(Bu yazı yalnız Seymur Həzi üçün yazılmayıb)
Gecənin qaranlığı artdıqca ulduzların parlaqlığı artar. Bütünlüklə əski KQB-dən, Rusiya imperializmindən qaynaqlanan, əriş-arğacıyla əskilərə bağlı “Yeni Azərbaycan” hakimiyəti Azərbaycanı daha çox qaranlığa gömdükcə Azərbaycan uğrunda çarpışma aparanlar daha böyük parlaqlıq qazanırlar. Hakimiyətsə, açıq-aydın, özünün yaratdığı, dünya boyunca genişləndirdiyi 22 illik qaranlıq içində vurnuxmadadır. 22 il Qarabağı qaytarmaq, Xocalı soyqırımını dünyaya tanıtmaq adına xalqı aldadaraq dünya boyunca kef çəkənlərin gerçək kimlikləri – dönüklükləri – yaratdıqları qaranlıq içində çox böyük parlaqlıqla ortaya çıxdı: rejim Qarabağdan Xocalıyadək Azərbaycanı erməni əlilə qırıb-çatmış imperialist Rusiya dövlətinə AŞ PA-da arxa durdu, qahmar çıxdı! Elə o arada da Seymur Həziyə yox yerdən 5 il dustaqlıq kəsildi.
Rejimin yubkalı yetkililərindən biri etdikləri açıq dönüklüyə görün necə don geyindirməyə çalışır: ”Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı məsələsinə gəldikdə, biz ikili yanaşmanın, ikili standartların əleyhinə səs verdik”. Bərlahi-pərvərdigara, bu boyda dolama, ələsalma, bunca iyrənc açıqlama nə deməkdir?! Özün də qadın, ana olasan, üstəlik, qaçqın olaraq tanınasan. Sənin Qarabağındakı qırğınların, Xocalıdakı soyqırımın, oralarda qız-qadın namusunun tapdanmasının kökündə Rusiyanın 200 ildən bəri Türk – erməni topluluğu arasında yürütdüyü İKİLİ YANAŞMA, İKİLİ STANDART siyasətləri dayanmırmı?! Bundan sonra indiki erməni prezidenti, Xocalı soyqırımını törədənlərdən, oradakı mənlik-namus tapdaqçılarından biri olan terrorbaşı Sərkiskyanı danışdıran olsa, o belə deyər: “Azərbaycan Dağlıq Qarabağla bağlı ikili yanaşmaya, ikili standarta yol verdiyinə görə biz Xocalıda soyqırım törətdik, qız-qadının namusunu tapdadıq”. Buna nə deyə bilərsiz? Axı, sizin özünüzün Rusiya arqumentiniz sərkisyanlar əlində başqa bir arqumentə çevrilərək onlara toxunulmazlıq statusu qazandırır! (Çöldə olsaydı, bunları Seymur yazacaqdı, indi mən yazası oldum).
Seymuru hardan, haçaqdan tanıdığım yadımda deyil, ancaq bir çağlar ilginc bir olay üzündən “Bizim yol” qəzetində çalışdığımız yaxşı yadımdadır. Yaxından tanıdığım gənc siyasətçilər arasında Seymuru ən perspektivlisi sayır, onun gələcəyinə çox inanırdım. Buna görə siyasətdən dilə – yaxşı yazmaq bacarığınadək – bilgilərimi ondan əsirgəmirdim. Açığı, dil baxımından onun məndən nəsə öyrəndiyini düşünmürəm. Bu isə mənim suçum deyil; Seymurda konservativ düşüncə çox güclü idi – bu özünü onun geyim-kecimində, davranışlarında qabarıq göstərirdi. Məncə, onun çevrəsinə yanaşmasında da konservativ düşüncə-baxış üstün idi. Çox ola bilsin, bunlar daha çox onu yetişdirən ortama bağlı görsənişlər idi. Bir sıra başqa baxışlar sistemi kimi konservatizmin də pozitiv, neqativ yönləri var. Seymur hələ yetişib bərkimədiyindən onun belə desək, liberal konservatizmə, yoxsa, radikal konservatizmə yönələcəyini demək çətindir. Düzü, mən özüm üçün bunu aydınlaşdırmağa çalışırdım. Onun gələcəkdə liberal konservatizm yolu tutması pis olmazdı. Ortalıqda olan, açıq görünən Seymurun dayanıqlı millətçi olması idi. Hə, o, gənc, rasional düşüncəli bir Türk millətçisi idi. Burada rasionallıq sözünü ayrıca vurğulamaq gərəkir.
Xalq hərəkatı yeni yaranan çağlarda bizdə ortaya çoxlu millətçi çıxdı. 93 çevrilişi dönəmində, ondan sonra onlar sabun köpüyü kimi yoxa çıxdılar. Gerçək, ideyaca millətçi deyil, yalançı-yal millətçiləri olduqlarına görə. Bu yalnız bizdə deyil, başqa xalqlarda da belədir: qarışıq çağlarda daha çox yalançı, hay-küyçü millətçilər at oynadır, meydan sulayır. Sular durulmağa başlayandasa onlar hamılıqla “kirə” çıxırlar. Seymur yaşı ilə bağlı ortaya sular durulmağa başlayarən çıxmışdı. Ancaq, yaranış koduna, ideya-mənəvi tutumuna görə o, Hərəkat dönəmində ortaya çıxsaydı da ideya adamı olaraq yalançı, hay-küyçü millətçilərdən olmayacaqdı.
Yeri gəlib, burada millətçiliklə bağlı bir neçə söz demək istəyirəm. Bizdə tez-tez ortaya millətçiliklə şovinizmi qarışdırma görsənişləri çıxır. Başqaları bir yana, bir də görürsən özünü M.Ə.Rəsulzadə yolçusu adlandıran birisi millətçiliyi pis bir nəsnə olaraq tanıtmağa çalışır. Beləsindən soruşmaq gərəkir: M.Ə.Rəsulzadə siyasi-ideoloji baxımdan kim idi? Bundan başqa bizim üçboyalı bayrağımızın Baş boyası nə deməkdir? Burasını unutmamalıyıq: bütün çağlarda Türk millətçiliyi sağlam xarakter daşıyıb. 20-dən artıq imperiya yaratmış Türklərdə millətçilik olmayıb, gərəkirkən olan yerdə də başqalarına yağılıq deyilən bir nəsnəyə yer verilməyib. Böyük türkoloq L.N.Qumilyov buna görə yazırdı: “Türk kültüründə irq ayrı-seçkiliyi olmayıb”. Belədə kimsə soruşa bilər: elədirsə, millətçilik sizin nəyinizə gərəkdir? Bildirirəm: millət, ölkə darlıqda olanda millətçilik bayrağı qaldırmaq gərəkir! Biz bu gün ulus-ölkə olaraq darlıqdayıq!! Üzləşdiyimiz darlığın biri ölkəmizin bölünüb-parçalanmağıdırsa, o birisi planlı iç-dış siyasətlərlə xalqımızın yenilməyidir. Başqa bir darlıq Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan yolçularının çeşidli repressiyalarla vurulub sıradan çıxarılmasıdır!!!
***
Redaksiyadakı çayiçmə çağlarında Seymurla aramızda yetərincə siyasi-ideoloji danışma-dartışmalar olardı. Gələcəyinə çox inandığım üçün onu müxalifətdəki bir çox liderlərlə bağlı bilgiləndirməyə çalışırdım, özü də əyintiyə, subyektivizmə yol verməməklə. İstəyim kimlərisə bu gənc siyasətçinin gözündən salmaq deyil, onun gələcək uğurlarına yardımçı olmaq idi. Bax, bu yerdə Seymurla yolumuz ayrılırdı; ondan ötrü “hamı müxalifətçi, hamı bir düşərgənin adamı” idi. Onda ondan soruşurdum: “Biz hamımız müxalifətçi, hamımız bir düşərgənin adamlarıyıqsa, bir belə uduzmalar nədəndi?” Belədə bir çoxları kimi Seymur da suçu-nədəni qıraqda axtarmağa çalışırdı. Burasını ayrıca vurğulamaq gərəkir: Seymur nə romantik idi, nə praqmatik.
Müxalifət düşərgəsində gördüyümüz, tanıdığımız kimsələrdən eləsi aşırı romantizm, eləsi də aşırı praqmatizm üzündən ortadakı gerçəyi görməzdən gələrək “hamını, – ən çox da öz partiyasında olanları, – müxalifətçi, hamını bir düşərgənin adamı” olaraq dəyərləndirməyə çalışırdı. Seymur nə bunlardandı, nə onlardan – Seymur realist idi. Ancaq onun realizmində bizdəki müxalifət çoxluğu üçün xarakterik bir özəllik vardı: yalnız hakimiyəti ələşdirmə, qınağı yalnız hakimiyətə yönəltmə! O, müxalifət arasında baş verənlərə – neqativ görsənişlərə önəm vermədiyini tez-tez dilə gətirirdi. Onun baxışı beləydi: “Bizim üçün ən önəmlisi müxalifətin birliyidir”. O, eləcə deməklə qalmır, bu yöndə bacardığı sayaq çalışırdı da. Çoxdan tanıyan birisi olaraq deyirəm: Seymurun yaşına sığmayan çalışmalarının arxasında Böyük Azərbaycan sevgisi dayanırdı! Seymuru taktiki baxımdan yanlışa yol vermiş saymaq olar (burada, sözsüz, gənclik bilgisizliyi önəmli rol oynayır), ancaq onun strateji yoluna-yönümünə söz ola bilməz!
Son illərdə biz Seymurla bir neçə yol ötəri olarq görüşmüşdük. Arxadaşları onun dəyişdiyini, yuxarıda sözügedən taktiki yanılmalardan uzaqlaşdığını bildirirlər. Başqa cür ola da bilməzdi: düzgün strategiya yolçularının yanılmalardan daşınmaları çox çəkmir: Ulusal istəklərə bağlılıq, bu istəkləri gerçəkləşdirməyə güclü canatım tezliklə öz sözünü deyir! Seymurda anadangəlmə filosofluq var. Arı-duru ortamda siyasətçi-filosof, filosof-siyasətçi yanaşmaları olduqca yararlı, önəmli faktordur. Ancaq… arı-duru ortamda! Antimilli rejimli, yağı güclərin poliqona çevirdiyi Azərbaycan kimi ölkələrdə yalnız hakimiyət düşərgəsinə deyil, eləcə də öz düşərgənə (müxalifət düşərgəsi) sərt siyasi yanaşmalar gərəkir. Ancaq bu yanaşmalar sağlam xarakterli olmalı, konkret davranışlardan qaynaqlanmalıdır. Mən Seymuru sağlam, strateji düşüncəli Azərbaycan gəncliyinin yetkin öndəri olaraq dəyərləndirirəm. Seymur bu dəyərləndirməni özü qazanıb, biz ancaq onu görüb göstərmə borclularıyıq.
Seymurla bağlı başqa sayaq da yazı yaza bilərdim, ancaq o mənim görüb-tanıdığım Seymurdursa, ona belə yazı yazılmalıdr: Seymur yolunu gedən, Seymur yolunu gedəcək bütün gəncliyə az-çox yol göstərəcək, doğru-yanlış görsənilərini çatdıracaq yazı.
***
…2005-ci il parlament seçkisi qabağı Bakıdan aldıqları tapşırığa uyğun olaraq, MTN-nin yerli bölümünün başında duran adam da işə qatılmaqla, Sabirabadda polislər məni döyüb qana batırmış, sonra da polis idarəsinə aparmışdılar. İdarədə mənə çox böyük sayğı göstərərək oturmağa stul da vermişdilər. Başım, üz-gözüm, sağ qolum qana bələnmişdi. Görünür, qıraqdan baxanlar üçün çox yazıq durumda olmuşam. Belə gərgin durumda içəri kim girsə yaxşıdır? Sabirabadın o çağkı yekəpər polis rəisi. Rəisin yanında kamraman da vardı. Rəis “Yeni Azərbaycan” çağlarının bütün başqa polis rəisləri kimi bağıra-bağıra, əl-qolunu ölçə-ölçə üstümə şığıdı. Kameraman çəkir, o isə alovlu-alovlu müxalifəti, müxalifət liderlərini söyüb-yamanlayırdı. Gözlədim, o qurtarandan sonra mən başladım – onun özündən tutmuş, ən yuxarılaradək… Rəisin matı-qutu qurumuşdu. Bu arada qapıdan “Sağ ol! Var ol, general!” qışqırıqları ilə yanaşı alqış səsləri qopdu. Rəis bir anlığa özünü itirdi, sonra dəlicəsinə bağırtıyla qapıya cumdu: “Tutun onları!” Sən demə, Seymur özünün gənclər qrupu ilə arxamca polis idarəsinə gəlibmiş. Qapıdan boylanıb mənim rəisə nə cavab verəcəyimi gözləyirmiş. Göründüyü kimi, cavab Seymurun ürəyincə olmuşdu. O çağdan Seymur mənə: “General, – deyirdi – jurnalistikamızın generalı”. Seymurun məhkəmə boyunca – ilk sözdən son sözədək – özünü aparması gözəl idi; bunlar bir ölkəlik örnəklərdir; yaratdığımız örnəklərlə dəyərliyik, yaşarıyıq. Estafetə görə çox sağ ol, Seymur!