Xaliq Bahadır. Ay can! Ay can!.. (Sabirsayağı)

Düşdü bütün nöyütlər hörmətdən, ay can! Ay can!..
Xalqın canı qurtardı töhmətdən, ay can! Ay can!..

Pul gətirən nəsnəydi nöyüt xalqın gözündə,
Yüz dövlət gücü vardı bircə nöyüt sözündə,
Bel bağlayıb nöyütə qaldıq çölün düzündə,
Əlləşmədən qutardıq zəhmətdən, ay can! Ay can!..
Düşdü bütün nöyütlər qiymətdən, ay can! Ay can!..

 

Biz nöyütdən pay umub umsuq olan millətik,

Onunla bir arada onsuz olan millətik,

Sular sayaq hər qaba axıb dolan millətik,

Sındı dolduğumuz qab, dağıldıq, ay can! Ay can!..

YAPfermada inəktək sağıldıq, ay can! Ay can!..

 

Soraqlıyıq ən yaxın, ən uzaq bölgələrdən,

Bizdə nöyüt bahadır nöyütsüz ölkələrdən,

Bu hökumət gör bizi eləyibdir nələrdən…

Yadların yandırdığı nöyütdü, ay can! Ay can!…

Bizim yandırdığımız söyütdü, ay can! Ay can!..

 

Yazın bizi tarixə əski qoçaqlar kimi,

Özgə çağ gərək bizə – o əski çağlar kimi!

Çoxluca yıpranmışıq əski uçaqlar kimi,

Qoçaqlıqdan – uçmaqdan iyrəndik, ay can! Ay can!..

Yerdə sürünməkliyi öyrəndik, ay can! Ay can!..

 

Tısbağadan, ilandan indi bizə çatan yox,

Çəyirtkədən, böcəkdən indi bizə batan yox,

Bizim kimi aldadan, bizim kimi “atan” yox,

Başımızı bu yolda qoymuşuq, ay can! Ay can!..

Yalan çempionları olmuşuq, ay can! Ay can!..

 

Olimpiya yolunda pul tökürük durmadan,

Stadion qururuq Ölkəmizi qurmadan,

Baxıb sevincək olur ac-yalavac Gülbadam,

Məmmədhəsən şellənir baxdıqca, ay can! Ay can!..

Nöyüt bizə dağ çəkir axdıqca, ay can! Ay can!..

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv