Çox-çox illər öncə Azərbaycanda dünyaya yeni bir qəzet gəldi – Azadlıq qəzeti. Gerçəkdən yeni qəzet – yeni gerçəkliyin yeni qəzeti. İlkin yaranış cücərtilərindən indiyədək bu qəzetə bağlı kimsə olaraq Azadlıq adına bildiyim çox nəsnələr var. İndi onlardan danışmyacam; onlar tarix üçün, gələcək soylarımız üçün detallarınadak yazılıb qalmalıdır. Yazarıq. İndilikdə bir neçə qaranlıq epizoda ötəri aydınlıq gətirmək yetər. İndilik…
“Azadlıq”ın ilk redaktoru Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru idi. Mən Teleradio Verilişləri Komitəsində redaktor idim. 3500 adamlıq jurnalist kollektivində mən ipə-sapa yatmayan, özbaşına kimsə olaraq tanınırdım. “Qorxulu” Puşkinin senzoru çar I Nikolay özü olduğu kimi, mənim verilişlərimin də baş senzoru Komitə sədrinin Radio üzrə yardımçısı idi. Verilişlərim tez-tez senzura yasağı ilə üzləşərək birbaşa arxiv materialına çevrilirdi. Gerçək jurnalist-yazar üçün bunlar çox pis, ürəyi yaralayan faktlardandır. Ürəyim dopdoluydu, sözümü deməyə, ürəyimi boşaltmağa tribuna axtarırdım. Sovet rejimində mənim kimi yurdsevərlər üçün bütün qapılar qapalı idi.
Moskva mediasında ermənilər Azərbaycana qarşı açıq informasiya savaşı aparır, Azərbaycan nomenklaturasının xəyanəti, satqınlığı üzündən biz onlara Bakının özündə belə cavab verə bilmirdik. Ara getdikcə qızışır, ermənilər informasiya savaşından yaraqlı savaşa keçir, “Ermənistan”da, Qarabağda bizi qırırdılar. Bir yandan respublika hökumətinin, o biri yandan qəzetlərin, teleradionun çoxsaylı yalanlar içində SUSQUNLUĞU üzündən sinirlər tarıma çəkilmişdi. Bu arada gözlənilmədən Nəcəf Nəcəfovun “Molodyoju” səsini çıxarmağa başladı. Tezliklə biz Xalq Hərəkatını yaratdıq. Xalq Hərəkatı Azadlıq qəzetini doğurdu. Azadlıqdan qabaq biz üç bülleten çıxardıq. Bülletenlər respublikanın bu başından o başına əldən ələ gəzirdi. Bülletenlərin necə sevgi, necə coşqu doğurduğunu görüncə, yubanmadan qəzet çıxarmağı kəsdirdik. Beləliklə, Azadlıq doğuldu. Qəzetə Azadlıq adını mən verdim. Qəzetlə bağlı ilk yığıncaqlar Ağamalı Sadiqin evində keçirilirdi.
Qənimət Zahid bugünlərdə “Azadlıq”la bağlı çıxmış yazısında yanlışa yol verərək Nəcəf bəyin 1991-ci ildə, Milli Şura yaranandan “Azadlıq”dan getdiyini bildirir. Məncə, bu bir yaddaş yanlışıdır: Nəcəf bəy 1992-nin ilk aylarında da “Azadlıq”ın başında dururdu. Onun “Azadlıq”la bağlı dediklərinə gəlincə, burası yalnız Azadlıq qəzetinin tarixi deyil, bugünümüzü də günsüzləşdirən, uğursuzluğa uğradan epizodlardan olduğu üçün üzərində bir az geniş dayanmaq gərəkir. “20 Yanvar”dan sonra Milli Müdafiə Şurası ilə bağlı uzun sürə rusların axtarışında oldum. Mən Bakıya qayıdanda qəzet başqalarının əlinə keçmişdi. Nəcəf bəy də qəzetdə yox idi. Qəzet bir sıra baxımlardan başqalaşmışdı. Aldığım bilgilər, topladığım informasiyalar bu işin AXC İdarə heyətinə gedib çıxdığını göstərirdi. İH-dakı bəlli qrup başqanı Nəcəf bəyin qəzetdəki redaktorluğuna qarşı çıxırdı. Çox da gizli olmayan bu informasiyaları əldə etdikdən sonra Nəcəf bəy başda olmaqla bir çoxlarıyla görüşdüm. Görüşüb danışdığım adamların, demək olar, hamısı “Azadlıq”ın başında yalnız Nəcəf bəyi görmək istədiyini bildirirdi. İstəyirdilər, ancaq, tərpəniş, çalışma yox idi.
