XALİQ BAHADIR. BÖYÜK PROJELƏR İÇİNDƏKİ BALACA YAŞANTILAR (I)

Siyasi yazıları ilə tanınan jurnalistlərdən biri fransız sosioloqu Le Bondan (1841-1931) alıntı vermişdi: “Xalqların taleyi onların xarakteri ilə bağlıdır”. Bunun ardınca o, yazırdı: “Həqiqətən də bizim xalq olaraq inkişaf etdirdiyimiz xarakter, taleyimizin bütün mərhələlərinə “zəhər” qatmağa xidmət etdi”. Beləcə, ardınca o, oxucularla oxşar düşüncələrini bölüşür. Bu, dünən, sırağagün deyil, çoxdan olub – ötən il.

Bununla da bitdi-qurtardı. Görüb-eşitdiklərimdən bilirəm, inanıram: böyük çoxluq – kimi açıq-açığına, kimi ürəyində onun dediklərini bölüşür. Belə yerdə səsini qaldıracaq, deyilənlərin tərsini deyib, faktlar, arqumentlərlə dediyini doğrulayacaq lider – Məhəmməd Əmin Rəsulzadə yoxdur. Ulu öndərimizin siyasi bioqrafiyası bu baxımdan yetərincə dolğundur.

İlk baxışda, üzdən yanaşmayla biz Qustav Le Bonu da, bizim sayğılı jurnalisti də doğru-düzgün saya bilərik. Yalnız ilk baxışda, yalnız üzdən yanaşmaqla. Ancaq burada doğru-düzgünlük dəyərləndirməsi daha çox Le Bonun payına düşür – yüz il öncə yaşadığına görə. Sözsüz, Le Bon bu gün də dünyanın ən ünlü, sayğıyla anılan, urvatlı tutulan sosioloqlarındandır. Ancaq bu o demək deyil biz onun (elə başqa ünlülərin də) bütün dediklərinə, yazdıqlarına dəyişməz-toxunulmaq oyrəti olaraq baxmalıyıq. Elə olacaqsa, onda sözügedən jurnalistin yanaşmasındakı yanlışlıq artacaq yolla bizim hamımızın, ən azı, çoxumuzun yanlışı olacaq. Bu isə ellikdə, toplumsal olaraq bizə gerilik-uğursuzluq qazandıra bilər. Biz, ən azı, özümüzdən soruşmalıyıq: Le Bon indi yaşasaydı, indiki texnoloji gəlişimi, gəlişmələri görsəydi, özü yüz il öncə dediyinin üstündə durardımı? Sözsüz, durmazdı, ən azı, gerçək bir sosioloq olaraq. Sosioloqun işi toplumda baş verən gerilənmə, gəlişmə faktlarını, başqa cür desək, necəliyindən asılı olmayaraq dəyişiklikləri araşdırıb öyrənməkdir. Geriləmə, gəlişmə – dəyişiklik faktlarısa  özbaşına baş vermir, hansısa nədənlərdən qaynaqlanır.

Az-çox çağdaş dünya adamları olaraq bu gün ortada bizi sevindirən çoxlu texnoloji yeniliklər var. İkisinin adını çəkmək yetərlidir: İnternet, mobil telefon. Biz istəsək də, istəməsək də bu iki texnoloji yenilik bir sıra baxımlardan dünyanı alt-üst edib. Bu bir devrimdir – texnoloji devrim. Ancaq yalnız texnolojimi? Sözsüz, yox. Bu yalnız texnoloji devrim olsaydı, texnoloji devrim olaraq qalsaydı, Le Bon da, bir çox başqa ünlülər də öz teoriyaları, belə desək, teoretik düşüncələri, teoretik proqramları ilə toxunulmaz olaraq qalardılar. Bu gün dünyada bizim bildiyimiz, bilmədiyimiz dünyanı dəyişən, dünya ilə birgə bizi dəyişən bir çox texnoloji yeniliklər, bu yeniliklərin bizim düşüncəmizə, davranışlarımıza yeritdiyi gizli-açıq PROQRAMLAR var. Bu gün dünyada STRATEJİ İNFORMASİYA OPERASİYASI (qısaca, SİO) deyilən bir anlayış var. Bunu da texnoloji yeniliklərdən saya bilərik. Prinsipcə, bu SİO deyilən dövlət-dövlətçilik yaranandan var. Bu baxımdan SİO çox uzun yol keçib gəlib. Ancaq indiki texnoloji olanaqlara uyğun olaraq o, olduqca böyük, etkili gücə çevrilib.

SİO oğru-korrupsioner rejimlər üçün çox böyük SABİTLİK mexanizmidir. Rejim gündəlik olaraq SİO-dan yararlanmaqla yavaş-yavaş özünə, yaşam gərəklərinə yararlı toplum (xalq!) yetişdirir. Radio, televiziya, qəzetlər, eləcə də İnternet, mobil telefon geniş, sonu görünməyən SİO alanı-meydanıdır. İstər evdə, istər çöl-bayırda, uşaq bağçasında, oxulda, iş yerində – hər yerdə – SİO səninlədir. O sənin cibində, əlində, qarşında, getdiyin, oturub-durduğun dörd bir yandadır. Sən ondan qaçıb qurtulmaq istəsən də, o səni kölgən kimi izləyir. Hələ burası da var: sən ondan qaçıb qurtulmaq istəyirsənmi? Özünü aldadaraq “hə” deyə bilərsən, ancaq gerçəkdə bu belə deyil. Sən istər-istəməz böyük texnoloji yeniliklər dönəmində yaşamalı olmusan. Bu isə istər-istəməz SİO ortamında yaşamaq deməkdir. SİO sənin düşüncəni, davranışlarını dəyişir, ən azı, ona PROQRAMA uyğun “düzəlişlər” edir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv