Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün növbəti bir mövzuya açıqlama gətirəcəyik. Bu mövzu “Uluyurd Hərəkatı” ilə bağlıdır. “Uluyurd Hərəkatı və çoxpartiyalılıq”. Biz öz istəyimizi təqdim eləyirik – Vahid Hərəkat yaranmalıdır. Niyə Vahid Hərəkat yaranmalıdır? Niyə çoxpartiyalılığı biz qəbul eləmirik? “Uluyurd Hərəkatı” nə deməkdir, onun prinsipləri nədir? Bu gün biz bunlara münasibət bildirəcəyik. Bizim gördüyümüz işlər, düşündüklərimiz, dilə gətirdiklərimiz əslində çox qlobal məsələlərdir. Bunun sabahı var. Bizim işimizin bir cəhətidir bu. Bu mərhələ əsasən maarifçilik xəttinə söykənir: – Azərbaycanın həm mahiyyəti, həm köklü problemləri, dünəni, bu günü, sabahı – bizi düşündürən yön və ona yanaşdığımız ölçü, meyar. Biz burada “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında sözümüzü deyirik. Bütün bu işlərin hamısı Yurdumuzda böyük ruhani addımlar atmış Asif Atanın başladığı əməlin davamıdır. O Ölçünü həm öyrənirik, özümləşdiririk, həm də öyrədirik. Asif Atanın “Sədaqət” kitabında deyilir: “Ata Bilənləri yetişməlidir, Ata Tədqiqat Evi yaranmalıdır”. Bu da o deməkdir ki, həyatımızın bütün istiqamətləri bu meyarla müəyyənliyini tapmalıdır. Çünki bu meyar yeganə meyardır ki, əvvəldən axıra qədər millidir, insanidir, bəşəridir. Burada heç bir qıraq təsirin qatqısı yoxdur. Biz qəti əminik ki, təkcə bizim xalqın deyil, bütövlükdə dünyanın halında, nizamında bu bir yenilikdir. Onun gələcəyi üçün bu, ciddi bir addımdır. Ciddi bir başlanğıcdır. Bu başlanğıcı başlayan var və onun davamı var. İndi mən qayıdıram mövzumuzun üzərinə. “Uluyurd Hərəkatı”nın mənşəyi ilə bağlı bir neçə kəlmə söz deyək. Əvvəla, “Uluyurd Hərəkatı” ideyası Asif Atanın özü tərəfindən ortaya qoyulubdur. Asif Ata öz sağlığında qəti bir əminliklə bildirirdi ki, Yurdumuzda “Milli Azadlıq Hərəkatı” başlamalıdır. Bu Hərəkat Ruhani əsaslara söykənməlidir. Bu Hərəkat bütün xalqı əhatə eləməlidir. Və bu Hərəkat ictimai-siyasi təsirləri özündə birləşdirməlidir. Bir var Ruhani Hərəkat, – Asif Atanın Mütləqə İnam Ocağı, əlbəttə, siyasət Ocağın işi deyil. Ocaq daim siyasətə ruhani müdaxilələr edir – təhlil edir, dəyərləndirir. Onun yanlışını, doğrusunu qiymətləndirir. Doğrusunu bu mənada ki, bugünkü həyat, bugünkü gedişat, bugünkü dünya əsasən siyasətlə nizamlanır. Biz istəsək də, istəməsək də. Və söz yox ki, ruhaniyyat nə qədər vacib olsa da, ruhaniyyat nə qədər yeganə olsa da, düzgün, doğru meyar olsa da, birdən-birə hər şeyin üstündən xətt çəkmək mümkün deyil. Daha doğrusu gerçəkliyi bir qırağa qoyub ona göz yummaq mümkün deyil. Bu səbəbdən də, istər-istəməz bir Hərəkat olmalıdır ki, o, dediyimiz kimi, ictimai-siyasi gedişatı, nizamı özündə birləşdirsin. Bunu da “Uluyurd Hərəkatı” adlandırıb Asif Ata. O, ilk dəfə bu söhbəti Abil Ulusoya deyib. O vaxtlar, hələ 90-cı illərdə məhz Abil bəyə təklif eləyib ki, “Uluyurd Hərəkatı” yaranmalıdır. Və sənin gücün çatar ki, çiynini bura verəsən. Niyə? Çünki o dövrlərdə də Asif Atanın sözünə söykənən, onu qəbul eləyən insanlar ya Ocaqda olurdular, ya da Ocaqdan kənarda az sayda adamlar olurdu. Onların da içərisində əlbəttə, müəyyən potensiya görə bilirdisə, Ata onu dilə gətiridi.
Uluyurd Hərəkatı o taylı-bu taylı Azərbaycanı əhatə eləməlidir. Hərəkat yalnız Quzey Azərbaycana şamil olunmur. Azərbaycan deyəndə biz onu tam götürürük, bütöv götürürük. Onu tam götürməsək, ümumiyyətlə Azərbaycanı, Azərbaycançılığı dərk eləmək mümkün deyil. Azərbaycanı bütöv, vahid götürəndə onu dərk eləmək mümkündür. Başlanğıcda bu ideyanı sərgiləyərkən Ata deyirdi ki, bilmirəm bu partiyamı olacaq, ya partiyadan fərqli bir şeymi olacaq, amma məzmunca partiyadan artıq bir şey olmalıdır. Ancaq sonra, qərara gəldi ki, Hərəkat olmalıdır. Partiya səviyyəsində irəliləmək mümkün deyil. Partiya səviyyəsində Vətən yaratmaq mümkün deyil. Partiya çox məhduddur. Çox dardır. Partiya balaca bir qəlibdir. Partiya balaca bir qəlib olmaqla yanaşı, balaca qəliblərin içərisində olur. Bu səbəbdən də partiyaçılıqdan yüksək bir hadisədir Uluyurd Hərəkatı. Uluyurd Hərəkatının əsas məqsədi, bu gün standart ölçülərə söykənən, standart ölçüləri əsas götürən ictimai-siyasi təşkilatların nizamnamələrində, proqramlarında olduğu kimi Dünyəvi Demokratiya uğrunda mübarizə deyil, məhz Milli Azadlıq uğrunda mübarizədir, məhz Azərbaycan uğrunda mübarizədir. Azərbaycan uğrunda mübarizə üstəgəl Azadlıq uğrunda mübarizə. Azadlıq uğrunda mübarizə isə daha geniş anlamdadır. Uluyurd Hərəkatı ümumtürk səviyyəsində də bərqərar ola bilər. Yəni bütövlükdə türk etnosunun azadlığı məsələlərini qapsaya bilər. Amma onun fəaliyyət dairəsi hələlik Azərbaycan üçün nəzərdə tutulub. Təsir dairələri zaman-zaman genişlənə bilər. “Uluyurd” ideyası özünün bəlli prinsipləri ilə gündəmə gəlir. Asif Ata o prinsipləri müəyyən eləyib və o prinsiplər aşağıdakılardır: I. Tayfaçılıqla mübarizə. II. Etnik Bölücülüklə mübarizə. III. Dinçiliklə mübarizə. IV. Özgəçiliklə mübarizə. Özgəçiliyə daxildir: Qərbçilik, Rusçuluq və b.k. Yəni o izmlər ki, var, o izmlər bəşəri məna daşımır, onlar antibəşəridir, antimillidir, xalqlara qarşı yönəlir, insanlığa qarşı yönəlir, bəli, onlar özgəçilikdir. Özgəçiliklə qəti və ardıcıl mübarizə aparılmadan Azadlığa çatmaq mümkün deyil. Və sonuncu prinsip, V bənd, – Azərbaycanın Siyasi Bərpası. Bölünmüş Azərbaycanın vahid bir qüdrətə çevrilməsi, vahid bir dövlətə çevrilməsi. Bunlar “Uluyurd”un prinsipləridir. Bu prinsipləri bənd-bənd açacağıq, münasibət bildirəcəyik.
Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız. Soylu bəy Uluyurd Hərəkatı və onun prinsipləri haqqında məlumat verdi. Asif Atanın Uluyurd ideyası haqqında əsas məqamlara toxundu. 90-cı illər Azərbaycanda ictimai-siyasi hadisələrin gedişində fəal iştirak eləyən adamlardan biri kimi aşağıdakıları demək istəyərdim, – bu məsələylə əlaqədar olaraq. Sovet dönəminin son illərində bütün keçmiş SSRİ coğrafiyasında tarixi olan respublikalarda, yəni bugünkü 15 müstəqil dövlətdə ictimai-siyasi yöndə hərəkatlar yaranmağa başladı. Və bunlar müəyyən mübarizələr aparırdılar. Təbii ki, həmin dövrdə cəmiyyətin verdiyi imkanlar daxilində. Asif Ata mənimlə söhbətində deyirdi ki, icazəli döyüşlə məşğul olurlar. O vaxt arxivdən bir sənəd əlimə keçmişdi. Azərbaycan Respublikasının Xalq Komissarları sovetindən Dadaş Bünyadzadənin də imzası var idi orda. Mən gördüm ki, Azərbaycanda təkcə kommunist partiyası deyil, başqa ictimai-siyasi qurumların da yaradılmasına icazə verilirdi. Ancaq qanunda təsbit olunsa da, təbii ki, gerçəklikdə buna icazə verilə bilməzdi. Bu, SSRİ üçün xaosa gətirib çıxara bilərdi. Ancaq hər halda bu, qanunda təsbit olunmuşdu, bir maddə kimi var idi. SSRİ dağıldıqdan sonra müstəqilləşən respublikaların ərazilərində o proseslərin davamı kimi həm milli yöndə, həm sosial-demokrat, həm də liberal-demokrat yönündə yaranan ictimai-siyasi təşkilatlardan, partiyalardan başqa, “Azərbaycan Xalq Cəbhəsi” adlı bir hərəkat da yarandı. Hərəkatın məramnaməsində Azərbaycanın bütövlüyü nəzərdə tutulmamışdı. Burda vahid Azərbaycandan söhbət getmirdi. Ekologiyayla bağlı maddələr ortaya qoyulmuşdu, iqtisadiyyatla bağlı məqamlar var idi və həmin məqamları işləyən adamlar milliyyətcə qeyri-türklər idi. Ekologiya bölümünü ruslar, iqtisadiyyat bölümünü bugünkü dövlət müşaviri Vahid Axundov işləmişdi. Çox yumşaq bir məram idi. Bəlkə də həmin dövrdə bundan artıq ola da bilməzdi. Mən bunu nəyə görə misal gətirdim? Bu gün “Azərbaycan Xalq Cəbhəsi” adlı bir partiya fəaliyyət göstərir. “Azərbaycan Xalq Cəbhəsi Hərəkatı”nın qalıqları üzərində. Yəni AXC liderlərindən umacaq təbii ki, o qədər ola bilərdi. Bundan artıq ola bilməzdi. Hər şeydə məqsəd əsasdır. Ata deyirdi ki, “Uluyurd” Azərbaycanı ictimai-siyasi cəhətdən təsdiq eləməlidir. Azərbaycan Xalq Cəbhəsi Hərəkatı və ondan sonra yaranmış partiyaların heç biri Azərbaycanın ictimai-siyasi yöndən təsdiqinə çalışmırdılar. Qarşıya qoyulmuş məqsəd ali məqsəd deyildi, adi məqsəd idi. O vaxtkı Ali sovetdə siyasi partiyalar haqqında qanun hədsiz dərəcədə yumşaq bir şəkildə qəbul olunmuşdu. Bu qanun icazə vermirdi ki, Azərbaycanın köklü problemlərini siyasi partiyalar qaldırsınlar. Sonradan siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər elədilər. Əlavə və dəyişiklər də icazə vermədi ki, Azərbaycan cəmiyyətində məşğul olan ictimai-siyasi təşkilatlar, konkret olaraq siyasi partiyalar Azərbaycanın köklü məsələlərini qaldıra bilsinlər. Onlara müəyyən həddə qədər icazə verilmişdir. Və həmin icazə çərçivəsində də fəaliyyət göstərirdilər. “Uluyurd”la Azərbaycan Xalq Cəbhəsi Hərəkatı, “Uluyurd”la digər partiyalar arasında həm məqsəd baxımından, həm prinsiplər baxımından yerdən-göyə qədər fərqlər var. İstiqamət tamamilə başqadır. “Uluyurd”un istəyi Azərbaycandır. İlk dəfə Ata deyəndə ki, Uluyurd adında partiya olmalıdır, bunun ilkin məramnaməsini yazdım və Ataya göstərdim. Ata əvvəl bununla razılaşmışdı. Amma sonradan, bayaq Soylu bəyin qeyd elədiyi kimi dedi ki, yox, bizim istəyimizdən azdır. Bizim istəyimizlə uyğun gəlmir bunlar. Hərəkat olmalıdır. Mən də Ataya dedim ki, heç kəs bunu qeydiyyatdan keçirməz. Ata dedi ki, lazım da deyil. Soylu bəy bayaq prinsipləri bir-bir sadaladı. Kiməsə elə görünər ki, Azərbaycanda Tayfaçılıq yoxdur. Yaxud bəlkə azdır, heç onunla mübarizə eləməyə dəyməz. Ya da Etnik Bölücülük. Mən Ataya sual vermişdim ki, dinçiliklə mübarizə, bəlkə bu, ruhani mübarizədir. Ata dedi ki, ruhani mübarizə olsa da, həm də siyasi mübarizədir. Dinçiliklə mütləq şəkildə mübarizə aparmaq lazımdır. Bizim yurdumuzda dinçiliklə mübarizə eləmədən Uluyurd prinsipləri baş tutmaz. Beş prinsipin beşi də gərəkli olduğu üçün qeyd olunubdur. Bizim o dövrdə mübarizə yoldaşlarımızın həvəsləri Qərbə tərəf yönəlmişdi. AXC-nin aparıcı liderlərinin hamısı elə bilirdilər ki, Qərbin, Avropanın bura gəlişi, oturuşması Azərbaycanın bütün köklü problemlərini həll eləyəcəkdir. Əslində onlar köklü problemlər haqqında heç fikirləşmirdilər də. Sadəcə bu onların düşüncə tərzi idi. Zaman keçdikcə gördük ki, onlar o fikirlərində qaldılar. Ancaq Azərbaycanın heç bir köklü problemi həll olunmur. Qərbin burda oturuşmasına qətiyyən imkan vermək olmazdı… Bəs niyə “Uluyurd”? Asif Ata başqa ad da verə bilərdi. Ad bu dərəcədəmi önəmli idi? Atanın gözləntiləri vardı. Güney Azərbaycanda müstəqil “Uluyurd Hərəkatı” yaranacaqdır. Yaranmış “Uluyurd Hərəkatı” Quzeyə gərək olacaqdır və Azərbaycanın problemlərinin həllində sanballı sözü Güney Azərbaycan deyəcəkdir. Baxmayaraq ki, Ata əvvəl Quzey Azərbaycanda “Uluyurd Hərəkatı”nın yaranmağını istəyirdi. Amma Atanın ən böyük umacağı Güney Azərbaycandandır. Asif Ata elə-belə deməmişdi ki, siyasi xilasımız Güney Azərbaycandır. Azərbaycanın bütövlüyü uğrunda mübarizədə əsas rol Güney Azərbaycana aiddir. Zaman keçdikcə görəcəyik ki, Atanın fikirləri nəyə görə özünü doğrultdu. Soylu bəy mətbuatda yazmışdı ki, əslində Qərb Azərbaycana əvvəl millətçiliyi “göstərdi”, sonra demokratiyanı gətirdi. Ona görə, siyasi meydanda olanların mütləq əksəriyyəti millətçi yox, demokrat oldular. Və Azərbaycanda millətçilik baş tutmadı. Azərbaycanda millli yöndən nələr arzulanırdısa, hamısının üstündən xətt çəkilirdi. Ona görə “Uluyurd”un önəmi getdikcə qabarmağa başladı. “Uluyurd” prinsiplərindən kənarda Azərbaycanın problemləri həll olunmayacaq. Asif Ata dünyada baş verən ictimai-siyasi prosesləri izləyirdi. Təkcə ruhaniyyatla məşğul olmurdu. Deyirdi neyləyəsən ki, siyasət var. Neyləyəsən ki, Azərbaycanın bu cür ağır siyasi problemləri var. Ata heç nədən bu prinsipləri müəyyənləşdirməmişdi. Həmin prinsipləri müəyyənləşdirmək üçün uzun müddət fikirləşmişdi. Hesab edirdi ki, Uluyurd Hərəkatının bu prinsiplərlə fəaliyyət göstərməsi, ümumiyyətlə, Hərəkatın bu prinsiplər əsasında qurulması əslində Azərbaycanın qurulması olacaqdır. Azərbaycanın düşdüyü bəlalardan xilası olacaqdır. Azərbaycan onda dünyada sayılan, seçilən, ləyaqətli bir dövlət olacaqdır, – bizim istədiyimiz şəkildə. Soylu Atalı: Çox gözəl. İndi ki, üzünü tutmusan Güneyə, deyirsən Ata israrla istəyirdi ki, Güney Azərbaycan bu işin, bu yükün altına girsin. Ağşın qardaşımız fiziki mənada Güneyi təmsil eləyir, onu dinləyək.
Ağşın Ağkəmərli: Çox sağ olun. Bu gün Azərbaycanın ciddi problemləri bizi təkrar bir araya gətirdi. Siz bu məsələlərin incəliklərinə toxundunuz. Eyni halda Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı bu məsələyə daha artıq aydınlıq gətirib. Mən öz söhbətlərimlə sizin dediklərinizin hamısına qatılıram. Təbiidir ki, Azərbaycan tay qanadlı uça bilməz. Quzey Güneysiz, Güney də Quzeysiz Azərbaycan sayıla bilməz. Siz yaxşı bilirsiniz ki, xalqların istəklərinə, tələblərinə uyğun yaratdığı hökumətlərdə, dövlətlərdə olduğu kimi, bizdə də XX əsrin əvvəllərində şəraitə uyğun şəkildə müəyyən addımlar atıldı. Səttarxan Hərəkatından sonra Xiyabani Hərəkatı nəticəsində 1920-ci ildə neçə aylıq bir Azərstan hökuməti yaratmağa təşəbbüs göstərildi. Və 40-cı illərdə də Pişəvəri Hərəkatı o hərəkatın davamı kimi oldu. Ancaq sizin də vurğuladığınız kimi onlar qurula bilmədi. Bunun da əsas səbəblərindən biri o idi ki, burada özgə amillərin təsiri güclü idi. Qalıcı ola bilməmələrinin bir səbəbi o idi ki, müəyyən prinsipləri ortaya qoya bilməmişdilər. Məsələnin ictimai-siyasi tərəfini köklü dəyərləndirə bilmədiklərinə görə məsələ köklü həll oluna bilməmişdi. Üzdən, şəraitə uyğun bir səviyyədə həllinə çalışılmışdı. Məsələnin kökü yüzillərə dayanır. Güney Azərbaycanda ən böyük problemlərdən biri, istər milli hökumət, istər Pişəvəri, istərsə də, Xiyabani hökuməti bunlara toxunmaq cəsarətini tapa bilmədi. Bu da doğru təhlilin olmamağından irəli gəlirdi. Həm də dediyim kimi, yad əllərin bu mübarizələrə təsiri vardı. Hər hansı hökumətlə bağlı müəyyən bir tutarlı ideologiyanı gündəmə gətirə bilməməkdən doğan problemlər vardı. Üstəgəl ərəbçilik məsələsi min ildən artıq Güney Azərbaycanda və İran adlanan bu ərazidə hərtərəfli irticaçı mahiyyətini göstərmiş və göstərməkdədir. Eyni halda farsçılıq məsələsi. Farsçılıqda aldadıcı məqamların nəticəsində və bizim üzdəniraq alimlərimizin dinə meyil və təşəbbüs göstərmələrinin nəticəsində yaranan problemlərimiz. İrançılıq məsələsi yüzillərə dayanan bir məsələdir. İstər-istəməz bu üç məsələ çox köklü məsələlər idi. Asif Ataya qədər bu məsələləri kökdən araşdırmaq, kökdən təhlil eləmək, kökdən düşünmək və onların yerinə nəsə vermək cəsarəti, hünəri kimsədə görünməmişdi. Biz bununla heç bir şəxsiyyətimizin üstündən xətt çəkmirik, faktı deyirik. Gərək heç bir məsələdə özümüzü aldatmayaq. Pəhləvi rejimindən qabaq min il, min iki yüz il İran tarixində pis-yaxşı türk dövlətləri olub. Türk hakimləri iqtidarda olublar. Ancaq İrançılıq məsələsi onların idarəçiliyinin kökündə dayanıb. Üstəgəl farsçılıq məsələsi. Bunların fəsadlarını bizim ədəbiyyatımızda da, mədəniyyətimizdə də görmək olur. Yalnız Şah İsmayıl Xətaidə vəziyyət dəyişmişdi. Azərbaycan türkcəsini dövlət dili kimi gündəmə gətirmək və ictimai həyatda türkləşdirmə siyasəti aparmaq onun üstünlüyü idi. Ondan qabaqkı və sonrakı dönəmlərdə biz görürük ki, farsçılıq, İrançılıq ciddi təsirə malik olub. Nəticə etibarilə biz hazırda problemlərlə üz-üzəyik. Bu gün Güney Azərbaycanda farsçılıq açıq şəkildə yeridilir. Quzeydə də bunun əlamətləri getdikcə artır. Bundan başqa, Quzeydə Rusçuluq, yaxud Avropaçılıq, Qərbçilik əsas götürülür. Ona görə də, burada səsləndirilən “Uluyurd” prinsipləri mənimçün sevindirici bir hal yaradır: – Tayfaçılıqla, Etnikçiliklə, Dinçiliklə, Özgəçiliklə mübarizə aparmaq. Çünki bizim Yolumuzun əsas mahiyyəti bundan irəli gəlir. Bu mahiyyətin varlığında Bütövləşmə durur. Əgər biz bu sədləri aşıb, bu mərhələləri keçməsək, Bütövləşməyə yetə bilməyəcəyik. Yaranan tarixi imkanlarımızdan da gələcəkdə tutarlı istifadə edə bilməyəcəyik. Atalarımızın, babalarımızın elədikləri səhvləri həmişə təkrar edəcəyik. Nəticədə yenə də irəli getmək əvəzinə geri oturacağıq. Şübhəsiz ki, zaman keçdikcə, bu bizim üçün daha çətin olur. Əgər XX əsrin əvvəlində hər hansı bir məsələni nisbətən rahatlıqla həll eləmək olardısa, bu gün, XXI əsrin əvvəlində bunu eləmək daha çətin olur. Çünki məsələ bundadır ki, əgər biz bu gün yüz il bundan qabaqkı səhvimizi başa düşürüksə və bunun fərqində oluruqsa, düşmən də yatmır, o, bizdən qat-qat irəlidədir. Bəzən Qərb süni olaraq bizə hansısa bir nəsnəni verir, sonra mərhələ-mərhələ bizdən geri götürür, – çox dəfə artıqlaması ilə. Geri götürdüyündə yaranan vəziyyətdən bəlli olur ki, kiminsə oyuncağına çevrilmişik. Bilərəkdən, ya bilməyərəkdən onların istəklərini həyata keçirmişik. Ancaq bu səhvlərə yol verməmək üçün Yolumuzun əsas tələbi Millətləşməkdir. Bu gün millətləşməkdən ötrü çox tutarlı dəyərlərimiz, imkanlarımız vardır. Bu imkanların əsasında mədəniyyətimiz durur, dilimiz durur, kültürümüz durur, adət-ənənəmiz durur. Biz milli tariximizin varlığına, tariximizdə olan şəxsiyyətlərə söykənərək millətləşmək yolunda əsas addımları ata bilərik. Sözümün canı bundan ibarətdir ki, əgər biz millət kimi ortaya çıxa bilməsək, dövlətləşməyimizin heç bir anlamı olmayacaqdır. Əgər bir dövlət kimi ortaya çıxa bilməsək, şübhəsiz ki, bütövləşməyimizin də anlamı olmayacaqdır. Bu gün biz bu təcrübəyə əsaslanıb müəyyən səhvləri həll eləyə bilməsək, gələcəkdə xalqımızın da, övladlarımızın da qarşısında suçlu olacağıq. Şübhəsiz ki, onların həll etmək imkanı bizim qədər olmayacaq. Biz bu gün çox imkanlara malik olmuşuq və özümüzü müəyyən sınaqlardan çıxartmışıq. Ancaq gələcək nəsil bunu necə bacaracaqdır? Bunu demək çətindir. Nəticə etibarilə, sözümün canı, “Uluyurd Hərəkatı”nın prinsipləri bizim üçün ciddi mübarizə şansıdır. Dəfələrlə vurğuladığım kimi, Asif Ata bizim neçə minillik tariximizin sintezidir. O, tariximizin acısını, kədərini, sevincini, sevgisini gətirib müəyyən prinsiplərin əsasında gündəmə çıxardıb. Müəyyən prinsiplərin əsasında həllini ortaya qoyubdur. Biz belə mövqeyə yetmişiksə, qəti əminəm ki, məsələni həll etmək qabiliyyətində olacağıq. Üstəgəl, biz müəyyən təhlillərimizi gündəmə gətirməliyik. Avropadan təhlillərimiz olmalıdır. Öz xalqımızdan təhlil olmalıdır. Hətta rayon-rayon, şəhər-şəhər, kənd-kənd özünəməxsus olan ictimai-siyasi mövqelərdən təhlilimiz olmalıdır. Ən nəhayət, Soylu bəyin dediyi kimi “Ata Bilənləri” yetişməlidir. Başqa sözlə desək, kadrlar hazırlanmalıdır. Bunlar olmasa işlərimiz çətin alınar. Soylu Atalı: “Uluyurd”un prinsiplərinin adını çəkdik, beş prinsipinin. İndi bu prinsiplər haqqında bəzi açıqlamalar edəcəyik. Atanın bu məsələlərlə bağlı dedikəri var. Ağşın bəyin vurğuladığı kimi, “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı çap olundu, ərsəyə gətirildi. Orda Ata Güneylə bağlı, dövlətçiliklə bağlı, adını çəkdiyimiz prinsiplərlə bağlı ciddi, hərtərəfli ideya səviyyəsində münasibət bildirib. Biz də bunları özümüzəməxsus dilə gətirəcəyik. Bəli, ideyanın yaranması çox böyük bir başlanğıcdır. Və hesab edirik ki, bu başlanğıcdan sonra başlayır hər şey. Ağşın bəy vurğulayır ki, tarixi şəxsiyyətlərimizin ideya cəsarətləri olmadı. Filan şeylə mübarizə aparmağa özlərində yetərli güc tapa bilmədilər və s. Deməli, onda olmayan hal indi var. Yəni bir vaxtlar fəallıq vardı, Söz yox idi, ideya yox idi. İndi İdeya var, Söz var, hələlik fəallıq yoxdur. Ancaq birinci əsasdır. İdeya varsa, o öz fəalını, öz daşıyıcısını, öz mübarizini, belə deyək ki, kadrını gətirəcək, yaradacaq, böyüdəcək. Bəli, iş nədən başlayırsa, artıq o var. İnsan vardı, amma nə edəcəyini bilmirdi. Amma nə etmək lazım olduğu var, insan da yaranacaq. Bax, ciddi məsələdir bu. Mən qayıdıram indi o prinsiplərə – Tayfaçılıqla mübarizə. Nə deməkdir Tayfaçılıq? Nə deməkdir Tayfaçılıqla mübarizə? Asif Ata həmişə vurğulayırdı ki, Azərbaycan ciddi dəyərlər yaradan bir ölkədir. Ancaq təəssüf ki, ona sahib dura bilmir. Niyə sahib dura bilmir? Niyə özünə yaraya bilmir? Özünə yaraya bilməmək nəyə gətirib çıxarır? Ayrı-ayrı iddialara. Ayrı-ayrı bölünmələrə. Və bu bizdə daha qabarıqdır, başqa xalqlarla müqayisədə. Bu da, görünür bizə xas çatışmayan xassədir ki, bu xassəni biz doğrudan da aradan qaldırmalıyıq, millət olaraq. Tayfa mənafeyini irəli sürmək, milli mənafeyi Tayfa mənafeyinə qurban vermək, millətin gələcəyini gözardı eləmək böyük qəsddir. Çox təəssüf ki, varidatsevərlik, vəzifəsevərlik, maddiyyatsevərlik, hakimiyyətsevərlik insanları elə bir vəziyyətə gətirib çıxarır ki, onlar bir-birinin əlindən yapışıb həmin o tikəni qamarlamaq üçün, onu əldə eləmək üçün Tayfalara bölünürlər, qruplara bölünürlər. Bu gün Azərbaycanda təəssüf ki, bütün fəaliyyət əsasən Tayfaçılığa əsaslanır. Partiyalar hamısı Tayfaçılığa əsaslanır. Ata bununla bağlı yazırdı: “Bir də görürsən bir yerin adamları yığışdılar və müəyyən bir qrup əmələ gətirdilər, müəyyən bir birlik əmələ gətirdilər, hakimiyyəti qamarlamaq üçün başladılar özlərini xalqa qarşı qoymağa”. Yəni Tayfaçılıq insanları böyük milli istəklərdən, milli düşüncələrdən ayırır. Bəli, Millətləşmə gərəkdir. Millətləşmə əslində Tayfaçılığın ölümü üzərində formalaşa bilər. Tayfaçılıqda milli-insani hisslər əsas deyil. Əgər milli-insani hisslər əsas olsaydı, onda partiyaya ehtiyac olmazdı. Çünki böyük məqsəd xalqdır, böyük məqsəd vətəndir, böyük məqsəd hakimiyyət deyil. Böyük məqsəd varidatçılıq deyil. Milli Şüurun tələbi ilə yanaşanda balaca məqsədlər böyük məqsədləri kölgədə qoymaz. Ancaq nə qədər ki, insanlar böyük məqsədlərə köklənmir, özlərini böyük məqsədlərə qurban vermir, burada balaca mənafelər, balaca istəklər Milli Nizamı pozacaq. İkinci məsələ, Etnikçiliklə mübarizə. Daha doğrusu, Etnik Bölücülüklə mübarizə. Bunu mətbuatda separatizm kimi də yazırlar. Etnik Bölücülüklə mübarizə nə deməkdir? Bilirsiniz ki, Azərbaycanda ayrı-ayrı etniklər var. Bu etnikləri həmişə Azərbaycanın bütövlüyünə qarşı qaldırmağa çalışıblar. Müəyyən məqamlarda nail olublar. Söz yox ki, Azərbaycanın özünün bir millət olaraq heç bir etniklə problemi olmayıb. Niyə olmayıb? Bax, bu bizim üçün xüsusi bir məsələdir. Bilirsiniz, Azərbaycan elə dərin mahiyyət kəsb eləyir, o qədər dəyərlər yaradan bir xalqdır ki, onun hansısa bir etniklə problemi ola bilməz. Rəqabəti ola bilməz. Bölə bilmədiyi ola bilməz. O kifayət qədər özünü dərin ifadə eləyə bilir. Onun özünün dərin yaradıcılığı var, dərin özünüifadəsi var. Onun başqaları ilə nə problemi ola bilər?! Problem Azərbaycana qarşı olan başqa Güclərin problemidir. Bəli, Azərbaycanın etniklərlə problemi yoxdur, həmin Güclərlə problemi var, daha doğrusu Güclərin Azərbaycanla problemi var. Lakin o Güclər problemi etniklərlə problem səviyyəsinə gətirib çıxardırlar. Və süni şəkildə sübut eləməyə çalışırlar ki, Azərbaycanın etniklərlə problemi var. Onlar bilirlər ki, Azərbaycan heç kimi assimilyasiya eləməyib, heç kimin haqqını ayaqlamayıb. Heç kimə qarşı getməyib. Heç kimə qarşı getmədiyi bir halda necə ola bilər ki, hansısa etniklə bağlı onun ciddi problemi ortaya çıxsın. Burada başqa Qüvvələr, başqa Güclər elə bir dərin tutalqa tapa bilməyiblər. Ona görə xırda məsələləri gündəliyə gətirirlər. Onlar arasında düşmənçilik yaratmağa çalışırlar. Azərbaycanın hətta ermənilərlə düşmənçilik səviyyəsinə enməyə ehtiyacı yoxdur. Ermənilərlə Azərbaycanın problemini yenə də həmin Güclər ortaya gətirib. İndi Azərbaycan ermənini öz Yurdundan qovmaq üçün həmin Güclərlə üz-üzə qalıb. Bu səbəbdən də Etnikçiliklə, Etnik Bölücülüklə mübarizənin əsasında o durur ki, Azərbaycan öz bütöv mahiyyətindən bir addım qırağa durmalı deyil. Azərbaycan özünün böyük milli məsələlərində güzəştə getməli deyil. Siyasi oyunlar xatirinə ciddi məsələlərdə güzəşt olmaz. Fikir verin, bizdə hakimiyyət tərəfindən Azərbaycançılıq ideologiya səviyyəsinə qaldırıldı – Dövlət ideologiyası səviyyəsinə. Lakin dövlət ideologiyası səviyyəsinə qaldırılan Azərbaycançılıq türkçülük mahiyyəti ilə qəti uyğun deyil. Ancaq İrançılıq elə farsçılıq deməkdir. Farsçılıq bərabərdir İrançılıq. Ata deyirdi ki, Güney Azərbaycanın əsas mübarizəsindən biri farsçılıqla mübarizədir. Orda əsas üç amili götürür. İslamla mübarizə, İrançılıqla – Farsçılıqla mübarizə, Qərbçiliklə mübarizə. Güney Azərbaycanda Hərəkatın formalaşması üçün hər bir insanın ağlında bu amillər oturuşmalıdır. İrançılıq, İran xalqı, bu bir siyasi oyundur. Bu, sovet xalqı, amerika xalqı oyunlarının bir növüdür. Çünki İran farsdan ibarət deyil. İranda farsdan daha çox olan var. Bu türkdür. Burda başqa xalqlar var. Burda vəziyyət əslində etnik məsələdən qırağa çıxır. Azərbaycanda etniklər var, xalqlar yoxdur. Amma İranda, İran deyilən o bölgədə xalqlar var. Məhz xalqlar var. Və bu xalqların da xəlqi haqqları gündəliyə gəlməsin deyə, federasiya şəklinə düşməsin deyə, parçalanmasın deyə həmin İrançılıq oyunu gündəliyə gəldi. Burada hər şey – din xüsusilə, mədəniyyət xüsusilə, ideoloji müəyyənliklər hamısı farsçılıqdır. Azərbaycanda tamam əksinədir. Azərbaycanda etniklər xatirinə bizim başbilənlərimiz Azərbaycançılıq quraşdırırlar. Bu bir ekspansiyadır. SSRİ-dən gəlmə bir ekspansiyadır. Burda ağıl-zad işləmədi. Ağıl işləmədiyi üçün də Türkçülüyə zərbə dəydi. Türk dili ləğv olundu. Türkçülük aradan qaldırıldı. Mücərrəd Azərbaycançılıq yaradıldı. Hamı Azərbaycanlıdır. Burda yaşayan etniklərin hamısı Azərbaycanlıdır. Guya bununla Azərbaycanın bölünməsinin qarşısını alırlar. Əslində isə Azərbaycanın bölünməsinin əsası qoyulur, qarşısı alınmır. Çünki burda əsas etnos, əsas xalq danılır. Burada Azərbaycançılıq beynəlmiləlçilikdir. Biz Azərbaycançılıq – Türkçülük Birliyi yaranmalıdır deyirik. Ancaq bunu İrançılıq – Farsçılıq Birliyi kimi düşünmürük. Nə İrançılıqdakı şovinist farsçılıq səviyyəsi olmalıdır, nə də Azərbaycan iqtidarının yaratdığı Azərbaycançılıq səviyyəsi. İrançılıqdan doğan farsçılıq qəti, ardıcıl şovinizmdir. Başqa xalqların inkarıdır, başqa mədəniyyətlərin inkarıdır. Çünki yenə deyirəm, orda xalqlar var, orda xırda etniklər azdır. Burada isə tamam fərqlidir. Burada dediyim kimi, Azərbaycançılıq mücərrəd hamıçılıqdır. Burada türkçülük-zad yoxdur. Lakin Azərbaycançılıq – Türkçülük birliyi yaranmalıdır. Azərbaycançılıq bizim mənəvi-ruhani müəyyənliyimizi göstərir, Türkçülük etnik kimliyimizi müəyyən eləyir. Etnik mahiyyətimizi ifadə eləyir. Bax, bu məsələ var. Ona görə də Etnikçiliklə mübarizə, əslində etniklərin süni şəkildə qabardılmasına, Azərbaycan üçün federasiya təhlükəsini hazırlamalarına qarşı yönəlir. Bəri başdan milli müəyyənliyi ortaya qoymaq lazımdır. Milli dəyərlərə yiyəlik eləmək lazımdır. Bizdə həmişə söz deyilir hadisədən sonra. Hadisə baş verəndən sonra. Amma hadisə baş verənə qədər sözü demək, önləmək lazımdır ki, o hadisə fəsadlar gətirməsin. Fəlakət baş verir, ondan sonra söz deyilir, təhlil edilir. Bax, bu cəhət çox xüsusidir, nəzərə alınmalıdır. Azərbaycanda böyük türk milləti, etnosu var. Türk millətinin dəyəri var, mahiyyətində bəşəri müəyyənliyi var. Bütün etniklər Azərbaycanda türk millətinə söykənərək, türk milləti ilə vəhdətdə öz kimliyini qoruyub saxlaya bilər. O, humanizm tapa bilər, o, ədalət tapa bilər. Əks təqdirdə Azərbaycanda yaradılan pis hallar həm türkün özünə problemlər yaradır, həm də etniklərə. Bugünkü Azərbaycanı götürək, – bugünkü Azərbayacan hakimiyyətini, onun yürütdüyü siyasəti götürək, çox qeyri-müəyyəndir. Türkün özünə də fəlakətlər gətirir, etniklərə də. Heç kim burda dəyər tapa bilmir. Heç kim burda insani gedişat tapa bilmir. Heç bir bəşəri ahəng tapa bilmir. Üçüncü bir məsələ, Dinçiliklə mübarizə. Bu məsələ Ocağın əsas xətti olduğuna görə, daha doğrusu mübarizəsinin əsas xətlərindən biri olduğuna görə diqqətli yanaşmaq lazımdır. Bu məsələ haqqında biz kifayət qədər çox demişik, çox danışmışıq. Dinçiliklə mübarizə nə deməkdir? O deməkdir ki, dinçilik İnamçılıq deyil. Dinçilik cəfəngiyyata əsaslanır mahiyyətcə. Yalanlara əsaslanır və yalan əsasında başqa bir səviyyədə özgəçilik yaradır. Başqa bir səviyyədə imperializm yaradır. Milliliyi ləğv eləyir, inkar eləyir. Vətənçiliyi ləğv eləyir, inkar eləyir. Mahiyyətcə bəşəriliyə qarşıdır. Bütün bunlar onun təməl prinsiplərindən görünür. Təməl prinsipləri nədir? I. Dünyanın Allah tərəfindən yaradılması ideyası. Allahın bənnalaşdırılması, əslində Mənanın bənnalaşdırılması. Adamabənzər bir qüvvəyə çevrilməsi. Fövqəltəbii, transendental bir hadisənin dünyanı idarə etməsi. Və dünyanın oyun-oyuncağa çevrilməsi. Dünyanın gözdən salınması. Dünyanın öz mahiyyətindən ayrılması. Bu, əsas prinsiplərdən birincisi. II. Fatalizm, yəni Qismətçilik. İnsanın aqibətinin proqramlaşdırılması. Hər şeyin onun alnına yazılması. İnsanın bəndələşməsi, yəni mahiyyətcə kölələşməsi. Kölə insan, özündən ayrılan insan, mənasına, mahiyyətinə yetməyən insan, mahiyyətini dərk eləməyən insan, əlbəttə, nə Vətən yarada bilər, nə də Millətləşə bilər. Bu dinin ikinci səhvidir. III. “O dünya” “bu dünya” ideyası, yəni iki dünya ideyası. İki dünya ideyasında da Axirət dünyası uydurulur. Guya Axirət dünyası hər şeydir, yaşadığımız bu dünya mənasızdır, oyun-oyuncaqdır, gec-tez ləğv olunacaq. Dünya gözdən salınır. Kosmopolitizmdir bu, beynəlmiləlçilikdir bu. İnsanların içərisində istər-istəməz belə bir fikir əmələ gəlir: Əgər dünya oyun-oyuncaqdırsa, onda vətən nəyə lazımdır? Niyə vətən yaradım? Vətən üçün döyüşməyə də heç bir ehtiyac qalmır. Dövlət özü əhəmiyyətini itirir və dövlət özü şər simvoluna çevrilir – Dinin həmin prinsipinə görə. Və nəticə etibarilə inamın aradan qaldırılması, inamın xülyalaşması. Hər şeyin mifik bir vasitəyə çevrilməsi. Bu da, əlbəttə, dediyim kimi insan üçün heç bir gələcək vəd eləmir. “Uluyurd”un sonrakı prinsiplərindən biri Özgəçiliklə mübarizədir. Bunun da əsas mahiyyəti Qərbçiliklə mübarizə, Rusçuluqla mübarizə və s. Biz Qərbçiliklə mübarizə deyəndə nə nəzərdə tuturuq? Bəlli gedişat var. Əslində biz Azərbaycan olaraq dünyanın heç bir xalqından təcrid ola bilmərik. Təcrid olaraq var ola bilmərik, təcrid olaraq yaşaya bilmərik. Lakin biz təcridə çağırırıq. Nədən təcridə çağırırıq? Beynəlxalq Birliklərdən, Beynəlxalq Güclərin yaratdığı dairələrdən, qəliblərdən, oyunlardan çıxmağa çağırırıq. Deyirik ora düşürsən, çıxa bilmirsən, çıxa bilməyəcəksən. Çünki səni ora salırlar ki, Vətən yarada bilməyəsən. Səni ora salırlar ki, millət ola bilməyəsən. Bu, dünya ağalığı siyasətidir. Qlobalçılıq dünyalaşmaq deyil, zorən Qərbləşdirməkdir. Dünyalaşmaq gözəl şeydir. Mədəniyyətlərin qarşılıqlı təsiri var, bəhrələnmələr var. Xalqların bir-birinə ülvi, ruhani, müqəddəs təsiri var, vəhdəti var. Bu ayrı bir şeydir. Ancaq Qərbçilikdə bunların heç biri öz əksini tapmır. Dediyim kimi zorən dünyalaşdırmaq var burada. Hər kəsi bir xəttə gətirmək var. Qərbləşmək əslində anarxiyalaşmaqdır. Demokratiya bərabərdir anarxiya. Demokratiyada humanizm əsas deyil. Humanizm uğrunda mübarizə getmir. Əsas hüquq azadlığıdır. Burada insanın mənən yaranması meyar götürülmür. İnsanı fiziki varlıq kimi götürürlər. Dövlətin qanunları, gücü, polisi, hərbisi onu fiziki fakt kimi qoruyur. Yəni müqəvvanın – özündən ayrılmış insanın hüququnu müdafiə eləmək bioloji bir yanaşmadır. Burada ruhani yanaşma yoxdur. Ona görə də ictimai həyatda anarxiya yaranır. Özbaşınalıq. İt yiyəsini tanımır. Hər şey həşirə bərabər olur. Bu səbəbdən də biz hesab eləyirik ki, oyunlarda girova çevrilmədən dünya xalqlarının qabaqcıl insanlarıyla, qabaqcıl qüvvələriylə əlaqə saxlamaq, onlarla əməkdaşlıq yaratmaq, onlarla ümumi mübarizədə həmrəy olmaq olar. Amma yenə deyirəm, özünəməxsus olmaq, oyunçuların torbasına düşməmək. Böyük Güclər sənin yurdunda ortaya çıxan qüvvə ilə o vaxt hesablaşır ki, bu qüvvə doğrudan da təsirə malikdir. Doğrudan da bunun say baxımından, güc baxımından, ideya baxımından böyük bir potensiyası var. Bu mənada biz qəti və ardıcıl şəkildə Qərbçiliklə mübarizənin tərəfdarıyıq. Qərbçilikdə heç bir humanizm yoxdur. Rusçuluq da eyni. Bu ondan da betər. Buna mən əlavə izah gətirməyəcəm. Və sonuncu, Azərbaycanın Bütövlüyü, Birliyi. Azərbaycan Bütöv deyilsə, Quzey Azərbaycanda dövlət yaradırsan, nə eləyirsən elə, bu, nisbi müstəqillikdir. Bu müstəqilliyin gələcəyinə bel bağlamaq olmaz. Azərbaycan Bütövləşməlidir. Azərbayacnın say baxımından, imkan baxımından, gələcəyi baxımdan əsas kütləsi əsarətdədir. Assimilyasiya edilir. Torpağının əsas kütləsi Yadlığın əsarətindədir. Azərbaycanın az bir hissəsində, dörd dəfə balaca bir hissəsində olan müstəqillik böyük müstəqillik demək deyil. Bizim üçün dövlət göz bəbəyimiz kimi əzizdir, müstəqillik bizim üçün hava-sudur, ancaq müstəqillik müstəqilliyə bənzəməlidir. Yarımçıq, nisbi müstəqilliyi biz qəbul eləmirik. Azərbaycan Bütöv olmaldıır. Bütöv Azərbaycanda Asif Atanın Ruhani Dünyası təsdiq olunmalıdır. Abil Ulusoy: Soylu bəy “Uluyurd”un prinsiplərindən bəhs elədi. Müəyyən əlavələr eləmək istəyirəm. Tayfaçılıq bizim milli birliyimizə qarşı yönəlmiş faciəvi bir hadisədir. Bunu aradan qaldırmaq üçün ardıcıl mübarizə aparmaq lazımdır. Tayfaçılığa qarşı mübarizə aparmağın əsas yolu onu doğuran, zəruri edən amilləri aradan qaldırmaqdır. Əgər biz özümüzə məxsus olan milli dəyərləri yaxşı mənimsəsək, bizi birləşdirən milli keyfiyyətləri yaşatsaq əminəm ki, Tayfaçılıq mütləq şəkildə aradan qaldırılacaqdır. Artıq heç kim Tayfa düşüncəsiylə yaşamayacaq, milli düşüncəylə yaşamağa başlayacaq. Azərbaycan müstəqil elan olunanda hər bir bölgənin adıyla bağlı xeyriyyə cəmiyyətləri, ictimai-siyasi təşkilatlar yaranmağa başladı. Hamısı Tayfaçılıq zəminində formalaşırdı. O vaxtlar Ədliyyə Nazirliyində bir araşdırma apardım, gördüm ki, qeydiyyatdan keçən hər bir partiya bəlli bölgənin üzvlərindən təşkil olunur. Liderləri də həmin bölgədən olan adamlardır. Əgər Azərbaycanın siyasi yönünü müəyyənləşdirən Tayfa prinsipidirsə, bununla milli dövlət qurmaq olmaz. Qurulmuş dövlət Tayfa prinsipləri ilə idarə olunacaq. Təbii ki, belə dövlətin müstəqilliyi hər an təhdid altında olur. Hər an şübhə altında olur. Nəyə görə belə eləyirdilər? Aydındır ki, siyasi hakimiyyət iddiasında olan insanlar başqa çıxış yolu görmürdülər. Çox asan bir şeydir. “Mən filan bölgənin insanıyam və həmin bölgnin insanlarını ətrafıma toplayıram. Özümə bir sosial şəbəkə yaradıram. Sosial şəbəkə yaratmaq hesabına mən həmin bölgənin boşalmasına da şərait yarada bilərəm, yığaram mərkəzə”. Əsas məsələ hakimiyyət məsələsi olur. Siyasi iqtidarı əldə eləmək üçün Tayfaçılıq əsas rol oynayırdı. Axı hakimiyyətə gəlməyin başqa yolları da var. İkinci, etnik separatizmlə mübarizə. Azərbaycan müstəqil olmamışdan da burada separatizm artıq baş qaldırmışdı. Bu və ya digər şəkildə. Separatçıların liderləri bizə qonşu olan dövlətlərdən kifayət qədər yardımlar alırdılar, bu və ya digər şəkildə. Məqsəd nə idi? Məqsəd Azərbaycanı belə desək, ”günahkar xalq” rolunda saxlamaq. Mən demirəm Azərbaycan dövlət müstəqilliyini itirəcəkdi, amma Azərbaycanı elə bir hala salmaq olardı ki, tam idarə olunan bir hala gələ bilərdi. İdarə olunan bir dövlətimiz olacaqdı. Əsas məqsəd də bundan ibarət idi. Təbii ki, separatizmlə məşğul olan əksər millətlərin nümayəndələri özləri də başa düşürdülər ki, bir şeyə nail ola bilməyəcəkdilər. Hətta bəlli bölgələrdə onları dəstəkləyən insanların sayı da kifayət qədər az idi. Ancaq bununla belə şirnikdirən qüvvələr onların vasitəsiylə Azərbaycana təzyiq eləmək istəyirdilər. Məsələn, Ləzgi Demokratik Partiyasının yaranması, kürdlərlə bağlı təşkilatın yaranması, tatlarla bağlı cəmiyyətin yaranması və s. Bu, artıq Azərbaycanın bölücülüyünə gətirən ciddi siqnallar idi. Azərbaycanda isə vəziyyətdən çıxış yolunu nədə görürdülər? Həmin dövrün idarəçiləri vəziyyətdən çıxış üçün süni şəkildə Azərbaycançılıq ideologiyası quraşdırdılar. Və bununla guya ayrı-ayrı millətlərin nümayəndələri susduruldu. Yəni siz də varsınız, biz də varıq. Birmənalı şəkildə türkə məxsus olan nələr vardısa, hamısının üstündən xətt çəkilirdi. Sanki bu coğrafiyada türk yaşamır. O vaxt ictimai, siyasi təşkilatların görüşlərində liderlər özləri haqda danışırdılar. Biri deyirdi mən talışam. O biri, mən ləzgiyəm. Mən də deyirdim, mən türkəm. İnanın zalda oturanlar mənə elə baxırdılar ki, mən türkəm ifadəsini deyəndə, elə bil böyük suç işləmişəm. Sən bu məmləkətdə yaşayırsan, kürd olursan, talış olursan və dilə gətirirsən. Mən türk ola-ola, məmləkətə daha çox haqqım ola-ola türk olduğumu niyə dilimə gətirə bilmirəm? Nəyə görə utana-utana deməliyəm ki, mən Azərbaycanlıyam. O səviyyədə Azərbaycançılıq əslində Azərbaycana bir dövlət olaraq vurulmuş zərbə idi. Türkə məxsus olan dəyərlərin yaşamadığı bir məmləkətdə milli dövlətdən, milli dövlətçilikdən söhbət gedə bilməz. Azərbaycanı istəməyən qüvvələrin, dövlətlərin istədiyi bu idi – Azərbaycanın milli dövlətçiliyinə qarşı addımlar atılmalıdır. Mənim yadımdadır, təhsil haqqında qanunu qəbul edirdilər. Məsələ uzun müddət ortalıqda qaldı. Biz millət olaraq hansı dildə təhsil almalıyıq, təhsilimiz necə olacaqdır? Rusiya xarici İşlər Nazirinin tələsiydi ki, biz Azərbaycan Respublikasının ərazisində məktəblərin türk dilində olması ideyasını həyata keçirə bilmədik. Belə müstəqil dövlət olmur axı. Sən necə müstəqilsən ki, özünün təhsilinlə bağlı müstəqil qərarını verə bilmirsən?! Görün biz nə qədər asılı bir vəziyyətdə yaşayırıq. Başqa bir məsələ, dinçiliklə mübarizə. Soylu bəy bayaq dinçiliyin mənəvi zərərlərinə toxundu. Bu gün din və Azərbaycanda fəaliyyət göstərən çoxsaylı dini təriqətlər Azərbaycanı parçalamağa yönəliblər. İslam Azərbayacanın bütövləşməsinə qarşı əsas maneədir. Güney məsələsində, Güney Azərbaycanın müstəqil ola bilməməsində din əsas amillərdən biridir. Din artıq siyasi rol oynayır. Qərbçiliklə mübarizə. Təbii ki, Qərbdə yaşayan insanlarla mübarizə eləmək istəmirik. Bizim, dünyada yaşayan insanlara qarşı insani mübarizəmiz var, bu ayrı. Qərb dövlətlərinin, Qərb siyasilərinin Azərbaycana qarşı atdığı addımlar qəbul olunmazdır. Azərbaycanda milli-mənəvi dəyərlər yönündə atılan istənilən addım Qərb tərəfindən təpki ilə qarşılanır. Bəzən bunu açıq şəkildə sezdirirlər, bəzən özlərinin irəli sürdüyü lahiyələr şəklində. Azərbaycanın “açıq qapı siyasəti”nin nəticəsində Qərb institutları burada çox açıqca fəaliyyət göstərirlər. Qərbin bütün tələbləri Azərbaycanda həyata keçirilir. Və hesab eləyirlər ki, biz dünyalaşırıq, kürəsəlləşirik. Qərb təkcə Azərbaycanda deyil, dünyanın istənilən bölgəsində milli-mənəvi dəyərlərə söykənmək istəyən dövlətləri istəmir. Çünki öz milli-mənəvi dəyərləri ilə yaşayan xalq, milli-mənəvi dəyərləri əsasında xalqın qurduğu dövlət Qərbin ağalıq prinsiplərinə uyğun gəlmir. Ağalıq prinsiplərinə uyğun gəlməsi üçün onlar özlərinin milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmalıdır. Bunun üçün beynəlxalq təsisatlar var, beynəlxalq institutlar var. Dinlərarası barışıqla bağlı 60-cı illərin sonlarında Amerikada hazırlanmış bir lahiyə var. Mədəniyyətlərarası dialoqla bağlı yenə də Amerikada 70-ci illərdə hazırlanmış layihə var. Əslində dinlərarası barış xristian dinli güclərin ağalığının təsdiqi idi. Mədəniyyətlərarası barış əslində onların Azərbaycanda oturuşması deməkdir. Qərb bizim təqdim elədiyimiz nəyi götürür? Nəyi yaşadır? Heç nəyi yaşatmır. Biz isə Qərbə məxsus hər şeyi yaşadırıq. Öz məqsədlərini addım-addım həyata keçirirlər. Soylu bəy bayaq vurğuladı ki, bəzən biz qapımızı bağlamalıyıq. Bəli, yeri gələndə çox bərk bağlamalıyıq. Bu, bizim ən böyük təminatımız, bu bölgədə ən böyük qarantımız olar. Çünki milli dövlətimiz olmasa, bizim istəyimizin heç biri həyata keçməyəcəkdir. Güvənc yerimiz olmayacaqdır. Həm ruhani, həm siyasi, həm iqtisadi, bütün anlamlarda biz istəklərimizi həyata keçirə bilməyəcəyik. Ona görə də Qərbçiliyə qarşı mübarizə aparmaq lazımdır. Mənə elə gəlir ki, “Uluyurd”la bağlı səsləndirdiyimiz fikirlər mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycanı dinlərarası mübarizə poliqonuna çevirmək olmaz. Biz milli dövlətimizin qurulmasını istəyirik. Mən bir məsələyə də toxunmaq istəyirəm. Asif Ata “Uluyurd Hərəkatı gərəkdir” dedi. Onun əsas prinsiplərini ortaya qoydu. Asif Atanın ölümündən sonra onun ideyasını inkişaf etdirdik. “Uluyurd”un himni yarandı, əslində bütöv Azərbayacanın himni yarandı. Bütöv Azərbaycan üçün bayraq yarandı. Prinsiplər xeyli dərəcədə əsaslandırıldı. Bunlar gərəkli işlərdir. Ağşın Ağkəmərli: Mən sizin söhbətlərə qatılıram. Doğrudan da bu gün Tayfaçılıq bizim üçün çox ağır bir bəladır. Çünki iqtidarda olan Tayfa o biri Tayfanı özünə düşmən yetirir. Sabah, birisi gün bunun acı fəsadları ortaya çıxa, üzücü məqamları ortaya gələ bilər. Şübhəsiz, böyük bir xalqın danılmasına görədir ki, hakimiyyət uğrunda mübarizə Tayfaçılığa əsaslanır. Etnik kimliyimizi ortya qoya bilməməyimizdəndir ki, dövlətçiliyi təhdid edən dinin saqqallıları ölkəni bürüyüb. Bu siyasi bir forma kimidir. Şalvarının balağını qısa göstərmək özü bir formadır. Bu ənənəvi bir istək deyil, bizim dövlətimizə, dövlətçiliyimizə qarşıdır. Birbaşa milli kimliyimizə savaş elan eləməkdir. Bunları düşünmək lazımdır. Bu gün “Uluyurd” beyinlərə yeni dəyişikliklər gətirməlidir. Biz milli ideologiyamızı gündəmə gətirməsək, öz düşüncəmizi ortaya qoymasaq, şübhəsiz ki, ərazi bütövlüyünü ortaya gətirə bilməyəcəyik. Ərazi bütövlüyümüzü ortaya gətirə bilməyəndə mədəniyyətimzə də sahib çıxa bilməyəcəyik. Biz bu gün hər cəhətdən hədələnirik. Eyni halda mədəniyyətmizlə, eyni halda ərazimizlə. Bu günlərdə hansısa saytlardan birində oxudum, Urmiyə radiosunda belə bir fikir yayımlanıb ki, Urmiyə “Kürdüstan” şəhərlərindən biridir. Millətin etirazından sonra düzəliş verilib ki, səhv gedib. Ancaq məncə bu təsadüfi səhv deyil. Qəsdən irəli sürülən bir məsələdir. Və bu məsələdə gələcəyin böyük bir faciəsinə yol açıla bilər. Gələcək üçün olan bir çox faciələrin təməli bu şəkildə qoyula bilər. Eyni halda məsələn, Güneydəki bölgələrimiz – Xoy, Salmas, Çaldıran, Urmiya kürdlərin ərazisi kimi göstərilir, xəritədə verilir. Bu da gələcəyə hazırlanmış bir plandır. Ona görədir ki, beyinlərdə “Uluyurdçuluq”la bağlı dəyişikliklərin təməli qoyulmasa, milli varlığımızı tapa bilməyəcəyik, xalqımıza sahib çıxa bilməyəcəyik. Abil Ulusoy: Ağşın bəy adını çəkdi, Urmiya ətrafında gedən söhbətlərlə bağlı bir məsələni diqqətə çatdırım. Bu yaxınlarda Urmiya təyyarə (uçaq) reysi açılır Türkiyədən. Bu reys bizim üçün də işləyə bilər, kürdlər üçün də. Güneyli soydaşlarımız bundan səmərəli istifadə eləməlidirlər. Türkiyəylə olan əlaqələr genişlənə bilər. Artıq bunun özü xırda hadisə deyil. Türkiyədə mənə elə gəlir, ayrı-ayrı gözlər Urmiyada yaranan təhlükəni görürlər. Türkiyəylə olan münasibətlər hökmən yaxşılaşdırılmalıdır. Türkiyənin Güney Azərbaycana olan mövqeyi, münasibəti dəyişdirilməlidir. Bunun başqa çıxış yolu yoxdur. Ağşın Ağkəmərli: Belə fikirləşirəm ki, Türkiyənin özündə böyük bir dəyişiklik olmalıdır. Mən elə-belə vurğulamadım ərazi məsələsini. Ərazi məsələsi bu gün regionda ən aktual məsələlərdən biridir. Bu gün İrandakı hakimiyyət təkcə bizim dilimizə qarşı savaş aparmır. Məktəblərin olmamağı bir yana. Bu gün bizim bütün ictimai-iqtisadi varlığımız əsarətdədir. Təbii sərvətlərimizin talanması bir yana, İran dövləti məsələn, Urmiya Gölünü qəsdən qurutmağa çalışır. Urmiya Gölünün qurudulması regionda şübhəsiz ki, böyük fəlakətlər yaradacaq. Milləti məcburiyyət qarşısında ordan köç etdirmək, fars bölgələrində xalqımız üçün müəyyən güzəştli kreditləri verməklə köç etməyə vadar eləmək millətimizi assimilya eləmək məqsədi daşıyır. Əgər “Uluyurd” tələblərini həyata keçirə bilməsək, mən inanıram ki, gələcəkdə böyük faciələrlə üz-üzə duracağıq. Yəni bunun zərurətini düşmən tərəf bizə dəfələrlə anladır. Ayılmaq vaxtıdır. Soylu Atalı: Mən bu fikirlə qəti razıyam ki, Türkiyənin özündə köklü dəyişikliklər getməlidir. Bu gün biz, indiki Türkiyə rəsmiyyəti, hakimiyyəti, iqtidarı tərəfindən Güney üçün, istərsə bütövlükdə Azərbaycan üçün uğurlu bir addım görmürük. Ona görə biz süni şəkildə onunla doğmalaşsaq da, effekt verməyəcək. Yəni biz doğmalaşırıq, o öz yadlığında qalır. Asif Ata deyir ki, “Azərbaycanla döyüşməyənin Azərbaycan sevgisinə inanmıram. Azərbaycanın bugününü döyməyənin Azərbaycan sevgisinə inanmıram”. Bu gün biz Azərbaycandan nələrsə uma bilmirik – Azərbaycanın indiki səviyyəsindən. Ona görə dəyişikliklər istəyirik. Biz öz Azərbaycanımızı qurmaq istəyirik. Ancaq bizdən asılı olmayan məsələlər var. Bu gün biz nə qədər həyacanlansaq da, bir ziyalı olaraq, bir vətəndaş olaraq, bir insan olaraq nə qədər həyacan keçirsək, narahat olsaq da, bizim istəyimizdən asılı olmayaraq həmin o qovmalar, deportasiyalar, qaçqın-köçkün, didərgin səviyyəsinə salmalar hamısı var və onu biz bu gün həll eləyə bilmirik. Güneylə bağlı da yenə təəssüf ki, bizdən asılı olmayan məsələlər var. Elə proseslər gedir ki (sürətli gedir ha), o proseslərin bu gün qarşısını ala bilmirik. Bu gün biz “Uluyurd” barədə nə qədər ucadan desək də, xalq bunu qısa zamanda götürməyəcək. Zaman lazım olacaq ki, xalqın içində “bağbanlıq” işi getsin. Ona verilsin bu ideya. Bununla belə dünyada nə baş verirsə versin, Atanın prinsipial devizi kimi mən bunu deyirəm, Azərbaycanda nə baş verirsə versin, İranda nə baş verirsə versin, “Uluyurd Hərəkatı” yaranmalıdır. Bunu biz addım-addım həyata keçirməliyik. Biz bu işin dalınca getməliyik. Biz ideya dalınca yeriyən insanlar yetirməliyik. Biz burada dərin, ciddi məsələlərə toxunuruq. Bundan sonrakı işimiz odur ki, bu qapıdan çıxandan sonra, dediyimiz sözün arxasınca gedirik. Yəni burda dediyimiz sözü gedib başqa yerdə də deyirik. Başqa ünvanlara gedirik, orda deyirik, burda deyirik, yayırıq ədəbiyyatı-filan. Yəni dediyimizin arxasınca gedirik! Addım atırıq, iş görürük. Bax, biz onda öz vicdanımız qarşısında əzilməyəcəyik. Demirəm ki, yüyürək, ahəstə gedək, amma gedək. Sonra əlavə olaraq xatırlatmaq istəyirəm. Biz Asif Atanın “Uluyurd” ideyası ilə bağlı prinsipləri konseptual olaraq işləmişik. Hazır işlər var əlimizdə. Hətta müəyyən təkmilləşdirmələrlə, mütəxəssis fikirlərini, rəylərini dinləməklə o konsepsiyanı götürüb əməlli-başlı bugünün özündə tətbiq eləmək mümkündür. Bugünün özündə birbaşa tətbiq eləyib fəal şəkildə Hərəkata başlamaq olar… Maarifçilik işi o deyil ki, elə bir dəfə təməl ideyaları dedin, qurtardı. Bu iş bir mövzuya sığmır. Bir görüşə də sığmır, bir söhbətə də sığmır bunlar. Çox işlər görülməlidir. Abil Ulusoy: “Uluyurdçuluq” köklü mübarizədir. Bunun özünün böyük anlamı var. Dünyada gedən prosesləri biz idarə eləmirik. Dünyada gedən prosesləri biz sürətləndirib, azaltmırıq. O proseslər gedir bizdən kənarda. Başqaları da mübarizə aparırlar. Təbiidir ki, İran istəməyəcəkdir Bütöv Azərbaycan olsun. Qərb də istəməyəcəkdir ki, Bütöv Azərbaycan olsun. Bu onların istəyidir. Bizim istəyimiz Bütöv Azərbaycan qurmaqdır – bu prinsiplər əsasında. 50 milyondan artıq Azərbaycanlının ağlına bu çatmalıdır. Soylu bəy düz deyir, burdan çıxıb gedəndən sonra işimiz davam eləməli, gördüyümüz hər bir iş təsir yaratmalıdır. Ulusumuz var olsun! Uluyurdumuz var olsun! Ağşın Ağkəmərli: Bilirsiniz ki, mən bu gün yol üstəyəm. Deyə bilərəm ki, mən Yurduma böyük bir zövqlə gedirəm. Burda deyilən istəklərimizi Güneyə daşıyacam və ordakı soydaşlarımızla paylaşacam. Əminəm ki, bu görüşlərimizin birini Güneydə keçirəcəyik. Bu gün biz tariximizdən səhifələr açdıq, tariximizdən dərslər ortaya çıxardıq. Bizi danışdıran dərd və Sevgidir. Biz o dərdlərimizlə, sevgilərimizlə vəhdətdəyik. Mən inanıram ki, Gələcək qurulacaq. Çünki önümüzdə Asif Atanın ideyası var, Asif Atanın məfkurəsi var, Asif Atanın düşüncəsi var. Sadəcə biz bunu qəbul etməyə və həyata keçirməyə hazır olaq. Fürsəti əldən verməyək. Soylu Atalı: Biz istənilən bir mövzumuzu dilə gətirəndə təbiidir ki, ayrı-ayrı məqamlar ola bilər. Hansısa ölçüdən baxanda qaneedici olmaya bilər. Yaxud hansısa cəhəti ilə yanlış görünə bilər. Hətta ola bilər ki, müəyyən detallarda yanlışlar olsun. Ancaq ümumi prinsip, ümumi yön, ümumi hal yanlış deyil. Çox ciddi olaraq araşdırmaq lazımdır. Çox ciddi olaraq öyrənmək lazımdır. Bu düşüncələr, bu deyilişlər təsadüfi deyil. Bunlar yaşantılardır, axtarışlardır, bunlar tapıntılardır. Bu axtarışların, bu tapıntıların arxasında Asif Ata durur. Asif Ata bəlli bir Qüdrətdir. O öz gücüylə, qüdrətiylə, ideyalarıyla bəllidir. Ona görə də mən üzümü insanlarımıza tuturam ki, söhbətlərdə bugünün halına uyğun olmayan məqamlar tapıb dərhal yanlış axtarmasınlar. Əksinə, araşdırsınlar, təhlil eləsinlər. Biz oyun oynaya bilmərik. Elə şeylər var, düşünərlər ki, biz çılpaq deyirik. Qaradan o yana rəng yoxdur axı. Biz nəyi çılpaq deyirik, gəlin görək? Biz Qərbçilik deyəndə Qərbdə yaşayan heç bir xalqın əslinə-nəcabətinə söymürük. Heç birinin milli kimliyinə toxunmuruq. Heç birinin bəşəri haqlarına toxunmuruq. Heç birinin gələcəyinə kölgə salmırıq. Biz yaranan eybəcərlikləri açıq ifşa edirik. Biz öz içimizdəki halla da döyüşürük axı. Yəni bu cəhətdən heç nə emosional deyil. Biz nəyisə ehtiraslı deyə bilərik. O bizim içimizin yanğısından, ağrısından irəli gəlir. Amma fikrimizdə, düşüncəmizdə çox qətiyik. Düşüncələrimzidə emosiya yoxdur, hissə qapılmırıq. Düşüncələrdə biz idrakla gedirik. Fikir vermək lazımdır. Dünya bu gün siyasət bazarıdır. Heç bir məsələyə humanizm nöqteyi-nəzərindən yanaşmır. Bazarlıq eləyir hər şeylə. Bu gün biz də, Azərbaycan olaraq öz problemlərimizi axtaranda, öz ağrılarımızı düşünəndə, yaşayanda durub bazarlıq eləyə bilmərik. Dünyanın siyasi bazarına girə bilmərik. Biz girsək uduzacağıq. Ora girirsənsə deməli satdıq nəyinsə var. Biz ora daxil olmamış güzəştlər edirik, qurbanlar veririk. Vətənin bir hissəsini güzəşt eləyirik, mübarizənin müəyyən cəhətlərini qurban veririk. Nəticə etibarilə biz elə ancaq şüarlar səsləndirməli oluruq, bir xalq olaraq. Hissə qapılmalar bunlardır. Biz, bir daha vurğulayıram ki, hadisələrin dalınca sürünmək istəmirik, biz hadisələri, – hansı fəsadlar bizi təqib edirsə, onları görürük. Onların acı nəticələri ortaya çıxandan sonra danışmağa nə var ki?! Bəri başdan, önləyici danışmaq lazımdır. Harayı bəri başdan salmaq lazımdır. Bəri başdan çəkmək lazımdır bu harayı. Bəli, dünya güclərinin yaratdığı bazara biz girə bilmərik. Ya da o dərəcədə güclü olmalısan ki, satılmayasan, satmayasan. Bax, bu önəmli bir məsələdir. Biz o məsələlərə sərhəd çəkirik. Asif Atanın prinsipləriylə, baxışıyla, ağlımızla. Sevgimizlə, narahatlıqlarımızla sərhəd çəkirik. İnsanlarımızı bu yöndə düşünməyə çağırırıq. Bizim çağırışlarımıza məhəl qoyularsa, hesab eləyirəm ki, “Uluyurdçuluq” yönündən, Asif Ata prinsipləri yönündən maarifçiliyin yeni mərhələləri başlaya bilər. O, bizdən yaxşı mənada qırağa çıxa bilər. Maarifçilik Milli Azadlıq Hərəkatının birinci mərhələsidir. O, ümumazərbaycan səviyyəsini əhatə eləməlidir, – hər bir insanın yanılmayan, doğru olan qatqılarıyla. Bax, biz buna çağırırıq. Və bugünkü söhbətimizi bu çağırışımızla, bu sevgimizlə də başa vururuq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Biz yük insanlarıyıq. Yük altındayıq).
Atamız var olsun!
(arxiv)