O arada Nəcəf bəylə çoxlu telefon danışıqlarım, görüşlərim oldu. Nəcəf bəy naturaca çox incə, dəymədüşər adam idi: gördüyü sayğısızlıq onu incidib küsdürmüşdü. “Azadlıq”a qayıtması üçün onu çox dilə tutmalı oldum. Burasını da deməliyəm: mən “Azadlıq”da başlanğıcdan sonadək Nəcəf bəylə yola getməyən, tək adam olmuşam. Bir yandan dost, o biri yandan “düşmən” olmuşuq. Bizim “düşmənçiliyimiz” yalnız işlə, jurnalistika ilə bağlı olduğundan redaksiyadan qırağa çıxmayıb. Bunun da detalları indilik deyil. Bircə bunu deyə bilərəm: biz bacarığımıza uyğun örnək jurnalistika yaratmağa çalışırdıq. Yalnız yazı-pozu baxımından deyil, eləcə də adamlıq baxımından: işdə “düşmən”, işdən qıraqda dost. Nəcəf bəy elə redaktor olmuşdu, qəzetdə elə düzən yaratmışdı, kollektivi elə formalaşdırmışdı… başqa cür bunlar olmayacaqdı. Buna görə də onun Azadlıqa qayıtmasına çox çalışdım. Əngəli aradan qaldırmaq üçün AXC İH-nin yığıncağını çağırmaq gərəyi yarandı. Yanılmıramsa, bu, avqustun 3-ü idi. Yığıncaq çox uzun çəkdi, olduqca gərgin keçdi. Yığıncağın gedişində bir sıra gizlinlər açıldı. Hamı acıqlı idi. Deyəsən, yığıncaqda ortaya çıxanlar hamıdan çox Elçibəyi acıqlandırmışdı, birdən o, kimsənin gözləmədiyi kəskin davranışla yumruğunu stola vurub ayağa durdu, üzünü bəlli qrup başqanına tutub acıqlı-acıqlı səsləndi: ”… bəy, bəsdir bu dəyirmanı fırlatdığın!” Görünür, çox yerində deyilmiş bu “dəyirman” anlayışı, üstəlik, Elçibəyin ansız kəskin davranışı o ara üçün gözlənilməz görsəniş olaraq ortaya çıxan qərarın qərarına çevrildi. Aradan illər keçib, o adam özünün siyasi İNTRİQA, qurumuna bağlı qəzetlə mənəvi TERROR dəyirmanını fırlada-fırlada Azərbaycan müxalifətini gətirib indiki bozluğa-uğursuzluğa çıxarıb!
AXC İH-nin qərarı ilə Nəcəf bəy qəzetə qayıtdı. “Azadlıq” yenidən özünə döndü. Kimlərinsə məni düzgün anlamaları üçün bildirirəm: o çağlar mənim özümün “Azadlıq”ın başında durmağımı istəsəydilər, mən buna da getməz, yenə də yalnız Nəcəf bəyin üzərində dayanardım. Bu isə daha çox mənim siyasi-ideoloji baxışlarımla bağlı idi. Kimlərəsə gülməli görünə bilər: bu çağadək mən bir çox çağırış-istəklərdən üz döndərərək yalnız özümün yaradacağım, yaratmağı düşündüyüm qəzetin başında durmaq istəmişəm. Alınmayıb. Alınmır – alınmasın: uğrunda çox nəsnələrdən keçdiyim, yolunda çoxlu itkilərə uğradığım “Azadlıq” sağ olsun, “Azadlıq” var olsun!
Demək olar, “Azadlıq”la bir arada, eləcə də “Azadlıq” yaranandan sonra Azərbaycanda Azadlıq yolu getmək istəyi ilə ortaya bir çox qəzetlər çıxdı. Onların arasında doğru-düzgünlük, gerçəyi yazmaq baxımından oxucu sayğısı, oxucu sevgisi qazananlar da oldu. Ancaq onlar sonadək ilkin ideallarına bağlı qala bilmədilər: elələri rejim basqısına dözməyərək sıradan çıxdı, elələrisə sonadək doğru-düzgünlük yolunun yolçusu ola bilmək olumsuzluğundan başqa yola düşdü. Antidemokratik rejimlərdə eləcə, saya kimsə kimi doğru-düzgünlük yolunu getmək çətin, ağır işdir, onda qalmış bu yolun carçısı-jurnalisti olasan! Burada yalnız ideya yetkinliyi deyil, soy-kök faktorunun özü də böyük rol oynayır. Bunu biz indiki Azərbaycana baxaraq asanca görə bilərik.
Gözümüzün qabağında kimlərsə bəlli bir qəzeti qardaşlığa rejimlə alver qəzetinə çeviriblər. Onlar jurnalistikaya, xalqa etdikləri dönüklüyü ört-basdır üçün hamıdan bərk qışqırıb “bizə çamur atırlar” deyə, başqalarını suçlu saydırmağa çalışırlar. Satılmaqları bir yana, onlar Azərbaycan jurnalistikasına, ola bilsin, soy-kök yaşamlarına uyğun tərbiyəsizlik, etik-estetik normalardan uzaq davranış stereotipləri gətirdilər. Bütün dünya jurnalistikasında, eləcə də Azərbaycan jurnalistikasında ta başlanğıcdan iki tip örnək var: yumşaq, kəskin. İki stilin ikisinin də bizdə başlanğıcdan indiyədək tanınmışları var. İndi sözü gedən kimsələrin stili nə birincidəndir, nə ikincidən – onların stili… söyüşdür! Bu isə jurnalistika deyil, öz qazancı üçün jurnalistikaya soxulmuş küçə adamlarının özümlü “yaradıcılıq” stilidir. Televiziyalarından, qəzetlərindən göründüyü kimi, bu stil eləcə də indiki rejimin sevimli stilidir. Su axar, çuxurun tapar…
“Azadlıq”ın başladığı, getdiyi, tutduğu yol başqa yoldur. Bu yolda əyintilər, yanlışlar olub (çağındaca o əyintilərə, yanlışlara qarşı çıxmışam), ancaq bu yolda toplumsal, ulusal ideallardan dönmə, sapıntı, o ideallara qarşı çıxma olmayıb. Qəzet olsa belə, keçmiş keçmişdə qalıb, bugünlər baş verənlər hamının gözünün qabağındadır: “Azadlıq” bu gün də jurnalistika ideallarına, toplumsal, ulusal ideallara bağlı qəzet olaraq yaşamaqda, var olmaqdadır. Rejimin KİV-ə dəstək fondu adı altında jurnalistləri satınalma siyasətləri; Azadlıq adlı Azərbaycan Azadlıq adasını yox etmək üçün çoxsaylı, çoxçeşidli repressiyaları; “Azadlıq” jurnalistlərinin izlənmələri, tutulub dustaq edilmələri; qəzet satışının metrodan yığışdırılması, əl yayımına qoyulan yasaq, qəzet köşklərinin bir çox yerlərdən yığışdırılması, dolanışıq dözülməzliyi içində jurnalistlərin çörəklə sınağa çəkilməsi faktları – bütün bunlar ölkədə sonuncu AZADLIQ qalasını – Azadlıq qəzetini susdurmaqla Azərbaycanı yenib MƏNİMSƏMƏK üçündür!
Ortada Azadlıq adına tapıntı yoxdur. Ortada Azadlıq adına əl çəkilməyən, vaz keçilməyən jurnalistika prinsipləri var: doğru-gerçəyi yazmaq, doğru-gerçəyə bağlı qalmaq. Oğru rejim ortamında doğru-gerçəyi yazmaqdan, doğru-gerçəyə bağlı qalmaqdan çətin nə ola bilər! Azadlıq yaranışından belə bir çətin yükü daşımaqdadır. Rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopolyanın DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyü ölkədə jurnalist olsan da, olmasan da tək elə özgür-azad düşüncəli olmağın, özgürlük-azadlıq idealına bağlı qalmağın özü dözülməzdir, onda qalmış özgürlük-azadlıq carçısı jurnalist-qəzet olasan! Bu yolda yürümək çətindir-ağırdır, ancaq Ulusuna, Ölkənə, Dövlətinə bağlı qalaraq onların bütövlükdə uğursuzluğa-yoxluğa sürükləndiyini görmək, anlamaq, düşünmək, sonra da susmaq daha çətin, daha ağırdır.
Yazdıqlarımızın indilikdə böyük etkisi olmadığını biz özümüz hamıdan yaxşı anlayırıq. Anlayırıq, ancaq yolumuzdan dönmürük. Yolsuzluq yolundakı bolluq yüksəlişindən YOL yolundakı saya yürüməni üstün tuturuq. Azların getdiyi Yol yolların üstünü olduğu üçün! Bizi tez-tez qınayanlar olur: sizin yazdığınıza baxan kimdir? Doğrudur, ancaq… Azadlıq qəzetinin başına gətirilənlər – rejimin Azadlıqla yağıcasına barışmaz savaşı – “sizin yazdığınıza baxan kimdir?” sorğulu söyləmələrin, baxışların qarşısında dağ kimi dayanan danılmaz faktdır! Bundan başqa, ən azı, analitik düşüncəli kimsələr olaraq bizim borcumuz Ulusumuzun, Ölkəmizin, Dövlətimizin başına gətirilənləri konkret faktlarla açıb ortaya qoymaq, bizi nələr gözldiyini açıq bildirməkdir. Bir sıra media qurumlarının etdiyi kimi, bizm missiyamız gerçəkləri gizlətmək deyil, bütün çılpaqlığıyla açıb göstərməkdir. Dünyada nələr baş verir, qlobal gəlişmələrin, sürəclərin bizə hansı etkiləri ola bilər, bizim durumumuz necədir, bu durumdan çıxmaq üçün nələr etməliyik – bunlarla bağlı bilgilərin verilməsi jurnalistikanın görəvi, vazkeçilməz borcudur. Biz “Azadlıq” olaraq bu sayaq jurnalistika yolunun yolşularıyıq. “Azadlıq” yaranışından gerçəkdən-gerçəyə DÖRDÜNCÜ HAKİMİYƏT görəvlisi olub, DÖRDÜNCÜ HAKİMİYƏT funksiyasını yerinə yetirib (AXC hakimiyətində də!), bu gün də belədir. Dördüncü hakimiyətsə, bəlli olduğu kimi, diktatorların – oğru hakimiyət adamlarının, korrupsiya-repressiya rejimlərinin ən böyük, ən qorxunc düşmənidir.
… Bir gün Azadlıq redaksiyasına mitinqlərdən tanıdığım gizli polis əməkdaşı gəlmişdi. Xalq hərəkatı başlayandan o bizimlə çarpışma aparmış, Hərəkatın aktiv öncüllərindən biri olaraq mənim özümlə dönə-dönə toqquşmuşdu. O, dediyinə görə, indi hüquqları pozulduğu üçün “Azadlıq”dan kömək umurdu. 1991-ci il idi. Bundan bir neçə il öncə, 1988-ci il dekabrın 5-də, Meydan hərəkatının son günü, o məni tutub ruslara tanıtmış, ruslarsa məni Bayıl türməsinə salmışdılar. Mən “Azadlıq”dakı otağıma girəndə o mənim yerimdə oturub hüquqlarının pozulması ilə bağlı başına gələnləri danışırdı. Onunla uzun-uzadı baxışdıq. Barmağımı Azadlıq meydanına tuşlayıb soruşdum: “Yadındadı?” – “Yadımda deyil”, – deyib başını aşağı saldı. “Azadlıq”ın istər keçmişində, istərsə də indisində belə faktlar yetərincədir.
Biz bu gün jurnalist-qəzet olaraq öyünə də bilərik, öyünməyə də. Öyünə bilərik: olduqca çətin, ağır bir durumda jurnalistika ideallarından geri çəkilmədiyimiz, doğru-gerçək yol yolçusu olduğumuz üçün. Öyünməyə bilərik: bizdən qabaqda Həsən bəy Zərdabi, Mirzə Cəlil, Məhəmməd Əmin Rəsulzadə kimi (eləcə də adını çəkmədiyim bir çox başqaları) azmanlar var. Onlar – o böyük Azərbaycan Ərləri – 20-ci yüzilin başlanğıc çağlarında böyük çətinliklər içində sonadək çarpışma, dönməzlik sərgiləməklə alınıb-satılmazlıq, əyilib-yenilməzlik örnəyi yaratdılar. Onlar yolaçanlar, bizsə, açılmış yolu gedənlərik. Burasını da demək gərəkir: bu gün bizimlə birgə onların da bayramıdır; getdikləri, göstərdikləri YOL qalır, yolçuluqlar qalır. O YOL gec-tez uğura varacaq Özgürlük – Azadlıq yoludur. Yolumuza uğur!