Xaliq Səfəvi. Xəzər xaqanlığının yaranması və ilk dövrləri

Tarixdə bu  dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi  göstərilir. İndiki Güney Rusiya ərazisində olan  Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında dövlətdə vətəndaş müharibələri şiddətləndi və Göytürk imperiyası dönəmi başa çatdı, xəzərlər müstəqillik əldə etdilər. Xəzər xaqanlığı və siyasi sistemi  göytürklərin dövlətçilik və hüquq sisteminə əsaslanırdı.

Xəzər xaqanlığı Qara dənizin şimalına qədər hakimiyyətini genişləndirən Qərbi Göytürk dövlətinin davamı kimi meydana gəlmişdir. Göytürklər VII yüzilliyin  başlanğıcında  Xəzər dənizi və Qara dəniz arasında parakəndə halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlandılar və bu birlik “Xəzərlər” adı altında Qafqaz tarixində özünəməxsus iz qoyaraq bu ərazilərdə vahid dövlətcilik mexanizimi qurdular.

Rusiyanın Avropa hissəsində  müstəqil dövlət kimi fəaliyyət göstərən iki siyasi qurum mövcud idi: Xəzər və Bulqar dövlətləri. Bunlar hər ikisi etnik baxımdan Hun  xalqının törəmələri idilər və hər ikisi qüdrətli Türküt imperiyasının tərkib hissəsinə daxil idilər.

      630-cu ildən 651-ci ilə qədər  Qərbi Türküt xaqanlığının tarixi Dulu və Nuşibi konfederasiyaları arasında vətəndaş müharibələri getsə də, bu savaşda üstünlüyə Nuşibi malik idi, belə ki, onlar Orta Asiyanın zəngin şəhərləri və Çinlə ittifaqa əsaslanırdı, lakin Dulunun döyüşkən köçəriləri şahzadə Yuyqu-şadı təcrübəli dəstəsi ilə köməyə çağırdı və bu, qüvvələr nisbətini bərabərləşdirdi. Bu vəziyyət Kubrata yeni Bulqar xaqanlığının müstəqilliyini qorumağa imkan verdi.

Dulu sülaləsi tərəfindən idarə olunan bulqarlar rəhbərlik dulu türkütlərinin əlində  olduğu dövrdə xəzərlər Nuşibiyə sadiq qaldılar və 651-ci ilə qədər xaqanlıqla əlaqələri kəsmək üçün heç bir səbəb görmədilər. Buna uyğun olaraq xəzərlər öz qərb qonşuları –  bulqarların düşməni ola bilməzdi. Lakin bu müddət ərzində Tan imperiyası o qədər güclənmişdi ki, xaqanlığın şərq vilayətlərini işğal edə bildi. Bu, Nuşibilərin özləri arasında elə həyəcan yaratdı ki, Çin əleyhinə olan İbi-Şequy xan devrildi, hakimiyyəti isə Dulu tayfasının başçısı Xelu Şabolo-xan ələ keçirdi.

İbi-Şequy xanın sonrakı taleyi məlum deyil. Xaqanlıq duluslulara məğlub oldu. Toxarıstanda ora çəkilmiş Yuyqu-şad – İbi-Şequyun düşməni oturdu, Sasanilərin isə onlara hücuma keçən ərəblərlə başı qarışmışdı. Ehtimal ki, Nuşibiyə sadiq qalmış xəzərlərin yanında sığınacaq tapdı və elə burada da Aşina nəslindən müstəqil xəzər sülaləsinin əsasını qoydu (1, 170).

Xəzər Xaqanlığı

      Hadisələrin məhz bu şəkildə baş verməsinə dair “Hüdud-əl-aləm” əsərində xaqanların xəzər sülaləsinin Aşina nəslinə mənsub olması haqqında verilən qeydlər də xəbər verir. (2, 161).

VII yüzilin 30-cu illərinin hadisələrində nə Moho-şad, nə də onun oğlu Buli-şad  Xəzər dövlətində qalmadığından, güman ki,Türküt hakim evinin üzvlərindən biri sonra Xəzər dövlətində görünmüş və həmin nəsildən olan Xaqan sülaləsinin əsasını qoymuşdu.  Xəzər dövləti hökmdarlarının lap əvvəldən xaqan adlandırılması faktı göstərir ki, onların sülaləsinin banisi xaqan olmuşdu. Bu, türküt tarixinə salınmış, lakin xəzərlərin yanında özünə sığınacaq tapmış və daha erkən dövrdə Nuşibi tayfaları və onların adamları ilə bağlı olan İbi-Şequy-xaqanın varisi də ola bilərdi. Belə təqdirdə müstəqil Xəzər xaqanlığının tarixini 651-ci ildən başlamaq lazım gəlir.

Hər halda VII yüzilin II yarısında Xəzər dövləti Bulqar dövləti kimi Türküt xaqanlığının əyaləti deyildi. Artıq başında hakim sülalə duran müstəqil dövlət kimi formalaşmışdı. Lakin bu sülalə yerli deyil, türküt mənşəli idi və türküt xaqanlığının bütün köçərilər  üzərində ağalıq iddiası ənənəsini saxlayırdı.

Təxminən VII yüzilin ortalarında Rusiyanın Avropa hissəsinin çöllərində iki müstəqil siyasi qurum mövcud idi:  Xəzər və Bulqar. Etnik tərkibinə görə hər ikisi yaxın qohum idilər, hər ikisi qüdrətli Türküt imperiyasının parçaları idi və hər ikisi türküt mənşəli sülalələr tərəfindən idarə olunurdu. Lakin onlardan birincisi Aşina nəslindən olan sülalə ilə birlikdə Türküt dövlətinin dövlətçilik ənənəsi və beynəlxalq nüfuzunu saxlamışdı və onun əvvəlki qüdrətini bərpa etməyə çalışırdı. Digər tərəfdən o dövrə qədər uzun müddət bir-biri ilə mübarizə etmiş və tarixən bir-birilə az bağlı olan tayfalardan təşkil olunduğu üçün bir neçə yerə parçalandı. Bulqarların tərkibinə daxil olan ayrılmış tayfaları birləşdirmək tezliklə gənc Xəzər dövlətinin ilk işinə çevrildi.

Qərbi Türküt xaqanlığından ayrılaraq Xəzər dövləti Türküt  xaqanlığının varisi qismində rolunu yalnız qonşu tayfaları, ilk növbədə xəzərlərə qohum olan, lakin onlarla düşmənçilik edən bulqarları birləşdirmə hesabına öz qüvvələrini sürətlə artırmaq vasitəsilə saxlaya bildi. Xəzər çarı İosifin (Yusifin) məktubunda bulqarlar haqqında Xəzər xaqanlığının başlanğıcı kimi danışılır (3, 58).

Bulqarlar xəzərlərə güclü, lakin pərakəndə müqavimət göstərdilər. Çox güman ki, mübarizədə daha böyük fəallığı Asparux göstərdi. Volqa yaxınlığında bulqarlar xəzərlərdən iki zərbə aldılar. Məğlub olan bulqarların bir hissəsi Batbayın başçılığı altında təslim oldu və xəzərlərin tabeliyində olan Kuban bulqarlar qrupunu təşkil etdilər. Bu bulqarlar sonradan “Qara bulqarlar” adı ilə məşhurlaşdılar ki, bu da onların  tabelik vəziyyəti ilə uyğun gəlirdi. Onlar haqqında xatirə bu günə kimi Şimali Qafqazın mərkəzi hissəsində məskunlaşmış xalqlardan birinin adında balkar qalmışdır. Xəzərlərə tabe olmaq istəməyən bulqarlar öz ölkələrindən qaçdılar, bir hissəsi şimala  Volqa boyunca yuxarı və burada sonradan Volqa Bulqarıstanı yarandı, digər hissəsi isə qərbə – Bizans imperiyasının sərhədlərinə qaçdı. Sonuncuları ora Asparux apardı (4, 21).

Təxminən 660-cı ildə xəzərlər tərəfindən təqib olunan Asparuxun ordusu Dunayda göründü və çayın deltasında möhkəmləndi. Bulqarlar sağ sahilə keçəndə imperator Konstantin IV Poqonat (668-685) onları qarşıladı və əvvəlcə onları Dunaya sıxışdırdı, lakin sonrada xəstələnərək və ordunu tərk etdi. Yunanların dediyinə görə, buqarlar Miziyaya (Dobrucu) soxuldular və tezliklə Dunay və balkanlar arasındakı bütün ölkəni tutdular, burada yaşamış slavyan tayfalarını tabe etdilər, qismən isə onları sıxışdırdılar (5, 321 – 322).

Asparux ordusunun Dunayın o tərəfinə çəkilməsi xəzərlər və Azov – Qara dəniz bulqarları arasındakı mübarizənin sonu oldu. VIII yüzilə kimi xəzərlər Volqa – Kama bulqarları üzərində də hökmranlıq edirdilər. Təəssüf ki, xəzərlərin Volqa Bulqariyası üzərində hömranlıq dövrü qeyri-müəyyən  qalır  həmçinin əvvəlki tarixlərdə xəzərlərlə sıx bağlı olan və müəyyən hissəsi Dağıstanda qalaraq xəzərlərlə birləşmiş savirlər – suvar – çuvaşların bu ölkənin əhalisinin tərkibinə necə daxil olduğu da naməlumdur.

Güman etmək lazımdır ki, VII yezilin 70-ci illərinə qədər xəzərlərin hakimiyyəti yalnız Azov – Xəzər dənizləri arası düzənliklərə deyil, Krımın da böyük bir hissəsi daxil olmaqla bütün şimali Qara dəniz sahilinə yayılmışdı. Çar İosifin məktubunda deyilir ki, təxminən VII yüzilin orta onilliklərində yalnız müstəqil Xəzər dövlətinin yaranması deyil, həm də onun hakimiyyətinin Şərqi Avropanın böyük bir hissəsinə yayıldığı dövr idi.

Dnepr aşağısında xronoloji cəhətdən xəzərlərin qərbdə möhkəmlənməsini təsdiq edən dövrə aid möhtəşəm arxeoloji tapıntılar məlumdur. Onlardan biri – Paltav yaxınlığında tapılan və əsasən Sasani, Bizans və yerli mənşəli gümüş qablardan və yerli barbar at əşyaları və insan geyimləri ilə birlikdə – əşyalar kompleksi olan məşhur Pereşepin “xəzinə”sidir. Burada olan pullara görə xəzinə VII yüzilin sonuna aid edilir və ola bilsin, bir neçə nəsil tərəfindən toplanmış xəzinə olmuşdu və bulqar başçılarından biri gözlənilən təhlükə ucbatından onu bir an ərzində gizlətmişdi (6, 35).

Hesab etmək lazımdır ki, bu rəhbər Asparuxla Dunaya getməmişdi və öz köhnə malikanələrində qalmağa ümid edirdi. Köçlərinin şimal sərhədlərində düşmənləri tərəfindən haqlanan başçı güman ki, onlarla mübarizədə öldürüldü və buna görə o, gizlədilmiş qiymətli əşyaları qazıb çıxara bilmədi.

Məlumdur ki, xəzərlərin tarixi yaddaşı VII yüzilin ortalarından uzağa gedir, daha dəqiq, xəzərlər dövlət kimi öz tarixlərini müstəqil Xəzər dövlətinin yaranmasından başlayırlar.

Bulqarlar hesabına qərbdə öz ərazilərini genişləndirən xəzərlər əvvəlcə siyasi müstəqilliklərinin ilk dövrlərində Cənubi Qafqazla qətiyyən maraqlanmırdılar. Xəzərlər çoxlu qarətçi hücumları və orada Bizans imperatoru İrakli ilə ittifaqda apardıqları müharibəyə görə Cənubi Qafqazın zəngin ölkələrini, xüsusilə Albaniyanı (Azərbaycan) yaxşı tanıyırdılar, lakin bu istiqamətdə ciddi işğalçı yürüşlər üçün onlar çox zəif idilər və bulqarlarla mübarizəyə başları qarışmışdı. Yalnız ərəblərin orada görünməsi və onların Dərbənddən şimala doğru xəzər vilayətlərinə soxulma cəhdindən sonra xəzərlər öz cənub sərhədlərinə diqqət yetirməklə  bütün istiqamətlərdə qarşısı alınmaz təcavüzünü davam etdirərək, yeni qüdrətli qüvvəylə ərəblərə qarşı çıxmağa məcbur oldu.

Suriya və Mesopotamiyanı işğal etdikdən sonra ərəblər Güney Qafqaza soxuldular.

Güney Qafqaza soxulan ərəblər Qafqaz dağları vasitəsilə keçidlərin əhəmiyyətini nəzərə aldılar və özlərindən sonra onları bağlamağa çalışdılar. Fars tarixçisi Bələminin verdiyi məlumatlara görə, hələ Güney Qafqaza ilk gəlişlərində ərəblər ərazilərində dağlardan keçən keçidlərin olduğu Qafqaz tayfaları ilə 652-ci ildə müqavilə bağladılar. Bu tayfalar xərac və vergilərdən azad edildilər, əvəzində yolları qorumağı  üzərlərinə götürdülər. Bundan əlavə, keçidlərdən ən mühümlərinə ərəb sərkərdələri təyin edildi (7, 56).

654-cü ildə Həbib ibn Məsləm 652-ci ildəki müqaviləyə baxmayaraq, Qarabağı və Gürcüstanı işğal edəndə, başqa bir ərəb sərkərdəsi Salman ibn Rəbiə əl-Bahili Azərbaycanı işğal etdi. Ərəblər Beyləqan, Bərdə, Şəmkir, Qəbələ, Şəki, Şirvan, maskat və digər vilayətləri və şəhərləri işğal etdilər və nəhayət, Dərbəndə yaxınlaşırdılar

(8, 23). Təbərinin dediyinə görə, Dərbəndə  birinci güman ki, Salmanın qardaşı Əhd-ər-Rəhman əl-Bahili daxil oldu. Dərbəndin fars komendantı Şəhrvaz himayədarlıq xahişi ilə ona müraciət etdi. O bu ərəfədə bildirdi ki, onun ətrafdakı barbarla heç bir əlaqəsi yoxdur və ərəblərə qarşı onlara kömək etməyəcək. Bunun əvəzində mövqeyini saxlamağı və təbəələrindən cizyə – can vergisi tələb etməməyi istədi. Onun istəyinə hörmətlə yanaşıldı. Deyilənlərdən məlum olur ki, Əbd-ər-Rəhman Dərbənddən şimala doğru Bələncərə qarşı hərəkət etmək qərarına gəldi  (9, 38), Məsudiyə görə, Bələncər xəzərlərin qədim paytaxtı idi.

Təbərinin qeydlərində Bələncərə iki yürüşə aid materiallar mövcuddur  (10, 87). Onlardan biri 642-643-cü illərə aiddir ki, burada bu da həqiqətə uyğun deyil. Bu yürüş guya ərəblər üçün uğurlu olmuşdu. Osmanın hakimiyyətinin doqquzuncu ilinə aid olan ikinci yürüş 653-654-cü il Ədb-ər-Rəhmanı qeyd etmir və ərəblərin xəzərlərlə birinci uğursuz toqquşmasını Salmanın adı ilə bağlayır və Bələncər çayında 4000 müsəlmanın öldürüldüyü hesab edilir. Hər iki müəllif Salmanın yürüşünü xəlifə Osmanın hakimiyyəti dövrünə (644-656) aid edirlər (1, 176).

Mənbələrdə verilən məlumatlarda ziddiyyətlərin olması belə düşünməyə əsas verir ki, ərəblər Azərbaycanda VII yüzilin 40-cı ildə Dərbəndə çata bilsələr də, onların Bələncərə uğursuz yürüşü xəzərlərə qarşı yönəlmiş ilk tədbir idi.  Güman ki, hələ 644-cü ildə xəlifə Osmanın qohumu Valid Azərbaycana yürüş etmişdi. Onun avanqardına o zaman da Dərbəndə keçə bilən Salman ibn Rəbiə rəhbərlik etdi. Lakin o, tezliklə yunanlarla müharibə üçün Həbib ibn Məsləmə kömək etməyə yollandı. Ola bilsin ki, Dərbənddə Əbd-ər-Rəhman qaldı və Salman sonradan ona qoşuldu. Dərbənddə olan illərdə qardaşlar yaxın yerli tayfalarla dəfələrlə toqquşa bilərdilər, lakin Bələncərə soxulmaq istədikdə onlardan biri öldürüldü ki, bu da çoxlu sayda əfsanələrin yaranmasına səbəb oldu.

Bələminin dediklərinə görə, bu müharibədə ərəblər, xəzərlər, alanlar və onlara birləşmiş türklərə yönəlmişdilər (6, 47). Təbəriyə görə, ərəblər türklərlə döyüşürdülər. 752-3-cü ilə qədər ərəb-xəzər müharibəsi hadisələri haqqında sonrakı rəvayətlərdə də ərəblərin düşməni adlandırır və burada türklərlə yanaşı xəzərlərin də adı çəkilir  (9, 117). Beləliklə də, xəzərlər və türklər bir-birindən ayrılır.  Belə ki, müstəqil Xəzər dövlətinin mövcud olduğu ilk vaxtlarda türklər və xəzərlər bir-birindən, xəzərlər Türküt xaqanlığının tabeliyində olduğu kimi fərqlənirdilər. Xəzərlər və digər tabe tayfalarla münasibətdə arxalandığı dəstə idi. Bu, əsasən öz xaqanlarına sadiq qalmış və onun arxasında Xəzər dövlətinə gəlmiş Nuşibi türkləri idi.

Ərəblərin xəzərlərlə VII yüzilin ortasında toqquşması az əhəmiyyətli epizod idi, başqa sözlə, gələcəkdə kəskin rəqiblərə çevriləcək tərəflər arasında ilk tanışlıq idi. Ərəblər başa düşdülər ki, Qafqazdan şimala doğru yerləşən ölkələrin işğalı çətin işdir, xəzərlər isə öz növbəsində cənub sərhədlərində yeni, döyüşkən və təcavüzkar düşmənin meydana gəlməsinin nə qədər təhlükəli olduğunu hiss etdilər. Ərəblərin ilk hücumlarını dəf edib xəzərlər yalnız bir neçə ildən sonra rəqiblərinin Cənubi Qafqazda qənimətindən yağlı bir tikə qopartmaq imkanını hiss etməyə başladılar. Bu işdə ilk təşəbbüskar kimi Cənubi Qafqaza ən yaxın olan, Şimali Dağıstanda xəzərlərdən  asılı olan və tarixdə  “Hun çarlığı” adı ilə məşhur olan siyasi qurum çıxış etdi  (1, 180).

VII yüzilin ikinci yarısında qərbdə İberiya, şimalda Dərbəndlə həmsərhəd olan, cənubda Araza qədər uzanan Albaniyanın hökmdarı Cavanşir (636-669) idi. O, Sasanilərin ərəblərlə Kadissiyə döyüşündə iştirak etmişdi, lakin Sasanilərin ümidsizliyinə inanıb 640-cı ildə öz vətəninə qayıtdı və Partav şəhərində fars qarnizonunu dağıdaraq, qısa müddət ərzində öz ölkəsinə müstəqillik qazandırdı. Lakin VII yüzilin ortalarına yaxın burada ərəblər yenidən görünür. Alban knyazları işğalçıların hakimiyyətini qəbul etməyə məcbur oldular, lakin bu uzun çəkmədi. 656-cı ildə xəlifə Osman öldürüldü və xilafətdə hakimiyyət uğrunda daxili mübarizələr başlandı ki, bu da ərəblərin Cənubi Qafqazdakı mövqelərinin itməsinə səbəb oldu. Cənubi Qafqaz feodalları yenə Bizansın tərəfinə keçdi. Onlarla birlikdə alban knyazı Cavanşir də Bizans imperatoru  II  Konstantini öz süzereni qəbul etdi və bunun qarşılığı olaraq bütün Albaniyanın hakimi oldu.

Güman ki, Cənubi Qafqazdakı qeyri-sabit vəziyyətlə xəzərlərin burada görünməsini əlaqələndirmək lazımdır. Təxminən 662-ci ildə onlar Dərbənd vasitəsilə Albaniyaya soxuldular, lakin Cavanşir tərəfindən qarşılandılar. Onların bu gəlişi qarət və qənimət məqsədi güdürdü. 664-cü ildə hücum təkrarlandı, lakin bu hücum daha geniş idi. Kür vasitəsilə Araz çayının sahilinə qədər gəlmiş xəzərlər çoxlu sayda əsir və mal-qara ələ keçirdilər. Hun çarı ələ keçirdiyi qənimətlə qane olmadı və alban çarı ilə razılaşmağa çalışdı və ona danışıqlar üçün görüşmək təklif etdi. Görüş baş tutdu və danışıqlar sülh və alban knyazının “hun çarı”nın qızıyla nigahı ilə qurtardı. Yeni qohumluq Albaniyanı hunlardan asılı vəziyyətə salmaq məqsədilə edilmiş  bir müharibə idi.

Ərəb mənbələri hunları xəzərlərlə eyniləşdirirlər. X yüzilin I yarısına aid ərəb yazıçısı Məsudi Hun çarlığını Cidan (yəni hun) çarlığı adlandırır. Onun sözlərinə görə,  bu ərazilərdə, yəni Doğu Qafqazda mövcud şahlıqların ən qüdrətlisi idi. Bab-əl-əbvabın (Dərbənd) sakinləri qonşuları tərəfindən gələn bəlalara dözürdülər. Bu çarlığın paytaxtı kimi o, Səməndər şəhərini qeyd edir. Onun dövründə bu şəhər Xəzərlərlə məskunlaşmışdı (944-cü ildə yazır), əvvəlki dövrdə isə xəzərlərin paytaxtı olmuşdu  (11, 183).

Digər ərəb yazıçısı İbn Xordadbehin (IX yüzil) dediyinə görə, Dərbənddən şimala doğru yerləşən şahlıq Savir və ya Suvar adlanırdı. Bu ada əsasən müəyyən etmək olar ki, bu, bulqarların əvvəl savir adı ilə məşhur olan qruplarından birini əhatə edirdi  (12, 85). Bizans mənbələri adətən savirləri hunlar adlandırırlar (97). Buna görə güman etmək olar ki, ərəblərin söz açdığı Hun çarlığı İbn Xordadbehin savir çarlığı ilə eynidir. Lakin başqa bir fərziyyə də  movcuddur və bu, Hun çarlığının paytaxtı – Varaçanın adına əsaslanır. Bu ad müxtəlif variantlarda Bizans, ərəb və yəhudi mənbələrində qeyd  edilir və görünür, Barsiliya ölkəsi  də bulqarların qrupunun adı (bersil, barsil və ya bersula) ilə əlaqələndirir. Barsillər qədimdən xəzərlərlə sıx əlaqədə olmuşdu. Savillər və barsillər birlikdə ərəb yazıçılarının Bələncər adlandırdıqları ölkəni təşkil edirdilər. Onu da qeyd etmək lazımdır ki, hələ Kazım bəy Təbərinin verdiyi məlumatda bu adı “bulkar” və ya “Balk” kimi oxuyurdu. O hesab edirdi ki, Bələncər adı köçürüənlərin ehtiyatsızlığı və anlaşılmazlığı nəticəsində yaranmışdır. Əgər bu belədirsə, əgər  Bələncər Bulqar adının yanlış yazısıdırsa, onda deməli, Hun çarlığı başqa şəkildə bulqar çarlığı kimi adlandırırdı və məlum olduğu kimi, bulqar adı çox vaxt hun adı ilə birləşirdi – hun-bulqarlar  (1, 180). Digər tərəfdən, şübhəsizdir ki, sivirlər (suvarlar) və barsillər (bersullar) bulqar tayfalarına aid idi.

Xəzərlər bulqarlarla yaxın qohum münasibətində olsa da, onlar xüsusi tayfa olmaqla dağıstan savir və barsillərindən fərqlənirdilər. Bu dövrdə xəzərlər Dağıstan hunlarını bir çox başqa bulqar tayfaları kimi özündən siyasi asılılıqda saxlayırdılar. “Alban tarixi” hunların böyük knyazı Alp İltveri (Alp-Elteberi) xəzər xaqanının vassalı kimi, bu mənbədə verildiyi kimi “Şimal çarı” və ya “Türküstan çarı” kimi təsvir edir      ( 13, 149-153). Qeyd etmək lazımdır ki, bu və ya digər çarın – hunların və xəzərlərin çarı – adlanmasında fərq burada dəqiq müəyyən edilməmişdir. Hunların çarı eyni zamanda Türküstan çarı və hətta xaqan, xəzərlərin xaqanı isə hunlar çarı adlandırılır. Buna baxmayaraq, VII yüzildə Şimali dağıstanda xüsusilə xəzərlərdən asılı da olsa, knyazlığın olması şübhəsizdir. Lakin hun knyazının xəzərlərdən asılılıq dərəcəsi bu dövrdə, görünür, böyük deyildi. O, xəzərlərlə birlikdə müharibəyə gedirdi və çox güman ki, müəyyən öhdəlikləri də vardı, lakin bununla yanaşı öz təşəbbüsü ilə yürüşlər edirdi, müqavilələr bağlayırdı və qonşu hakimlərlə ittifaqa girirdi ki, məsələn, bu, Alp-İlitverin Albaniya knyazı ilə münasibətlərində yer almışdır. Hun knyazı öz iradəsinə görə hətta dini də dəyişə bilərdi.

VII yüzilin 60-cı illərinin sonunda xəlifə I Müaviyə (661-680) xilafətə xəyanət etdiyinə və Bizansın tərəfinə keçdiyinə görə Cənubi Qafqaz feodallarını qəddarcasına cəzalandırmağa başladı. Alban knyazı Cavanşir, Moisey Kalankatlının dediklərinə görə, iki dəfə danışıqlar üçün Dəməşqə xəlifənin yanına getdi. O, xəlifənin onun ölkəsini dağıtmaqdan ehtiyat edirdi. O, türküstanlıların (xəzərlərin böyük ordusunu köməyə çağıra bilərdi, lakin bunu etmədi və ərəblərə qulluq etməyi lazım bildi  (13, 56). Görünür, Cavanşir hətta xəzərlərin köməyi ilə də ərəblərə qarşı müqavimət göstərəcəyinə ümid etmirdi.

Alr-İliver və alban knyazları arasında bir tərəfdən hunlar və xəzərlər arasındakı münasibətlərin xarakteri, digər tərəfdən isə müəyyən dərəcədə Cavanşirin ölümündən sonra baş verən hadisələr də gizlənir.

681-ci ildə Cavanşir siu-qəsdçilər tərəfindən öldürüldü. Albaniyanın başında onun qardaşı oğlu Varaz-Tiridat (681 – 699) dayandı. Bunun ardınca onların sərkərdəsi və böyük knyazı Alp-İlitver dəfələrlə Albaniyaya,  Cavanşirin guya intiqamını almaq məqsədilə soxuldu (24, 185 – 186). Varas –Tiridat ona katolikos Yelizarı elçi kimi göndərdi və bildirdi ki, o öz əmisinin ölümündə iştirak etməmişdir, tabelik və ittifaq təklif etdi. Yelizar xaqanı Albaniya knyazı ilə sülh və dostluğa meyil edə bildi, lakin çox güman ki, bunun müqabilində bunlara qarşı hələ Cavanşirin öz dövründə öhdəsinə götürdüyü öhdəlikləri təsdiq etdi.

I Yəzid, II Müaviyə və I Mərvan dövründə, yəni 680-685-ci illər ərzində xilafəti daxili müharibələr yenə bürümüşdü. Bundan istifadə edən Kartli və Albaniya ərəblərdən aralandı və xilafətə xərac verməyi dayandırdılar. Albanların digər problemi bunların gündəlik hücumları idi. Onlarla dostluq münasibətlərini qurmaq və zəruri hallarda hər iki ölkənin hökmdarları arasında nigah əlaqələri ilə onları möhkəmləndirmək məqsədilə Varaz-Tiridat hun Alp-İlitverə yepiskop İsraelin başçılığı ilə səfirlik göndərdi.

Çətin yoldan sonra 682-ci ilin fevralında nümayəndə hunların paytaxtı Vataçana çatdı. Alban tarixinin verdiyi məlumata görə, yepiskop İsrael hun knyazını nəinki Albaniya ilə sülhə meyil etdirə, hətta xristianlığı da qəbul etdirməyə nail oldu. Onun təbliğinin təsiri ilə Alp-İlitver bu dini qəbul etmiş digər ölkələr, xüsusilə  Böyük  Roma çarlğından (Bizans) nümunə götürdü. Dərbənddən şimala doğru ərazilərdə xristianlıq hələ VI yüzildə meydana gəlmişdi  (14).

Bizim əlimizdə qədim Xəzər xaqanlığının sosial-iqtisadi quruluşu ilə bağlı birbaşa qeydlər azlıq təşkil edir. Şübhəsizdir ki, o, bir çox şeydə hələ də köhnə patriarxal cəhətləri saxlayırdı. Bununla yanaşı, tərxanların olması hunlarda, həmçinin xəzərlərin özündə, türkütlərdə olduğu kimi, qara camaatın daşıdığı mükəlləfiyyətdən azad olan sosial quruluşun olması haqqında məlumat verir.

Güman etmək olar ki, Xəzər xaqanlığının müxtəlif tayfalarında patriarxal – feodal münasibətlərinin inkişaf dərəcəsi eyni olmamamışdır. Ən azı onların məişətindəki fərqlər müşahidə edilirdi, belə ki, hunlar erkən dövrdə oturaq həyata keçmiş və maldarlıqla yanaşı əkinçiliklə də məşğul olurdu. Ərəb mənbələri onların ölkəsində çoxlu şəhərlərin, yəni möhkəm məskənlərin olduğunu göstərirlər. Arxeoloji məlumatlar bunu təsdiqləyir. Dərbənddən şimala doğru güclü qalalarla birlikdə erkən orta yüzil məskənləri vardır. Burada feodal quruluşun əsas əlaməti də yarana bilərdi, məsələn, qara camaatın asılılığının gücləndirməsi şərti kimi torpaq mülkiyyəti. Azov – Xəzər dənizləri arası düzənliklərdə isə, əksinə, uzun müddət təsərrüfat fəaliyyətinin əsas növü kimi köçəri maldarlıq qalmışdı. Xəzərlər köçəri idilər, lakin bu, iqtisadi bölgüyə və kasıbların iri sürü və ilxı sahiblərindən asılılığına mane olmurdu.

Xəzər dövlətinin iqtisadi və sosial təbiəti ümumi cəhətlərinə görə belə idi. Bu dövlət VIII yüzilə qədər Şərqi Avropanın ən qüdrətli siyasi qurumuna çevrildi.

Müəllif

Xaliq Səfəvi

h.ü.fəlsəfə doktoru

(Səfəvi  Soyunun Mürşidi-Kamili)

Növbəti məqalə Ərəb-xəzər müharibələri olacaq

     

Ədəbiyyat

1. Артомонов М.И., История хазар. Л.:Изд-во Гос. Эрмитажа,1962, 523 с.

2.156.Минорский В.Ф. История Ширвана и Дербенда, М.,Издательство Акад.Наук Аз.ССР, 1963, 265 с.

3. Антонова Е.В., Очерки культура древних земледельцев Передней и Средней Азии, М.,Наука,1984,260 с.

4. Плетнева С.А. Хазары М.,Наука, 1986, 96с.

5. Muxtarova Ə., Türk xalqlarının tarixi. Bakı, Altay dünyası, 1996, 84 s.

6. Магомедов М.Г. Образование хазарского хаганата, М.,Наука, 223 с.

7. Беляем Е.А. Арабы, ислам и Арабский халифат в ранее средневековье. М.,Наука,1966, 280 с.

8. Bakıxanov A.Gülüstani-İrəm (Tərcümə edəni M.Əskərli) – Bakı, Minarə, 2000, 403 s.

9. История ат-Табари. Ташкент, Изд-во «Фан», АН УЗб.ССР, 1987,380 с.

10. История народов Северного Кавказа с древнейщих времен до конца ХVIII в., М.,Наука, 1988, 543 с.

11. Azərbaycan tarixi, II cild, Bakı, Elm, 2007, 608 s.

12. Иордан, О происхождении и делениях гетов. Пер. Е.Ч.Сарижинский, М.,1960, 436 с.

13. Kalankatlı M. Albaniya tarixi, Bakı, Avrasiya press, 2006, 296 s.

14. Карахмедова А.А.Христианский памятники Кавказкой Албании, Баку, Элм, 1986, 180 с.

15. Xorasan soy kitabəsi 2 hissə 1536-cu il nüsxəsi.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv