Xaliq Bahadır. Milli Şuradakı tutulmuş boş yer

AXC  hakimiyətində yüksək yer tutan bir çoxları sonrakı davranışları ilə o yeri boşuna tutduqlarını göstərdilər. Onların bir çoxu siyasətdən biryolluq getdi (onları anlamaq olar), neçəsi başlanğıcdan, neçələri də sonradan əliyevçi hakimiyətlə bağrıbadaş oldu. Bir paraları AXC hakimiyətinin başında duranlar olaraq müxalifət liderliyinə yiyələnsələr də, gerçəkdə müxalifətdən çox hakimiyətə qulluq etdilər, edirlər.

AXC hakimiyətində başbaxan yardımçısı olmuş Kamil Vəli Nərimanoğlu da bir sıra tanınmış komformistlər kimi əliyevçi hakimiyət dönəmində müxalifətçiliyin dözülməz bir iş olduğunu görərək Türkiyəyə üz tutdu. Ancaq o, bir sıra başqaları kimi Azərbaycandan, daha doğrusu, Azərbaycan siyasətindən ayağını biryolluq üzmədi, bəlli xarakter görsənişlərinə uyğun olaraq, “burda da payım olsun” deyə, adını müxalifətə yazdırıb getdi. Biz arada onun Azərbaycana qayıtdığını da görürük: gəlir, kimlərisə öyməyə yönəlik yazılarla çıxış edib, qayıdır. Olsun, özü bilər. Ancaq onunla bağlı “özü bilər” deyilməyəcək nəsnələr də var.

Türkiyə prezidenti Ərdoğan bugünlərdə ona ödül verib. Bunu da o bilər, Ərdoğan bilər – burada da bizim qarışacağımız, bizi ilgiləndirən nəsnə yoxdur. Ödüllə bağlı “Azadlıq” professoru danışdırıb. Onun danışdıqlarından: “Vətənimdə siyasi fəaliyyətimi davam etdirməkdəyəm. Bu, prosesin nəticəsindən asılı olmayaraq sona qədər davam edəcək”. Özü olmayan yerdə adını harasa yazdırıb “siyasi fəaliyyətini davam etdirmək”, rejimə qarşı ən azı yaddaqalan bir professor çıxışı etməməklə yanaşı, “bu prosesin nəticəsindən asılı olmayaraq sona qədər davam etmək” FENOMENAL dözümlülük örnəyidir! Bizdə bu sayaq DÖZÜMLÜ müxalifət liderləri də var – siyasi, ideoloji çarpışma görsənişlərindən uzaq, gerçək işləri-çalışmaları ilə tanınmayan nomenklatur “liderlər”! Belələri ortaya gerçək bir iş – çarpışma faktı qoymadan illərlə özlərini Rəsulzadə-Elçibəy yolunun yolçuları, “davamçıları” olaraq tanıtmağa çalışırlar…

K.V.N.: “Prezident Ərdoğan “İlham Əliyev və Mehriban xanımın ümrə ziyarəti məni çox sevindirdi, onları ayrıca təbrik edəcəyəm”, dedi. Mən də çox səmimi bir şəkildə kimsəyə sataşmadan “Allah hər kəsə həcc və ümrə ziyarəti qismət etsin”, dedim”. Bu bir azərbaycanlı MÜXALİFƏT professorunun  indiki Azərbaycan gerçəklərinə “sataşmasız” reaksiyasıdır! Bunu onun “siyasi fəaliyyətinin” bir növü də adlandırmaq olar…

“Sonra prezident mənim işlədiyim İstanbul Aydın Universitetini soruşdu, mən də bu Universitetin müasir (YAPçılar da bu dildə danışır: müasir!) siyasətsiz təhsilin və ya sırf elmi təhsil konsepsiyasının mövcud (YAPçılar da bu dildə danışır: mövcud!) olduğunu bildirməyə borclu idim”. İşlədiyi Universitetdəki “siyasətsiz təhsillə” bağlı Ərdoğana bilgi verməyi özünə BORC bilən MÜXALİFƏTÇİ professor Azərbaycanda baş alıb gedən özbaşınalıqlar, repressiyalar, Azərbaycanın dəyərli adamlarının sıxışdırılıb-dışlanması, tutuqlanması faktları ilə bağlı Ərdoğana bilgi verməyi özünə borc bilmir. Ancaq o, konyunktura adamı olaraq tanınan birisi kimi sonda (Ərdoğanla görüşün sonunda yox, “Azadlıq”la qonuşmanın sonunda!) “Azərbaycandakı siyasi məhbusları salamlayır, bağrına basıb öpür”. Ax, sevgili “məhbuslarımız”, inciməyin, sizi Ərdoğanla aramızdakı bir elə sıcaq görüşə qata bilməzdim!

Professorun dediyinə görə, Ərdoğanın ona ilk sözü bu olub: “Mən də Azərbaycan türküyəm”. Aman allah, biz indi başımıza haranın daşını salaq: sən demə, Türkiyəni indiki acınacaqlı duruma gətirib çıxaran “Azərbaycan türkü” imiş! Yürütdüyü 12 illik politikadan çıxış edərək mən indiyədək Ərdoğanı Ərəb “türkü” sanırdım, ancaq o.., gerisini deməyə daha dilim gəlmir: Azərbaycanda Əliyevlər diktaturası, Türkiyədə “Azərbaycan türkünün” diktaturası! Indiyədək biz demokratik dünya qarşısında yalnız özümüzə görə utanırdıq, bundan sonra Türkiyəyə görə də utanmalıyıq!

Sayın professorun Ərdoğanla bağlı dedikcə dəyərli söyləməsi: “Mən Ərdoğanın siyasətini, onun Türkiyə rəhbərliyinə gətirdiyi dik duruşu, səbr və təmkini yüksək qiymətləndirirəm”. Gözəl, çox gözəl! Professor K.V.N. burada özünün özümlü  “siyasi fəaliyyət” konsepsiyasını, bu  konsepsiyaya uyğun davranış praktikasını bütün çılpaqlığı ilə açıb ortaya qoyub!

Ərdoğan Türkiyədə Türkiyənin, Türklüyün qarantı olan Atatürkçü DÜŞÜNCƏ SİSTEMİNİ planlı olaraq darmadağın etdi. Başqa bir yandan o, Türkiyənin böyük, bəlli basqılar qarşısında DİK dayanmasının başlıca qarantı olan Türkiyə Ordusunu çökürtdü. Çoxillik Planlı Politika sonucu olaraq Ərdoğan Türkiyənin üzünü Türk dünyasından ərəb dünyasına, Türkləşmədən ərəbləşməyə yönəltdi. Ərdoğan Türkiyəni çağdaşlıq, demokratiya yolundan geriçilik, diktatura yoluna yönəltdi. Ərdoğan Türkiyə politikasına göstərilən yalançı “səbr, təmkin” yerinə dözümsüzlük, dedi-qodu, söyüş gətirdi. Bunlar Türklüyə özgü olmayacaq görsənişlərdir. Bu sayaq düşük, yaramaz  görsənişlərlə yalnız indiki qarğaşalı, çalxantılı, durulmaq bilməyən Türkiyə yarana bilərdi.  Dönə-dönə vurğulamaq gərəkir: bunlar xarakter-düşüncə baxımından gerçək Türklüyə yaraşmayan, utancverici görsənişlərdir!

P.S. Ərdoğanın Türkiyəni, Türklüyü yenmə politikası sonucda Roma papası, Avropa Birliyi başda olmaqla xristian dünyasının Türkiyə üzərinə ayaqlanmasına gətirb çıxardı!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv