FATEH ƏMƏLSİZLİYİ
Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yırtıcılıqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanilik yoxdur; Zəbt eləyir dünyanı Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanilik yoxdur; Gücünə baş əydirir Dünyanı – ancaq gücsüzdür, çünki gücündə İnsanilik yoxdur, Dəhşət törədəndir – barsızdır, bəhrəsizdir – dəhşətdə İnsani Əməl bitmir, vəhşi əməlsizlik bitir; zülm yaradır, işgəncə yaradır, qan tökür – Böyüklük yaranmır Yırtıcılıqdan.
Dəhşətli naşılıqdır əslində Teymurlənglik – baş kəsməklə Baş olmurlar; məhəbbətsizlikdə miskinlik var; əzazillik – ruhani zəlillikdir, qan üstündə qurulan nə varsa uçur.
«Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, Toxtamışla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb, Bağdada qədər gedib çıxmış, İldırım Bəyazidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini Zəncanda qoyub Bəyazidin qulağının dibində Ərməndə qışlamağa gəlmişdi».1
Bu qanlı kəhkəşan ən adi Mərhəmin, Mehrin, Sözün, Nəfəsin, Doğmalığın yanında bir heçdir; İnsanilikdən məhrum olan Qüdrət yoxdur; əsl Allahlıq – İnsanilikdir, İlahiliklə döyüş – Həqarətdir; İlahiliyi tapdamaq – Rəzalətdir.
Teymur sərməstdir Zorunda; ayılmayıb, ayılmayacaq Zor meyindən; bu səbəbdən də bilmir Dünyanı, İnsanı, öz dünyəvi əməlsizliyini dərk eləməyib, eləməyəcək: çapacaq atını dörd yana, nəşələnəcək qılıncının Zəhmindən, Bəla gətirəcək Dünyanın başına, qansızlığından həzz alacaq:
«Sayca çox ordu ilə bərabər Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı.
İnsan başından minarələrin, xəndəklərə tökülüb diri–diri basdırılan minlərlə adamın sorağını alan hakimlər Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsiyir».
Əslində adamlığın ən zəif, ən zəlil məqamıdır – Teymurlənglik; quduzluğun mənəviyyat, iradə, ağıl üzərində qələbəsi, Vicdanın təslimi; mənəvi fərarilikdir əslində fatehlik – cahangirlik vüqarı insaniyyətdən xilas olmaq bədxahlığıdır; Ağalıq – ruhani köləlikdir – Qəddar.
«Diri–diri divarlara hörülən bədənlər».
«Başlardan təpə».
«Xəndəklərə tökülən meyitlər».
«Saysız–hesabsız uşaq əlləri».
Fateh İradəsi – Ruhsuzdur, Fateh İdrakı – Nursuzdur.
Fateh – İnsan tanımır; itaətçi tanıyır, rəiyyət tanıyır – mütilik üzərində ucalır – alçalır əslində.
Teymurlənglər İnsan tanımırlar, Qılınca tapınırlar; Qılınca tabe edirlər dünyanı, vicdansızlığa əyilirlər.
Qatil özünü qətl eləyir əslində, öz insaniliyini qətlə yetirir – Teymurlənglik – dünyəvi qatillikdir, dünyəvi özünüqətldir.
«Divan tutdum Allahın yolundan azanlara» – deyir Teymur, – özünün insani mahiyyətinə divan tutduğunu demir.
«İnsan zülmə tabedir» – deyir Teymur, – özünün insani mahiyyətinə zülm elədiyini demir.
«Kəllə yığdım başlardan!» – deyir Teymur, – yırtıcılığı başa çıxartdığını demir.
Hakimlik əzəmətindən məmnun olur Teymur, ancaq İnsani ləyaqətdən məhrum olduğunu görmür.
«Minbaşılar ikiqat olur, hökmdar aralanana qədər qədlərini düzəltmədən, hərəkətsiz qalırdılar».
«Üzüqoylu döşənmiş şəxsi qulları, qaravaşları, kənizləri».
Həşəmətdə xeyir alçalır, şər yüksəlir, həşəmət ölümlə dostdur – həyatla düşmən; həqarətlə dostdur – ülviyyətlə düşmən.
«Şahın köməyiylə Fəzlullahı tutub Əlincə qənşərində edam etmək, doqquz şəhərdə doqquz ocağı tapıb dağıtmaq, xəlifələrlə müridlərin hamısının boynunu vurub, hürufilərin kökünü kəsməyi əmr etmişdi».
Teymurlənglikdə Qanla suvarılan, kəsik başlar, meyitlər, zəncir, ah-nalə, fəğan bahasına yaranan yalançı Özünütəsdiq var.
Hərcayi özünütəsdiq üçün İnsanilikdən keçirlər cahangirlər – hər şey olurlar istəklərində, xülyalarında, zaman həddində, heç şey olurlar Həqiqətdə, Əbədiyyətdə.
«O, üçü sağı, üçü solu, üçü arxasınca yeriyən cavan bahadırlarının müşayiəti ilə gəlirdi.
Nəhəng gövdəsi, sağ ayağını çəkib ayağının yanına qoyduqca diksinməyə bənzəyən dingilti əmələ gətirən əzablı yerişi, alov rəngində qısa, sivri saqqalı, qartal burnu və qartal gözləri ilə haman Teymurdu».
Bu zabitəli əzəmət bütün zahiri təntənəsiylə Füzuli kasıblığının, sufi məsumluğunun yanında bir heçdir əslində, ancaq zəmanə Teymura baş əyir və Teymur zəmanə qiymətini naşıcasına həqiqət sayır.
Teymurləng zəmanə cəhalətindən yaranır və zəmanə cəhalətinə yarayır; o, zəmanə cəhalətindən bəhrələnib, cahangirliyi Allahlıq kimi anlayıb və qılıncıyla, siyasətiylə, məharətiylə bunu dünyaya təlqin eləyib, dünyayla birgə olub Teymur, dünyaya hakim olub, dünyanın fövqündə durmayıb, zamandan kənara çıxmayıb idrakında, inamında, iradəsində, bu səbəbdən də əməlsizliyini görməyib.
«İnsan başından minarələr qurmaq» – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır.
«İnsanı diri–diri torpağa basdırmaq, saman tüstüsündə boğdurmaq» bədəməl olduğu dərəcədə Əməlsizlikdir – yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır. Ləyaqəti tapdamaq – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Sabahsızlıqdır.
«Rumdan qayıdanda o, Bəyazidi dəmir qəfəsdə arabaya qoyub öz yanında aparırmış, gündə bir dəfə atını arabaya yaxın sürüb, qəfəsin dəmirləri arasından onun – Bəyazidin üzünə tüpürürmüş».
…Teymurləng cahangirliyin insani məğlubiyyət olduğunu bilmirdi; bilsəydi İnsanı tanıyardı, İnsana inanardı – Teymurləng olmazdı.
HÜRUFİ ƏMƏLİ
Nur Əməllidir Hürufilər – İnsaniliyi təsdiq edirlər, İnsandan böyük Tanrı tanımırlar, İnsan üçün özlərindən keçirlər, Dövrdən üstündürlər – bu səbəbdən də haqdırlar, Həqiqətə çatmışlar, məhəbbətli, vəcdli, heyrətlidirlər – Etiqadlı, Mənalı, Mahiyyətlidirlər;
Ruhaniyyatla, Mənəviyyatla məğlub edirlər Yağını, Ülviyyət toxumu səpirlər ömürlərə, Qala tikirlər Etiqaddan, Allah qatili sayırlar cahangirləri, Daxilən İşıqlanırlar – Mənaya çatırlar, Vəhdətə qovuşurlar, İkilikdən ayrılırlar, İlahiliklə birləşirlər – İlahiləşirlər, İnsandan başqa Allah tanımırlar – Allahdan başqa İnsan; – Ocaq qalanır Teymur Qışında – Həmişəlik, «Ənəlhəq» səslənir – ölənlər, itənlər, divara tikilənlər kökündə – Haqq əməli yaranır – İlahi!
«…Biri–birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurd–yuvasız, ac–yalavac insan selinə qarışıb, uçuq divarlar mətərəsində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular; qan–qarğış içində dinə, Allaha, Peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır–cındırlarını əsdirə–əsdirə «Ənəlhəqq» qışqıran dəstə–dəstə allahlar yaranmasına səbəb olurdular.
Teymurləngin öldürdüyü dünyanı hürufilər dirildirdi, Teymurləngin ağalığını heç eləyirdi; «Allaha ağalıq eləmək olmaz!» – deyirdi – Teymurləng səlahiyyətini heç eləyirdi; «Qılıncda güc yoxdur!» – deyirdi – Zəmanə Hərcayiliyini heç eləyirdi.
«Qüdrət daxildə bitər – əsrarlı, Göy İnsanın qəlbindədir, böyüklük – batində yetişər» – deyirdi.
«Ruhaniyyatdan məhrum olan İdrak – İdraksızlıqdır, İradə – İradəsizlikdir – deyirdi, İnsansızlıqdan böyük Allahsızlıq yoxdur. İnsan özü xaliqdir, xaliq – zərrələrdən yaranıb».
«Həqqtəala Adəm oğlu özüdür!» – deyirdi.
Hürufilər İnsan Etiqadı yaratmışdılar, İnsana Etiqad edirdilər, səcdə qılırdılar. Bu misilsiz etiqad idi; – Hürufilərdən başqa heç kəs İnsanı Allah saymayıb – bununla da Fatehliyin əsası darmadağın edilirdi; əgər İnsan Allahdırsa – ona sahib olmaq olmaz, əl qaldırmaq olmaz – bu baxımdan Zorçuluq Günahdır; İnsanilikdən böyük İlahilik yoxsa, deməli, İnsani məziyyətlərdən də böyük Allahlıq yoxdur – məhəbbətdən, ülviyyətdən; – İnsan başı kəsmək Allah başı kəsməkdir, daş-qalaq olunanlar əslində allahlardır; – Fəttahlıq – naşı, qəddar küfrdür.
Bu səbəbdən də Hürufilərin silahı kitab idi. Müqəddəs Kəlam; – ürək adlanan Qeybdən gələn, İnsanın Allahlığı haqqında Təlim, – Vəcddən, Vəhydən süzülən haqq.
«Dünya elmlərinin məcmusundan yaranmış «Cavidannamə» ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan üstün tuturdular» hürufilər.
İnsanı Allah saydıqları dərəcədə Allaha bənzəyirdilər, Allah sifət, Allah qüdrət, Allah mətanət, Allah sədaqət idilər, ilahi qorxmazlıq, doğmalıq, müəllimlik, tələbəlik səviyyəsinə yüksəlmişdilər, vəhdəti-vücuda çatmış, ikiliyi aradan götürmüşdülər, daxilən İşıqlanmış, İşıq olmuşdular.
«Günəştək uca, torpaq kimi zəngin, yeltək azad idilər».
Sifət adlı Quran yaranmışdı ruhani məlahətdən.
«Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli edirdi.
O məlahəti yaxından gördükdə, Nəsimi hər şeyi unutdu».
Zor bilmirdilər, həm də Ağrı bilmirdilər.
Silah işlətmirdilər, ancaq hökmlüydülər, daxili – ilahi hökmlə; – özləri özlərini yaratmışdılar – Allah olmuşdular.
Ürəklərdə məskən salmışdılar, «ötəri qayğılardan yüksək və hər şeyin fövqündə» idilər; hikmətlərilə cahangirləri sarsıdırdılar, «doqquz şəhərdə doqquz Həqq ocağı yandırmışdılar».
«Ulu babaları Zərdüştlə Məzdəkdən, Cavidanla Babək Xürrəmidən, Mənsur Həllacla Əxi Fərruxdan ona – Fəzlullaha keçən ruha» aşiq idilər.
Yun didə–didə, keçəçilik edə–edə sərvət yığıb mədrəsə açanda da, papaq qəlibinə od kimi isti keçə geydirə–geydirə dünyanı götürmüş talançılığın, qan–qırğının və cəmi bəlaların cahillikdən və yalançı etiqaddan törədiyini» isbat edirdi Nəimi.
Bənzərsiz imkan idi Hürufilik – İnsanilik, İlahilik İmkanı ən imansız bir dövrdə – bu səbəbdən də Böyük idi…
«Əql və Ehtiras vəhdəti idi».
Ruhani Söz Qadir idi.
İnsanlara «Həqq sizin varlığınızda əyandır!» – deyirdilər hürufilər.
«Yer üzündə axırıncı Hökmdar qurşağına taxta qılınc bağlayana qədər elm yayılmalıdır» – deyirdilər.
Sözdən İlahi Əməl törəyirdi.
«Fəzl-Həqqin bir səltənəti var – o da cəmi Yer üzünün səltənətidir!» – deyirdilər.
Ruhani irsiyyətə inanırdılar, inandırırdılar.
«Cavidan öldü, Həqiqət Bəybak Xürrəmidə zühur etdi, Bəybak öldü, həqiqət Həllacda zühur elədi; Həllac öldü, həqiqət Əxi Fərruxda zühur etdi» – deyirdilər.
«Vəhdətin minillik yolunda silaha istinad naqislikdir» – deyirdilər.
«Qan tökmək bətninizi dəyişdirər, İnsana etiqadınızı sındırıb, əqidənizi məhv edər, qələbəniz məğlubiyyət olar» – deyirdilər.
«Böyük və əbədi silsiləyə qovuşmaq» diləyirdilər insanlara.
Karvanı idrak yoluyla aparmaq əzmindəydilər.
Cəmi bir ovuc, bir qom insandılar, bütöv xalq, bəşəriyyət idilər əslində; xalqı, bəşəri təmsil eləyirdilər – İnamı, İdrakı, Mənəviyyatı, İradəni, çünki Müqəddəs idilər, Haqqı tapmışdılar, Haqqa tapınmışdılar, bu səbəbdən də bətnə təsir edə bilirdilər.
«Həqq» kəlamı daşı da göyərtməlidir!» – deyirdilər və buna nail olurdular.
«Səmərqənddən Anqaraya qədər, Təbrizdən Bağdada, Hələbə qədər hər yerdə türk, fars, ərəb, əcəm içində əsnafla birgə minlərlə məscid əhli də «lailahəilləllahın inkarına durub».
«Qalx, ey həq» – deyə yıxılanları qaldırırdılar.
«İnsanın bir Həqqi, qibləsi var, o da insan özüdür» – deyə car çəkirdilər, ilahi mövqeyə yüksəlirdilər.
«Mən elə bir mövqedəyəm ki, o mövqedə nə rəhm diləyərlər, nə də hədələyərlər». (Nəsiminin Teymurləngə dediyi sözlər).
«Aləm və İnsan birdir!» – deyə hayqırırdılar.
Haqqa qovuşan Kamillər qorxudan azad olmuşdular, «vücudları vəcddən titrəyirdi», özlərinə çatmışdılar.
«Sən insanı cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan, Fəzl isə eşqi ilə, insana ləyaqət və ucalıq bəxş etməklə hökmrandır». (Nəsiminin Teymurləngə sözü).
Bütöv bir İşıq idilər – Səbatlı, Sabahlı – Zor yaran.
«Dağlardan enən İşıq sahibi–zəman Fəzlin Həqq İşığı idi; bir–birinə qovuşanda, Yer üzündə hökmranlıq iddiasına düşmüş üç cahangirin üçünün də gözünün işığını alırdı».
Ağac-ağac, hal-hal, ocaq-ocaq artırdılar, yayılırdılar; ürəklərə səpilirdilər, ağıllarda açılırdılar.
«Hürufi ocağı olmayan yer qalmamışdı; məscidlər, minarələr də sanki bəyaz xirqəyə bürünüb, sehrli zəhmlə Fəzlullahın hakimiyyətini təsdiq edirdi».
Gözlərinə ilahi nur düşmüşdü Mahiyyətdən, qeyri-adilik sirri yaranmışdı Batində, ruhsuza ruh verə bilirdilər «bətni nurlular», cəmi Yer üzündə Həqq səltənəti qurmaq istəyiylə yaşayırdılar və ölürdülər.
Teymurləng Yer allahı olmaq istəyirdi, hürufilərin Göyü Yer idi – Allahlarla dolu.