Xaliq Bahadır. Başsız hakimiyət faktoru

Baş demək beyin deməkdir. Beyin demək düşüncə, plan, proqram, bir az da yüksəyə qalxsaq, strategiya, taktika deməkdir. İndiki hakimiyətiçi gəlişmələr plansız, proqramsız, strategiyasız, taktikasız siyasətlərin geniş panoramı deməkdir. Kimin ağlına nə gəlir, onu danışır. Kim öz düşüncəsi, dünyagörüşü, baxışları baxımından nəyə üstünlük verirsə, onu da önə çəkir, önəmli saymadığını dışlama yolu tutur.

“Azərbaycan” dövlət qəzetidir. Dövlət qəzeti olduğu üçün də bu qəzet, deyək, “Azadlıq” qəzetinin yazdıqlarını yaza bilməz. Müxalifət qəzeti olaraq “Azadlıq” istər iç, istərsə də dış siyasətlə bağlı istədiyini yaza bilər. “Azərbaycan” bunu edə bilməz – dövlətin gərəkləri baxımından. İstər iç, istər diş siyasətlə bağlı “Azərbaycan” ölçülü olmağa borcludur. Biz bunun yerinə nə görürük: “Azərbaycan” illərlə müxalifəti necə söyüb-yamanlayıbsa, müxalifətə necə yağıcasına yanaşma sərgiləyibsə, indi ABŞ-ı da eləcə söyüb-yamanlayır, ABŞ-a da eləcə yağılıq sərgiləyir. Belə düşük görsənişlər dövlət gərəklərinə söykənsəydi, dövləti qoruma xarakteri daşısaydı, buna az-çox anlayışla yanaşmaq olardı. İndilikdə bütün güc dövləti yıxmaqla olsa belə, ANTİMİLLİ, ANTİDEMOKRATİK hakimiyəti qoruyub saxlamağa yönəlib. Tək sözügedən dövlət qəzeti deyil, müxalifət adına bəslədikləri “Yeni Müsavat” başda olmaqla bütün qəzetləri, bütün televiziyaları ABŞ-ı yıxıb-sürüməyə yüklənib. Başlıcası da, Putin Rusiyasının yalançı “genosidi” qabartdığı, Obama başçılığında ABŞ-ın çoxillik erməni gözləntisini bir daha… doğrultmadığı günlərdə!

Hakimiyətə bağlı informasi qurumunun başında duran birisi ABŞ dövlət katibi C.Kerrinin Azərbaycanda çevriliş törətmək planları ilə ortaya “bəlgə” çıxarır. Ardınca televiziyaları, qəzetləri hamılıqla ayağa qalxıb ABŞ-ı yıxıb-sürüməyə girişir. Ardınca dedikcə ünlü YAP yetkilisi Siyavuş Novruzov ortaya çıxıb bütün bunların hakimiyətə “dəxli” olmadığını bildirir. Bu ölkədə belə AĞ yalana kimi inandırmaq olar? Totalitarizmin at oynatdığı bir ölkədə o yandan Bəxtiyar Sadıqov, bu yandan bütünlüklə diktatura diktəsinə bağlı televiziyalar özbaşına ABŞ-ı yıxıb-sürüməyə  yüklənə bilərmişlər! S.Novruzov yalanı yalan dalınca gətirir: sən demə, bizdə “mətbuat, ayrı-ayrı deputatlar, siyasətçilər, mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu, Azərbaycan dövlətinin adından deyil”. Yalana bax! Bunların düşüncəsinə görə, biz hansı ölkədə yaşadığımızı bilmirik. Burada sözügedən nə varsa, hamısı başında duranlarla birgə hakimiyətə bağlıdır. Onlar yalnız siyasi, administrativ baxımdan deyil, geniş biznes qurmaq hüquqları baxımından da bütünlüklə hakimiyətin əlində-ovcunda olan kimsələrdir. Sözsüz, bunu təkcə biz bilmirik, ABŞ dövləti də bilir. Bir belə qalmaqal içində S.Novruzov ABŞ-la “münasibətlərin tam normal” olduğunu bildirir. Ən başlıcası, o, Azərbaycanı “ABŞ-ın strateji tərəfdaşı” adlandırır. Absurdistan haaa!

PA yetkilisi Novruz Məmmədov ABŞ-ın Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyindən danışır, sonra da “bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiz”, deyir. Ancaq, burada “heyrətlik” nəsə yoxdur. Gerçəkdən şaşırdıcı olanı YAP yetkilisi S.Novruzovun ABŞ-ı, rejim başçısı İlham Əliyevin Rusiyanı “strateji tərəfdaşımız” adlandırmasıdır. Biz indi kimə inanaq? Başqa holdinqləri bilirik, bu ölkənin strategiya “holdinqinin”  başında kim durur? Bu “holdinqin” gerçək prezident-strateqi kimdir: S.Novruzov, yoxsa İ.Əliyev? Sözündən göründüyü kimi, S.Novruzov dediyinin üstündə bərk durur. İ.Əliyev də eləcə. “Rossiya-24” kanalına yeni danışmasından göründüyü kimi, İ.Əliyev Azərbaycanı açıq-açığına “Krımnaş” çevrəsinə sürükləməkdədir. İ.Əliyev bu yandan özünü Qarabağın işğalı ilə barışmayan kimi göstərirkən, o biri yandan Rusiyanın Krımı işğalına arxa durur. Bu isə dolayısıyla Rusiyanın Qarabağı “emənicə” işğalına arxa durmaqdır!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv