Ağıq Şumer Ağlığıyla, Zərdüşt Ağlığıyla, Babək Ağlığıyla, Qorqud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağlığıyla, Saz Ağlığıyla.
Ağ İşıq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyatlarında, İradələrində Ulularımız, İşıq olmağa çağırmışlar Dünyanı; İşıqdan yoğrulubmuşlar; «İşıq Səltənəti» yaratmaq istəyiylə yaşayırmışlar, Həqiqət İşığına bürünürmüşlər, «Ağ üz», «Ağ əl» olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar».1
«Hər yerdə inanırmışlar ki, İnsan ərəndən – işıqdan yaranıb; kim safdısa, öləndən sonra Ucaya, Ruha çevrilib, müqəddəs məkanda məskən salır».
Əminmişlər ki, «Bəşəriyyət Ağ işığın qüdrətini biləndən sonra kamilliyə çatacaq».
Oddaşlaşırmışlar, odmənləşirmişlər, oddinləşirmişlər.
Ər – İşıq demək imiş Dillərində, Müqəddəs Məna ağacı yetirirmişlər; – əsas olmuşuq, özül olmuşuq, mahiyyət olmuşuq Bəşərə; Bağban olub – İşıq Bağı becərmişik, Zülmət Qovan olmuşuq, Qapı açmışıq Aləmə.
Bilmişik ki, «Əhli-bəşərin bətninə zülmət çökəndə çərxi-fələk tərsinə fırlanır, həqiqət ərşi-əlaya çəkilir, yalan hakim olur Yer üzündə».
Şumer Ağlığıyla Ağıq – ilk Mədəniyyət, Ruhaniyyat, Bədiiyyat Ağıyla, Zərdüşt Ağıyla Ağıq – Əhrimənə qalib gəlmək İnamıyla, Söz Ağlığı, Fikir Ağlığı, Mənəviyyat Ağlığı, Əməl Ağlığıyla.
Babək Ağlığıyla Ağıq – Yenilməzlik Ağlığıyla.
Qorqud Ağlığıyla Ağıq – Ağsaqqallıq Ağlığıyla.
Nəsimi Ağlığıyla Ağıq – İnsani İlahilik Ağlığıyla.
Füzuli Ağlığıyla Ağıq – İlahi Eşq Ağlığıyla.
Muğam Ağlığıyla Ağıq – Mütləqə Qovuşma Ağlığıyla.
Saz Ağlığıyla Ağıq – İgidliklə Zərifliyin vəhdəti Ağlığıyla.
Bir Dünya Ağlığımız var – Əzəli, Əbədi.
VIII. MƏQSƏD
Tarix bizdən irəlidir; ona çatmaq gərək.