Soylu Atalı (Ocaq Yükümlüsü). SƏNƏT TƏRƏQQİ YOLUDUR

“Sənət vasitəsiylə biz dünyanı və özümüzü kəşf edirik”

(Asif Ata)

Sənətin gücü – ümumiləşdirmələr yolu ilə həyatın mənasına, insanlığın dərin qatlarına nüfuz etməsindədir. Ancaq ümumiləşdirmələr aparmaq üçün ictimai həyatın qaydaları ilə insani xüsusiyyətlər arasındakı əlaqəni dərk etmək gərəkdir. Eləcə də insanın mənəvi varlığına mədəni təsirlərin müsbət və mənfi çalarları doğru qiymətləndirilməlidir. Bu isə sənətkardan yüksək istedad, peşəkarlıq və cəsarət tələb edir…
Hər bir konkret hadisənin arxasındakı ümumi prinsipləri qavramadan sənətin ictimai nizamdakı rolunu təmin eləmək mümkün deyil. Xəyal dünyası ilə real dünya arasındakı bağlılıq yarada bilməyən sənət təsir gücünü itirir və bu gündən sabaha yol başlaya bilmir. İctimai özülü olmayan təxəyyül məna yükü ilə zənginləşə bilməz, yaxud əksinə. Belə təxəyyül tərəqqiyə örnək olaraq nə verə bilər ki?! Xəyallar, arzular dünyasından real dünya üçün inkişaf zəmini yaratmayan sənətin yönü cəfəngiyyata bərabərdir. Adətən sənət iki cəhətdən cəfəngiyyatlaşa bilir. Birincisi, yuxarıda dediyimiz kimi, gerçəklikdə (real dünyada) özülü olmayan mücərrəd xəyal hadisələri uyduranda (adətən belə faktlar ən çox dini baxışlarla bağlı olur). Məsələn, İsa Muğannanın “saf ağ” dünyagörüşündən qaynaqlanan “kosmik tayfa” obrazları. Bu obrazların gerçək dünyada heç bir özülü, söykənəcəyi yoxdur.
İkincisi, sənət pozuntuya uğramış ictimai etikanın insani məcraya düşməsinə yardımçı olmaq əvəzinə, bu pozuntuları az qala həyat normativləri kimi sadalamaqla yetərlənəndə. Heç bir yeni düşüncə, yeni hal yaranmır. Burada ”sənət sənət üçündür” deyimi özünü doğruldur (buna elmdə dekadentlik – ümid düşkünlüyü deyirlər). Bir sözlə, ictimai həyatın inkişafına təkan verməyən, yaxud əngəl olan sənət örnəkləri bədii cəhətdən alınmış olsa da, idraki baxımdan cəgəngiyyata çevrilirlər. Belə olanda ümumi sənətin bir yönü olan teatr və kino faktı da zədələnmiş olur. Çünki bəlli olduğu kimi, sənətin bu iki sahəsi bədii ədəbiyyata bağlı şəkildə inkişaf edir. İnkişaf elədikcə mədəni həyatımıza təsiri də böyüyür. Ancaq bu gün biz bu təsirin mövcudluğundan sinədolu danışa bilmirik. Həm bədii ədəbiyyatın milli şüura təsir göstərən mövzusu yoxdur, həm də həyatımızın başqa sahələri kimi bu sahə də dəllallar dünyasının ümidinə buraxılıb. Çağdaş sənət biznes vasitəsinə çevrildiyi üçün həyatın kölgəsindən başqa bir şey deyil. Konkret olaraq, bugünkü teatr yüngül əyləncələr nümayiş etdirməkdən, təlxəklik simasızlığı yaratmaqdan uzağa getmir. Söz yox ki, sənət dünyasının istedadlı nümayəndələri yox deyil. Ancaq onların da işi ümumi həyat tıxacına düşüb. Ümumən sənəti həyatının üzvi hissəsi kimi anlamayanların fəaliyyəti ictimai düşüncəyə təsir göstərən sənət yaratmaqdan deyil, sənəti vasitəyə çevirib pul qazanmaqdan ibarətdir. Sənət də məişətin təminatçısına çevrilirsə, onda tərəqqidən danışmaq əbəsdir.
Doğrudur, dünya daim dəyişir. Dəyişdikcə də yeni tələblər doğurur. Ancaq bu tələblər dəyişikliyi müsbət məcraya yönəltmək anlamı daşımalıdır. Əks halda, sənət bu dəyişilmənin axarına yuvarlanmaqla özünü təsdiq edə bilməz. Hesab edirik ki, dünyanın dəyişilməsində sənətin qatqısı – ictimai münasibətlərin insani səviyyəyə qalxmasına təsiri ilə özünü göstərməlidir. Yəni sənət uğurlu nizamın yaranmasında öz etkisini ortaya qoymalıdır.
Yaşadığımız hər bir dövr bəşər tarixinin bəlli bir kəsiyidir. Biz tarixin bu kəsiyində necə yaşayırıq, necə davranırıq, özümüzdən sonrakı nəsillərə hansı mədəni, mənəvi irsləri ötürürük – bunların hər birinə görə məsuliyyət daşıyırıq. Ona görə istər ədəbiyyatın, istər teatrın, kinonun səviyyəsi yaradıcı insanların hər birini düşündürməli, bu sahələrin getdikcə cansıxıcı hadisəyə çevrilib mənasızlaşması rahatsız etməlidir. Dünya ilə insanın əlaqəsi dərk olunmur, həyat, ictimai münasibətlər getdikcə pozuntuya uğrayır. Belə bir vaxtda sənət haray çəkməli, döyüşkən ədəbiyyat yetişməli idi. Ancaq ya əyləncə ədəbiyyatı yaranır, ya da sadəcə təsvir ədəbiyyatı. Ədəbiyyatın istedadlı nəsli çoxluq etibarı ilə bu xəttə yuvarlandı. Az sayda olanlar isə üzə çıxa bilmədilər. Əlbəttə, burada dövlətin üzərinə çox böyük məsuliyyət düşür. Pozunuları qamçılayan ssenarilər işlənməli idi və bunlar dəstəklənməli idi. Teatr və kino sənəti də bu ssenarilər əsasında ictimai şüurun inkişafına təsir göstərməli idi. Ancaq nə yazıqlar ki, nə belə ssenarilər ortaya gəlir, nə də istedadını bu işə həsr etməyə cəsarət edənlər. Gənc nəslin özünü ifadə eləmək istyən aktyorları da əlacsızlıqdan səhnədə qadın paltarı geyməklə məişət “qəhrəmanları”nın obrazlarını yaradırlar. Deməliyik ki, məişət davranışlarını, məişət əhvallarını ən yüksək səviyyədə ifadə eləmək belə, milli mədəniyyətə heç bir töhvə verə bilməz. Eləcə də kino sənətinin obrazları səhnələşən məişət münasibətlərinin ifadəsindən, yaxud kriminal davranışları göstərməkdən yüksəyə qalxa bilmir. İndi həyati önəmi olan prinsipial kinolar yaranmır. Düşüncələri kütləşdirən, dünyanın ali mənasını dərk etməyin yollarını tamaşaçının üzünə bağlayan teleseriallar bolluğu yaranır. Serialların aşıladığı psixologiya ondan ibarətdir ki, insan heç vaxt düzəlməyəcək, həyat heç vaxt gözəlləşməyəcək. Bir sözlə, insani gözəlliklərin bərqərar olunmasına bəslənilən ümidlər boşluğa düşür…
Toplum indiki quruluşda necə yaşasın, necə davransın – bu yöndən maarifləndirilmir. Xalqın mədəni, mənəvi dünyası anarxiyaya çevrilib. Belə bir zamanda ədəbiyyat mübarizə aparmalıdır. Ancaq ədəbi aləm bəsit bir qəlibə çevrilib, qəlib ədəbiyyatı yazılır. Bu isə sənət dünyasına qazılan qəbirdir əslində. Bu gedişatda “Yazıçılar Birliyi” sənət dünyasının qəbirstanlığı rolunu oynayır. Hakim rejim də sənət dünyasını nəzarətdə saxlamaq üçün bu “qəbirstanlığı” qoruyur. Təltif olunmalara, titullara göz dikən neçə-neçə istedadlar işığa çevrilmədən qaranlığa gömülür. Xalqın bəxti gündən-günə qaralır. Sənəti ölən xalq dünyasız xalqdır. Dünyasızlıq aqibəti hazırlanıb insana.
Döyüşkən ədəbiyyat yaranmasa ictimai həyada dönüş də yaranmayacaq. Dönüşü başlamaq üçün sənət dirilməlidir!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv