«Köhnə cəhaləti» görürlər yazıçılar, «Təzə Yadlığı» görmürlər: mədrəsə, molla, moizə, məscid səfalətini görürlər; – «uşqola» özgəliyini görmürlər; kütləvi naşılığı görürlər – kütləvi yadlaşmanı görmürlər; İslamçılıq Xurafatını görürlər – Qərbçilik Xurafatını görmürlər; Allahçılıq fəlakətini görürlər – çarçılıq fəlakətini görmürlər; «Vəhşi zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq məzlumluğunu» görürlər – Qərb Fitnəsini görmürlər; Qəflət Hiyləsini görürlər – Siyasət Hiyləsini görmürlər; İdraki Maarifçiliyi görürlər – özülsüzlüyü görmürlər – Əslində isə Cəhalətlə Yadlıq – mahiyyətcə Birdirlər;
Yadlıq – Cəhalətdən xilas yolu deyil, Cəhalətin bəhrəsidir: Cəhalət – korluq, Yadlıq – Ruhsuzluqdur.
Yadlıqda cəhalət inkar olunmur – təzələnir; Yadlıqla barışmaq – mənəvi iflasdır – cəhalətə bərabər; özündən ayrılma – ruhani məğlubiyyətdir – cəhalətə bərabər; «köhnə cəhalətdən» «təzə cəhalətə» keçid olur yadlaşma.
Bu səbəbdən də «ölü duası, fatihə surəsi, namaz qaydaları, oruc, xüms, zəkat»la1 – «İmperator I Nikolayın şəxsən Qafqaz canişini general-qubernator Voronsovla Bakıxanova hədiyyə göndərdiyi brilyant üzüyün şərəfinə Abasqulu ağanın Bayramı»2 mənaca bir bəladır – birincidə Göz tutulur, ikincidə milli ləyaqət tapdanır; mahiyyətcə ikinci birinci qədər dəhşətli cəhalətdir; – ancaq o, cəhalət sayılmır – mədəniyyət sayılır, onu bilmək, görmək üçün dövrandan üstün olmalısan;
İntibah görürdülər Avropalaşmada, pənah gətirirdilər özgələşməyə dövrün qabaqcılları, mahiyyətcə Yönsüzləşirdilər, Yolsuzlaşırdılar.
«Məğribdə var maarif, məşriqdə var cəhalət,
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib – işıqlı yerdir, Məşriq zəmini–zillət» –
yazırdı Hadimiz – təzadlaşdırırdı, qarşılaşdırırdı Şərqlə Qərbi Qərbin Xeyrinə: Qərbdən İşıq Gözləyirdilər – maarifçilər Şərqdə zülmətdən başqa heç nə görmürdülər; Təqlidçilik Uçurumundan xəbərsiz idilər – çünki zamanlarından üstün deyildilər, Şərqin Daxili Mahiyyətindən uzaqlaşmışdılar, özündənayrılmada qabaqcıl idilər, Məşriqdən üz çevirmişdilər – üzlərini Məğribə tutmuşdular.
Avropa Şərqin təzə Məkkəsi olmuşdu.
«Avropa anlamışdır əlbət rəhi–nicatı,
Var çünki əhli–Qərbin yol göstərən dühatı» (Hadi).
Təqlidçilikdən böyük bəla yoxdur – bunu bilmədilər, özlərinin Xəlqi, Şərqi mahiyyətlərinə söykənmədilər, İfrata qurşandılar və nəticədə süni, quraşdırılmış Həyat yarandı – Hadilərin, Sabirlərin əvvəldən görə bilmədikləri…
Özündən kənara sıçramaqda qabaqcıl olduq…
Dəhşətli, heybətli Güc yaşayır Cəhalətdə:
«Qorxunc, gün tutulmasında çıxarılan mis səsləri kimi dəhşətli gurultu qopdu, hamamın günbəzinə, divarlarına düşüb əks–səda verirdi:
– Mütrüf köpək qızı!
Birinci arvad satılını ikincisinə, o üçüncüsünə və beləliklə də Güllübəyimə çatanacan bir–birinə vurmağa, ona çatanda zərbələri gücləndirməyə başladılar.
Turnalar ilan kimi onun bədəninə sarılır, zol–zol izlər qoyurdu; o, elə bir yanıqlı fəryad qoparıb səndələdi ki, sıx duran arvadların üstünə yıxılmasaydı, yerə dəyib daş döşəmədə başını yaracaq idi».1
Müsibət, bəla gətirir Xurafat adamların başına; ancaq Yadlaşmanın gətirdiyi bəla daha həqarətlidir: «Vəhşi xalqa» sədəqə kimi verilirdi maarif «möhtəşəm Qüdrət» tərəfindən, Siyasətə – Ağalığa xidmət eləyirdi; Xalqın itməsi, yox olması Təhlükəsi yaşayırdı Rəsmi Mərhəmətdə; – siyasi xətt idi «Mənəvi İntibah» – ardıcıl, qəddar.
«Mədrəsələşmə»ylə «Uşkollaşma» bir nöqtədə birləşirdi. Hər ikisi xalqı özündən ayırırdı; birincidə xalq – müsəlmanlaşırdı; ikincidə Avropalaşırdı, hər ikisində İtirdi, İtirilirdi.
Birinci Fəlakət göz qabağındaydı, onu hamı görürdü, ikinci Fəlakəti görmək üçün zəmanə həşirinə uymamalıydın, Zamandan yüksəkdə dayanmalıydın; özgələşmədə İşıqlı Sabah görməməliydin.
«Əlahəzrət imperatorun himayəsi altında kiçik xalqlar da inamla mədəni xalqlar sırasına tərəf addımlayır»1 – deməyəydin.
Özgələşmə Yadlığa xidmət eləyən, Yadlıqla qürrələnən Ziyalı İrsi yaratdı: Paqonlaşan, vəsiqələşən, vəzifələşən, rütbələşən; Yadlaşma – adətləşdi.
Cəhalət dəhşətli İnsansızlıq, İnsafsızlıq, Mütilik, Ölülük yaradır:
«Əyinlərinə diri ikən ağ kəfən geyinmiş, ayaqlarını qızmar qumlar, başlarını od yağdıran günəş yandıra–yandıra, ciyərlərini «əff» ümidi parçalaya–parçalaya ləhləyən, ibadət edən müsəlmanlar».2
Ancaq Yadlaşma daha müdhiş ölüm yaradır: Ruhaniyyat ölümü, Ənənə ölümü, Tarixdən təcrid olunmaq ölümü, Doğmalıq ölümü, Özül ölümü.
Cəhalətdə Mənlik boğulur, Zor həddini aşır, həqarət adamlara meydan oxuyur:
«Başsız kütlə onu sıx–sıx dəmir məngənə içərisində imiş kimi sıxıb, dar qapıdan başmaq çıxarılan dəhlizə saldı. Canavar nəfəsi qulağının dibində, dodaqlarının ucunda xırıltı ilə səslənir, Seyid Əzimin nəfəsi kəsilirdi».
Ancaq Yadlaşma daha dəhşətli Bəla – Xalqsızlaşma, Ruhani Yetimləşmə Təhlükəsi yaradır: Yadlaşma bahasına maariflənmək – fəlakətdir; Cəhalətdə xalq maarifdən ayrılır, yadlaşmada özündən.
Cəhalətdə İdrak sönür, şiddətli idraksızlığa sürükləyir adamları Xurafat:
«Onlar narın süpürgə kimi topa bağlanmış zəncir dəstəsinin metal dəstəyindən yapışıb mərsiyənin ahənginə uyğun halda zənciri kürəklərinə çırpırdılar».3
Ancaq Yadlaşmada, Təqlidçilikdə – Təbiilik, özünəməxsusluq məhv olur – Ruhsuzluq törəyir məşəqqətli.
«Cəhalət və səfalət» Boyunduruğu Təqlidçiliklə qırılmır – təzə boyunduruq yaradır daha Fəlakətli; Özgələşmək boyunduruğu – təzə Cəhalət və Səfalət yaradır – Daha Zülmətli Cəhalət, Fəryadlı təklik yaradır, Şəxsiyyətlə Mühit arasında Uçurum törəyir, Cəhalət sədd çəkir ləyaqətə:
«Canlı ölülərin nəhəng qəbiristanlığı».
«Yalançı müqəddəslik paltarına bürünənlər, əli quranlı, qılınclı quldurlar, lotular, şarlatanlar, fırıldaqçılar».
«Bilirəm ki, burda məni heç bir ocaq, heç bir süfrə gözləmir».1
Ancaq Yadlaşmada, Özgələşmədə Xalq tək qalır, təklənir; özgə İşığıyla İşıqlanan öz İşığını itirir; Kiməsə qoşulanda – həmişə itirmişik – elə şey yaradaq ki, bizə qoşulsunlar.
İslam Şərqin belini əydi, Avropalaşma belini qırdı: Cəhalətdən Yadlıq törəyir, Yadlıqdan Cəhalət – bu həqiqəti biz Taleyimizdə, Tariximizdə bildik – hərtərəfli, qəti.