Asif Ata. Harda ki, Türkçülük yoxdur, orada Azərbaycan da yoxdur!

Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yox­dur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbay­canlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azər­baycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib?

Bu bizim fəlakətimiz deyilmi ki, «Azərbaycan» sözündə milli heç nə yoxdur? Azərbaycan sözü iki hissədən ibarətdir: «azər – baycan». «Azər» – od deməkdir, «baycan» – gözətçi deməkdir. Zər­düş­tlükdən gələn gözəl bir ənənə, ruhani xüsusiyyət. Eyni zamanda fəlakətli bir yanlışlıq. Burada camaatı aldadırlar. Nə qədər Amerika çoxmillətli xalq olsa da, Amerika xalqının əsas etnosu Anqlo-sakslardır. Əgər o əsas etnos olmasa, elə «hamı amerikalıdır, dilimiz bir, dinimiz bir» deyib hayqırsalar, Amerika çoxdan məhv olardı. Çünki millətlər çox olduqca başqa millətləri birləşdirən güc çox olmalıdır. Yoxsa, elə «mən də azərbaycanlıyam» deyən ləzgi, «mən də azərbaycanlıyam» deyən Tat, Lahıc, Talış başqa xalqlara qarşı çıxış eləyəcək və Azərbaycana hakim olmağa çalışacaq. Sonra deyə­cək ki, bura mənimdir! Ona görə sevinə-sevinə demək ki, «hamımız azərbaycanlıyıq, heç bir fərq yoxdur, heç bir məsələdə mən düşün­məmişəm ki, bu ləzgidirmi…». Çox səthi və çox zərərli meyildir! Elə ləzginin özü üçün də! Bəs milli şüurun oyanması nə ilə bağlıdır onda? Əgər ləzgi ləzgiliyini danacaqsa, əgər türk türklüyünü danacaqsa, kürd kürdlüyünü danacaqsa, əgər «millət» sözü «ölkə» sözünə bəra­bər olacaqsa, onda milli oyanışdan yox, milli süqutdan söhbət getmə­lidir. Burada məsələni hədsiz dərəcədə asanlaşdırırlar – süni surətdə.

Azərbaycan ölkəsində yaşayan ayrı-ayrı xalqlar var, o xalqların biri öz çiyninə ağır yük götürüb, bütün millətləri birləşdirir, o, Azər­baycan Türkləridir. Onun əsas ideyaları qədimliyi ilə bağlıdır, şərqliyi ilə bağlıdır. Ona görə də beşgünlük siyasi mənfəət üçün Azərbaycan xalqının böyük mahiyyətinə qarşı belə hücum, belə açıq hücum – sabahın bugünlə müəyyənləşdirilməsidir. Bizimsə fikrimizə görə, Sabah bugünə bənzəməməlidir. Bəli, bütün məqsəd ondan ibarətdir ki, Azərbaycanda türkçülüyü kökündən rədd eləmək. Əvvəl türk dili məsələsini qoydular, indi deyəsən az qalıb ki, o Türk dili söhbətini ləğv eləsinlər. İndi də «Türk Milləti» sözünü ləğv eləyirlər. DEMƏLİ, MİLLƏT VAR, AMMA MİLLƏTİN ETNOS MÜƏY­YƏNLİYİ YOXDUR. «Kürd də azərbaycanlıdır, indi nə olubsa tarixdə, türk də, talış da, tat da, hamısı azərbaycanlıdır». Çox təhlükəli bir yoldur! Ocaq belə hesab eləyir ki, Ata belə hesab eləyir ki və Biz bu Fikrimizi camaata çatdırırıq ki, HARDA Kİ, TÜRK­ÇÜLÜK YOXDUR, ORADA AZƏRBAYCAN  DA YOXDUR!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv