XALİQ BAHADIR. VALENTİN RASPUTİN – DƏYİŞMƏZ DƏYƏR

Yaradıcılığını sevərək izlədiyimiz usta bir yazıçını itirdik. Usta! Usta sözü ona olduqca yaraşan sözdür. Bilənlər bilir, bilməyənlərin də bilməsi üçün onun bir povestini demirəm, bir öyküsünü (öykü– ərəbcə, hekayə) oxuması yetər. Sağlığında onu canlı klassik sayırdılar. Rus filoloqlarına, söz uzmanlarına görə, Rasputinin olduqca gözəl dili var. Bu isə yazıçı ustalığının başlıca özəlliklərindəndir. Rasputinin, demək olar, bütün əsərlərini oxumuşam, özü də yazdığı dildə. Ancaq özümü onun dilini dəyərləndirəcək düzəydə görmədiyimdən rus filoloqlarının, söz uzmanlarının dəyərləndirmələrini önə çəkirəm. Yaradıcılığının ideya-estetik dəyərləndirməsinə gəlincə, hə, bu baxımdan nəsə deyə bilərəm.

Rasputin Sovet yazıçılarının “altmışıncılar” adlananlarındandır. Başqa cür desək, 1960-cı illərin Xruşşov təkanıyla ortaya çıxan qaynar yaradıcılıq atmosferinə özgü olanlardandır. Bilindiyi kimi, bizdə də özünü “altmışıncılar” arasına pərçimləməyə çalışanlar var. “Altmışıncılar” ünü onların başlıca öyünc yerlərindəndir. Onlar özlərini “altmışıncılar” adlandırmaqla “Sovet ideologiyası ilə vuruşduqlarını” bildirirlər. Utanmazcasına yalandır: ciblərində kompartiya bileti gəzdirənlərin, görəv başında olanların Sovet dövləti, Sovet ideologiyası ilə vuruşmaları açıq yalandır. Belələri hələ də görəv başındadır, ancaq biz onları illərlə susqunluq sərgiləyən, Sovet rejiminin yanında cırtdan bir rejimə düşküncəsinə qulluq göstərən görürük. Belələrindən soruşmağa da dəymir: sizin idealınız, estetik amacınız nə imiş? Bəllidir: çağın siyasi-konyunktur gərəklərinə uyğun, daha doğrusu, özünün gərəklərinə uyğun yazarlıq.

“Altmışıncıları” bir ideya-estetik platforma olaraq alqılasaq, Rasputinin bu başlanğıc platformasına sonadək bağlı qaldığını görərik. Onun sonadək bir-birinin ardınca düzülüb gələn öyküləri, povestləri (eləcə də publisistikası) bunu bütünlüklə bəlirləyir: “Mariyaya pul gərəkdi” (1967), “Son sürəc” (1970), “Yaşa, unutma” (1974), “Matyoradan ayrılma” (1976), “Yanğın” (1985), “İvanın qızı, İvanın anası” (2003)… bunlar bir-birindən dəyərli, bir-birindən etkili-unudulmaz əsərlərdir. “Yüz il yaşa – yüz il sev”, “Fransız dili dərsi”, “Qarğaya nə söyləyim?” kimi öyküləri ideya-estetik dəyərinə, mənəvi-psixiloloji sanbalına, çəkiciliyinə görə çox asanlıqla yazıçı yaşantısından oxucu yaşantısına çevrilə bilir. Rasputinin, povestləri də, öyküləri də eləcə yazıçı göstərisi deyil, adına yaşam dediyimiz çoxanlamlı, çoxboyalı anlayış nədirsə, bax, onun özüdür. Onun əsərlərindəki dərin psixologizmi ayrıca vurğulamaq gərəkir.

Son 20-25 ildə başqa bir çox ölkələr kimi Rusiyanı da postmodernizm deyilən bir “epidemiya” bürüdü. Elə bizdə də bilən-bilməyən, çoxları tez-tələsik postmodernist olmağa çalışdı. Yazıb-yaradacaqları dili yetərincə öyrənmədən, postmodernist yaradıcılığa girişdilər. Dilin incəliklərinə varmadan postmodernizmin “incəliklərinə” vardılar. Postmodernizm nədir? Postmodernizm bizdəki bir sıra ünlü yaradıcılarından da göründüyü kimi, danma, dağıdıcılıq fəlsəfəsidir. Gələnəksəl nə varsa posmodernizm hamısına yağıdır. Postmodernizm dəyərləri gələnəksəl dəyərlərə, hamı üçün anlaşıqlı, yararlı olanlara, çoxluğun bəyəndiklərinə qarşı olan bir dünyagörüşdür. Bu eləcə axına qarşı üzmək deyil, axını bütünlüklə danmaq, onu yox saymaq konsepsiyasıdır. Postmodernist üçün insanlığın min illər boyunca qazandığı bütün dəyərlər… dəyərsizdir! Postmodernistlər üçün bircə qutsallıq varsa, o da danma, dağıtma, baş-ayaq qoyma fəlsəfəsidir. Sözsüz, postmodernizmi göydəndüşmə meteorit saymaq olmaz. O, Yer üzündəki ayrıca bir gəlişmənin, ola bilsin, adına kürəsəlləşmə deyilən bir “bic” gəlişmənin meteorit-törəməsidir. Kürəsəlləşmə axarında yeni insan tipi formalaşır (daha doğrusu, formalaşdırılır!): bu tip öz hüquqlarını bilir, özünə əlverişli qanunlarla yaşayır. Rasputin postmodernizmi qorxulu görsənişlərdən sayır – insanı sonsuzca özbaşınalaşdırmaqla bütün əxlaq, mənəviyat ölçülərindən uzaqlaşdıran, uzaq tutan, insana gerçəkdən gerçəyə insanlıq qazandıran dəyərləri danan dünyagörüş olaraq! Ortadakı bir çox bəlli görsənişlər Rasputinin postmodernist dünyagörüşlə bağı çox-çox illər öncəki uyarılarını doğrulamaqdadır.

Özünün yaradıcılıq kredosuna sonadək bağlı qalan Rasputinin, demək olar, irili-xırdalı bütün əsərləri gələnəksəl dəyərlərə köklənib, gələnəksəl dəyərlərlə yüklənib. Bu əsərlər bütövlükdə gələnəksəl dəyərlər sistemini qorumağa yönəlikdir. Gələnəksəl dəyərlər sisteminə qarşı çıxmaq, bu sistemin dağıdıcısı rolunda çıxış etmək, Rasputinə görə, satqınlıqdır, satılmışlıqdır: hansı biçimdə olur olsun. Bu satqınlıq, satılmışlıq onun “Son sürəc” povestində bir biçimdə, “Yaşa, unutma” povestində başqa biçimdə ortaya çıxır. Birincidə çoxlu uşaq doğub-böyütmüş anaya balalarının satqıncasına soyuqluğu göstərilirsə, “Yaşa, unutma” povestində baş personaj Andreyin ölkəsinə satqıncasına yanaşması göstərilir. Birincidə ölüm ayağında olan Ana, ikincidə ölüm ayağında olan Ölkə ilə bağlı sınaq anı. Bu anın doğurduğu mənəvi-psixoloji gəlişmələr. O gəlişmələri, onların doğurduğu sonucları unudulmaz yaşantıya çevirən yazıçı ustalığı! Rasputin gözümüzün qarşısında baş-ayaq olan, dəyişib başqalaşan dünyanın dağılmış düzənini bütün boyaları, bütün çalarları, bütün ağrı-acıları ilə yaşayan, eləcə də oxucusuna yaşadan usta yazardır – böyük yaşantılar yazarı!

“Matyoradan ayrılma” son illər bizdə tez-tez özünü göstərən bəlli söküntü-dağıntı işləri ilə səsləşən bir əsərdir. Yuxarıdan göstəriş gəlib: köy “plana düşdüyündən” sökülməlidir. Saya rus qadını olan Darya ata-baba yurdundan ayrılmamaq üçün 5 il dirəniş göstərir. Darya üçün köyündən, ata-baba yurdundan ayrılmaq kökündən, keçmişindən ayrılmaq deməkdir. Bu isə ondan ötrü yeri doldurulmayacaq bir itkidir. Bu əsərdə də kimlərinsə keçmişə dönüklüyü, mənəvi satqınlığı yazıçının başlıca qınaq obyektidir. Keçmişlə gələcəyin sistemli bağlılığı, bu bağlılığın ortaq dəyərləri yaşadan, ortaq dəyərlərə yaşarılıq qazandıran fundamental önəmi Rasputin yaradıcılığının ayrılmaz özəlliklərini oluşdurmaqla insanlığı başlıca gərəkənə – işıq gələnə yönəldir. Görünür, bütün bunlara görə yazıçı Sergey Yesin Rasputini “rus klassikasının canlı fundamenti” adlandırır.

***

РаспутинV.Rasputin, özünün bildirdiyinə görə, 1937-ci il martın 15-də İrkutsk oblastının Anqara çayı üzərindəki Ust-Ude (bizim dildə: Üst Uda) köyündə doğulub. Uşaqlığı Anqara üzərindəki başqa bir köydə Atalanka (bizim çoxbilmiş “Vikipediya” öz bildiyi kimi yazır: Atlanta!) köyündə keçib. Rasputin özünü “köklü sibirli” adlandırırdı. Rasputinin qabaqlar tanış olduğum bioqrafiyasında göstərilirdi: İrkutsk oblastının Alar rayonunun Atalanka köyündə doğulub. Sibir, Altay, Anqara çayı, Baykal gölü – bunlar Rasputinin doğulub-böyüdüyü coğrafiyanın, demək olar, bütünüdür. Göründüyü kimi, bunların hamısı Türk adları, Türk anlayışlarıdır. Hələ mən onun əsərlərindəki çoxsaylı türk adlarını, Türk anlayışlarını demirəm. Ancaq burada bir sözün üzərində ayrıca dayanmadan keçə bilmirəm. Rasputinin “Yüz il yaşa, yüz il sev” öyküsündə “Baykalın ən güneyindəki” bir stansiyanın adı çəkilir: “Kultuk”. Səslənişindən onun türk sözü olduğu bilinir. Onu xəritədə axtarıb tapdım: Baykalın ən güneyində, daha doğrusu, güney-batısında, gölün əyilib qoltuq yaratdığı yerə verilən addır. Azərbaycan dilinin açıqlama sözlüyündə qoltuq sözünün ikinci anlamı belə göstərilir: çay, dəniz qırağında su girintisi, körfəz. Burada sözügedən Baykal (göl) qırağındakı qoltuq-körfəzdir. Bizim üçün qoltuq sözünün nə demək olduğunu axtarmağa gərək yoxdur. Bəs o yerlərdəkilər üçün?

Rasputinin bioqrafiyasındakı üç başlıca anlayışa baxaq: 1) İrkutsk – “sk” ada sonradan artırılmış rus sözdüzəldicidir. İrkut / İrqut, məncə, quta irmək anlamındadır; 2) Alar – yer adı türk soylarından birilə bağlıdır. Bəlli olduğu kimi, bizdəki Yardımlı, Cəlilabad rayonlarında da Alar köy adları var. Tanınmış tarixçi Cəmil Həsənli Cəlilabadın Alar köyündəndir. Rasputinlə “doğmalığını” çoxdan ona demişəm. İstəsəniz bu doğmalığı onların şəkillərinə baxmaqla asanlıqla görə bilərsiz; 3) Atalanka – bu adın da sonuna sonradan rus “ka”sı artırılıb (burada “qa” versiyası da ola bilər). Bu sözdə iki anlam görmək olar: at alan, atalan (ata ol!). Gerçəyi bilmək üçün oralara getmək gərəkir. Burada mənim başlıca deyəcəyim nədir: adamlarla coğrafiyanın uyuşmazlığı, daha doğrusu, adamlarla coğrafiyanın dil ayrılığı. İndiyədək ruslar Sibirdə çox yer adını dəyişiblər. Ancaq yenə də Sibir, Altaylar, belə desək, Türk dilində danışmaqdadır. Nə yazıqlar, indi burada yaşayan türklərin çoxu çoxillik ruslaşdırma-ruslaşma üzündən öz dilini, öz coğrafiyasının dilini bilmir. Ən acınacaqlısı, özünü “köklü sibirli” sayan gözəl yazıçı Rasputin də. Eləcə də bu yerlərin başqa ünlü rus-türk yazıçıları Vasili Şukşin, Viktor Astafyev, başqaları…

1926-cı il sayımına görə, SSRİ-də 195 xalq vardı. 1989-cu il sayımına görə, 128. Göründüyü kimi, ruslar 70 ildə 67 xalqı asimilyasiya etmiş, əritmişdilər. Burada adı keçənlər də o sıradan. Bu isə yalnız bir neçə adamın deyil, bütövlükdə türklüyün faciəsidir: yüz illərdir dünyanın bu başından o başına türklük asimilyasiya olunur; özü də bilmədən, duymadan, sezmədən başqalaşır, əriyir, itir. Ərəb ölkələrində ərəbləşir (islam dini!), İranda farslaşır (fars şovinizmi!), Rusiyada ruslaşır (pravoslaşma!), Avropada avropalaşır. Bütün bunlarsa öz inancından – Tanrıçılıqdan uzaqlaşandan sonra başladı. Yüzillər, ola bilsin, minillər boyunca Tanrıyla Türk dilində danışan, “Göy Tanrı! Gözəl Tanrı! Görklü Tanrı!”deyə Göylərə sonsuz sevgisiylə üz tutan, gərəyini Göylərdən diləyən Türk getdikcə yalnız Göylərə bağlılığından deyil, özünün Göylər kimi geniş, arı-duru könül dünyasından da gen düşdü. Beləliklə, Tanrıyla danışıb-anlaşmağı bacaran Türk get-gedə canı-qanı bir soydaşlarıyla belə danışıb-anlaşmaq bacarığını itirdi. Altay, Anqara, Alar, Baykal, İrkut, Yenisey, Arqun / Ərhun… – bunlar indi daha çox yiyəsiz qalmış sözlər kimidir. Yiyələr gedib, sözlər qalıb. Yox, yiyələr hamısı getməyib, qalanları da var. Ancaq onlar o yerlərin yiyələri olsalar da, daha o sözlərin yiyələri deyillər. Qabaqlar oralarda Göy, Yer, Adlar bütöv idi, bir idi, adamların dili də o birliyin, o bütövlüyün dili idi. Ortada birlik-bütövlük, o birliyə-bütövlüyə bağlı güclülük vardı: Göyün, Yerin, Dilin qutunu-enerjisini özündə birləşdirən, daşıyan, yaşadan güclülük!

***

“Yenidənqurmanın” başlanğıcından Rasputin sosial-siyasi çarpışmaya qatılmış, “quzey çaylarının güneyə axıdılması” ideyası başda olmaqla bir sıra dövlət qərarlarının gerçəkləşdirilməsinin qarşısını alanlardan olmuşdu. SSRİ Ali Sovetinin deputatı olaraq (1989-91-ci illərdə) o, P.A.Stolıpinin bəlli sözlərini ilkin olaraq parlament tribunasından səsləndirmişdi: “Sizə böyük sarsıntılar, bizə böyük Rusiya gərəkdir”. Rasputin eləcə çıxışlar, çağırışlar etməklə qalmır, düşüncəsinə, baxışlarına uyğun gərgin çalışmalarda bulunurdu. O, Rus milli kilsəsinin, Milli qurtuluş cəbhəsinin başqanlığında olmuşdu. Sonralar: “Siyasət bulaşıq işdir” bildirisi ilə özünün yazıçı-yaradıcı dünyasına çəkilmişdi…

Rasputin yenilməz yurddaş olaraq, sonadək özünün böyük Rusiya idealına bağlı qaldı. Sovet dönəmində də, postsovet dönəmində də o öz ideallarına qulluq etdi; bu isə bütün böyük yaradıcılara özgü özəllikdir. Bunu böyük yaradıcı özərkliyi də saymaq olar.

Rasputinin iki olduqca gözəl, unudulmaz öyküsü: “Fransız dili dərsi”, “Qarğaya nə söyləyim?” – onlardan ayrıca danışmaq istərdim…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv