Marş! Marş! Marş! Aya marş! Ulduza marş! Kosmosa marş!.. Bir az da Yerdə – Yelisey meydanında marş! Onlar kimlərdir? Çoxu dünyanı yönətən tanıdığımız kimsələr! Tanıdığımız hökumətlər, dövlət liderləri, onların ideya – siyasət arxadaşları… Birlik görsənişi olaraq indiki marşı alqışlamaq olar, ancaq 21-ci yüzildə, özgürlük-demokratiya ideallarının dünya boyunca qana bələndiyi dönəmdə, bizə birlik sərgiləyən marşlar deyil, indikindən, indiyədək yürüdülən qlobal siyasətlərdən bütünlüklə seçilən yeni siyasətlər gərəkdir. İndi Yelisey meydanında keçirilən marşı, eləcə də bu sayaq marşları bugünün, gələcəyin uşaqlarına da tapşırmaq olar. İndiki dövlət başçılarının borcu (aparıcı demokratik dövlətlərdən danışırıq) yubanmadan ortaya Yeni Siyasi Platforma qoymaqla Planetar Demokratiya Marşı yaratmaqdır!
Dünyanı yalnız Yeni Qlobal Siyasi Platformaya dayanan Planetar Demokratiya Marşı ilə indiki darlıqdan, ideya-mənəvi durğunluqdan, düşkünlükdən qurtarmaq olar! Kvadratura çevrəsi çözülməz durum deməkdir. Yürüdülən çoxillik QLOBAL uğursuz siyasətlər üzündən bu gün dünya gerçək bir kvadratura çevrəsi ilə üzləşib. Arxasında imperialist istəklərin dayandığı bir sıra dövlət siyasətləri, bu siyasətlərə bağlı transmilli korporasiyaların bəlli çalışmaları – enerji resursları ilə bol ölkələrdə diktatura rejimləri qurulması, bu rejimlərə arxa durulması, üçüncü-beşinci dönəm seçkilərdə belə, diktatorun (diktatorların) dayağına çevrilmə faktları dünyanı indiki qanlı-qırğınlı, gərgin duruma gətirib çıxarıb. Başqa cür desək, bu sayaq yanlış deyil, yaxşıca planlaşdırılmış siyasətlər dünyada indiki kvadratura çevrəsini yaradıb. Gizlətməli nəsə yoxdur: bu gün Avropada, Amerikada ortaya çıxan terror faktları böyük enerji resursları olan ölkələrdə uzun illərdən bəri qurulmuş, uzun illər də arxa durulmuş rejimlərin uzantılarıdır.
Bircə fakt. Bu gün Britaniyanın baş baxanı Kemeron Parisdə baş verən terror aktı ilə bağlı kəskin çıxışda bulunur. 2013-cü il prezident seçkisi dönəmində Azərbaycan xalqı aparıcı demokratiya ölkələrindən düzgün seçki ilə bağlı yardım gözləyirkən Kemeron Bakıya – rejim başçısına göndərdiyi yarımgizli məktubla 40 milyard dollarlıq kontrakt alış-verişində bulundu. Bu sayaq faktlardan çox göstərmək olar. Bu gün Parisdəki terror aktı ilə bağlı yanımsınaraq danışan Rusiya prezidenti Putin yalnız ölkəsinə bitişik çevrədə deyil, ölkəsindən uzaqlarda da avtoritar-antidemokratik rejimlərin dayaqlarından biri deyilmi?! Azərbaycandakı diktatura rejiminin ən böyük arxa-dayaqlarından olan Putin, eləcə də Rusiyanın başqa liderləri demokratik istəklərin boğulması baxımından bu gün Azərbaycan xalqına etdikləri yamanlıqların daha pisiylə yarınkı günlərdə öz ölkələrini üzləşdirəcəklərini bəri başdan bilməlidirlər. Diktatura rejimlərinin dış dayaqları onlara arxa duran dövlətlər, dövlət başçılarıdır. İçdə bu rejimlərin üç başlıca dayağı olur: korrupsiya-repressiya-terror. Qloballaşan dünya düzəni öz özünə BUMERANQ effekti doğurur: planetin harasında olur olsun diktatura rejimlərinə arxa duran dövlət özü də gec-tez terror qurbanına çevrilir.
Keçmiş dövlət katibi K.Raysın dediyi kimi, Orta, Yaxın Doğuda stabillik adına uzun illər diktatura rejimlərinə arxa durma siyasətləri yürüdüldü. Sonuc: yaşayış dözülməzliyi üzündən bu ölkələrdən Avropaya, Amerikaya ardı indi də kəsilməyən böyük axınlar oldu. Bir çağlar öz ölkələrində terrora sponsorluq edən hansısa diktatura rejimləri indi istər-istəməz Avropa, Amerika arealına da uzantılarda bulunurlar. İstər-istəməz… Beləliklə də, çox böyük, çox qorxunc KVADRATURA ÇEVRƏSİ alınır! Bu çevrəni yalnız Yeni Qlobal Siyasi Platformaya dayanan Planetar Demokratiya Marşı ilə aradan qaldırmaq olar!