Dini dünyabaxışda ərəbin, poeziyada farsın etkisinə uğrayıb uduzan türk etnosu orta çağlarda təriqətlər araçılığıyla (vasitəsiylə) türklüyün mədəni çöküşünün qismən qarşısını ala bildi. Türk dilini poeziyaya gətirməklə isə yeni aşama başladı. Ümumən, şeiriyyəti insan qəlbinin dərinliklərinə yeriyə bilən ən uğurlu etki saymaq olar. Qutsallığın, ruhaniliyin şeir dili ilə öyülməsi duyğulara tez yol tapır. Təəssüf ki, klassik poeziyamızın ilkin aşamaları əruzda yazılmaqla fars dilində araya gəlmişdir. Bir çox klassiklərimizin başarılığı (istedadı) türk dilinin deyil, fars dilinin gəlişməsinə qulluq elədiyi üçün bu gün də onun mədəni etkisinin ağırlığı altındayıq. Xalq ruhu adlanan folklorun gəlişməsi də arxa plana keçib, folklorşünaslıq əski ənənələrin tədqiqi ilə uğraşır. Ancaq ənənə toplumsal yaşamda qırılırsa, onun tədqiqi əsaslı sayıla bilməz. Xalqın ruhunu görənəyin (ənənənin) davamlı olması qoruya bilər. Görənəyin ölçüsü isə dildir. İnsan dil araçılığıyla özünü həm ifadə edir, həm də dərk edir. Dil xalqın yaşamasının birinci koşuludur (şərtidir). Ancaq bu koşul bizdə çox zədə götürüb. Yuxarıda dediyimiz kimi, dini dünyabaxış bizə ərəb dilinin ifadə üslubunu da gətirdi. Ərəb öz ruhunu (ruhsuzluğunu) ruhumuza elə caladı ki, zaman-zaman etnik keyfiyyətlərimizi itirməyə başladıq. Hətta türk dilini poeziyaya gətirəndən sonra da ərəb ruhunun etkisi məzmunumuzda yaşadı. Poeziyamızın obrazları dinin içindəki imamlara, övliyalara, ağ əmmaməlilərə, qara çuxalılara bağlandı. Habelə məhəbbət və qəhrəmanlıq dastanlarımızda qəhrəmanlarımızın dili türkcə oldu, yönü ərəbcə. Yaradıcılığın bütün yönlərində ərəbçilik türk dili ilə türk ruhu arasına girdi. Milli kimliyimiz öz təməlimizə dayanmadı. Ona görə də mənəvi, siyasi faciələrimiz ard-arda düzüldü.
Bununla belə, poeziyaya türkcənin gəlişi dilimizi məişət dili səviyyəsində qalıb tükənmək qorxusundan qurtardı. Poeziyanın əruzdan hecaya keçid dönəmi dilimizin gəlişməsinə yeni uğurlar gətirdi. (Hərçəndi əruz özü uğurlu üslub olmaqla yanaşı türk dilinə yad deyil…). Qoşma, gəraylı, təcnis, müxəmməs kimi aşıq şeirlərinin genişlənməsi, Saz Sözünün önəminin artması xalqın özünə doğmalaşması üçün ciddi zəmin idi. Ustad aşıqlar dilində türkcə söz, sinəsində saz el-el, oba-oba gəzib məclislər keçirdikcə türk dilinin gözəlliyi xalqın yaşamına qaytarılır, mənəvi varlığı işıqlanırdı.
XIX yüzilin birinci yarısında Azərbaycan yenidən işğal olundu. Bu dəfə siyasi işğal fəlakəti ilə üz-üzə qaldı. Ulusal varlığımıza zərbəni Azərbaycanı ikiyə bölməklə vurdular. Ərəbin ruhani işğalı elə bir zəmin hazırlayıb ki, mədəni və siyasi işğal faktından heç cür qaça bilmirik… Parçalanmağımızla türklüyün yenidən təhdid olunması başlanıldı. Yad dillərin, yad mədəniyyətlərin basqısı altında dilimiz, folklorumuz üzü aşağıya meyilləndi, qalxınmadan dala qaldıq.
XX yüzilin ortalarında Avropadan Rusiyaya, Rusiyadan Azərbaycana yeni şeir biçimi gətirildi. Sərbəst vəznli şeirlər Saz Sözünün yaranmasını əngəllədi, – heca vəzni üstələndi. İstedadlı yazarlar asanlığa yuvarlandılar. Aşıq sənəti, Saz Sözü adiləşdi, lağa qoyuldu. Yeni Saz Sözü yazılmadı. Bu sənət tamamilə gerilədi.
Folklorumuzun başında saz durur. Dünyanın heç yerində xalq ruhunu saz qədər bitgin ifadə eləyən olay yoxdur. Təəssüf ki, özgəliyə meyil eləyənlərimiz poeziyanın qibləsini dəyişməklə Saza arxa çevirdilər. Halbuki dünənə kimi bizi mənəvi-ruhani aşılanmadan ən çox saz ədəbiyyatı qoruyurdu… Sərbəst vəzndə nə qədər məna çalarları ifadə olunsa da, xalq ruhuna əsaslı şəkildə girə bilmir. Çünki musiqiyə bağlı deyil. Sərbəst vəzni nə muğamda oxumaq olur, nə də sazda. Poeziya musiqi araçılığıyla hər yerdə var. Musiqiyə doğma olmayan şeiriyyət iş görmür, havadan asılı qalır. Bu baxımdan, az da olsa, bu gün hecada yazılanları daha çox ulusal saymaq olar.
Ədəbiyyatla, daha doğrusu poeziya ilə sazın birliyini bərpa eləmək gərəkdir. Bu, türk ruhunu qorumaq üçün olduqca önəmlidir. Başarılı adamlar gərək bu sorumluluqdan qırağa çəkilməsinlər.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(arxiv)