Mən hakimiyyətdə olan Şura hökumətinin rudimentlərinə inanmadığımdan, onların bank sistemlərinə də heç etibar etmirəm.
Sovet dönəmində yeganə övladımın xoşbəxt gələcəyi üçün uşaq əmanət kitabçasına illərlə, hissə-hissə qoyduğum 4.200 rublu mənə 20 ildən sonra Xüsusi Təyinatlı Milli Məclisin saxta deputatlarının, saxta əllərilə öldürüb, 300 Azn qaytardılar.
Bu açıq soyğunçuluq oldu.
Xalqın hakimiyyətini qəsb edənlər, onun varidatını da “talamağa borcludurlar!”.
“Vahid Bank”, Muncuqdüzmə və sair kimi, əməliyyatları xatırlayırsınızmı? Onlar xalqı talayıb qaçdılar. Bu cinayətlərə görə kimi məsuliyyətə cəlb edib xalqın pullarını geri qaytardılar? Heç kimin!
İdarəetmədə böhran da bir siyasətdir. 2009-cu ilin yayında 1 barel neftin satış qiyməti 100 $-dan aşağı düşdüyü üçün ölkə üzrə təsərrüfat hesablı müəssisələrin işçilərinin əmək haqları 25%-dək aşağı salındı. Neftin satışından “itirilən” pulu xalqdan mənimsəməyə başladılar. Mənimsəmə baş tutandan sonra neftin satış qiyməti qalxsa da, əksər müəssisələrdə azaldılmış əmək haqları bərpa edilmədi.
Neft gəlirləri Dövlət Neft Fondunda, indiki nəsli yoxsulluq həddində saxlamaqla, gələcək nəsillər (?) üçün toplanılır görəsən?!
Neftin satış qiyməti yenə 100 $-dan aşağı düşüb.
Əhalinin çox hissəsinin aldığı əmək haqqı, indi yalniz gündəlik ərzaq malları almağa çatdığından, əmək haqlarına toxunmaq riskə bərabər olduğundan, bu dəfə başqa yağmalama növü seçildi. “İmkanlı” adamların banklardakı pullarının gəlir hissəsindən 10% gəlir vergisi tutulması faktı ortaya qoyuldu.
Bütün növ gəlirlərdən vergi faizi tutmaq çoxdan qəbul edilmiş qanundur. Sadəcə bu qanun ehtiyat variant kimi, həm də banklara olan etibarın möhkəmlənməsi üçün qısaaralıq (müvəqqəti olaraq) tətbiq edilmirdi.
Aldığı əmək haqqı ilə təmin oluna bilməyən insanlar evini, bağını, maşınını və sair daşınmaz əmlakını satıb, pulunu banklara yatırır, faizlə (günahla!) dolanmaq istəyərkən onların da gəlir yerlərini kəsdirirlər.
Banklara olan inam və etibar yenidən öldü.
Aldadılmışlar pullarını banklardan geri götürmək istəsələr qaytarılacaqmı?
Əsla yox! Dirəniş göstərənlərə elə tələ quracaqlar ki, həmin pulları bankdan götürüb, canlarını məsuliyyətdən qurtarmaq üçün, yalvarıb acgözlərə verəcəklər. “Ona iqtidar deyərlər vuracaq düz ortasından!”- (B.Pünhan).
Neft kontraktları bağlanarkən, neftin satış qiyməti 50 $-la imzalanmışdı. İllərlə 80-100$-a satılarkən gələn əlavə gəlirlərin pullarını, qiymət aşağı düşən kimi, yenə xalqdan zorla çıxarmağa qərar verdilər.
Bunun adına kapitalizm, bazar iqtisadiyyatı yox, quldurizim demək gərəkdir!
İlham Axund. Əmanətə Xəyanət
Yanvar 13th, 2015 admin