Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Artıq bizim təqdim elədiyimiz mövzu – Azərbaycanın köklü məsələlərini əhatə eləyən VII söhbətimizdir. Nəzərdə tutduğumuz addımların birinci mərhələsi maarifçilik işimizin gerçəkləşməsindən ibarətdir. Bunun üçün milli-ruhani düşüncə sistemimizi ortaya qoymaq məqsədi daşıyırıq. İşin əsas qayəsi İnam təsirinin ümumazərbaycan səviyyəsində yayılmasından, özəllikcə Güney Azərbaycanı əhatə eləməsindən ibarətdir. Bundan sonra Azadlıq mücadiləsi ümumazərbaycan – Uluyurd Hərəkatına yüksəlməlidir. Böyük Azadlıq Daxili tələbdir. O daxildə yetirilməli, böyüməlidir. Biz hesab edirik ki, Azadlığın ideya təməli Mütləqə İnam Dünyabaxışıdır, ideoloji zəmini isə Türkçülükdür. İndi biz türkçülük mövzusunda fikirlərimizi bölüşəcəyik. Söz yox ki, bu məsələdə də bizim ideya qaynağımız Asif Atanın Türkçülüklə bağlı Baxışlarıdır. Asif Atanın Türkçülüklə bağlı Baxışları – “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabında hərtərəfli öz əksini tapmışdır. Biz də Onun Baxışlarını öz düşüncələrimizlə təqdim etməyə çalışacağıq. Düşünürük ki, “Türkçülük nədir” sualına cavab verilməlidir. Bu gün Türkçülük sözü aktual görünür. Ancaq bu aktuallıq sözün ideya-məzmunundan qaynaqlanmır. Sadəcə dəbləşmiş bir amilə bənzəyir. Əslində türkçülüklə ideya səviyyəsində məşğul olunmur, onun məna çalarları aşkarlanıb doğru izahını tapmır. Belə olduqda isə türkçülüklə bağlı fərqli mövqelər ortaya çıxır və bu mövqelər bir-biri ilə toqquşur. Hər kəs Türkçülüyə istədiyi mənanı verib ortaya atır, ortada isə Türkçülük məzmununda ciddi hadisə yoxdur. Bir sözlə, bu millətə gərək olan milli ideyalarımız həmişə təhrif olunur, adiləşdirilir, zərərli çağırışlarla yüklənib gözdən salınır. Kənar qüvvələrin ziyan verməkdə marağı çoxdur. Təəssüf ki, öz içimizdə aktiv şəxslərimiz, yaxud qüvvələrimiz də bilmədən, anlamadan, təsirlərə boyun əyərək ideyalarımızın təhrif olunmasına qoşulurlar. Nəticədə ideya ətrafında anarxiya yaranır, ictimai birlik pozulur, ideoloji boşluq əmələ gəlir və bu boşluğu yabançı niyyətlər doldurur. Deməli, öz içimizdə yaranan ideya gücümüzə çevrilmir və insanlarımızın ağlında oturuşmur. Əlbəttə, sağlam ideyalar insanların ağlında oturuşarsa, xalqımız hara getdiyini müəyyən eləyə bilər. Bu səbəbdən də biz böyük ideyalarımzı həm də xilas eləmək haqqında düşünürük. Böyük ideyalarımıza elə yiyələnməliyik ki, onları həşirə salmasınlar. Bu gün ictimai gedişatı yaxşı təhlil eləsək, görərik ki, türkçülük ideyamız həşirə düşüb, daha doğrusu, həşirə salınıb. Məsələn, bu gün türkçülüyü Turançılıqla eyniləşdirirlər. Turançılıq deyəndə də, Adriatikdən tutmuş Sibirə qədər olan böyük bir ərazidə (iki qitənin bütöv mərkəzi zolağında və ətrafında) Türk imperiyasını nəzərdə tuturlar. Biz türk vəhdətinin tərəfdarıyıq, Türk imperiyaçılığının əleyhinəyik. Biz düşünürük ki, vahid Turan dövləti də alınmaz – buna ehtiyac da yoxdur. Biz Asif Atanın dediyi kimi, mənəvi-ruhani Turançılığı qəbul edirik. Türk Birliyi başqa xalqlara qarşı yaranmır, yaranmamalıdır. Türk birliyinin yaranması bir zərurətdir – türk azadlığının yaşaması bu Birliyə bağlıdır. Bu Birlik həm də Bəşəriyyətin insani ahənginin yaranmasına lazımdır. Nə qədər ki, bu dediklərimiz yoxdur, Türk Dünyasının varlığından danışmaq yersiz görünür. Bu gün Dünya Azərbaycanlıları deyilən bir söz dəbdədir. Azərbaycan dünyasından heç kim danışmır, çünki Azərbaycan dünyasını heç kim yaratmayıb. Olmayandan, yaranmayandan danışmaq əbəsdir. Azərbaycan dünyası – vahid bir gücün ortaya çıxması demək olardı. Dünya azərbaycanlıları dünyaya səpələnmiş azərbaycanlılardır. Onların təsirinə inam yoxdur. Ancaq Azərbaycan Dünyası yaranarsa, dünya onunla hesablaşa bilər. Bu fikirləri azca fərqlə Türk Dünyası və dünya türkləri deyilişinə də şamil eləmək olar. Türk Dünyası deyilişindən Türk Dünyası gerçəkliyinə doğru ciddi işlər görmək lazım gəlir…
Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!
Türkçülük nədir? Türkçülük nə vaxt başlayıb? Nəyə görə başlayıb? Türkçülük bizim milli müəyyənliyimizdir. Türkçülüyə bizim münasibətimiz kökdən qidalanan bir münasibətdir. Türkçülüyü Asif Ata üç yöndən izah edib: – ruhani türkçülük, tarixi türkçülük və ideoloji türkçülük. Türkçlüyə türklərin özlərinin baxışı var, bir də dünyanın türkçülüyə baxışı var. İndi onun yeni inkişaf mərhələləri başlamalıdır. Azərbaycanda, Türkiyədə, Türküstanda türkçülük gedişləri bilinməlidir. Hətta bunu mən bir az da genişləndirərək deyərdim, Rusiya federasiyasında çoxsaylı türk qövmləri var – burada da türkçülük dərk olunmalıdır. Onların özləri ayrı-ayrı türk dövləti kimi təmsil olunmasalar da, burada yaşayanların çoxluğu faktdır. Onların yaratdıqları muxtar qurumlar və dövlət ənənəçiliyi var. Orada yaşayan ayrı-ayrı ziyalıların da türkçülüklə bağlı zirvə sayılmayan baxışları olubdur. Əslində, istər türkçülük olsun, istər hindçilik, istər ingilisçilik və s. millət yaranan gündən millətin içərisində olan ayrı-ayrı aydınlar, həmin millətin milli müəyyənliyi ilə, ideolojisi ilə bağlı zaman-zaman düşünüblər, yön müəyyənləşdiriblər. Müəyyən bir nizam (istər ruhani, istər tarixi, istərsə də siyasi anlamda olsun) yaratmağa çalışıblar. Bizim tarixi türkçülüyümüz əsasən Osmanlı imperiyası ilə bağlıdır. Türküstanda Əmir Teymur bir fateh idi. Onun da böyük bir ərazidə yaratdığı dövlət var idi. Azərbaycanın Güneyində də böyük dövlətlər yaranmışdı türklər tərəfindən. Şah İsmayılın yaratdığı Səfəvilər dövləti, Nadir şah Əfşarın yaratdığı dövlət. Ancaq bunlar bir sistem halında, belə deyək, tarixi türkçülüyü əks etdirmirdilər. Osmanlı imperiyasında isə bu var idi. Ruhani türkçülük əslində türk ruhunun təsdiqi idi. Türk mahiyyətcə zamanüstü hadisədir. Ruhani Türkçülüyümüz özünün ali zirvəsini Hürufilikdə tapdı. Bir haşiyə çıxım: Ruhani türkçülük məsələsində niyə biz Azərbaycanı xüsusi vurğulayırıq? – Azərbaycan türk peyğəmbərliyini yaratdı. Azərbaycan fatehlikdən üstün olan türk qəhrəmanlığını yaratdı – Azadlıq peyğəmbəri Babəkin timsalında. Azərbaycanda ümumtürk ağsaqqalı olan Dədəmiz Qorqudun timsalında türk ağsaqqallığı yarandı. Azərbaycanda bütün dövrləri ötən aşiqlik siqlətimiz yarandı – Füzulinin timsalında. Azərbaycanda Hürufilərin timsalında bəşər tarixində insana ən yüksək qiymət verildi. İnsan ləyaqəti, insan vüqarı, insan əzəməti və ən nəhayət, insan sığmazlığı ortaya qoyuldu. Azərbaycanda türkün göylüyü olan saz və türkün loğmanlığı olan muğam yarandı. Bütün bunları sistem halında topladıqda Türk ruhaniyyatı özünü Azərbaycanda təsdiq elətdirə bildi.
İdeoloji türkçülüyə gəldikdə Azərbaycan bu sahədə də öz sözünü deyə bildi. Yəni, Əlibəy Hüseynzadə və Məmməd Əmin Rəsulzadə timsalında Azərbaycan ideoloji türkçülüyə öz qatqısını verdi. İdeoloji türkçülük baxımından yaxın türk tariximizə nəzər salsaq, orda müəyyən çatışmazlıqları da görmək olur. Məsələn, Azərbaycan Demokratik Respublikasının ideolojisinin əsasını təşkil edən Əlibəy Hüseynzadə və Məmməd Əmin Rəsulzadə türkçülüyündə bizim qəbul etmədiyimiz, mahiyyətcə türkçülüklə təzad təşkil edən məqamlar vardır. Bu özünü Azərbaycanın dövlət rəmzlərində də göstərir. Burda əsas məqam nədir? – Türkçülük və İslam, Türkçülük və Qərb.
Həm Qərbçilik, həm də İslamçılıq Türkçülüyün (millətçiliyin) varlığına mane olan amillərdir. Bir-biri ilə təzad təşkil edən 3 ideoloji xətti – Türkçülüyü (millətçiliyi), İslamçılığı (ümmətçiliyi), Qərbçiliyi (Avropaçılığı) bir arada birləşdirmək onların vahid bir baxış halında ortaya qoyulması Asif Ataya görə səhv idi. Biz də bu fikrin arxasında dururuq. Bu cəhətdən ADR-in ideolojisi mahiyyətcə milli dövlət (türk dövləti) ideolojisini özündə tam əks etdirə bilmirdi.
Ağşın Ağkəmərli: Mən daxilən çox məmnunam. Ondan ötrü ki, bu cür gərəkli və dərin bir mövzu ətrafında dəyərli dostlarımla bir yerdəyəm. Biz eyni məxrəcdən çıxış elədiyimizə görə fikirlərimiz üst-üstə düşür, hətta ola bilər ki, hardasa bir-birirmizi təkrar edək.
Bu gün bizim Türkçülüyə üz tutmağımız tarixi bir zərurətdən irəli gəlir. Ümumiyyətlə, türkçülüyün özünün meydana gəlməsi tarixi bir zərurətdir. Həm də bu məsələ tarixi bir boşluğa qarşı yaranmış zərurətdir. Türkiyənin yeganə türk dövləti olduğu vaxtdan, yəni 20-yüzilin əvvəllərindən etibarən “Unikal türkçülük” ortaya çxdı. Unikal Türkçülük ondan ibarət idi ki, Türkiyə ortada olan yeganə türk dövləti olduğuna görə bütün türklər onun ətrafında birləşib Turançılığı yaratmalıdırlar. Ancaq bu məsələ çox uzun sürmədi. Sonra başqa bir zərurət ortaya çıxdı. Birinci Dünya savaşından sonra qüvvələr fərqi dəyişdi, siyasi münasibətlər başqa axara düşdü. Bu dönəmdə Azərbaycan türkçülüyü gündəmə gəldi. M.Ə.Rəsulzadənin bu istiqamətdə baxışları bir növ “Federativ türkçülük” gedişini müəyyən elədi. Bunun da əsasında o dururdu ki, hər bir türk harda yaşayırsa, öz dövlətini qurmalıdır. Eyni halda mədəniyyətini, kültürünü ortaya qoymalıdır. Bu da vahid Turançılığa xidmət eləməlidir – vahid güc, vahid ordu, vahid mədəniyyət yaranmalıdır ki, türklər bir-birilərini dəstəkləyə bilsinlər. Əlbəttə, M.Ə.Rəsulzadə XX yüzilin əvvəllərində Türkiyədə başlayan Türkçülüyə Azərbaycan Türkçülüyü ilə yeni bir hal və inkişaf gətirdi. Ancaq o tendensiyanın başlamasından on illər keçəndən sonra Türkçülük yeni açımdan, yeni məzmunla, yeni təsirlə meydana çıxmalı idi. Bu da baş verdi. XX yüzildə Türkün Böyük Filosofu Asif Ata Türkçülüyün yeni məzmununu, yeni inkişaf mərhələlərini ortaya qoydu. Burda dostların səsləndirdiyi kimi, Asif Ata indiyə qədər türkçülüyün üç mərhələsini təqdim edir – Tarixi Türkçülük, İdeoloji Türkçülük və Ruhani Türkçülük. Ruhani türkçülüyü əsasən Azərbaycanla bağlayır. Bu, doğru və qəbul olunan bir qiymətdir. Ruhani Türkçülükdə biz türk ruhunu yaşadan şəxsiyyətlərimizin dəyərlənməsini görürük. Bu da bütövlükdə hər bir türk toplumuna gərəkdir.
Soylu Atalı: Biz dedik ki, coğrafi Turançılıq məsələsi çox qabardılır. Bəlkə buna görədir ki, türkçülük çağırışları beynəlxalq aləm tərəfindən müəyyən bir təpki ilə qarşılanır. Hətta bizim öz daxilimizdə yaşayan etnik qövmlərin də qısqanc reaksiyalarını müşahidə edirik. Nədəndir bu allergiyalar, bu hürkmələr?! – Siyasi güclərin münasibəti aydındır. Bu güclərin münasibəti həmişə qısqanclıqla xarakterizə olunacaq. O vaxta qədər ki, dünyanın ahəngi, bəşəriyyətin həyatı siyasi ağalığın təsirlərindən xilas olunacaq. Türk Birliyinin yaranması siyasi güclərin niyyətlərini alt-üst edər. Başqa qüvvələr, deyək ki, içərimizdəki etniklər Türkçülük İdeyasına düzgün yanaşa bilmədikləri üçün qısqanc reaksiyalar verirlər. Söz yox ki, özümüzdən də buna səbəb verilir. Boğazdan yuxarı çağırışlar dərin, həqiqi çağırışlardan qabağa keçə bilir. Şüarçı çağırışlar görüntü yaratmaqdan ibarət olur, həşirə çevrilir və effektiv səslənir. Boş çağırışlar çox vaxt başqasının duyğularına qarşı yönəlir. Əsil, dərin Türkçülük – humanizm deməkdir. Türk millətinin gözəl insani, bəşəri keyfiyyətləri var. Bu keyfiyyətlər başqalarından üstündür. Bu üstünlük də başqalarına qarşı yönəlmir, başqalarına gərək olur. Ona görə də bir tərəfdən öz içimizdən zahiriçilər qısqanclıq üçün səbəb versələr də, başqa bir tərəfdən bu millətin uca dəyərlərini, keyfiyyətlərini həzm edə bilməmək də səbəb olur. Düşünürük ki, biz bir millət olaraq öz keyfiyyətlərimizi aşkarlayıb onun arxasında dursaq, hər kəsə gərəkliyimiz görünə bilər. Ona görə bu millət Özümləşmə yönündə düşünməlidir. Türkçülüyümüz – Özümləşməyimiz deməkdir. Özümləşmə – milləti başqalarına qarşı qoymur. Özünə yadlaşan başqalarına qarşı çıxır. Bu da əsasən siyasətdə özünü göstərir. Siyasi özgələşmənin iki cəhəti var: – zəiflərin siyasi özgələşməsi nökərçiliyə enməsidir, güclülülərin siyasi özgələşməsi ağalığa yetməsidir. Siyasi özgələşmə – Ruhaniyyatı itirmək deməkdir. Türkçülük – Ruhaniyyata yüksəlməkdir. Başqa cür türkçülük olmur. Olursa, onda onun rusçuluqdan heç bir fərqi yoxdur. Tarix boyu bizim müşahidə elədiyimiz rusçuluq – imperiyaçılıq demək olub – başqa xalqların tarixini təhrif edən, mədəniyyətini sıxışdıran, assimilyasiya yaradan. Görünür, türkçülüyü də imperiyaçılıq yönü kimi düşünürlər. Türkçülüyü Osmançılıqla müqayisə edənlər yanılırlar. Osmançılıqda hardaydı türkçülük?! Türk dili, türk mədəniyyəti – Türk Varlığı yoxa çıxmışdı. Xilafətçilikdə, müsəlmançılıqda Türkçülük axtarmaq olmaz. Heç demokratiyada da Türkçülük axtarmaq doğru deyil. Zahirən baxanda demokratiya gərəkli bir ideoloji kimi görünür. Demokratiya Yönsüz – beynəlmiləl bir ideolojidir. Onu hansısa bir millətin adına bağlamaq olmur. Burada məsələyə bir az idraki yanaşanda Avropamərkəzçilik xəttinin yeridilməsinin şahidi oluruq. Ümumiyyətlə, heç bir millətə bağlı olmayan hər hansı bir ideolojilik bəşəri deyil, mücərrəd beynəlmiləlçilikdir. Bəşər – beynəlmiləlçilikdən başlamır, millətlərdən, millətçilikdən başlayır. Bəşərilik – hardasa millətçilikdir. Çünki millətçilik – millətin insani keyfiyyətlərini üzə çıxarmaqdır. Demokratiya vasitəsiylə buna nail olmaq mümkün deyil. Dediyimiz kimi, demokratiya ideolojisi başqa prinsiplərlə yüklüdür – insanı oynadır, aldadır, alçaldır. Demokratiya – millətçiliyi sıxışdırdığı və əvəz elədiyi dərəcədə antibəşəridir. O, nə humanizmdir ki, kapitalizmin (pulçuluğun) yaşamasını tənzimləyir. Bunun özündə mədəniyyətləri sıxışdırma var.
Türkçülük – ideoloji məqsədə çevriləcəksə, türk toplumlarının içərisinə yeni bir ahəng gələcək. O ahəng nədən ibarətdir?! Bu gün türk toplumlarının idarəçiliyində Qərb üsul-idarəsi hökmrandır – parlamentçilik, prezidentçilik, bazar iqtisadiyyatı, çoxpartiyaçılıq, hüquqi qanunlar və s. Bu üsullarla biz millət ola bilmirik, bir araya gələ bilmirik. Beləliklə, nə İslamçılıqla, nə də demokratiyayla biz Türk Birliyinin yaranmasına nail ola bilməyəcəyik. Yeni Türkçülük Ahəngi bizi anarxiyadan, yolsuzluqdan çıxara bilər. Bu fikirlər kimlərəsə fantastik görünə bilər. İslamı və Demokratiyanı az qala tale yazısı kimi düşünənlər var. Biz bu təslimçiliklə barışmırıq və əminliklə demək olar ki, əgər bizim üçün qaçılmaz bir şey varsa, o da hər şeyi özümüzdən başlamaqdır. Ədəbiyyatda, fəlsəfədə, siyasətdə, hüquqda, ictimai həyatda hər şey Türkçülükdən qaynaqlanmalıdır. Türkçülük başqa “izm”lərlə bir yerdə, yaxud onların içərisində olanda milli təsirə malik olmur, məhəlli xarakter daşıyır. Bu isə əslində Yoxluqdur. Yadlıqla Özümlük yanaşı olmur, olanda Yadlıq hegemon olur. Biz Türkçülüyü heç bir ideya ilə sintez şəklində götürmürük və götürməyin də əleyhinəyik. Biz Türkçülüyü müstəqil ideya kimi götürürük.
Abil Ulusoy: Bugünkü türk dövlətlərində və çağdaş dünyada türkçülüyə və ümumən millətçiliyə olan münasibət, yumşaq desək, yaxşı deyil. Çünki bugünkü dünyanın halı millətçiliyi qəbul etmir. Millətçilik nəyə görə qəbul olunmur? Çünki millətçilik ağalığın əleyhinədir. Tarixdə türkdən qorxu yaranıb – Türk qorxusu, Ata da deyirdi ki, türkdən qorxu türkə böhtan yaratdı. Nə idi bu qorxu? 634 illik Osmanlı imperiyası və digər türk fatehləri türk qılıncının zərbini bütün dünyaya göstərdi. Dünyada bir türk fatehliyi vardı. Bu hal dünyanın hafizəsindən silinməyən bir haldı. Türklər möhtəşəm imperiyalar yaratdılar. Bəşərin ən böyük fatehləri türklər oldu. Bununla belə, biz fatehliyi alqışlamırıq. Özünü fəth eləyə bilməyən insan fatehlik elədi. Türk dünyanı fəth elədi, fatehliyə yaradı. Yaratdığımız imperiyalar çökdülər. Fatehliyimiz isə dünyanın hafizəsindən silinmədi. Türkdən qorxu dünyada antitürk halı yaratdı. Bu gün də dünyanın ayrı-ayrı bölgələrində türkü “öz tarixi keçmişi ilə üzbəüz qoymaq” çağırışları edilir.
Bir məsələyə də toxunmaq istərdim. Çağdaş türk dövlətlərində və ümumiyyətlə, türklərlə eyni coğrafiyada yaşayan ayrı-ayrı millətlərin nümayəndələri ilə münasibətlərə aydınlıq gətirilməlidir. Bu gün Türkiyədə türklə kürdün millət olaraq eyni statusa malik olmasından bəhs edilir. Vətəndaş kimi eyni statusludur, əlbəttə. Ancaq ölkənin əsas milləti türkdür və o, ölkənin sahibidir. Eləcə də Azərbaycanda Azərbaycançılıq ideyasının ortaya atılması. Türkçülüyün əvəzinə Azərbaycançılıq. Bu məsələyə bizim münasibətimiz belədir: – Azərbaycanda bir millət var – Türk milləti. Ölkə əhalisinin təqribən 93 %-ni təşkil edən türk milləti. Azərbaycanda ayrı-ayrı millətlərin nümayəndələri türklə birlikdə yaşayırlar. Və biz buna sevinirik. Bu, türk millətinin başqaları ilə dost kimi yaşamaq ləyaqətidir. Hakimiyyətin Azərbaycançılığı isə mahiyyətcə millətçiliyə – türkçülüyə qarşıdır. Bu ölkədə türkün haqqını yemək olmaz. Azərbaycan türk dəyərləri ilə yaşamalıdır. Dilimiz türk dili adlanmalı, əlifbamız türk əlifbası olmalı, rəmzlərimiz – bayrağımız, himnimiz, herbimiz, milli varlığımız türkə məxsus olmalıdır. Azərbaycanda yaşayan ayrı-ayrı millətlərin nümayəndələri türkçülüyə özünün xilası kimi baxmalıdır. Başını yad qoltuqlar altına soxaraq türkə qarşı çıxmamalıdır. Bizimlə birgə yaşayan hər millətin nümayəndəsi türkçülüyü bir bəşəri dəyər səviyyəsində qəbul etməlidir. Və bilməlidir ki, onun burada yaşam tərzinin davamlı olması məhz türkçülükdən keçir. Hər millətə məxsus olan keyfiyyətlər var. Türk – ağalığı qəbul eləmir. Dünyaya ağalıq etmək istəyən qüvvələr isə bunu həzm edə bilmirlər. Dini və siyasi ağalığın qəbulu türkü məhv edə bilər. Dünya hakimi Qərbin siyasi ağalığının qəbulu istənilir türkdən. Türkü özündən qoparmaq istəyirlər. Özü bir dünya olan türkü “dünyalaşdırmaq” (Qərbləşdirmək) istəyirlər. Ağalığı qəbul edən bir millət formalaşdırmaq istəyirlər. Çox təəssüf ki, türk bu gün dini və siyasi ağalığı qəbul etmək yolunda addımlayır. Bu özünü qardaş Türkiyənin timsalında daha aydın göstərir. Əgər türk özünə qayıdarsa, özünün milli – türkə məxsus keyfiyyətlərinin bərpasına qayıdarsa, türk dünya üçün bugünkündən daha qəbuledilməz bir hala gələcək. Çünki Türk öz dəyərləri ilə yaşayarsa, Qərbin bu coğrafiyada ağalığına son qoyulacaq. Onda türk bir millət olaraq dünyada qəbul olunacaq. Mən türkün qəbul olunmamasının köklü səbəblərini içəridə görürəm. Türk içəridən qurulmalıdır. Bütövləşməlidir, bütünləşməlidir. Onda türk qəbul olunacaq, türkə münasibət yaxşı mənada dəyişəcək. Türk idarəçilik modeli sistemi yaranmalıdır. Dünyanın türk erası başlanmalıdır.
Ağşın Ağkəmərli: İstər Soylu bəy, istərsə Abil bəy bir çox dərin məqamlara toxundular. Mən o məqamlara təkrar qayıtmayacam. Ancaq bu yerdə bir sıra taktiki məsələlərə də toxunmaq istəyərdim. Biz istəsək də, istəməsək də xarici dövlətlərlə müəyyən əlaqələrimiz var. Özəllikcə Qərbin siyasi və iqtisadi təsir dairəsində yaşayırıq. Dəmirqapımız var, amma həm də Rusiyanın təsir nüfuzu var. Eləcə də Borçalıda yaşayan soydaşlarımızın taleyi var. Məncə, bu məsələ ayrıca təhlil tələb eləyən bir məsələdir. Bunları nəzərə almayanda düşünürəm ki, türkçülüyümüzdə də ləngimələr olacaqdır. Əgər biz məsələyə iqtisadi kontekstdən baxsaq, Güney Azərbaycandakı durumun mürəkkəb olduğunu görərik. Fikir verin, bu gün Güney Azərbaycanda xırda burjuaziya – ticari burjuaziya Azərbaycanlıların əlindədir. Sənaye burjuaziyası əsasən fars bölgələrində yerləşir. Şübhəsiz buna laqeyd yanaşmaq mümkün deyil. Eyni halda, onu da gözardı eləyə bilmərik ki, bu gün Güney Azərbaycan 14 vilayətə, yaxud ostana bölünmüşdür. Bu çox faciəvi bir məsələdir. Bu ostanlardan yalnız ikisinin üzərində Azərbaycan adı saxlanıb, qalanlarda Azərbaycan adı yoxdur.
Bütün bu məsələlər təsadüfi xarakter daşımır. Qərbin, eləcə də Avropanın təsir imkanlarını nəzərə almaq haqqında düşünməli oluruq. 1924 və 1946-cı illərdə Güney Azərbaycanda gedən proseslərin fonunda Qərb İrana üstünlük vermişdir. O məsələ doğrudur ki, bu münasibətlərin tarixi kökləri var. Ancaq bu gün də Güney Azərbaycan həmin problemlərlə üz-üzə gəlir.
İndi qayıdıram yenə ideoloji məsələnin üzərinə. Bu gün İranda həm İran türkçülüyü var, həm də Azərbaycan türkçülüyü. Azərbaycan türkçülüyünün də üç əsas istiqaməti var: mədəni dəyərlərə dayanaraq, ideoloji düşüncəni ortaya qoyaraq, siyasi mərhələyə dirçəlmə. Ancaq İran türkçülüyü 20-ci yüzilin əvvəlində olduğu kimi, Turançılıqla əlaqədardır. Bunun da gerçək əsası yoxdur. Bu ideya əslində bölücü xarakter daşıyır – bizim düşüncələrimizə tamamilə zidd baxışdır. Bir az da məsələnin içərisinə yerisək, yad əllərin törətmək istədiklərini dərindən anlaya bilərik. Məsələn, Geney Azərbaycanda 30-35 mln. Azərbaycan türkü var, Sonqol vilayətində isə üç yüz-dörd yüz min başqa türklər var. Eləcə də, Fars Körfəzində Qaşqay türkləri yaşayır – 1-1,5 mln-a yaxın. Yaxud Girman vilayətində 200-300 min türk yaşayır və s. Üst-üstə qoy olsun 5 mln. 35 mln Azərbaycan türkünün vahid mövqeyi yaranmasın deyə, başqa türk qövmlərinə nəzəri üstünlük uydururlar. Bu bir diplomatiyadır, türkü türkə qarşı qoymaqdır. Beləliklə, bizim millətimizin düşüncəsində yan etkisi yaranır. Şübhəsiz ki, bu da bizi narahat eləməyə bilməz. İnsanlarımızın ağlını xülyəvi istəklərlə doldururlar. Məsələn, “əgər türkçülükdən danışırıqsa, niyə məhz Güney Azərbaycan əsas götürülməlidir, bəs Bəlucistanda olan 200 min türkü niyə qıraqda saxlamalıyıq” və b.k. fikirlərlə çaşqınlıq yaradılır. Əvvəla, türkçülük coğrafi anlayış deyil, ruhani, ideoloji məsələdir. Bu isə dünyanın hər yerində olan türklərə aiddir. Məgər türkçülük Azərbaycanın Azadlığına, müstəqilliyinə mane olan bir hadisədir?!
Bayaq vurğuladığım kimi, İran hakimiyyətinin yürütdüyü siyasət nəticəsində Azərbaycan türkləri iqtisadi cəhətdən elə asılı duruma salınıblar ki, onlar Azərbaycanın azadlığı haqqında düşünə bilməsinlər. Məsələn, Azərbaycanlı iş adamlarına fars əyalətlərində, yaxud kürdlərin yaşadıqları əyalətlərdə iş şəraiti yaradırlar. Əvəzsiz kreditlər, yaxud azfaizli yardımlar göstərirlər ki, həmin iş adamları özlərinin fabrik və müəssisələrini qeyri-Azərbaycan bölgələrdə işlətsinlər. Yəni xırda burjuaziya üçün imkan yaranır, sənaye obyektləri isə Azərbaycandan kənarda inkişaf edir. Belə olan təqdirdə isə istənilən Azərbaycanlı iş adamı Azərbaycanın müstəqilliyi haqqında düşünə bilmir. Onlar özlərini düşünürlər – əgər Azərbaycan müstəqil olacaqsa, bəs mənim pulum, fabrikim, müəssisəm?! Təkcə bizim kəndçilərimizin, səhv eləmirəmsə, 28 fabrik və zavodları Çavaharda yerləşibdir. Onlar ciblərindən güzəşt eləməyəcəklər. Çünki onlar üçün ali dəyərlər yoxdur. Onlarda milli şüur kifayət qədər formalaşmayıbdır. Beləliklə, bunların hamısının diqqəti o tərəfə – İran türkçülüyünə yönəlir. İran türkçülüyündə isə İran qorunub saxlanılır, həmin iş adamlarının varı-dövləti də toxunulmaz qalır.
Gələcəkdə bu məsələləri ətraflı götür-qoy eləmək lazım gələcək.
Abil Ulusoy: İran türkçülüyü məsələsi ilə əlaqədar. Biz məsələlərə köklü münasibət bildiririk. Məsələlərin mahiyyətindən çıxış edirik. Bu halla bağlı türk dövlətlərinin hər birində problemlər olmamış deyil. Güney Azərbaycanda “haray, haray, mən türkəm” deyənlərin yadına bir şey salmaq lazımdır ki, Azərbaycan Türkçülüyü Azərbaycanın dərk olunmasıdır. İran adlı bir dövlət var və öz dövlət təhlükəsizliyini qorumaq naminə qaldırılan gəlişigözəl şüarlara qarşı nəsə qoymalıdır. Bir qrup İranlı ziyalı türkçülük adı altında nəsə təqdim edə bilər. Əsas bizim təqdim edəcəyimiz Türkçülükdür. Türkçülüyü biz hansı anlamda təqdim edirik?! – Biz türkçülüyü bütöv Türk Dünyası üçün təqdim edirik. Biz türkçülüyə vahid bir baxış formalaşdırmalıyıq. Buna nail olmaq lazımdır. Türkçülüyü Əməl Türkçülüyü səviyyəsinə qaldırmalıyıq.
Soylu Atalı: Mən indi diqqəti Türkçülük və Azərbaycançılıq məsələsinə yönəltmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda türkçülüyü sıxışdıran, hardasa gərəksizləşdirən Azərbaycançılıq ideolojisi elan olundu. Bunun da mənası ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün etniklər, eləcə də türklər hamısı Azərbaycanlıdır. Bu, əslində antitürk siyasətinin davamıdır. Amerika xalqı, yaxud sovet xalqı kimi cəfəng bir adlandırmadır, – bu barədə Asif Ata çox çıxış edib…
Biz gördük ki, bu cür yanaşma ilə Azərbaycançılıq tamamilə adiləşdi, mənasızlaşdı. Heç bir birləşdirici imkanı da ortaya çıxmadı. Halbuki Azərbaycançılıq – Türk Ruhunu ifadə eləyən mahiyyətdir. Asif Ata bu mahiyyəti sistem şəklində yazıb və əsaslandırıb. Zərdüştçülükdən Sazçılığa qədər yeddi ruhani dəyəri özündə birləşdirən Azərbaycançılıq etnos adımızla birləşməlidir. Yəni “Azərbaycançılıq – Türkçülük Birliyi yaranmalıdır” (Asif Ata). Azərbaycançılığı Türkçülükdən təcrid olunmuş şəkildə irəli sürmək mümkün də deyil. Biz Azərbaycançılıq – Türkçülük vəhdətini təqdim edirik. Hesab edirik ki, Azərbaycançılıq – Azərbaycanın özünəməxsusluğu olduğu kimi, Qazağın, Qırğızın, Özbəyin, Türkmənin, Türkiyənin də ruhani özəllikləri – özünəməxsusluqları var – bunları birləşdirmək lazımdır. Deyək ki, Qazaxıstançılıq, Türkiyəçilik onların daxili nizamıdır – evin içi anlamında. Türkçülük isə vahid birlik nizamıdır. Azərbaycançılıqla Özbəkistançılıq Türkçülük məzmununda birləşməlidir. Türkçülük – bütün Türk Dünyasının ana xəttidir – etnos birliyidir. Etnos Birliyinin təməlində Türk Ruhaniyyatı dayanır. Türk Ruhaniyyatına bölgəsəl özünəməxsusluq daxil olur və onu təsdiq edir. Doğrudur, Türk Ruhunda Azərbaycançılıq xüsusi bir hadisədir. Asif Ata deyir: “Azərbaycançılıq – Türk Ruhunun mənasıdır”. Biz bunu çəkinə-çəkinə, qorxa-qorxa deməli deyilik. Heç bir türk qövmü bundan qıcıqlanmayacaq. Azərbaycançılığı azaltmaq, ona qısqanclıqla yanaşmaq – Türk Ruhunu şikəst eləmək kimi bir şeydir. Zərdüştçülük tarixdə qalsa da, Zərdüşt tək Azərbaycanın deyil, bütövlükdə türkün peyğəmbəri kimi dərk olunmalıdır. Çünki onun İşıqçılıq ideyası – türkün ruhundan gəlib. Eləcə də Azərbaycançılığın o biri cəhətləri (7 Fərəhimiz). Ümumiyyətlə, Türkçülüyü dərin qatlarda öyrənmək və dərk eləmək gərəkdir…
Ağşın Ağkəmərli: Mən Soylu bəyin fikirlərinə bəzi əlavələr eləmək istəyirəm. Bəli, hər bir xalq öz kimliyinə sahib olmaq üçün tarixində, varlığında olan dəyərləri, şəxsiyyətləri yaşam ölçüsünə çeviribdir. Məsələn, farslar öz tarixi şəxsiyyətlərini mifləşdirərək millətləşmə yoluna işıq kimi tutubdur. Fransızlar onun kimi və s. Bizə gəlincə, – bizim əlimizdə çox dərin mənalı dəyərlərimiz var. Bu gün həmin dəyərlərimiz Asif Atanın Düşüncə Sistemində, belə deyək ki, manifestində yüksək səviyyəyə çatdırılır. Millətləşməyimiz üçün bu, olduqca gözəl bir imkandır. Bunu gözardı eləmək təhlükəlidir, böyük itkilərə məruz qalırıq. Tarixi şəxsiyyətlərimizi itiririk, eyni halda gələcəyimizi itiririk. Ona görə gərək yaratdıqlarımıza ayıq baxaq.
Abil Ulusoy: Azərbaycanda türkçülük şüarları səsləndirənlər 90-cı illərdə bunu əsasən Türkiyəçilik kimi başa düşürdülər. Azərbaycan türkçülüyü 90-cı illərdə Türkiyəçilik idi əslində. Bu ölkə daxilində ayrı-ayrı millətlərin nümayəndələrinin timsalında və ölkə xaricində də yeni bir türk xofu yaratdı. SSRİ adlı bir imperiya dağılıb. Böyük hərbi, siyasi bir güc sıradan çıxıb. Yeni dünya siyasi düzən formalaşdırmağa başlayıb. SSRİ adlı imperiyanın parçalanması nəticəsində imperiyanın qəbirqazanları olan türklər yeni dövlətlər yaratdılar. Və bu dövlətlər dünyanın ən böyük Osmanlı imperiyasını qurmuş Türkiyə Cümhuriyyəti ətrafında birləşə bilərdilər. Və bu da bir qorxu yaradırdı. Azərbaycan türkçülüyünün bu cür təbliği həm Azərbaycana, həm də Türkiyəyə zərər verirdi. Türkiyə türkçülüyünün bugünkü vəziyyəti bizi qətiyyən razı salmır. Türkiyənin bugünkü türkçülüyü Qərbyönümlü bir türkçülükdür. Asif Atanın təbirincə desək, “Türkiyə Qərbin Şərqdəki nümayəndəsi rolunu oynamaqda davam edir”. Türkiyənin türkçülük qibləsi türkün öz içində olmalıdır. Biz Azərbaycanı Türkçülüyün qibləsi kimi görürürk.
Türküstandakı türkçülüyün halı da ümumtürk ruhunun tələblərinə cavab vermir təəssüf ki. Qazax, Özbək, Türkmən, Qırğız və s. türklərin özünəməxsus keyfiyyətləri nəzərə alınmaqla Azərbaycanda yaranan Ruhani Türkçülük bütün Türk Dünyası üçün qəbul edilməlidir. Mən hesab edirəm ki, Azərbaycana artıq Türkçülüyün ruhani mərkəzi kimi baxılmalıdır.
Soylu Atalı: Qədimdə Türk Ruhu Tanrıçılıqda özünü göstərirdi. Bu gün biz Türkçülüyün yeni dövrdəki inkişafından bəhs edirik. Türkçülüyü Tanrıçılığa qaytarmaq mümkün deyil, İslama bağlamaq isə qəti doğru deyil. Türkçülüyün yeni dönəmi Asif Atanın Mütləqə İnam Dünyabaxışına bağlıdır – İnam Türkçülüyü yaranmalıdır. İnam Türkçülüyü Ruhani İntibahın altı ideyasında öz əksini tapır. Biz bu gün Türk Ruhuna hakim kəsilən transendentallığı, fövqəltəbiiliyi qəti olaraq rədd edirik. Türkçülük – İnsana inam ideyalarına bağlı olaraq Böyük Humanizm deməkdir. Bəndəçilik psixologiyasında türk xarakteri, türk mahiyyəti bilinmir və dərk olunmur. İnsanlaşma-millətləşmə-bəşərləşmə yeganə özünütəsdiq yoludur. Bu isə Mütləqə İnamdan kənarda baş tutmaz. Çünki başqa baxışlarda insan aşağılanır, alçaldılır. İnsandan kənarda isə millətin var olması mümkün olmayan bir məsələdir.
