Xaliq Bahadır. Ay haray, hakimiyətdə erməni var… imiş!

Bəri başdan “O olmasın, bu olsun” komediyasındakı bəlli epizodu yada salın. Sərvərlə əlbir olub gəlinin qaçırılmasına yardımçı olan qulluqçu Sənəm sonra necə …şüvənlik salır: “Ay haray, qoymayın, gəlini qaçırdılar!” İndi bizdə bu sayaq bir görsəniş yaşanmaqdadır. Rejimə bağlı bir sıra saytlar hakimiyətdə erməni tapıblar. Yumurtlamış toyuq kimi səsləri dünyanı başına götürüb. Nə var, nə var… hakimiyətin içindən erməni çıxıb! Kinder-sürpriz! Ancaq belə kinder-sürprizlərlə yalnız uşaqları sevindirmək, sevindirib əyləndirmək olar. Yalnız uşaqları! Axı, uşaqlar kinder-sürpriz adlanan nəsnənin içindən nələr çıxacağını bilmirlər. Bizlər isə bu hakimiyətin içindən nələr çıxa biləcəyini gözəl bilirik!

Türkiyəli diplomat Turqut Ər “Azadlıqdan tiranlığa” kitabında indiki hakimiyətdə anası, arvadı ermənilərin çoxluğundan yazırdı. Turqut Ərin də, kitabının da Azərbaycana girişi yasaq edildi. İndi hansısa saytlar, qəzetlər hakimiyətdə bir erməni tapdıqlarından yazırlar. Elə bil ot tayasında iynə tapıblar! Bunlara ot tayasında ot axtaranlar demək çox yaraşardı…

Demək, belə. Sən demə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, eləcə də Azimport şirkətinin faktiki yiyəsi Rəşad Məmmədovun anası erməni imiş. Bir tamaşada tez-tez deyildiyi kimi: “Hə, noolsun!” Belələri aşağıdan yuxarıya hakimiyət eşelonunda bir eşelon! Kiminin anası ermənidi, kiminin arvadı. Bunlar kökü dərinlərə gedən imperiya-koloniya, sonucda diktatura siyasətləridir.

Saytlardan biri yazır: “Keçmiş məmurun bu gün də işğal altındakı Dağlıq Qarabağda yaşayan erməni separatçıları ilə yaxın qohumluğunu sübuta yetirən sənədlər lap yaxın zamanlarda saytımızda dərc ediləcək”. Çox gözəl! Nə yaxşı, oxuyarıq. Sayt bizi daha bir soraqla sevindirir: “Azimport şirkətinin Bakıda törətdiyi özbaşınalıqlar barədə yeni faktlar da oxucuların mühakiməsinə veriləcək”. Ax, ax, ax, necə gözəl Gözünə dönüm, oxucu,  bütün bunları oxu, tanış ol, sevin, kef elə: ölkəmizə doğru-düzgünlük gəlib – ermənilərlə, erməni dəyirmanına su tökənlərlə, əyri-üyrü işlərə uğraşanlarla savaş başlayıb! Sayt R. Məmmədovun gözəl Bakımızın ortasından Buzovnayadək törətdiyi çoxillik, çoxsaylı, yerli-dibli kompensasiyasız söküntü-dağıntı cinayətlərindən yazır, sonda bildirir: “Bir sözlə, Rəşad Məmmədovun azərbaycanlılara qarşı cinayətlərinin sayı-hesabı yoxdur. On minlərlə insan onun şirkətinin buldozer və traktorlarının altında qalıb. Bu qanunsuzluğa, bu qəddarlığa yalnız və yalnız damarlarında erməni qanı axan birisi gedə bilərdi”. Dedikcə doğru, dedikcə düzgün, ancaq…

Bir az başdan başlayaq. Anası erməni (Aida Stepanovna Martirosova) R.Məmmədov Nazirlər Kabineti yanında Bayraq Meydanı Kompleksi İdarəsinin rəisi olub. Necə olub? Axı, əliyevçi KQB rejimində ən aşağı dövlət qulluğuna belə, işə götürülən kimsələrin yeddi arxa dönəni öyrənilir. Qohumu müxalifətçi olanlar ən aşağı dövlət qulluğuna da işə götürülmür. Ancaq erməni o boyda dövlət qulluğuna yiyələnə bilir, üstəlik, ona erməni qohumlarının Qarabağda, ayrıca olaraq Xocalıda, Ağdamda törətdikləri dağıntıları Bakının ortasından Buzovnayadək törətmək kimi “qansızlıq”, “qəddarlıq” olanağı yaradılır. Saytın yazdığına görə, illərlə törətdiyi qanunsuz söküntü-dağıntı cinayətlərinin üstündə onu illər uzunu dönə-dönə məhkəməyə veriblər. Bakıda, Bakının ayrı-ayrı rayonlarında keçirilən bütün bu məhkəmələri bir adam – erməni Rəşad Məmmədov udub!  Açıq bilinir: Prezident Administrasiyasından məhkəmələrədək R.Məmmədovun arxasında böyük güclər dayanıb – budur çoxillik, çoxsaylı cinayətlərin trayektoriyası! Sonda nə baş verib, onun indi üzləşdiyi dırnaqarası qanunçuluq nələrə bağlıdır, haralardan qaynaqlanır – bunu bilmək gərəkdir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv