Əliş kişi. Kəndimə getmək istəyirəm…

Kəndimə getmək istəyirəm. Orada insanlar bir-birinə “Günün aydın olsun!” deyir, təbəssüm paylaşırlar.  Hamının qulağı dinşəkdədir. Xeyirə, şərə ismarışsız, yüyrək toplaşırlar. Hər kəs təsibli ürəyiylə gəlir – baltası, dəhrəsi, malası, çəkici ilə gəlir. Aşpaz kəfgiriylə, çayçı dəstgahıyla, işıqçı top-top şunuruyla… gəlir.
Hamı bir-birinin nəzarətindədir. Hamı bir-birinin qayğısındadır. Orada darvazalar, keçələtlər heç vaxt bağlanmır.
Hamı hər şeyi bilir. Hamı danışığının-duruşunun ölçü-biçi normalarını, qiymətini bilir, həddini aşmır, çaşmır. Niyə? Çünki hamı qınaqdan qorxur, qıraqlanmaqdan, urvatsızlaşmaqdan, tənbehdən, məzəmmətdən qorxur. Çünki kəndimdə ədəb-ərkan ölçülərinə qoruqçu olanlar var.Çünki kəndimdə ağsaqqallar var! Onlar sözü qıpqırmızıca deyib, tələbi iti qoyurlar, keçilməz, ötülməz qoyurlar. Aşağılanan yoxdur, ittiham edilən yoxdur.

Ona görə də balalar qos-qocalara baba deyir, nənə deyir. Rastlaşdıqları əmilərdir, dayılardır, bibilərdir, xalalardır. Balaların başı sığallanır, buyruğa yürüməyə sevinirlər. Onlar ərgan böyüyəcəklər.

O ərganlar şəhərə gələcəklər! O qədər təmiz ürəklə, təbəssümlə bu şəhərin küçələrində çaşacaqlar, büdrəyəcəklər, yıxılacaqlar, aldadılacaqlar! Onlardan rüşvət istəniləcək! Üzlərinə “Yox! Olmaz!” qapısı çırpılacaq! Onlara deyəcəklər ki, özləri barədə müsbət düşünməsinlər! Danışmasınlar, tələb etməsinlər, şikayətlənməsinlər! Haqları yoxdur! Qüsurludurlar, kəmsərdirlər, ikinci növdülər! Ancaq səngərlərdə güllə qabağında durmağa yarayırlar!

Sözü qıp-qırmızıca deyib, tələbi iti qoyanda terror olunacaqlar! Ağrılar, acımalar onda başlayacaq! O ərganlar da kəndimin ağsaqqalın-qarasaqqalın qınayacaqlar, ittiham edəcəklər! Insanı bu boyda sevgiynənmi böyüdərdilər! Niyə? Niyə axı mənə bu şəhərin qırğın-davalarını öyrətməmisiniz?!

Hə, kəndçim! Məmurun bu münasibətləri mənəvi terrordur! “Terrorizm (lat. terror – qorxu, vahimə) – siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır”.

Bunu məndən soruşan kəndçim Xeyrulla kişiyə dedim ki, insan ayağı yer, əli silah tutan kimi insana qənim kəsildi. İlk cəmiyyəti quran Insan quldarlıq quruluşunu formalaşdırdı. O zamandan bəri güclünün öz hökmünün, əlinin, dizinin… altında olanları fiziki, həm də mənəvi terror etməsi on min illərdi yol gəlir. On min illərdir insan insanla – bu mənəvi terrorla savaş ömrü yaşayır. On min illərdir İnsan bu terroru yumşalda-yumşalda gəlir.

Zamanında hər şey hökmdara xidmət üçün idi. On min illər idi, insan nə yazırdısa, nə tikirdisə, nə qoşurdusa hökmdarın şərəfinə yazırdı, tikirdi, qoşurdu. Dürlü-dürlü ideologiyalar, dinlər, imanlar, qəsəmlər hökmdar adına xütbəylə möhürlənirdi. Dinlər-imanlar da yarananda öz hökmü, öz hökmüdarı ilə yaranırdı.

Zamanında hər şeyin hökmdara xidmət üçün olmasına qarşı etirazla qovzanan başlar edam kötüyünə qoyulurdu, dar ağacının ipində boğulurdu, əzilirdi, tapdanırdı. Böyük ruhun daşıyıcısı olan müdriklər, şairlər bu hökmdarlara etiqadlarıyla birgə haqq-ədalət barədə tövsiyələr də verməyə cəhd edirdilər. Hə, cəhd edirdilər. İnsan mütləq diktəedici məqamına yetəndən sonra, əlinin üstündə əl, sözünün üstündə söz olmasını heç bir görünüşlə qəbul etmək istəmirdi.

Axır ki, İnsan cəmiyyət yaşamını bu sayaq hər cürə terror təsisatlarıyla açıq savaş müstəvisinə çıxarda bildi – jurnalistikanı yaratdı. Nəhayət, “Zor olduğu üçün cəsarət edəmədiyimiz şeylər, əslində biz cəsarət edəmədiyimiz üçün zordur!” fəlsəfəsi bəşər ağlını oyada bildi. Hələ 1644-cü ildə ingilis mütəfəkkir və şair Con Milton şəxsiyyət və cəmiyyət haqqının yollarında “iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran İnsana himn yaratdı”.  Onun “Mənə hər cür azadlıqdan öncə bilmək, danışmaq və öz məsləkimə uyğun olaraq sərbəst fikir yürütmək azadlığı verin” hayqırtısı kütləvi informasiya yayımı vasitələrində gərəkən çox ciddi sosial borcun əsaslarını göstərə bildi. Güclünün təbii xisləti olaraq tabeliyində olanları, tabeliyində görmək istədiklərini hər hansı formada terror etməsini Media qınağa çəkdi. Bununla da jurnalistikanın savaşı başladı. BMT “məlumat azadlığı insanın başlıca hüququdur və özündə hər cürə azadlığı ehtiva edir” qərarını elan etdi. Bunlar bizdə yox, həsədlə boylandığımız, ən yaxşı işlərə standart kimi baxdığımız Avropada baş verirdi. Bizdə yox! O Avropada ki insanın azad ruhunu tanıya, etina edə bilən, Xalqın birinci xidmətçisi olan birinci Şəxs şəxsiyyətin azadlığının hər şeydən vacib olduğunu dərk və qəbul etdi.

Ta bundan sonra qəzetlər Məhəmməd peyğəmbərin “Allahdan başqa allah yoxdur!” fətvasını daha reallıqla bəyan etməyə başladılar. Ta bundan sonra özünü müqəddəs sayanların bütxanələri uçulmağa başladı. Ta bundan sonra adamlardan büt düzəldənlərin səcdəgahı pozuldu.

Ta ictimaiyyətə müraciət edənlərin hamısı birmənalı olaraq humanist, ədalətli düşüncələr sərgiləmək istədi. İctimaiyyətin içində olanlar öz Mənini-mənəviyyatını cəmiyyətin rəğbətiylə ucada saxlamağa cəhd etdi. İnsan özünə dəyər verdi. Anladı ki, cəmiyyət şüuru və tələbi hökumətdən güclü olanda ən yüksək kresloda oturanın belə ipini əldən buraxmır. Vay o gündən, xalqın ipi o yüksək məqamda oturanın əlində ola. Ətrafına bütpərəstləri yığıb hegemonluğunu bərqərar etmiş iqtidar Xalqı bir torbaya salıb, ağız ipini yığır. İstəyəndə nəfəs verir, istəyəndə ipini çəkib nəfəsini təngidir. Beləcə Xalqın Rəhbəri olmaqdan uzaqlaşır. Lider ola bilmir. Beləcə Xalqın ideoloji dəyərləri terror olunur!

Bu terrorun yeganə antiterroru, qarşı duranı, faş edəni jurnalistikadır – məmuru xalq qınağına çəkməsiylə, cəmiyyətin nəzarətində saxlaya bilməsiylə.

Onda hamı hər şeyi bilir. Hamı bir-birinin qayğısına qalır. Hamı danışığının-duruşunun ölçü-biçi normalarını, qiymətini bilir, həddini aşmır, çaşmır. Niyə? Çünki hamı qınaqdan qorxur, qıraqlanmaqdan, urvatsızlaşmaqdan, tənbehdən, məzəmmətdən, utanmaqdan qorxur. Çünki Ölkəmdə ədəb-ərgan ölçülərinə qoruqçu olanlar var olur. Sözü qıpqırmızıca deyib, tələbi iti qoyub, keçilməz, ötülməz qoyanlar var olur. Aşağılanan olmur, ittiham edilən olmur. Lap kəndimdəki kimi.

İndi, bu çağda, bu zamanda, bu məkanda, bu görkdə… bildiklərimiz, gördüklərimiz bizi terror sürəkliyində sıxır, əzir, tutur, basır, öldürür, ay camaat!

Kəndimdən şəhərə oğlugilə gəlib, tez də tıncıxıb qayıtmış ağsaqqaldan belə tez qayıtmasının nədənini soruşdular, dedi şəhərdə heç kim bir-birinə salam vermir. Hamı yaddır, yavadır, yabançıdır.

Kəndimə getmək istəyirəm. O kənd ki… ta yoxdur.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv