böyük Avrasiya dövləti olaraq aradan qaldırmaq. Onun yerində Avropa rus respublikası, Sibir, Uzaq Doğu respublikası konfederasiyası yaratmaq.
Baxın, biz yuxarıdakı Proyektlə də, Bjezinski Planı ilə də indi deyil, 1987-ci ildə, ünlü-gurultulu Sovet dönəmində, tanış olsaydıq, bizi gülmək tutar, Amerikanı da, Bjezinskni də dəli sayardıq. İndi bizə nə qalır? Çox uzağa getmədən, 1987-ci ildən bu yana dünyada baş verənləri, eləcə də ortadakı Proyekt-Planları araşdırıb, ələşdirib analiz etməklə Ölkə, ULUS, Dövlət olaraq gələcəyimizi düşünmək. Özü də istər hakimiyət, istərsə də müxalifət olaraq. İstər Proyektdə, istərsə də Planda indiki QLOBAL gerçəkliyə-reallığa uyğun olaraq Ölkəmiz, Ulusumuz, Dövlətimiz üçün gərəkli çox nəsnələr var. Çalışaq, bu gün bilib etmədiklərimiz yarınkı uğursuzluqlarımıza nədən olmasın! Oğuzbitikdə deyildiyi kimi: gələcəyi gəlmiş bil!
P.S. KORRUPSİYA HEGEMONLUĞU olan yerdə DEMOKRATİYA HEGEMONLUĞU yolverilməzdir!