Asif Atanın “Kamil İnsan” ideyası – İnsaniliyin Xəlqi səviyyəyə yüksəlməsini şərtləndirir. Bu ideya türk xarakterini millətin yaşam tərzinə qaytarır. Ümumiyyətlə, hər bir xalq özünəməxsusluğunu kamil fərdləri vasitəsiylə yaşamın əsasına çevirir. Üçüncü, “Ruhani cəmiyyət”, yaxud “Xəlqi Birlik” ideyasıdır. Bu ideyanın əks olunduğu kitabda yeni cəmiyyət modeli, eləcə də yeni dövlət modeli izah olunur. Biz bunları növbəti mövzularımızda ətraflı açacağıq. Dördüncü, “Müstəqil Vətən” ideyasıdır. Bu ideyada müstəqilliyin həqiqi şərtləri və həlli yolları ifadə olunubdur. Beşinci, “Özümlü Şərq” ideyası və sonuncu “Ləyaqətli Bəşər” ideyasıdır ki, bunlar İnam Türkçülüyünün canıdır, meyarıdır. Türkçülük bu baxımdan Şərq ruhunun parlaq bir ifadəsidir. Milli varolmanı əngəlləyən nə varsa, Türkçülüyə qarışmır, qarışdırılmır. Mütləqə İnamda heç bir xalq öz keyfiyyətlərini itirmir, özünəxaslıqdan əl çəkmir. Əksinə, öz məzmunu ilə dolur, bitkinləşir. Bu səbəbdən də Türkçülükdən qorxmaq, hürkmək lazım deyil. Əgər Türkçülükdə Qərbçilik rədd edilirsə, bu, Qərbin rədd edilməsi anlamına gəlmir, ağalığın, zəbtçiliyin, bölücülüyün rədd olunmasını əsaslandırır. Farsçılığı rədd eləmək – fars xalqını rədd eləmək deyil, qəsbkarlığı, assimilyasiyanı, özgələşdirməni rədd etməkdir. Bax, bizim üçün Türkçülük budur – İnama əsaslanan, İnsanlığa əsaslanan. İnam Türkçülüyü, İdrak Türkçülüyü, Mənəviyyat Türkçülyü, İradə Türkçülüyü – Dünyaya gərək olan Türkçülükdür.
Abil Ulusoy: Türkçülük əzəli, əbədi bir hadisədir. Türkçülük dünən var idi, bu gün də var, sabah da olacaq. Mən bunu Türkçülüyün gələcəyinə inam hissi ilə deyirəm. Biz nə istəyirik? Var olan türkçülüyü araşdırmaq. Ona yeni Dünyabaxışla baxmaq və Asif Atanın İnam, İdrak, İradə, Mənəviyyat Türkçülüyü Baxışının bütün Türk Dünyasında oturuşmasına nail olmaq.
Ulusumuz Var Olsun!
Ağşın Ağkəmərli: Son olaraq onu əlavə eləmək istəyərdim ki, vurğuladığımız kimi, Türkçülüyümüz tarixi bir zərurətdən irəli gəlir. Bu zərurət də ondan ibarətdir ki, sən öz kimliyini ortaya qoymalısan. Məhv olmaq, yox olmaq təhlükəsi var. Şüar kimi səslənməsin, mən hesab edirəm ki, biz xoşbəxt bir xalqıq. O səbəbdən ki, taleyimizi müəyyənləşdirən, Ruhani Xilasımızı yetirən Asif Ata kimi Böyük şəxsiyyətimiz ortaya çıxdı. İndi onun Dünyabaxışını millətimizə verməliyik. Bu ideyanın yayılması üçün mən Güney Azərbaycanda ciddi bir zəmin görürəm. Əsarət o qədər qatıdır ki, Azadlıq Yoluna düşmək üçün ideya sistemi gərəkdir. Əlavə olaraq vurğulamaq istəyirəm ki, Pəhləvi rejimi İrançılığı Farsçılıqla eyniləşdirəndə bu, türkçülüyün baş qaldırması üçün bir siqnal oldu sanki. Əgər İrançılıq Farsçılıqdırsa, bəs onda mən kiməm?! Buna qədər Türkçülük poeziyaya, bədii təfəkkürə bağlı bir söz idi. Güney Azərbaycanda biz bu mərhələni keçdik. Türkçülük zərurəti İran İslam Respublikası yaranandan sonra ortaya çıxdı. İran İslam Respublikası İslamı Farsçılıqla bir götürdü. Yenə biz qaldıq qıraqda. Yenə bir sual yarandı – bəs mən kiməm?! Yenə türkçülük zərurəti özünü göstərdi. Biz eşitmişdik ki, İslamda bərabərlik vardı, hüquq vardı, insanlara bir gözlə baxma vardı. Ancaq biz gerçək yaşamımızda bunların heç birini görmədik. Yenə də məktəblərimiz olmadı, yenə də dilimiz yasaq olundu, yenə də öz kimliyimizi ortaya qoymaqda haqqımız olmadı. Yenə biz qaldıq çöldə. Bütün hallarda biz məcburiyyət qarşısına qoyulmuşuq. Mən düşünürəm ki, bizim tarixi məcburiyyət problemimizi Asif Ata həll edibdir. Beynimizi işlətmək və gücümüzlə birləşdirmək imkanlarımızı Asif Ata üzə çıxarıbdır. İndi biz də öz ləyaqətimizi ortaya qoymalı və bütün tarixi ərazilərimizdə tarixi haqlarımızı bərpa eləməliyik. Gələcəyimizə çox böyük töhfələr verə bilərik.
Soylu Atalı: Mövzu dərin və geniş mövzudur. Hələ buna çox baş vurmaq lazım gələcək. Ancaq hələlik buna bir son veririk. Biz bacardığımız səviyyədə Türkçülüyə yönəlik münasibət sərgilədik. Biz nə istəyirik?! – Bu vaxta qədər türkün sıxışdırıldığı və özünə yadlaşdırıldığı məqamlarda türkçülük yönündə ayağa duran, söz deyən şəxsiyyətlərimizə, əlbəttə, minnətdarlıq ifadə edirik. Ancaq onları təkrar eləməyi doğru saymırıq və Türkçülüyün İnamçılıq səviyyəsindən bəhs edirik. Biz Asif Atanın təsirində yeni söz dedik. Bizə qədər deyilənlərdən fərqli düşüncə ortaya qoyduq. Türkçülüklə bağlı düşüncələrimizə sayğı və inam əsasında tənqidi baxışlar olarsa, bəri başdan təşəkkür edirik. Bu bizim sevgimiz və inamımızdan irəli gələn düşüncələrimizdir. Bizim meyarımız Asif Atadır. İnsanlarımızı da bu yönə üz tutmağa çağırırıq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!
(arxiv)